Strasburqda 20 Yanvar faciəsi ilə bağlı fransız dilində radio verilişi səslənmişdir
Strasburqda fəaliyyət
göstərən "Azərbaycan evi"nin təşkilatçılığı
ilə hər ayın bir bazar günü Azərbaycanla
bağlı efirə çıxan ikisaatlıq radio
proqramının yanvarın 18-də getmiş verilişi əsasən
xalqımızın tarixində qara səhifə olan 20 Yanvar
faciəsinə həsr edilmişdir.
Verilişin ərsəyə
gəlməsində xüsusi əmək sərf etmiş
"Azərbaycan evi"nin sədri Mustafa Alınca,
Strasburqdakı Mark Blok Universitetinin tələbəsi Şahin
Hüseynli və gənc soydaşımız Alqan Eldənizin
faciə ilə əlaqədar hazırladıqları
materiallarda XX əsrin görünməmiş qanlı hadisəsi
barədə fransız dinləyicilərinə ətraflı
məlumat verilmişdir.
Faciəyə dair vaxtilə
Azərbaycan və fransız mətbuatında dərc
olunmuş məqalələrə əsaslanmış
verilişdə 1990-cı ilin yanvarında baş vermiş
qanlı hadisəyə iki il əvvəldən, 1988-ci ildən
hazırlıq getməsindən, işğalçılıq
siyasəti yeridən Ermənistanın Azərbaycanın əzəli
ərazisi olan Dağlıq Qarabağı ayırmaq təşəbbüsünə
etiraz edən azərbaycanlıların kütləvi
nümayişlər keçirməsindən, sovet hakimiyyətinin
rəsmilərinin bu nümayişlərə yol verməmək
üçün ölkəmizə qoşun yeritmələri
və fövqəladə vəziyyət elan etmələrindən
söhbət açılmışdır. Bu hadisələrin
davamı olaraq iki ildən sonra xalqın müstəqillik və
azadlıq istəyini boğmaq məqsədi ilə yanvarın
19-dan 20-nə keçən gecə qırmızı ordunun
müxtəlif istiqamətlərdən Bakıya daxil olaraq,
silahsız dinc əhaliyə divan tutduqları verilişin əsas
xəttini təşkil etmişdir.
Faciə zamanı
heç kimə aman verməyən sovet ordusunun 133 nəfərin
həyatına son qoyması, 700 sakini yaralaması, xeyli azərbaycanlının
itkin düşməsi, ölkənin bütün dünya ilə
əlaqələrinin kəsilməsi və informasiya
blokadasına alınması verilişdə öz əksini
tapmışdır.
Müasir silahlardan
istifadə etmiş ordunun amansızlığının təsvirə
gəlməzliyi, insanların tanklar altına salınması
barədə danışılmış radio proqramında bu
faciənin dünya ölkələrinin, o cümlədən
fransızların kəskin reaksiyasına səbəb
olduğu, belə ağır günlərdə azərbaycanlılarla
həmrəyliyi, Fransada yaşayan soydaşlarımızın
faciənin dəhşətləri barədə fransızlara ətraflı
məlumat verməsi dinləyicilərə
çatdırılmışdır.
Verilişi
hazırlayanlar yeri gəldikcə faciə ilə bağlı
fransız mətbuatında dərc olunmuş materiallardan
sitatlar gətirmişlər.
Sonda dövlətimizin
şəhidlərin xatirəsini əbədiləşdirmək
üçün Bakının ən görkəmli yerində
Şəhidlər xiyabanı saldığı, faciənin hər
il hüzn günü kimi anıldığı, xiyabanın
xalqımızın və Bakıya səfər edən xarici
qonaqların ziyarətgahına çevrildiyi də
vurğulanmışıdır.
Verilişdə
tanınmış türkoloq alim, soydaşımız İren
xanım Melikoffun vəfatı barədə məlumat
verilmiş, elmi və ictimai-siyasi fəaliyyətindən
danışılmışdır.
Yanvarın 18-də səsləndirilmiş
verilişdə Azərbaycan haqqında digər xəbərlər
də efirə getmişdir.
Xatırladaq ki, "Azərbaycan
evi"nin hazırladığı radio proqramı Fransanın
bütün ərazisinə və qonşu ölkələrə
yayımlanır.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2009.-20 yanvar.-S.7.