Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilmişdir

 

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 20 Yanvar faciəsinin 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra xalqımızın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Akademiya rəisinin müavini, general-mayor İsgəndər Allahverdiyev 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törətdiyi cinayətlər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, 20 Yanvar hadisələri xalqımızın mili azadlıq ruhuna qarşı təcavüz idi. Xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış Qanlı Yanvar, eyni zamanda, tariximizin qəhrəmanlıq səhifəsidir. Həmin yanvar gecəsi Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi.

İ.Allahverdiyev baş vermiş qanlı olaylardan dərhal sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətini qeyd etmişdir. O, Heydər Əliyevin faciəni törədənlərin adlarını açıq şəkildə bildirdiyini, onların cəzalandırılmasını tələb etdiyini də xüsusi vurğulamışdır. Məhz Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra bu istiqamətdə gördüyü işlərdən, onun təşəbbüsü ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verildiyindən danışmış, şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinə kömək üçün imzaladığı sərəncamların bu insanların xatirəsinə böyük ehtiram olduğunu qeyd etmişdir.

Qeyd olunmuşdur ki işğal altında olan torpaqlarımız düşməndən azad edilməli, dədə-baba torpaqlarından didərgin düşən soydaşlarımız doğma el-obalarına qayıtmalıdırlar. Azərbaycan Prezidenti İlham Əliyev bu istiqamətdə yorulmaq bilmədən fəaliyyət göstərir. Ali Baş Komandanın apardığı bu uğurlu siyasətin önündə getməli, Vətən uğrunda, torpaq uğrunda əlimizdən gələn qüvvə və bacarığımızı əsirgəməməliyik.

Tədbirdə çıxış edən müdavimlər də 20 Yanvar faciəsi ilə bağlı öz fikirlərini bölüşmüş, hazırda Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının müdavimi, gələcəkdə isə bir zabit olaraq Azərbaycanın müstəqilliyinin dönməzliyi, dövlətimizin daha da qüdrətlənməsi naminə bundan sonra da bütün bilik və bacarıqlarını əsirgəməyəcəklərini, Ali Baş Komandanın hər bir əmrini dərhal və qüsursuz yerinə yetirəcəklərini qeyd etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-22 yanvar.-S.5.