Ölkəmiz Avropanın əsas
ümid yerinə çevrilir
Qloballaşan dünyanın enerji təchizatında mühüm əhəmiyyətə malik ölkələr sırasında Azərbaycanın rolu daha böyük sürətlə artmaqda davam edir. Artıq bu sahədə dünya dövlətləri ilə sıx əməkdaşlıq edən Azərbaycan enerji məsələsində də ən etibarlı tərəfdaşlardan biri kimi tanınır. Xüsusən də Azərbaycanın enerji təchizatının şaxələndirilməsi istiqamətində atdığı addımlar Cənubi Qafqaz sərhədlərindən daha böyük region üçün vacib xarakter daşımaqda və Avropa ölkələrinin enerji təminatında alternativ variantlara malik olmasında zəruri əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan tərəfindən başlanılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri enerji mənbələrinin şaxələndirilməsi sahəsində regionda tamamilə yeni vəziyyət yaradıb. Hazırda Avropanın alternativ marşrutlarla təbii qazla təmin olunmasında yenidən əsas diqqət Azərbaycana yönəlib.
Avropa Birliyinin Nabukkoya
marağı artıb
Rusiya və Ukrayna arasında yaşanan qaz mübahisəsi Avropa ölkələrini alternativ enerji mənbələri üzərində indi daha çox düşünməyə vadar edib. Artıq Avropa Birliyinə sədrlik edən Çexiyanın Baş naziri Mirek Topolanek Avropada yeni enerji təhlükəsizliyi sistemi yaratmağa çağırıb. Cənab Topolanek 120 günlük neft və qaz ehtiyatı yaradılmasının və enerji resurslarının alternativ ixrac marşrutlarının axtarılmasının tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya və Ukrayna arasında baş verənlər Avropa Birliyini enerji təhlükəsizliyinə böyük diqqət yetirməyə məcbur etməlidir. Baş nazir birliyi Xəzər qazını Türkiyə vasitəsilə Avropaya çıxarmaq imkanı verən qaz kəmərinin - Nabukkonun tikintisini ali prioritetə çevirməyi təklif edib.
Qlobal maliyyə böhranının tüğyan etməsinə baxmayaraq, Avropa bu layihənin icrasını mümkün qədər tezləşdirməyi vacib sayır və Nabukko layihəsinin reallaşmasında əsas mənbə rolunda məhz Azərbaycanı görür. Hələ 2006-cı ilin iyununda Nabukko layihəsi imzalanarkən təbii qaz tədarükçüsü qismində əsas diqqət mərkəzlərindən biri Azərbaycan olub. Azərbaycanla yanaşı Misir, İraq, İran, Türkmənistan da əsas mənbələr sırasına aid edilirdi. Lakin real vəziyyətdə bütün resurslar təhlil edildikdən sonra Avropa Birliyi hələ ki, Azərbaycana üstünlük verir. Azərbaycan isə enerji təchizatının şaxələndirilməsinə maraqlı olduğunu ən yüksək səviyyədə bəyan edib. Prezident İlham Əliyev estoniyalı həmkarı Toomas Hendrik İlveslə danışıqlarda bildirib ki, nəhəng neft və qaz yataqlarına, o cümlədən neft və qazın nəqli üçün artıq müasir infrastruktura malik olan Azərbaycan enerji təchizatının şaxələndirilməsində gələcəkdə daha önəmli rol oynayacaq: "Azərbaycan artıq öz işləri ilə burada milyardlarla dollar həcmində sərmayə qoymuş xarici şirkətlərin etibarlı tərəfdaşı olduğunu nümayiş etdirib. Biz Azərbaycanda əlverişli sərmayə mühitini yaratmışıq. Eyni zamanda, biz etibarlı təchizatçıyıq. Azərbaycandan neft və qaz dünyanın müxtəlif yerlərinə ixrac edilir. Bütün ixrac əməliyyatlarımızda heç vaxt elə bir hal olmayıb ki, təchizatımız dayansın və ya istehlakçılar müəyyən problemlərlə üzləşsinlər".
Obama administrasiyası Nabukko layihəsinin
reallaşmasına xüsusi önəm verir
Hazırda Qərb ölkələrinin
Nabukko layihəsinin reallaşmasında xüsusilə
maraqlı tərəf kimi çıxış etmələri
rəsmi səviyyədə etiraf edilir. Prezident Barak Obama
administrasiyasında ABŞ-ın yeni dövlət katibi Hillari
Klinton bildirib ki, rəsmi Vaşinqton Amerikanın müttəfiqlərinin
Nabukko qaz kəməri layihəsi ilə bağlı siyasi
razılaşma əldə etməsinə
çalışacaq. Hillari Klinton senator Riçard Luqarın
sorğusuna yazılı cavabında bununla bağlı
bildirib: "Mən və komandam avropalı müttəfiqlərimizi
təkidlə inandıracağıq ki, Avropaya qaz nəqlinin
diversifikasiyası üçün Nabukko və yaxud digər
boru xəttinin inşası üçün siyasi
razılaşma əldə etsinlər".
