Onlar həmişə
yaşayacaqlar
Soyuqlu-sazaqlı qış günü olmasına baxmayaraq, səma dumansızdır. Şəhidlər xiyabanına gələnlər iki gəncin məzarı önündə ayaq saxlayırlar. Onların səsi eşidilməsə də, ürəklərindən keçənləri baxışlarından duymaq mümkündür: nə idi ömürlərinin bahar çağı amansızlıqla qətlə yetirilən bu gənclərin günahı?
Vera Besantina 1973-cü ildə Bakıda dünyaya göz açmışdı. Valideynləri qürur hissi keçirərdilər ki, qızlarının çox yaxşı xüsusiyyətləri var. O, orta məktəb illərində dünya ədəbiyyatının nümunələrini, xüsusilə, rus yazıçı və şairlərinin əsərlərini həvəslə oxuyardı. Kimin ağlına gələrdi ki, Veranı ata-anasının gözləri önündə, evlərinin balkonunda qətlə yetirəcəklər. Zülmün, qəddarlığın dəhşətinə bax: silahlanmış sovet əsgərləri təkcə küçələrdə yox, hətta mənzillərdə də qətllər törətdilər. Başqa şəhidlər kimi, Vera da unudulmur, məzarının üstünü həmişə gül-çiçəklər bəzəyir.
Habil Əzizov
1968-ci il yanvarın 19-da Qazax rayonunda anadan olmuşdu. O, hələ ibtidai sinifdə oxuyarkən saza-sözə
sevgisi, əlaçı
olması ilə həmyaşıdlarından seçilirdi.
Orta məktəbi qurtaran ili
Xalq Təsərrüfatı
İnstitutuna daxil oldu. Yenə də əlaçı
oldu.
Yanvarın 19-da 22 yaşı tamam olurdu. Dostları, tələbə yoldaşları kirayədə
yaşadığı mənzilə
gəlmişdilər. "Belə müsibətli gündə nə ad günü? Gedək camaatımızın
arasına, görək
bu işlərin axırı necə olacaq" - deyib onlarla birlikdə evdən çıxdı
və bir də geri qayıtmadı.
Sovet ordusunun açdığı
atəş onun sinəsini parça-parça
etdi. Valideynlərinin istəyi ilə
şəhidi doğma
Qazax rayonunda dəfn etdilər.
Sovet ordusunun
1990-cı il yanvarın 19-dan 20-nə keçən
gecə günahsız
insanları amansızlıqla
qətlə yetirməsi
tarixə bəşəri
faciə kimi yazılıb. Amma şəhidlərimizin qanı hədər axmadı. İllərlə arzuladığımız müstəqilliyi, azadlığı
qazandıq. Bu yolda qurban gedənlər
isə heç zaman yaddan çıxmır,
xatirələri əziz
tutulur, daim xatırlanırlar.
Telman AĞAOĞLU
Azərbaycan.-2009.-20 yanvar.-S.4.