Dünya ölkələri 20 Yanvar faciəsinin ildönümünü qeyd etdilər

 

Vaşinqton

 

Yanvar faciəsinin ildönümü ABŞ Konqresində xatırlanmışdır. Nümayəndələr Palatasında Azərbaycan məsələləri üzrə işçi qrupunun üzvü, Tennesi ştatının demokrat təmsilçisi Stiv Koen bəyanatla çıxış etmişdir. O bildirmişdir ki, 20 yanvar tarixi Birləşmiş Ştatlarda hər dörd ildən bir andiçmə günü kimi təntənəli hadisəyə təsadüf etsə də, Azərbaycan xalqı bu günü Sovet qoşunları qarşısına çıxaraq azadlıq uğrunda şəhid verdiyi gün kimi yad edir. Konqresmen demişdir ki, 1990-cı il yanvarın 20-də Bakıda sovet imperiyasının taleyi həll edilmişdir.

S.Koen bildirmişdir ki, keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun fövqəladə vəziyyət haqqında qərarına əsasən yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycana 26 minlik qoşun yeridilmişdir. Sovet qoşunlarının müdaxiləsi xalqın müstəqillik ruhunu qırmaq məqsədi güdsə də, bu, əksinə, milli mənlik hisslərini daha da alovlandırmış və Sovet İttifaqının dağılmasını sürətləndirmişdir. Həmin hadisələr zamanı "qayda-qanunu bərpa etmək" adı altında sovet əsgərləri 140 nəfəri qətlə yetirmiş, 700-dən çox adamı yaralamış, 841 nəfəri həbs etmişdir, 5 nəfər isə itkin düşmüşdür.

Nüfuzlu "Hyuman Raytz Uotç" təşkilatının tarixi hadisələrə dair hesabatında bildirilirdi ki, "Sovet Ordusunun 19-20 yanvar gecəsi əl atdığı zorakılıq azərbaycanlıların nümayiş etdirdiyi müqavimətə o qədər uyğun gəlmirdi ki, sanki əsgərlər ümumi cəzalandırma üzrə məşq keçirdilər. Bu cəzalandırma təkcə Azərbaycanda yox, həm də Sovet İttifaqının digər respublikalarında vətənpərvərlərə xəbərdarlıq kimi nəzərdə tutulmuşdu".

S.Koen vurğulamışdır ki, sovetlər dövründən miras qalan iqtisadi və siyasi problemlərə, eləcə də Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə baxmayaraq, Azərbaycan Respublikası müstəqilliyini qoruyub saxlamışdır. Bu gün, Azərbaycan yüksək iqtisadi artım göstəriciləri nümayiş etdirən, çiçəklənən dövlətdir. Bunun səbəbləri isə, azad şəkildə seçilən prezident və parlament, enerji sektorunun aparıcı rol oynadığı bazar iqtisadiyyatı islahatları, ən əsası, Azərbaycan ərazisində xarici qoşunların yerləşdirilməməsidir.

Qanlı Yanvar hadisələrinin 19-cu ildönümü ABŞ-da fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən də geniş qeyd edilməkdədir. ABŞ Azərbaycanlıları Şəbəkəsinin yaydığı bəyanatda faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırmışdır.

Vaşinqtondakı Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi isə Azərbaycan səfirliyi ilə birgə təşkil etdiyi toplantıda amerikalı auditoriya qarşısında Qanlı Yanvar gecəsini Lider Televiziyasının istehsalı olan "Qara Yanvara aparan yol" sənədli film vasitəsilə canlandırmışdır.

 

Paris

 

Strasburqda fəaliyyət göstərən "Azərbaycan evi"ndə 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.

