Şərafət günü

 

Başı çox bəlalar görmüş Azərbaycan zaman-zaman düçar olduğu qasırğalardan, tufanlardan, haqsızlıqlardan məhz fədakar övladlarının şücaəti sayəsində qalib çıxıb. Sinəsinə min bir dağ çəkilsə də, ciyərparaları şil-küt edilsə də, səmasının dincliyi pozulsa da, üzləşdiyi bütün yaramazlıqların əhatəsindən sıyrılaraq öz ləyaqətini, qürurunu saxlaya bilib, başını həmişə dik tutub.

Bu məğrurluğu, vüqarı düşmənin gözünə ox olub, dostu sevindirib, doğmasını düşündürüb. Vətənin övladları o zaman azad yaşamaq, müstəqil olmaq istəyirdi. Azadlığa uzanan yollar isə heç vaxt hamar və asan olmur. Odlardan, tikanlardan, ölüm püskürən tankların və mərmilərin, topların hədəfindən keçir. Elə bu çətinliyə görə də əldə edilən azadlığın şirinliyi əvəzsizdir. Türk dünyasının böyük şairi Hüseyn Cavidin misralarıdır:

 

Azadlıq öylə nazlı afət ki, tək vüqar,

Qan tökülmədikcə üzə gülməz o işvəkar!

 

O qanlı-qadalı qış gecəsində doğulan körpələrin indi 19 yaşı var. İlk səslənişdə inanmaq istəmirsən ki, aradan bu qədər illər keçib. Sanki hər şey dünən olmuş kimi təptəzədir. Hələ də gözlərimiz önündən boz havalı, qüssəli Bakının o qəhərli günləri çəkilmir. 20 Yanvar, əslində, millətimizin qürur və şərafət günüdür. Çünki nail olmaq istədiyimiz azadlığı kimdənsə pay, sovqat, bəxşiş kimi almamışıq. Onu qanımızla, canımızla, torpağa tapşırdığımız müqəddəs əmanətlərimizlə əldə etmişik. Paytaxtımızın Dağüstü parkında öz varlıqları ilə hopduqları torpağı millətin hünər və şərafət dastanına çevirən şəhidlərin ruhu ilə qazanmışıq. Ötən əsrin əvvəllərində bu yerlərdə erməni daşnaklarının və bolşeviklərin güdazına getmiş soydaşlarımız torpağa tapşırılmışdı. Amma sovet rejiminin sərt qanunları yaddaşımızın üstündən qara xətt çəkmişdi. Torpaq isə heç nəyi unutmadı. Yeni şəhidlərini qoynuna alanda naməlum şəhidlərin dağılmış sümükləri üzə çıxdı. Bu, tarixin ən ağır ittihamı idi. Amma bu ittiham qarşısında bizim suçumuz yox idi.

O gecənin səhəri Bakının çox təzadlı bir rəngi var idi. Havanın ovqatından ürəksıxıcı bir bozluq, ona həmahəng atəş səsləri, küçələrdə zirehli maşınlar, yad əsgərlər, qara bayraqlı evlər, damlar, pəncərələr, şəhidlərin qanı tökülmüş torpağa döşənmiş al qırmızı qərənfillər və bir ağır ləngərli insan izdihamı. Bu vahiməli günlər heç vaxt gözlərimiz önündən çəkilmir. İlk dəfə şəhidlərin şərəfli ölümləri önündə sağ qaldığımıza görə xəcalət çəkdik. Bizim hər birimiz həyatla ölümün qovuşuğunda çırpınan millətimizin birliyinin, eyni dərdin, fəlakətin içində candan, qandan yaratdıqları həmrəyliyin şahidi olduq. O gün millətimizin Azərbaycan adlı müqəddəs bir anası var idi. Məhz yeganə anası... Yaşından asılı olmayaraq hamımız bu mərd və dərdli ananın başına qara şal bağlatdırmış qatillərə, qaniçənlərə nifrət bəsləyirdik. O gün insanlar elə qorxmaz, cəsarətli, vüqarlı görünürdülər ki... Dərd bizi ağlatsa da, ürəyimizi yesə də, gözümüzü göynətsə də, vüqarımızı əyə bilməmişdi. Bütün şəhər, bəlkə də bütün Azərbaycan şairi Məmməd Aslanın "Ağla, qərənfil, ağla" şeiri ilə nalə çəkirdi:

 

Bu günahsız qanlara,

Bu didilmiş canlara,

Bu cansız cavanlara,

Ağla, qərənfil, ağla!

