Vətənpərvərlik nümunəsi

 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə azadlıq, müstəqillik uğrunda mübarizəyə qalxan Azərbaycan xalqının haqq səsini boğmağa çalışan rus imperiyası heç bir xəbərdarlıq etmədən ağır zirehli texnikanı müasir silahlarla silahlanmış ordunu Bakıya yeridib misli görünməmiş qırğınlar törətdi.

Xalqımız milli qəhrəmanlıq ənənələrinə sadiq qalaraq Vətən uğrunda şəhid vermək qüdrətində olduğunu bir daha bütün dünyaya göstərdi. Həmin gecə düşmən gülləsinə tuş olan vətənpərvər, qeyrətli oğullardan biri Ələsgər Qayıbov idi. Ə.Qayıbov 1966-cı il martın 15-də Borçalı mahalının Ləmbəli kəndində Yusif kişinin ailəsində dünyaya göz açmışdı. Xalqı, Vətəni, torpağı üçün canından, qanından keçməyə hazır olan bu gənc hələ uşaqlıqdan haqq-ədalət tərəfdarı olmuş, Vətən üçün isə etməyə çalışmışdı. O, 1983-cü ildə Qaraçöp kəndində orta məktəbi bitirərək keçmiş sovet ordusunda hərbi xidmətdə olmuşdu. biləydi ki, günlərin birində həmin dövlətin qaniçən ordusunun gülləsinə tuş gələcək.

Onda Ələsgər Memarlıq İnşaat Universitetinin yol-inşaat fakültəsinin ikinci kurs tələbəsi idi.

Həmin gecə vətənpərvərlik ruhu Ələsgərlə birlikdə dostları İsfahan, Rasim, Yusif Nizamini barrikadaya aparıb çıxarmışdı. Zirehli texnika altında əzilən insanları görəndə onlara yardım etməyə başlamışdı. Bu, böyük cəsarət tələb edirdi. Lakin qəfil düşmən gülləsi onun sol biləyini qarnını parçaladı. Yoldaşları Ələsgəri yaxınlıqdakı 5 nömrəli xəstəxanaya çatdırdılar. Üç dəfə cərrahiyyə əməliyyatı aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmadı.

Böyük ideallarla yaşayan bu gənc universiteti bitirib xalqına xidmət etmək, Vətənə layiqli övlad olmaq arzusundaydı. Lakin çox sevdiyi ana torpaq Ələsgəri həmişəlik öz qoynuna aldı. Vətən uğrunda şəhid olmuş yüzlərlə igid kimi Ələsgər indi Şəhidlər xiyabanında uyuyur.

Qədirbilən xalqımız öz şəhidlərinin xatirəsini daim əziz tutur. Ə.Qayıbovun da xatirəsi əbədiləşdirilmiş, doğulub boya-başa çatdığı Qaraçöp kəndinin girəcəyində heykəli qoyulmuş, Bakıdakı küçələrin birinə adı verilmişdir. Şəhidlik zirvəsinə ucalanlar ölmürlər. Onlar mənsub olduqları xalqın qəlbində əbədi yaşayırlar.

 

 

Adilə QOCAYEVA

 

Azərbaycan.-2009.-20 yanvar.-S.4.