Mərasimdə Vətənimizin müstəqilliyi uğrunda şəhid olmuş faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Arif Məmmədov xalqımızın qan yaddaşına həkk olunmuş Qanlı Yanvar faciəsi barədə ətraflı məlumat verərək Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətin əsl mahiyyəti, o dövrdə sovet imperiyasına rəhbərlik etmiş şəxslərin xalqımıza qarşı məkrli siyasəti, aksiyanın ağır nəticələri barədə danışmışdır. Səfir bu günü Azərbaycan tarixinin şərəfli səhifəsi kimi səciyyələndirmişdir. A.Məmmədov qeyd etmişdir ki, 20 Yanvar hadisələri bugünkü müstəqilliyimizin yolunu açmışdır. Xaricdə fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatlarının XX əsrin qanlı səhifələrindən biri olan bu faciənin dünya və Avropa ictimaiyyətinə çatdırılmasında oynadığı rolu xüsusi vurğulayan səfir onların ölkəmizlə bağlı həqiqətlərin təbliği prosesində həmrəyliyinin və birliyinin şəhidlərin xatirəsinə ən böyük ehtiram olduğunu bildimişdir.

Arif Məmmədov xalqımızın ağrılı-acılı günlərində ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın Mockvadakı daimi nümayəndəliyinə gələrək bu qanlı faciəni törədənlərə qarşı kəskin etiraz etməsi barədə ətraflı məlumat vermiş, 20 Yanvar faciəsinə məhz Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra siyasi-hüquqi qiymət verildiyini xatırlatmışıdr.

"Azərbaycan evi"nin sədri Mustafa Alınca 20 Yanvar günü qızıl ordunun insanlığa yaraşmayan faciə törətməsindən, dinc əhaliyə qarşı həyata keçirdiyi vəhşiliklərdən, günahsız insanların müasir silahlardan atəş açmaqla qətlə yetirilməsindən söhbət açmış, bu hadisənin xalqımızın azadlığı və müstəqilliyi yolunda mühüm əhəmiyyət daşıdığını qeyd etmişdir.

Azərbaycan xalqının hər dəfə müstəqillik yolunda qanlı faciələrlə üzləşdiyini, yüzlərlə şəhid verdiyini xatırlatmış M.Alınca 20 Yanvar faciəsinin Azərbaycan tarixinin ən əhəmiyyətli və şanlı səhifələrindən biri olduğunu, vətənini, xalqını sevən insanların yaddaşlarında daim qalacağını bildirmişdir.

Sonda M.Alınca Vətəndən uzaqdakı soydaşlarımızın ölkəmizlə bağlı həqiqətlərin təbliği sahəsində həmrəyliyinin vacibliyini xüsusi olaraq diqqətə çatdırmışdır.

Strasburqdakı Rober Şüman Universitetinin tələbəsi Xəyal Məmmədov 20 Yanvarın xalqımızın tarixinin həm faciəli, həm də şərəfli səhifəsini təşkil etməklə yanaşı, bu səhifənin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu vurğulamışdır.

Mərasimin sonunda şəhidlərin xatirəsinə ehsan süfrəsi açılmışdır.

Daimi nümayəndəliyin əməkdaşlarının, Strasburqda, onun ətrafındakı Miluz və Kolmar şəhərlərində yaşayan soydaşlarımızın, türk diaspor nümayəndələrinin, yerli və xarici qonaqların, tələbələrimizin iştirak etdiyi anma mərasimində faciəyə həsr olunmuş film göstərilmiş, kitab sərgisi nümayiş etdirilmişdir.

Daimi nümayəndəlik tərəfindən faciə barədə tutarlı faktları özündə əks etdirən press-reliz Avropa Şurasının katibliyi, üzv dövlətlərin daimi nümayəndəlikləri, həmçinin Strasburqda fəaliyyət göstərən diplomatik missiyalar arasında yayılmışdır.

Strasburqda gündəlik nəşr olunan "Alzasın son xəbərləri" qəzetinin 20 Yanvar tarixli sayında "Azərbaycanda qara yanvara qayıdış" adlı məqalə dərc edilmişdir.

 

Brüssel

 

Azərbaycan Respublikasının Belçikadakı səfirliyi və NATO yanında nümayəndəliyi 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş mərasim keçirmişlər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasim iştirakçılarına 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı hadisələr barədə geniş məlumat verilmişdir. Sovet ordusunun törətdiyi bu qanlı cinayətin keçmiş SSRİ-nin dağılmasını daha da sürətləndirdiyi, Azərbaycanda müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait yaratdığı qeyd edilmişdir.