 

 

Həmişə 20 Yanvardan danışanda xəyalıma ilkin gələn xalq yazıçısı, unudulmaz müəlliməmiz Əzizə xanım Cəfərzadə olub. Onun yanıqlı səsi, çəkdiyi bayatılar ürəyimizdən həm tikan çıxarırdı, həm də sinəmizə köz kimi sıxılırdı:

 

Arazam, keç üstümdən,

Keç, karvan, keç üstümdən.

Bu dərdi mən əkmişəm,

Dəryaz al, biç üstümdən.

 

Yaxından tanıdığımız kövrək təbiətli Əzizə xanımı o dərəcədə pərişan görməmişdik. Fəlakətin əlində yumağa dönmüş ağbirçək anamız dərdlərin içində əriyə-əriyə düşmənə meydan oxuyurdu: "Sən məni dəryaz kimi biç, nə qədər bacarırsan, biç. Amma mənim şəhidlərimin qanı torpağa toxum kimi düşüb. Hər yerdən boy verib cücərəcək". Əlləri ilə ağ saçlarını üzüaşağı çəkən Əzizə xanımın o halı mənə Azərbaycan adlı bir məmləkətin sanki öz şəlalələri, dənizləri ilə qəzəbini nümayiş etdirirdi. O günlər Əzizə xanım tək deyildi. Tələbələri, həmkarları başına toplaşmışdı. Anamız Azərbaycanın naləsi sanki bu qadının bayatılarında dil açırdı: "Boyuna qurban, oğul, boyun torpaq aparır".

Şairə Mədinə Gülgün "Şəhid balaları" adlı şeiri ilə içində haray salan tufanın ağısını çəkirdi:

 

Dərdimi necə deyim, vallah, deyə bilmirəm,

Mən necə üsyan edim yerə, göyə, bilmirəm,

Başıma qara salıb qara geyə bilmirəm,

Bu, şəhid balaların ölən çağı deyildi.

 

O gün Azərbaycanın səsini içində boğurdular ki, harayını kimsə eşidib köməyinə gəlməsin. Səsimiz içimizə düşsə də, o ağır məqamlarda jurnalist həmkarlarımız dəridən-qabıqdan çıxdılar. Xüsusilə də, mərhum Elmira Əmrahqızının 1990-cı ilin yanvarındakı fəaliyyəti əsl qəhrəmanlıq nümunəsi idi. Bakının ağır dərdləri Elmira xanımın qəhərli səsi ilə dünyaya yayılırdı. Azərbaycan televiziyası və radiosunun susdurulduğu bir vaxtda "Azadlıq" radiostansiyasında bu zərif həmkarımız titrək və kövrək səslə az qala hönkürürdü: "Bakını qana bələdilər". O vaxt təkcə xarici ölkələrdə yaşayan soydaşlarımız deyil, Azərbaycanın özündə də məhz Elmira Əmrahqızını dinləyir, onun həyəcan dolu məlumatları əsasında Bakıda baş verənlərdən xəbər tuturdular. "Azadlıq" radiostansiyasında çalışan həmyerlimizin də o dövrdəki fəaliyyətini unutmaq olmur. O gün xaricdə yaşayan Azərbaycan vətəndaşları da öz məmləkətlərinin dərdlərini dünyaya yaymağa çalışırdılar.

Ölümlə həyat arasında çırpınan insanlar çox əziyyətlə də olsa, Bakıda törədilən vəhşiliklərin bir qismini videokameraların yaddaşına köçürməyə çalışırdılar. Heç bir ölüm qorxusu onların damların üstünə çıxıb sovet əsgərlərinin qəddarlığını, vəhşiliyini əks etdirən kadrları çəkməsinə mane ola bilmirdi. Fövqəladə vəziyyət şəraitində Ali Məclisin təcili toplantısında xalq artisti Zeynəb Xanlarova böyük şücaət göstərərək öz şəxsi kamerası ilə həmin iclası lentin yaddaşına köçürdü. Görkəmli müğənnimiz bir il şəhidlərə yas saxlayaraq oxumadı. O, bu sükutu ilə qaniçənlərin murdar sifətlərinə sanki tərs sillə vurdu.

Xalq şairi Qabilin qələmə aldığı "Mərsiyə" şəhidlərin yas məclisində müntəzəm səslənirdi. Analar öz dərdlərini bu şeirin misraları ilə dilə gətirirdilər:

 

Öldü gənc, öldü uşaq, öldü gəlin-qızlarımız;

Ölmədi! Şanlı şəhid oldu neçə yüzlərimiz,

Bu saat Kərbübəla düzləridir düzlərimiz;

Necə qan ağlamasın üzlərimiz-gözlərimiz?!

