Təcili tibbi yardım işçiləri əsl insanpərvərlik nümayiş etdirdilər

 

1990-cı ilin qanlı 20 Yanvar gecəsində güllə yağışına tuş olan yaralıların harayına ən tez çatan Bakı şəhər təcili tibbi yardım stansiyalarının fədakar əməkdaşları oldular. Onlar həyatlarını təhlükəyə ataraq yaralıları yorulmaq bilmədən xəstəxanalara daşıdılar, hətta bir çoxuna qan verərək həyatlarını xilas etdilər. Həmin dəhşətli gecənin şahidi və iştirakçısı, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovla söhbətimiz bu barədə oldu. O həmin faciəli günü belə xatırladı:

-1990-cı il yanvar ayının 19-u idi. O vaxt mən Yasamal rayonundakı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi vəzifəsində çalışırdım. Həmin gün bizi Dağlıq Qarabağa həkim göndərilməsi ilə əlaqədar Səhiyyə Nazirliyinə çağırmışdılar. Oradan çıxıb iş yerinə qayıdarkən şəhərdə xaotik vəziyyət gördüm. İnsanlar axın-axın müxtəlif səmtə gedir, yolla keçən maşınlar saxlanılır, ayrı-ayrı dəstələr mübahisə edirdilər. Nəyinsə baş verəcəyi hiss olunurdu.

Mən iş yerimə qayıdandan sonra fasilələrlə bir neçə dəstə adam yanıma gəlib ordunun şəhərə girməsinin qarşısını almaq üçün Qurd qapısı, XI Qızıl Ordu ərazilərində insanların toplaşdıqlarını bildirib, hər ehtimala qarşı tibbi ləvazımat və kömək istədilər. Onlara dərman və sarğı materialları verərək həkimlərlə birlikdə deyilən ərazilərə yola saldım. Saat 8-ə bir neçə dəqiqə qalmış Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Sabir Adnayev mənə zəng vuraraq telestudiyanın partladıldığını və həkim briqadası götürərək oraya getməyimi tapşırdı. Dərhal ora getdik, qaranlıq həyətə girdik və televiziyanın enerji blokunun partladılaraq yararsız hala salındığının şahidi olduq.

Az keçmiş əli kameralı saqqallı bir adam telestudiyanın binasına daxil olub ikinci mərtəbəyə qalxdı. Dəhlizin axırına çatıb pilləkənlərlə aşağı endi. Orada 30-40 nəfərə yaxın əsgər dayanmışdı. Bizə aid iş olmadığına görə geri qayıtdıq. Saat 12.00-da gülləbaran başladı. Aradan bir-iki dəqiqə ötmüş bizə zəng vurub dərhal mərkəzin tərkibində olan 13 həkim briqadasını götürüb Salyan kazarmasının yanına getməyi tapşırdılar. Yolda insanların qışqıra-qışqıra, vahimə içərisində ora-bura qaçdıqlarını gördük. Nərimanov prospektindən "Xəzər" kino-teatrının arxasına keçəndə baxdıq ki, hərbçilərə aid beşmərtəbəli binanın üç mərtəbəsinin pəncərələrindən avtomatlarla əhaliyə atəş açırlar. Gözlərimiz qarşısında ağ rəngli "Jiquli" maşını vurdular, "Qaz-24" markalı avtomobili atəşə tutdular. İçərisindən adamlar çıxıb qaçmaq istərkən onları güllə ilə vurub yerə sərdilər. Həkimlərimiz böyük çətinliklə yaralıları götürdülər, lakin onlardan biri maşina çatmamış dünyasını dəyişdi. Silahlılar heç kimə aman vermirdilər - dinc əhalini, küçədən keçənləri, hətta yaşayış binalarını, bir sözlə, gözlərinə dəyən hər bir qaraltını atəşə tuturdular. Təcili yardım maşınlarının üstündə işıqlar yanırdı, amma buna baxmayaraq, bizə də güllə yağdırırdılar. Yaralılara kömək edərkən üç oğlan yanımıza gəlib Milli Məclisin yaxınlığındakı Ordu İdman Klubunun ərazisində çoxlu yaralı və meyit olduğunu bildirərək bizi köməyə çağırdı. Sürücü çaşaraq maşını "Xəzər" kinoteatrının qarşısına sürdü, bu zaman bizi şiddətli atəşə tutdular. Sürücü yaralandı, bu gün də sağ qaldığımıza möcüzə kimi baxırıq. Sonradan maşınımıza 18 ədəd güllənin dəydiyini gördük.

Ümumiyyətlə, o gecə Bakı şəhərindəki bütün təcili yardım stansiyalarının əməkdaşları ölənlərin daşınmasına, yaralılara tibbi yardım göstərərək vaxtında xəstəxanalara çatdırılmasına səfərbər olunmuşdular. Həkim briqadaları qorxu bilmədən fədakarlıq göstərərək yaralı insanlara yardım etməyə çalışırdılar.

Əgər təcili tibbi yardım stansiyalarının əməkdaşları bu şücaəti göstərməsəydilər, ölənlərin sayı qat-qat artıq olardı. Şəhərin müxtəlif istiqamətlərindən, arxa küçələrdən, dar dalanlardan yaralıları götürüb ilk tibbi yardım göstərəndən sonra xəstəxanalara çatdırırdıq. Xəstəxanalarda şam, lampa işığında ağır cərahiyyə əməliyyatları aparılırdı.

O gecə həkimlərimiz fiziki və mənəvi təzyiqlərə məruz qalmış, böyük sarsıntılar keçirmişdilər. Rus əsgərləri bir həkimi liftə qoyaraq doqquzuncu mərtəbəyə qaldırmış, psixi hala gələnə qədər əsəbləri ilə oynamışdılar. Həmin həkim uzun müddət özünə gələ bilməmişdi. Əli avtomatlı əsgərlər təcili yardım maşınlarının qarşısını kəsərək həkimləri yerə düşürüb ağzı üstə uzadıb axtarışlar aparırdılar. Mərdəkanla Türkan yolunun kəsişməsində yaralının köməyinə gedən Aleksandr Marxevka adlı bir həkimimizi təcili yardım maşınının içərisində güllələmişdilər. Hazırda Şəhidlər xiyabanında uyuyur. Həkimlərimiz arasında bir neçə 20 Yanvar əlili də var.

Onu da qeyd edim ki, 20 Yanvar hadisələrində ölənlər və yaralananlar, baş verən ziyanlar haqqında bütün sənədlərimiz Moskvaya aparıldı və bir daha geri qaytarılmadı.

 

 

Söhbəti yazdı:

Adilə QOCAYEVA

 

Azərbaycan.-2009.-20 yanvar.-S.5.