Azərbaycan Prezidenti antiböhran paketini açıqladı

 

Yanvarın 16-da Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin yekunlarına həsr olunmuş iclasında dünyada gedən iqtisadi proseslər kontekstində Azərbaycan iqtisadiyyatındakı vəziyyəti təhlil etmiş və dünyada gedən maliyyə böhranını nəzərə alaraq hansı qərarların qəbul edilməsi ilə bağlı mövqeyini açıqlamışdır.

 

Bu, dövlət başçısı səviyyəsində dünyadakı iqtisadi böhrana reaksiya verən və ondan çıxış yolunu bütövlükdə göstərən ilk açıqlama idi. İlk dəfə idi ki, rəsmi olaraq qlobal iqtisadi böhrana reaksiyanı nəzərdə tutan "antiböhran tədbirlər paketi" ortaya qoyuldu.

Antiböhran tədbirlər paketi ilk əvvəl mövcud vəziyyəti xarakterizə edir və strategiyanı müəyyənləşdirir. Mövcud vəziyyətin qiymətləndirilməsində belə nəticəyə gəlinib ki, "Azərbaycanda iqtisadiyyat böhran səviyyəsinə enməyib, amma böhranın təsirlərindən yan keçmək də qeyri-mümkündür".

Məhz bu qiymətləndimədən çıxış edərək antiböhran tədbirlər paketinin strategiyası müəyyənləşdirildi: "Dünya iqtisadi böhranının Azərbaycana təsirini minimallaşdırmaq və mümkün istiqamətlərdə bu təsirlərin qarşısını almaq".

Prezident İlham Əliyev qlobal iqtisadi böhranla bağlı Azərbaycanın konseptual mövqeyini belə formulə etdi: "2009-cu il üçün nəzərdə tutulmuş iqtisadi, infrastruktur və sosial proqramlar həyata keçirməyə paralel olaraq, dünya maliyyə, iqtisadi böhranının Azərbaycana təsirini minimuma endirmək".

Bu Azərbaycan Prezidentinin dünya iqtisadi maliyyə böhranı kontekstində 2009-cu il üçün planlarının əsas istiqamətləridir.

Ona görə böhranın təsirinin minimallaşdırılmasından söhbət gedir ki, məsələn, böhranın neftin qiymətinin düşməsi kimi elementinin qarşısının alınması bir hökumətin və ya dövlətin gücü müqabilində deyil. Azərbaycan böhrana reaksiya tədbirləri kontekstində artıq neftin qiymətinin düşməsinə yeganə doğru və mümkün olan reaksiyanı verib: neft hasilatının həcmi aşağı salındı. Yəni təklifin tələbə uyğunlaşdırılması istiqamətində addım atıldı.

Hökumətin iclasında əsas makroiqtisadi göstəricilərlə bağlı səsləndirilmiş rəqəmlər mövcud vəziyyəti qiymətləndirmək üçün imkan verir və dünyada gedən iqtisadi proseslər kontekstində heyrətləndirici sayıla bilər. Belə ki, 2008-ci ildə

- ÜDM 11% artıb;

- Əhalinin pul gəlirləri 36% artıb;

- Yoxsulluğun səviyyəsi 16 faizdən 13,2 faizə düşüb;

- Orta aylıq əməkhaqqı 335 dollara çatıb;

- Orta pensiya 120 dollar olub;

- İl ərzində 120 mindən çox yeni iş yeri açılıb.

ÜDM-un 11 faiz artımı faktının özü Azərbaycanın iqtisadi böhrandan qorunduğunu göstərən ən mühüm amildir. Ona görə ki, bütün dünyada iqtisadi böhranın başlanğıcı kimi məhz resessiya prosesinin başlanması əsas kimi götürülür. ÜDM-dəki artım isə Azərbaycanda resessiyanın olmadığını sübut edir.

İnvestisiya qoyuluşlarının artım tempi və əhalinin pul gəlirlərinin inflyasiyanı 16 faiz üstələməsi də analoji nəticə çıxarmağa imkan verir. Bununla belə ötən həftə keçirilmiş hökumətin iclası qlobal iqtisadi böhranın mümkün təsirlərini azaltmaq üçün konkret proqramın olduğunu göstərdi.