Natiqlər 20 Yanvar şəhidlərinin müstəqillik üçün canlarından keçdiklərini əsas gətirərək bundan sonra da Azərbaycan dövlətçiliyinin daim qorunmasının, ölkənin üzləşdiyi Dağlıq Qarabağ probleminin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulamışlar.

Mərasimdə Belçikada yaşayan Azərbaycan və türk icmasının təmsilçiləri, azərbaycanlı tələbələr, səfirlik və nümayəndəliyin əməkdaşları iştirak etmişlər.

Faciənin ildönümü ərəfəsində səfirlik Belçikanın rəsmi qurumlarına, burada fəaliyyət göstərən xarici diplomatik missiyalara və kütləvi informasiya vasitələrinə 20 Yanvar hadisələrinə həsr edilmiş xüsusi mətbuat açıqlaması göndərmişdir.

 

Berlin

 

Yanvarın 20-də Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin, Azərbaycanlıların Koordinasiya Mərkəzinin və Berlindəki Azərbaycan-Alman Həmrəylik Cəmiyyətinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 19-cu ildönümü qeyd edilmişdir. Tədbir Azərbaycan-Alman Həmrəylik Cəmiyyətində keçirilmişdir. Təhsil naziri Misir Mərdanov, Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov, Azərbaycan diasporunun nümayəndələri, bu ölkədə təhsil alan gənc soydaşlarımız iştirak etmişlər.

20 Yanvar faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Pərviz Şahbazov, Misir Mərdanov, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samirə Patser-İsmayılova və Azərbaycan-Alman Həmrəylik Cəmiyyətinin sədri İ.Əmikişiyev çıxış etmişlər.

Çıxışlarda 1990-cı il yanvarın 20-də Azərbaycan vətəndaşlarının müstəqillik və ərazi bütövlüyü uğrunda apardıqları dinc mübarizə zamanı SSRİ rəhbərliyinin əmri ilə gülləbaran edildikləri, lakin bütün təyziqlərə baxmayaraq azadlığa qovuşduqları xüsusilə vurğulanmışdır.

Mərasim iştirakçıları axırda "Azadlığa aparan yol" sənədli filminə baxmışlar.

Sonda şəhidlərin xatirəsinə ehsan süfrəsi açılmışdır.

 

Ankara

 

Azərbaycanın İstanbuldakı Baş konsulluğu Qanlı 20 Yanvar faciəsinin ildönümü ilə bağlı 120 azərbaycanlı tələbənin təhsil aldığı Fatih Universitetində konfrans təşkil etmişdir.

Konfransı giriş sözü ilə açan tələbə Murad Şaxtaxtinski bildirmişdir ki, diplomatik nümayəndəliyimizin keçirdiyi bu tədbir türk və azərbaycanlı gənclərin ən yeni tariximizdə baş verən faciələrin təhlili və onlardan ibrət götürülməsi baxımından olduqca əhəmiyyətlidir. Gələcəkdə qardaş ölkələrimizin dövlət idarəçiliyində fəal iştirak edəcək nəsil ortaq düşmənlərə qarşı mübarizədə daha tədbirli və mətin olmalıdır.

Sonra ölkəmizin İstanbuldakı baş konsulu Səyyad Aran geniş məruzə ilə çıxış etmişdir. Məruzədə Türkiyədə və Azərbaycanda erməni quldurlarının törətdikləri qətliamlar, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda dinc əhaliyə divan tutması, Xocalı soyqırımı və xalqımızın başına gətirilən bir çox müsibətlər xatırladılmışdır. Natiq vurğulamışdır ki, xalqımızın xilaskarı və ümummilli lideri Heydər Əliyev faciədən bir gün sonra, Moskvada təqiblərə məruz qalmasına baxmayaraq, Azərbaycanın daimi nümayəndəliyinə gələrək 20 Yanvar qətliamının təşkilatçılarını lənətləmiş, öz xalqı ilə həmrəylik nümayiş etdirmişdir. Məhz ulu öndərimizin iradəsi ilə 1994-cü ildə bu faciəyə siyasi və hüquqi qiymət verilmişdir.

