Kiyevdə 20 Yanvar qurbanlarının xatirə
gecəsi və akademik Ramiz Mehdiyevin "Azərbaycanlıların
soyqırımının reallıqları"
kitabının təqdimatı
keçirilmişdir
Ukrayna
paytaxtındakı Səməd Vurğun adına kitabxanada
1990-cı ildə Bakıda törədilmiş 20 Yanvar faciəsinin
19-cu ildönümünə həsr edilmiş xatirə gecəsi
və Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin rus və qırğız dillərində
çap edilmiş "Azərbaycanlıların
soyqırımının reallıqları"
kitabının təqdimatı keçirilmişdir. Tədbirə
toplaşanlar "Qara Yanvar" hadisələrini əks etdirən,
insanın qanını damarlarında donduran fotoşəkillərdən
ibarət stendlə tanış olmuşlar.
Azərbaycanın Kiyevdəki
səfirliyi, Ukrayna Azərbaycanlıları Konqresi (UAK) və
Ukrayna-Azərbaycan Dostluğu Xeyriyyə Fondu (UADXF) tərəfindən
təşkil edilmiş xatirə gecəsinin
aparıcısı, səfirliyin əməkdaşı Seyidəli
Qədiməliyev 1990-cı ilin yanvarında Kremldəki cinayətkar
hakimiyyətin göstərişi əsasında və o
dövrdə Azərbaycana rəhbərlik edənlərin
satqınlığı sayəsində sovet qoşunlarının
Bakıda və Azərbaycanın başqa şəhərlərində
törətdiyi qanlı qırğın barədə məlumat
vermişdir. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik
sükutla yad edilmişdir.
Azərbaycanın
Ukraynadakı səfiri Tələt Əliyev
xalqımızın ən yeni tarixinin qanlı səhifələrindən
birindən danışmış, ölkəmizin suverenliyi və
müstəqilliyi uğrunda canlarından keçmiş
azadlıqsevər və qəhrəman Azərbaycan
oğullarına divan tutan sovet rəhbərlərinin və
onların respublikadakı nökərlərinin adlarını
bir daha xatırlatmışdır.
Tələt Əliyev
xalqımızın ümummilli lideri Heydər Əliyevin
böyüklüyünü, ona xas olan ədalət hissini
xüsusi vurğulayaraq xatırlatmışdır ki, Heydər
Əliyev 20 Yanvar faciəsinin törədilməsində Kremldəki
yüksək rütbəli məmurları, Əbdürəhman
Vəzirovu, erməni millətçilərini və onlarla əlbir
olanları ittiham edərək bildirmişdir ki, bu faciədə
əli olanların hamısı layiqincə cəzalandırılmalıdır.
Sonra səfir akademik
Ramiz Mehdiyevin "Azərbaycanlıların
soyqırımının reallıqları" adlı dəyərli
tədqiqatını təqdim etmiş, kitabdan 1990-cı il
Qanlı 20 Yanvar hadisələrinin anatomiyasını
açıqlayan bəzi məqamları oxumuşdur.
Tədbir
iştirakçılarına kitabın nüsxələri
paylanmışdır.
Taras Şevçenko
adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər
İnstitutunun ikinci kurs tələbəsi Gültəkin
Qafqazlı çıxışında bildirmişdir ki,
kitabdakı faktların analitik şərhi ona çox
güclü təsir bağışlamışdır. Ukrayna
Milli Aviasiya Akademiyasının dosenti Arif Quliyev isə "Azərbaycanlıların
soyqırımının reallıqları"
kitabının Ukrayna dilinə tərcümə olunmasını
təklif etmişdir.
UAK Kiyev şəhər
təşkilatının sədri Oleq Krapivin, UAK sədrinin
müavini Namiq Quliyev, UADXF-nin prezidenti İlqar Abbasov və
başqaları Qanlı Yanvar hadisələrinə öz
münasibətlərini bildirmiş, xalqımızın
misilsiz qəhrəmanlığını vurğulamış,
diasporun bütün üzvlərini müstəqil, azad və
demokratik Azərbaycanın tərəqqisi naminə Prezident
İlham Əliyevin rəhbərliyi altında daha sıx birləşməyə
çağırmışlar.
Çıxışlarda
respublikanın daxili və xarici siyasətdə
qazandığı uğurlardan, bütün sahələrdə
Azərbaycan-Ukrayna münasibətlərinin inkişaf etməsi
və möhkəmlənməsindən, hazırda Ukraynada
hakimiyyətin bütün şaxələrində təmsil
olunmuş azərbaycanlıların yerli cəmiyyətə
inteqrasiyasından ətraflı bəhs edilmişdir.
Sonda tədbir
iştirakçıları görkəmli Azərbaycan
şairi Səməd Vurğunun adını daşıyan
kitabxananın qarşısında ona ucaldılmış abidənin
önünə tər çiçəklər qoymuşlar.
Zeynal AĞAZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Kiyev
Azərbaycan.-2009.-22 yanvar.-S.2.