Bəs ölkə Prezidentinin qlobal iqtisadi böhranın təsirlərini azaltmaq üçün mövqeyi və təklif edilən proqramın əsas müddəaları nədən ibarətdir?

İlk əvvəl antiböhran proqramı iki hissədən ibarətdir: birincisi, indiyə qədər həyata keçirilən tədbirlərin davam etdirilməsindən və daha da gücləndirilməsindən, ikincisi, bilavasitə böhranla bağlı olan yeni tipli tədbirlərin həyata keçirilməsindən.

İqtisadiyyatı sağlamlaşdırmaq və sahibkarlıq fəaliyyətini stimullaşdırmaq üçün Prezident konkret istiqamətləri göstərdi:

- İstehlak bazarına nəzarət gücləndirilməlidir ki, süni qiymət şişirtmələri olmasın;

- Qiymətlərin aşağı düşməsi daha sürətlə getməlidir;

- Antiinhisar fəaliyyəti gücləndirilməlidir;

- Qeyri -sağlam rəqabətə son qoyulmalıdır;

- Dövlət tərəfindən qanunsuz müdaxilələr dayandırılmalıdır.

İndiyə qədər də aktual olan bu məsələlərlə bağlı Prezident "xüsusilə, 2009-cu ildə və ondan sonrakı illərdə bu siyasət davam etdiriləcək" - deyə diqqətə çatdırdı.

Qiymətlərin aşağı salınması isə inzibati yollarla deyil, rəqabətin gücləndirilməsi vasitəsilə həyata keçirilməlidir. Bu əsl bazar iqtisadiyyatı rıçaqıdır. Eyni zamanda daxildə inhisara qarşı tədbirin gücləndirilməsi sahibkarların fəallığını artıracaq bir amildir ki, bu da qlobal iqtisadi böhranın Azərbaycana təsirinin azaldılması, iqtisadi inkişaf tempinin saxlanması və nəhayət, böhrandan daha güclü çıxmaq üçün ən mühüm məqamdır.

Bütün bunlar ölkə Prezidentinin daxili bazarda rəqabət mühitinin gücləndirilməsi hesabına qiymətlərin aşağı düşməsini təmin etmək üçün siyasətinin əsas istiqamətləridir və mövcud vəziyyətin sağlamlaşdırılması vasitəsilə iqtisadiyyata təkan verilməsini nəzərdə tutur. Yəni indiyə qədər yaradılmışlar və mövcud olanlar üçün şəraitin yaxşılaşdırılması məqsədini daşıyır.

Prezident daha sonra böhranın təsirinin azaldılması üçün antiböhran tədbirlər paketini elan etdi.

- Xaricdə saxlanılan valyuta ehtiyatlarından müəyyən hissəsini ən etibarlı, güclü yerli banklarda yerləşdirmək;

- Bu vəsaiti banklar vasitəsilə yalnız iqtisadiyyatın real sektoruna yönəltmək;

- Vəsaitin dövlətin prioritet hesab etdiyi sahələrə yönəldilməsi;

- Bu vəsaitin real sektora yönəldilməsi prosesinə dövlətin güclü nəzarətinin təmin edilməsi;

- Milli Bankın, Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin ölkəyə gətirilən maliyyə vəsaitinin idarə olunmasına nəzarət və qərarların qəbul olunmasında iştirak etmələri bu sırada əsas yerləri tutur.

Prezidentin bu yanaşmasında iki amilin - xüsusi sektorla dövlət qurumlarının dövlət vəsaitinin idarə olunmasında birgə qərarlar qəbul etməsi, dövlət planlamasının müsbət tərəfləri ilə xüsusi sektorun vəsaitə nəzarət və məsuliyyətin fərdiləşməsi kimi xüsusiyyətlərin ümumi hədəf üçün birləşdirilməsi məqsədi var.