Gecəni atəş ilə qırmızı qan eylədilər,

Xalqımı, millətimi gülləbaran eylədilər!

 

O gün Bakının bütün küçələrinə sanki qərənfil yağışı yağırdı. Azadlıq meydanından başlamış ta Şəhidlər xiyabanınadək baş-başa döşənmiş qərənfillər Azərbaycan xalqının torpağa axıdılmış qanının izi idi. Hər damla qan isə bizi intiqama, qisasa çağırırdı. Millətin göz yaşları qərənfillə qoşa düzülmüşdü o yerlərə. Dünya özü dəhşətə gəlmişdi bu mənzərədən. Qatillər yalnız igidlərə, uşaqlara, ağbirçəklərə deyil, həm də mənəviyyatımıza, nəğmələrimizə, ovqatımıza güllə atmışdılar. Bizim bütün ruhumuz eyni simin üstündə köklənmişdi. Gözlərimizdən eyni dərdin ağırlığı asılmışdı. İndi fikirləşəndə heyrətə gəlirəm ki, ruhumuzu, yazıb-yaratmaq eşqimizi, yaşamaq həvəsimizi o sarsıntıdan necə çıxara bildik? Mənəvi qürur hər şeyə qalib gəlir. Bizi əysələr də, sındıra bilmədilər. Azərbaycanın bütün ziyalı təbəqəsi, mədəniyyət işçiləri, yazıçı və şairləri düşmənə qarşı mübarizəyə qalxmışdı. Düşmən üstünə gedəndə ağlamazlar. Bəlkə də bu səbəbdən idi ki, xalq şairi Məmməd Arazın bir şeirinə bəstələnmiş mahnı ruhumuzu ölməyə qoymurdu:

 

Bu torpağın son qurbanı mən olsam,

Öz odumda yanıb külə tən olsam,

Eldən ötən güllələrlə dən olsam,

Ata, millət, oğul, deyib ağlama!

Ağlamağın yeri deyil, ağlama!

 

Bu təmkinə çağırışın, bu göz yaşına son qoymağa yalvarışın bir məqamı bəlli idi. Qoy pəncərəni döyən küləklər də ağlasın, eyvanına qonan quşlar da sızlasın, lap ürəyində ağlasan da, qoy içində qalsın, yadlar sənin göz yaşını görməsin. Çünki Məmməd Araz üzünü millətinə tutub qətiyyətlə deyirdi:

 

Əyilməkdir ağlamağın tərs üzü,

Dərdin dartıb üzməyəni dərd üzür.

Ağlayanı tez də tapır dərd-hüzür,

Bəlkə Tanrı belə yazıb, ağlama!

Səsini boğ, millət qızı, ağlama!

 

1990-cı ilin qanlı şənbə gecəsi, əslində, azadlıq şimşəyə döndü. Çünki müstəqillik arzusu ilə yaşayan insanlara bu arzuya çatmaq üçün ölümlə, qan-qada ilə üzləşmək lazım gəlmişdi. O şənbə gecəsi Azərbaycanın qəhrəman oğullarının ruhu da silahsız, əliyalın ölüm üstünə gedən igidlərlə birgə idi. Nə istəyirdi bu xalq? Azadlıq! Elə buna görə də onun sinəsinə güllə sıxdılar. Oğlunu, qızını tankın altına saldılar. Amma şəhidlər öz ölümləri ilə sübut etdilər ki, heç bir qüvvə onları bu müqəddəs yoldan döndərə bilməz. Onların sinəsindən axan al qana buludlar kişnədi, göy qan ağladı, vətən torpağı qara bağladı. Bununla belə, millət təsdiqlədi ki, azadlıq yolunda ölümə də hazırdır. Yalın əllərlə tanklar üstünə atılan cavanların ölümü göstərdi ki, azadlıq bu millətə halaldır. Xalq şairi Bəxtiyar Vahabzadə "Şəhidlər" poemasında yazırdı:

 

Şəhid rütbəsinə qalxan cavanlar,

Sinəsi hər zülmə qalxan cavanlar.

Böyük Nəsiminin, ulu Babəkin,

Xeyir-duasını aldı o gecə.

Zamandan irəli sıçrayıb yəqin,

Tarixdə tarix tək qaldı o gecə.