Estoniyanın iqtisadiyyat və
kommunikasiya naziri Yuhan Part isə Bakıda keçirdiyi mətbuat
konfransında bildirib ki, ölkəsi Nabukko layihəsini Rusiya
qazının Avropaya nəqlinə birinci alternativ hesab edir:
"Ukrayna və Rusiya arasında qaz mübahisəsi göstərdi
ki, enerji resurslarının Avropa Birliyi ölkələrinə
alternativ nəqli imkanları lazımdır. Bununla əlaqədar
Nabukko bir nömrəli layihədir. Bu layihənin
reallaşması üzrə real addımların
atılmasının vaxtı çatıb. Avropa Birliyi
Estoniyanın da dəstəklədiyi bu layihəni daha aktiv
şəkildə irəliyə doğru
aparmalıdır".
Çexiyanın enerji məsələləri
üzrə diplomatı Vaçlav Bartuska isə qeyd edir ki,
Avropa yalnız bir təchizatçıdan asılı olmaq istəmir.
Azərbaycan potensial təchizatçı rolu oynamağa
hazırdır
Qərb ölkələri
Nabukko layihəsinin reallaşmasını sürətləndirməyə
çalışdıqları bir vaxtda rəsmi Bakı burada
öz maraqlarının təminatını və layihə ilə
bağlı digər dövlətlərin də üzərinə
düşən missiyanın yerinə yetirilməsini vacib
sayır. Hələ ötən ilin noyabrında İtaliyaya rəsmi
səfəri zamanı Prezident İlham Əliyev bu ölkənin
"Rai İnternational" telekanalına müsahibəsində
bununla bağlı qeyd edirdi: "Nabukko layihəsi gündəliyə
gələndə həmin layihənin potensial təchizatçısı
Azərbaycan deyil, digər mənbələr nəzərdə
tutulurdu. Lakin bu gün Nabukko haqqında daha çox eşidəndə,
biz Azərbaycanın qaz ehtiyatlarını görürük.
Biz əsas qaz yataqlarımızın işlənilməsinə
son vaxtlar başlamışıq. Hələlik hasilatı ən
yüksək həddə çatdırmamışıq,
ümid edirik ki, buna növbəti 5-6 il ərzində nail
olacağıq. Bu gün Azərbaycan qazı artıq bazarlara
çıxıb, biz üç ölkəyə qaz ixrac
edirik və çox güman ki, istehlakçıların əhatəsi
genişlənəcəkdir. Lakin Nabukko layihəsinin həyata
keçirilməsi təkcə bizdən asılı deyildir.
Bu, daha çox Nabukko şirkətlərinin fəaliyyətindən,
tranzit məsələlərindən, Mərkəzi Asiya mənbələrinə
qoşulma məsələlərindən asılıdır.
Bu, daha geniş bir layihədir. Azərbaycan Nabukko layihəsində
tranzit ölkə və zərurət yaranarsa, potensial təchizatçı
rolu oynamağa hazırdır. Lakin eyni zamanda, onu demək istərdim
ki, bu, təkcə bizim layihəmiz deyildir".
Yanacaq və energetika naziri
Natiq Əliyev də bildirir ki, Nabukko layihəsi əvvəllər
qazın mənbəyini Yaxın Şərqdə nəzərdə
tuturdu: "Baş verən hadisələr bunu
mümkünsüz etdi. Məhz bu səbəbdən Xəzər
qazının mənbə olması gündəliyə gətirildi.
Ancaq, yalnız Azərbaycanın imkanları Nabukko layihəsinin
reallaşmasına səbəb ola bilməz. Bunun
üçün mütləq Orta Asiya, o cümlədən
Qazaxıstan və Türkmənistan qazı
lazımdır". Ancaq nazir onu da bildirdi ki, "Şahdəniz"
yatağının ikinci mərhələsinin istismarı Azərbaycana
əlavə 14 milyard kubmetr qaz hasil etməyə imkan verəcək:
"Bunun 3 milyard kubmetri Azərbaycanın öz tələbatına
sərf ediləcək, 11 milyard kubmetri isə ixrac ediləcək.
Bu mənbə Türkiyə və Yunanıstanın tam tələbatını
ödəməyə imkan verəcək".
Onu da bildirək ki, Nabukko
layihəsinin əsas təchizatçısı məhz Azərbaycan
olacaq. İllik ötürmə gücü 31 milyard kubmetr olan
bu kəmərə vurulacaq təbii qazın 20 milyard kubmetri məhz
Azərbaycanın öhdəsinə düşəcək.
Rusiya ilə Ukrayna arasındakı gərginlik Nabukko
layihəsinin əhəmiyyətini artırıb
Sözügedən layihənin
dəyərinin günü-gündən artması Avropada
açıq bəyan edilir. Məsələn, Nabukko layihəsinin
rəhbəri Raynhard Miçek qeyd edir ki, Rusiya ilə Ukrayna
arasındakı qaz münaqişəsi Nabukko layihəsinin əhəmiyyətini
artırıb.