Başqa sözlə, bu antiböhran paketində dövlət qurumlarının iqtisadi planlaşdırmanı təmin etmək kimi üstün xüsusiyyəti ilə xərclənəcək dövlət pullarına bankların fərdi məsuliyyətini birləşdirmək planı var. Ona görə ki, heç bir özəl qurum hökumət kimi genişmiqyaslı planlaşdırma işini apara bilməz. Eyni zamanda özəl qurum qədər maliyyə vəsaitinə ciddi məsuliyyət hiss edən mülkiyyət forması da yoxdur. Odur ki, dövlət planlı iqtisadiyyatla bazar iqtisadiyyatı mexanizmlərini birləşdirməklə antiböhran proqramını tətbiq etməyi planlaşdırır.

Xatırladaq ki, ötən əsrin 30-cu illərindəki Böyük depressiya zamanı Amerika Birləşmiş Ştatlarının Prezidenti F.Ruzveltin antiböhran proqramı da oxşar prinsiplər üzərində qurulmuşdu və indiki böhran zamanı da dövlətin iqtisadiyyata müdaxiləsinin güclənməsi ilə yanaşı bazar iqtisadiyyatı mexanizmləri də aparıcı amillər iqtisadiyyatın lokomotivi olaraq qalmaqdadır.

Başqa tərəfdən, bu özəl bankların müstəqilliyini əlindən almır. Banklar öz vəsaitlərindən istədikləri kimi istifadə edə bilərlər. Ancaq dövlətin verdiyi vəsaitləri mütləq dövlətin nəzarəti altında real sektora yönəltməlidirlər.

Bununla da Prezident İlham Əliyev antiböhran tədbirləri proqramında əsas hədəf kim real sektorun inkişafını müəyyənləşdirir. Proqramın təhlili belə deməyə əsas verir ki, tədbirlər paketi məhz real sektoru hədəf kimi götürüb və bu sektorun inkişaf etdirilməsinin Azərbaycanda böhranın təsirlərini azaldacağı məntiqi üzərində qurulub.

Antiböhran tədbirləri paketinin növbəti hissəsi isə dövlət investisiya proqramında hər bir sahə üzrə prioritetin müəyyənləşdirilməsini əhatə edir. Belə ki, bütün sahələr üzrə ən zəruri layihələr maliyyələşdirilməli, gələn ilə saxlanıla biləcək layihələrsə saxlanmalıdır.

Beləliklə, Dövlət İnvestisiya Proqramında göstərilən layihələr gündəlikdə qalmaqla proqramın həyata keçirilməsində bunlar əsas götürülməlidir:

- Prioritetlər üzrə qrafik müəyyənləşdirilməli;

- Qənaət prinsipinə ciddi əməl olunmalı;

- Sərmayələrin yönəldilməsinə dövlət nəzarəti gücləndirilməli;

- Prioritetlər Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, hökumətlə razılaşdırılmalıdır.

Məcburi köçkünlərin həyat şəratinin yaxşılaşdırılması ilə bağlı layihələrdə isə qənaət ola bilməz. Bu prioriteti ölkə başçısı müəyyənləşdirmişdi.

Prezidentin bəyan etdiyi antiböhran proqramında digər istiqamətlərdən biri ixracyönümlü müəssisələrə yardımın gücləndirilməsidir.

Daxildə əhalinin alıcılıq qabiliyyəti yüksək olduğu üçün bazara işləyən müəssisələrin məhsullarının reallaşmasında heç bir problem yoxdur. Ancaq ixracat üçün işləyən müəssisələrdə problemlər yarana bilər. Odur ki, antiböhran proqramının daha bir müddəası ixracyönlü müəssisələrə dövlət yardımını gücləndirməkdir. İxrac məhsullarının daxildə bazarını təşkil etmək üçün yeni emal müəssisələri yaradılmalıdır.

Beləliklə, maliyyə intizamı gücləndirilməli, istehlak bazarına nəzarət artırılmalı, strateji istehsal sahələri sağlamlaşdırılmalıdır. Bunlar antiböhran proqramının müddəalarıdır. Böhranın təsirinin azaldılması və inkişaf templərinin saxlanması üçün əvvəlki illərdə tətbiq edilən tədbirlərin davam etdirilməsi də əsas istiqamətlər sırasındadır.

