Analoqu olmayan təcavüz
Yanvarın 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə universitetin 1 saylı tədris binasının foyesindəki "Şəhidlərin xatirə guşəsi" önünə tər qərənfil dəstələri düzmüşlər.
Mərasimi giriş sözü ilə açan universitetin rektoru, professor Gülçöhrə Məmmədova tariximizə qanla yazılmış 1990-cı ilin təlatümlü yanvar günlərindən danışdı. O qeyd etdi ki, sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan olunmadan Bakıya girməsi və dinc əhaliyə divan tutması misli görünməmiş faciələrlə nəticələndi.
Rektor çıxışında 1990-cı ilin 20 Yanvar faciəsini sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi ən qatı cinayət adlandırdı. O bildirdi ki, bu qanlı aksiya, əslində tək bir xalqa qarşı deyil, bütün bəşəriyyətə, insanlığa meydan oxumaq kimi dəyərləndirilməlidir.
Professor G.Məmmədova faciədən dərhal sonra o dövrdə Moskvada yaşayan ulu öndər Heydər Əliyevin Azərbaycanın daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətindən də söhbət açdı. Vurğuladı ki, Heydər Əliyev öz haqq səsini ucaldaraq tarixdə analoqu olmayan bu faciəni törədən imperiyanın və onun Azərbaycandakı əlaltılarının cinayətkar əməllərinə ilk dəfə olaraq siyasi-hüquqi qiymət verdi və həqiqətin dünya ictimaiyyətinə çatdırılmasına nail oldu.
1990-cı ilin qanlı yanvar günlərindən ürəkağrısı ilə danışan rektor vətən yolunda canını qurban vermiş övladlarımız arasında universitetin iki tələbəsinin - Fuad Babayevin və Ələsgər Qayıbovun həlak olduqlarını mərasim iştirakçılarının diqqətinə çatdırdı.
Sonra universitetin Fövqəladə
hallar və həyat fəaliyyətinin
təhlükəsizliyi kafedrasının
müdiri, professor H.Ocaqov
1990-cı ilin yanvar gecəsinin şahidi kimi öz təəssüratlarından
söhbət açdı.
O qeyd etdi ki, yanvar faciəsində Azərbaycanın azadlığı uğrunda şəhid olmuş insanlar xalqımızın milli mənliyinin əyilməzliyini və gələcəyə inamla baxdığını öz parlaq iradələri ilə bir daha təsdiqlədilər.
Mərasimdə çıxış edən gənclərdən-universitetin nəqliyyat fakültəsinin III kurs tələbəsi Səadət İmanova və tikinti-iqtisad fakültəsinin III kurs tələbəsi Orxan Naqdiyev də 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşdülər, Azərbaycanın müstəqilliyinin dönməzliyi, dövlətimizin daha da qüdrətlənməsi naminə bilik və bacarıqlarını əsirgəməyəcəklərini bildirdilər.
Akif HACIYEV,
AMİU-da çıxan
"İnşaatçı kadrlar"
qəzetinin redaktoru
Azərbaycan.-2009.-20 yanvar.-S.6.