 

Şairlərimizdən Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Cabir Novruz, Tofiq Mütəllibov, Şahmar Əkbərzadə, Fikrət Qoca və digərləri də o ağır günlərin dərdini misra-misra dilə gətirirdilər. Nüsrət Kəsəmənli yazırdı: "Bakı qanlı paltarını geyirdi... Qanlı köynəyinə bürünənlər şəhidlik zirvəsinə gedirdi". Çünki orada onların ikinci həyatı var idi.

O gecə Azərbaycanda başqa bir şərəfli ad da doğuldu. Şəhid anası. Xalq şairi Fikrət Qoca 20 Yanvarla bağlı bir xeyli şeir yazıb. Onun "Şəhid anaları" şeiri kəsb etdiyi mənasına görə daha təsirli və yaddaqalandır:

 

Dərd daş atar, ayna sınar,

Sınar evin sonası da.

Dönər şəhid anasına,

Dünyaya gələr analar.

 

Bəli, saçlarına taleyin ağır qarı yağmış, boğçasına qəm bağlamış şəhid anaları övlad bağçasına dərd əkdilər. Amma dözdülər, özlərini itirmədilər, əyilmədilər, onların övladları vətən üçün doğulmuşdu. Təsadüfi deyildi ki, gənc şair Ülvi Bünyadzadənin ölümündən xeyli əvvəl yazdığı bir şeiri bu mərd insanların məramı kimi səslənmişdi:

 

Həyat üçün doğulmuşuq,

Vətən üçün ölməliyik.

 

Bax, bu ideya, bu istək, bu məqsəd naminə insanların ürəyində ölüm qorxusu yox idi. Xalq şairi Sabir Rüstəmxanlı qanlı 20 Yanvar gecəsini "Ölən qorxumuz" adlandırıb. Şəhidlər, həqiqətən, heç vaxt ölmürlər. Ona görə də şair haqlı olaraq yazıb:

 

Kim deyir yolları qırıldı qısa,

Onlar əbədidi, batmayın yasa.

 

Unuda bilmədiyimiz və ürəyimizə toxtaqlıq gətirən məqamlardan biri də Qazaxıstan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi Oljas Süleymenovun Azərbaycanda baş verən hadisələrdən xəbər tutan günün səhəri Bakıda olması idi. O, həmkarları, ziyalılar və gənclərlə görüşərək dərdimizə şərik çıxdı. Yaşadığı mehmanxananın divarlarına sovet əsgərlərinin tuşladığı avtomatları gözləri ilə görərək deyirdi: "Qışdan sonra mütləq bahar gələcək". Dəryalarımız qurumasın. Bir arx buxarlansa, dünya dağılmaz ki?!

O günlərdə Ramiz Quliyevin tarı, Habilin kamanı, Kamil Cəlilovun qaboyu millətin dərdini öz yanıqlı avazında dilə gətirməyə başlamışdı. Hər kəsin ürəyindən bu keçirdi ki, qoy haqqın fəryadı dilə gəlsin. Hər pərdədə təzə güllər bitsin.

Qanlı şənbə gecəsi ilə bağlı poeziyamızda nümunələr çoxdur. Nəsr əsərləri də var. Publisistlərimiz daha fəal olub. Amma təəssüf ki, teatrlarda tamaşaya qoyulacaq uğurlu bir əsərə hələ rast gəlinmir. Müxtəlif rejissorların poetik nümunələr əsasında hazırladığı kompozisiyalar olsa da, bu faciənin dramaturji mətndə əks-sədası və səhnə həlli çox vacibdir. Yəqin ki, gələcəkdə teatrların repertuarında biz bu məsələnin də həll ediləcəyini görəcəyik. Xalq şairi Nəriman Həsənzadənin "Qafqaz" adlı şeirində oxuyuruq:

 

Qanlı Yanvar qan içindən yadigardı,

ona - ləkə, bizə - Vətən yadigarı.

O şanlı gün, o kin-qisas unudulmaz,

Azərbaycan!

Gör nə deyib qoca Qafqaz, Azərbaycan:

qar nə qədər çox yağsa da, yaza qalmaz,

Azərbaycan!

 

Ruzigarın hər gedişinin sonrasını şairlər daha tez duyurlar. Bəlkə də buna görədir ki, dərdlərimiz, bizə üz vermiş faciələr poeziyamızda daha çox dilə gətirilib, nəinki nəsr əsərlərində. Təki millətin ruhu ölməsin. O gecə güllə yağışı altında dünyaya gələn körpələrin arasında oğlan cocuqları daha çox idi. Vətən üçün yeni əsgərlər doğulurdu. Dağları aşıb sönən Günəş səhərlər yenidən məmləkətimizə boylanırdı...

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2009.-20 yanvar.-S.5.