Azərbaycan torpağı
dahilər yetirir
Təntənəli iclasda xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev, Azərbaycanda akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, alimlər iştirak edirdi.
İclası açan AMEA-nın prezidenti Mahmud Kərimov demişdir ki, dünya şöhrətli alimimizin yubiley şənliklərinin onun doğulduğu Bakı şəhərində keçirilməsi çox əlamətdar haldır. Lev Landau Azərbaycanın dünya şöhrətli, öz istedadı və fədakar əməyi sayəsində adı tarixə düşmüş övladlarından biridir. Bakıda onun adını daşıyan küçə var, Nizami və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən, vaxtilə Landaunun yaşadığı binaya isə onun barelyefi vurulmuşdur. Landaunun əsərləri Azərbaycan dilinə tərcümə olunur, vətəndaşlarımızın bir neçə nəsli onun dərsliklərindən bəhrələnir. Yəni biz bu böyük həmyerlimizi daim xatırlayır və onunla fəxr edirik.
Akademiyanın Fizika İnstitutunun laboratoriya müdiri professor Rauf Hüseynov bu "nadir, müstəsna dərəcədə universal" alimin həyat və elmi fəaliyyəti barədə məlumat verərək bildirmişdir ki, Lev Landau 13 yaşında ikən orta məktəbi bitirmişdi, 14 yaşında isə artıq tələbə idi. Lakin hələ orta məktəbdə oxuduğu dövrdə ali riyaziyyatla tanış idi və özünün dediyi kimi, "inteqral və differensial hesablamağı bacarmadığı vaxt" yadına gəlmir. Nəzəri fizika üzrə dünya şöhrətli məktəb yaratmış Landaunun çoxlu şagirdləri vardı, lakin onların heç biri öz müəllimini üstələyə bilməmişdir.
İsrailin ölkəmizdəki səfiri Artur Lenk demişdir ki, Lev Landauya xas olan xarizma və istedad barədə İsraildə hələ də danışırlar. İsrail bir sıra azərbaycanlılar üçün, Azərbaycan isə bir sıra yəhudilər üçün ikinci vətən olmuşdur. Landaunun sizin həmvətəniniz olması aydındır, lakin o, həm də yəhudi xalqının oğlu, Nobel mükafatına layiq görülmüş çoxsaylı yəhudi alimlərdən biridir.
Rusiya Federasiyasından gəlmiş, vaxtilə şəxsən Landauya "Landau minimumu" imtahanı vermiş professor Vladimir Manko öz həyatının onunla bağlı epizodlarından bir neçə misal gətirərək vurğulamışdır ki, böyük alim gənclərə çox qayğı ilə yanaşır və onların təəssüf doğuran qüsurlarını, o cümlədən etiket məsələsində yol verdikləri qəbahətlərini bağışlayırdı.
İsrail Elmlər Akademiyasının nümayəndəsi Viktor Lvov isə demişdir ki, yəhudi ailəsindən olan bu gənc məhz Azərbaycana xas olan toletantlıq sayəsində yaxşı orta təhsil ala bilmişdir. V.Lvov Landaunun qeyri-adi istedada malik olduğunu görüb onu Leninqrada oxumağa göndərənlərə, onu bir şəxsiyyət kimi yetişdirmiş və böyük elm yoluna yönəltmiş, ona bir növ həyat vəsiqəsi vermiş Bakıya, Azərbaycana təşəkkür etmişdir.
Tədbirin sonunda böyük alimin həyatına və elmi fəaliyyətinə həsr edilmiş film göstərilmişdir.
AzərTAc
Azərbaycan.-2009.-22 yanvar.-S.2.