Rusiya və Ukrayna arasında
təbii qazla bağlı ötən ilin noyabrından
başlanan növbəti mübahisəyə yanvarın 17-də
Moskvada son qoyulsa da, Avropada iki ölkə arasında analoji vəziyyətin
yaşanmayacağına dair qəti əminlik yoxdur.
Yanvarın 17-də Moskvada
keçirilən görüşdə Rusiya və Ukrayna
2009-cu il üçün qazın qiymətlərinə dair
razılıq əldə edib. Avropa formulu ilə qazın qiymətinin
formalaşmasına dair razılıq əldə olduğunu
deyən Rusiyanın Baş naziri Vladimir Putin bəyan edib ki,
2009-cu ildə ukraynalı tərəfdaşlara 20 faiz güzəşt
olunacaq. Əvəzində Rusiya qazının Ukrayna ərazisindən
tranzit qiymətləri köhnə qaydada, yəni 2008-ci il səviyyəsində
qalacaq. 2010-cu il yanvarın 1-dən başlayaraq isə qaz və
tranzit qiymətləri Avropa standartlarına uyğun olaraq
müəyyənləşdiriləcək. "Qazprom"
Şirkətinin İdarə Heyətinin rəhbəri Aleksey
Miller isə bununla bağlı konkret rəqəmlər
açıqlayıb: "Ukrayna üçün qiymət bu
ilin birinci rübü üçün 1000 kubmetrə 450
dollardır. 20 faiz endirimi nəzərə alsaq qiymət 360
dollar olacaq".
İki ölkə
arasında əldə edilən bu razılığa baxmayaraq,
Avropa Birliyi belə hesab edir ki, Rusiya və Ukrayna artıq
etibarlı tərəfdaş sayıla bilməz. Birliyə sədrlik
edən Çexiyanın xarici işlər naziri Karl Şvartsenberq
bununla bağlı qeyd edir: "Baş vermiş qaz
böhranının istər Kiyev, istər Moskva, istərsə
də Brüssel üçün əsas dərsi ondan ibarətdir
ki, Rusiya və Ukrayna artıq Avropaya qaz təchizatında
etibarlı tərəfdaş deyil. Belə şəraitdə
enerji mənbələrinin diversifikasiyası daha aktual xarakter
alır. Bu planda isə Nabukko qaz kəmərinin tikintisi vacib əhəmiyyət
kəsb edir."
Analoji mövqe Avropa
Komissiyasının rəhbəri Joze Manuel Barrozu tərəfindən
də nümayiş etdirilir. Onun sözlərinə görə,
bundan sonra Avropa Birliyi enerji mənbələrinin
çoxaldılması üçün maksimal səy göstərmək
niyyətindədir. O, Birliyin martda keçiriləcək
sammitində Rusiya və Ukrayna arasında yaşanan mübahisə
üzündən baş verən qaz böhranı nəzərə
alınmaqla yeni enerji strategiyasının qəbul olunacağını
da bildirib. Bu strategiyaya daxil olan məqamlardan biri də Nabukko
layihəsinin reallaşmasının sürətləndirilməsi
ilə bağlı olacaq.
Avropanın Nabukkoya
marağının daha da artdığı bir vaxtda Rusiyada bəzi
rəsmi şəxslər bu layihə ilə bağlı
tamamilə əks mövqedən çıxış edir. Məsələn,
Rusiya Dövlət Dumasınn vitse-spikeri Vladimir Jirinovski bununla
əlaqədar qeyd edir: "Nabukko heç vaxt işləməyəcək,
çünki biz bu layihəni işləməyə
qoymayacağıq".
Lakin Vladimir Jirinovskinin bu hədələrinə baxmayaraq, Avropa rəsmiləri Nabukko layihəsinin reallaşması üçün səylərin bundan sonra artırılacağını bəyan edirlər və o da bildirilir ki, Avropa üçün alternativ enerji mənbələrindən təbii qaz alınması ciddi zərurətə çevrilib. Alternativ enerji mənbələri qismində Avropanın əsas ümid yerlərindən biri Azərbaycan və hazırkı şəraitdə Azərbaycanın iştirakı olmadan həyata keçirilməsi mümkünsüz sayılan Nabukko layihəsidir.
Qeyd edək
ki, Nabukko layihəsi Xəzər bölgəsindən təbii
qazın 3,3 min kilometr uzunluğunda kəmərlə Rusiyadan
yan keçməklə Türkiyə vasitəsilə Avropa
Birliyi ölkələrinə (əsasən Almaniya və
Avstriyaya) çatdırılmasını nəzərdə
tutur. Kəmərlə ildə 31 milyard kubmetr qaz ixracı
planlaşdırılır. Nabukko konsorsiumunda OMV Gas GmbH
(Avstriya), BOTAŞ (Türkiyə), "Bulgargaz" (Bolqarıstan),
"Transgaz S. A." (Rumıniya), "MOL Natural Gas Transmission
Company Ltd." (Macarıstan)
və RWE (Almaniya) təmsil olunurlar.
Rasim BAYRAMOV
Azərbaycan.-2009.-22 yanvar.-S.3.