Səyyad Aran azərbaycanlı və türk tələbələrin Dağlıq Qarabağ münaqişəsi, 20 Yanvar faciəsi, qardaş ölkələrimiz arasında əməkdaşlıq barəsində suallarını da cavablandırmışdır.

Fatih Universitetinin dosenti Cəfər Ulu da əsrlər boyu xain ermənilərin türklərə qarşı törətdikləri qətliamlardan və erməni diasporunun məkrli siyasətindən ətraflı bəhs etmişdir.

Tədbir iştirakçıları "20 Yanvara aparan yol" sənədli filminə baxmışlar.

 

Moskva

 

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində 20 Yanvar hadisələrinin 19-cu ildönümünə həsr edilmiş mərasim keçirilmişdir. Səfirliyin foyesində Qara Yanvar faciəsinin günahsız qurbanlarının fotoşəkilləri və adları göstərilən stend düzəldilmişdi.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan diasporunun bu tədbirə toplaşmış nümayəndələrinə o faciəli günü xatırlatmışdır. Onun sözlərinə görə, 20 Yanvar Azərbaycan xalqının həyatında, müstəqil Azərbaycanın ən yeni tarixində ən faciəli günlərdən biri olmuşdur. Diplomat demişdir: "Həmin günün unudulmaması üçün biz hər cür səy göstərməliyik. Bu, gənc nəslin nümayəndələrinə daha çox aiddir. Faciə barədə çox kitablar yazılmış, sənədli filmlər çəkilmişdir, lakin bunlar azdır. Biz həmin hadisələr haqqında bütün həqiqəti dünya ictimaiyyətinə çatdırmalı və beləliklə, həmin faciənin beynəlxalq səviyyədə tanınmasına nail olmalıyıq. Son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz haqqında həqiqətin dünyaya çatdırılması üçün çox işlər görülmüşdür. Azərbaycan diasporu bu istiqamətdə fəal iş aparır və səylərini artırmaq əzmindədir. Biz bir millət kimi, xalq kimi elə etməliyik ki, Azərbaycan xalqı bu faciəni necə qəbul edirsə, dünya da elə qəbul etsin. Bu, harada olmağımızdan asılı olmayaraq hər birimizin vətəndaşlıq borcudur. 20 Yanvar, 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlıların soyqırımı, 1918-ci il martın 31-də azərbaycanlıların soyqırımı və tariximizin başqa faciəli günlərini heç vaxt unutmamalıyıq. Allah şəhidlərə rəhmət eləsin! Xalq öz tarixinin faciəli səhifələrindən nəticə çıxarmışdır və inanıram ki, Azərbaycan xalqı bundan sonra da inkişaf və tərəqqi yolu ilə irəliləyəcəkdir".

Səfir onu da xatırlatmışdır ki, 20 Yanvar faciəsindən dərhal sonra xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və cəsarətli vətəndaşlıq mövqeyini ifadə edərək bu faciəni qətiyyətlə pisləmiş, qanlı qırğında ittifaq rəhbərliyini günahlandırmışdı.

Mərasimin rəsmi hissəsindən sonra stend və Heydər Əliyevin barelyefi önünə əklillər və tər çiçəklər qoyulmuşdur. Sonra səfirliyin konfrans salonunda 20 Yanvar faciəsinə həsr edilmiş sənədli film göstərilmişdir. Mərasim başa çatandan sonra şəhidlərin ruhuna ehsan verilmişdir.

Mərasimdə Azərbaycanın Rusiyadakı diaspor təşkilatlarının, o cümlədən gənclər təşkilatlarının nümayəndələri, habelə Moskvada akkreditə edilmiş diplomatik missiyaların, o cümlədən Türkiyə, Ukrayna, Tanzaniya və başqa ölkələrin nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-22 yanvar.-S.4.