Məsələn:

- Sahibkarlara kreditlərin verilməsi davam etdiriləcək;

- Güzəştli kreditlərin həcmi artırılacaq;

- Fermerlərə subsidiyaların veriməsi davam etdiriləcək;

- Fermerlərə güzəştli şərtlərlə gübrə veriləcək.

Prezident ərzaq təhlükəsizliyinə 100 faiz nail olmaq tapşırığını verdi. Məqsəd dünyada gedən prosesləri nəzərə alaraq strateji məhsullarla ölkəni tam təmin etməkdir.

Prezident İlham Əliyev qlobal böhranın beynəlxalq maliyyə-siyasi aspektlərinə də toxunub. Beləki, iqtisadi-maliyyə böhranı bəzi ölkələrin siyasi statusuna ciddi təsir edə bilir. Odur ki, Prezident Azərbaycanın heç bir xarici maliyyə mənbələrinə müraciət etməyəcəyini və buna görə də özünün müstəqil mövqeyini qoruyacağını bəyan etdi.

Beləliklə, qlobal iqtisadi böhranın nəticələrini aradan qaldırmaqla yanaşı, bu böhranın nəticəsində siyasi müstəqilliyi itirməmək və ən azı onun məhdudlaşmasına yol verməmək məsuliyyəti də var. Azərbaycan Prezidenti hər iki məsələnin - həm iqtisadi artım tempinin saxlanmasının, həm də böhrandan siyasi müstəqilliyi saxlamaqla çıxmağın hökumət üçün aktual olduğunu və siyasi statusun qorunub saxlanmasının da antiböhran paketinə daxil olduğunu vurğulamış oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi antiböhran tədbirlər paketi bütövlükdə aşağıdakı müddəaları özündə ehtiva edir:

- İstehlak bazarına nəzarət gücləndirilməlidir ki, süni qiymət şişirdilmələri olmasın;

- Qiymətlərin aşağı düşməsi daha sürətlə getməlidir;

- Antiinhisar fəaliyyəti gücləndirilməli, qeyri -sağlam rəqabətə son qoyulmalıdır;

- Dövlət tərəfindən qanunsuz müdaxilələr dayandırılmalıdır;

- 2009-cu ildə və ondan sonrakı illərdə bu siyasət davam etdirilməlidir;

- Xaricdə saxlanılan valyuta ehtiyatlarının müəyyən hissəsi ən etibarlı, güclü yerli banklarda yerləşdirilməlidir;

- Bu vəsait banklar vasitəsilə yalnız iqtisadiyyatın real sektoru əsas götürülməklə dövlətin prioritet hesab etdiyi sahələrə yönəldilməlidir;

- Bu vəsaitin real sektora yönəldilməsi prosesinə dövlətin güclü nəzarəti təmin edilməlidir;

- Milli Bank, Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi ölkəyə gətirilən maliyyə vəsatinin idarə olunmasına nəzarət etməli, qərarların qəbul olunmasında iştirak etməlidirlər;

-Dövlət İnvestisiya Proqramının həyata keçirilməsində prioritetlər üzrə qrafik müəyyənləşdirilməlidir;

- Dövlət investisya layihələrinin həyata keçirilməsində qənaət prinsipinə ciddi əməl olunmalıdır;

- Sahibkarlara kreditlərin verilməsi davam etdirilməlidir;

- Güzəştli kreditlərin həcmi artırılmalıdır;

- Fermerlərə subsidiyaların verilməsi davam etdirilməlidir;

- Fermerlərə güzəştli şərtlərlə gübrə verilməlidir.

 

 Artıq bu proqramla Azərbaycanın qlobal iqtisadi böhrandan hansı məsafədə olduğu və böhrana münasibətdə şanslı mövqenin tutulması haqda yol xəritəsi müəyyənləşdirilib. Bu proqram dövlət qurumlarının öz aralarında maksimum koordinasiyanı və dövlətlə özəl qurumların şəffaf əməkdaşlığını nəzərdə tutur.

 

 

İbrahim Məmmədov,

Az.TV-nin İctimai-siyasi

proqramlar redaksiyasının

 

Azərbaycan.-2009.-22 yanvar.-S.3.