"Vaxtı ilə qaranlıqda, qazsız, işıqsız yaşayan Naxçıvan artıq işıqlı və xoş günlərə çıxıb"

 

Hər dəfə Naxçıvanda - iqtisadi blokada şəraitində yaşayan regionda qış mövsümü ilə əlaqədar yazı hazırlamaq istəyəndə, nədənsə 13-14 il bundan əvvəl iştirakçısı olduğum bir əhvalatı xatırlayıram. Qışın gəlişi ərəfəsində Naxçıvan MR-in səlahiyyətli məmurlarından birindən-baş nazirin birinci müavinindən soruşanda ki, bu mövsüm ərzində Naxçıvandakı qazanxanalardan heç olmasa tüstüləyəni tapılacaqmı, onda o, iki əli ilə başını tutaraq dedi: "Ay başına dönüm, belə vəziyyətdə biz onları necə tüstülədə bilərik?

Əslində, mövcud vəziyyət başa düşülən idi. Həmin dövr Naxçıvanda əməlli-başlı nə elektrik enerjisi vardı, nə də təbii qaz.

 

İqtisadi blokadanın

ilk ağrıları

 

Nəzərə alsaq ki, ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq 15 ilə yaxın bir müddətdə Naxçıvanda enerji daşıyıcılarına olan tələbat lap az səviyyədə ödənilirdi, onda bölgədə sosial-iqtisadi inkişaf baxımından keçilən yolun ağırlığını başa düşmək çətin olmaz. Xüsusən, muxtar respublikaya Ermənistan ərazisindən ötürülən təbii qazın nəqli dayanandan sonra vəziyyət daha da ağırlaşmışdı. Blokada şəraiti, daha doğrusu, ölkənin iqtisadi həyatının qan damarları sayılan dəmir yol nəqliyyatında qatarların hərəkətinin kəsilməsi ucbatından digər enerji daşıyıcılarının - odunun, daş kömürün və neft məhsullarının qəhətə çıxması əsas gücü energetika təsərrüfatının üzərinə salmışdı. Sovet hökuməti vaxtı Araz çayı üzərində İranla birgə tikilmiş su-elektrik stansiyası isə tələbatın yalnız 5-6 faizini ödəyirdi. O da ilk növbədə, yaşayış üçün zəruri olan mühüm obyektlərin - çörək zavodlarının, su nasosxanalarının, xəstəxanaların işləməsinə yönəldilirdi. Özü də fasilələrlə.

Xalqımızın ümummilli lideri Heydər Əliyev regionda yaşanan bu çətinliklər barədə sonralar belə demişdir: "Gecə saat ikiyə, üçə qədər iş otağımda az işıq verən neft lampası ilə oturub işləyirdim, bunu hamı bilirdi. Evlərə elektrik, istilik vermək üçün heç bir imkan yox idi. İnsanlar həqiqətən, donurdular..."

 

Naxçıvan üçün

həyati vacib məsələ

 

Bu səbəbdən xalqımızın böyük oğlunun Naxçıvanın xilası uğrunda fəaliyyətinin əsas istiqaməti muxtar respublikanın energetika və yanacaq problemlərinin həllinə yönəldilmişdi. O dövrdə yeganə ümid İran və Türkiyə kimi qonşu dövlətlərlə xarici-iqtisadi əlaqələrin yaradılmasına idi. Bunsuz bölgədə həyatı öz axarına salmaq sadəcə, mümkün deyildi.

Həmin ərəfədə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında Heydər Əliyevin başçılığı ilə Naxçıvan nümayəndə heyətinin qonşu və dost ölkəyə səfəri mühüm rol oynadı. 1992-ci ilin mart ayında gerçəkləşən səfər zamanı Türkiyə Cümhuriyyətinin Prezidenti Turqut Özal, Baş naziri Süleyman Dəmirəllə faydalı görüşlər keçirildi. Görüşlərdə əsas müzakirə edilən məsələlər Ermənistanın Azərbaycana təcavüzü və Naxçıvanın düşdüyü ağır vəziyyətlə bağlı oldu. Muxtar respublikanın qonşu dövlətlə bütün sahələrdə əməkdaşlığının inkişaf etdirilməsi məqsədi ilə Türkiyənin Baş naziri və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri birgə protokol imzaladılar. 13 maddədən ibarət olan protokolda enerji xətlərinin çəkilməsi, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi ös əksini tapdı.

1992-ci ilin avqustunda isə Heydər Əliyev İran İslam Respublikasına özünün ilk səfərini etdi. Səfər zamanı müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanmış protokola Naxçıvan MR-in təbii qaza olan tələbatını ödəmək üçün İran ərazisindən qaz kəmərinin çəkilməsi bəndi də salındı. Ulu öndər bu barədə sonralar demişdi: "Naxçıvanın qazla təmin olunması... təkcə bizim üçün yox, gələcək nəsillər üçün də həyati əhəmiyyətli məsələdir..."

Onu da qeyd edək ki, muxtar respublikaya ilk qaz kəməri ötən əsrin 70-ci illərinin sonlarında çəkilmişdi. O dövrdə Şuşa-Laçın-Biçənək-Naxçıvan yüksək təzyiqli 1804 kilometrlik qaz kəmərinin çəkilməsi Heydər Əliyevin quruculuq siyasəti nəticəsində mümkün olmuşdu. Kəmərin xeyli hissəsi Ermənistan ərazisindən keçirdi. Həmin vaxt muxtar respublika üzrə cəmi 4 şəhərə, 2 şəhərtipli qəsəbəyə, 91 kəndə qaz verilirdi. Bütövlükdə 30 minə yaxın abonent mavi yanacaqla təmin olunurdu. Müqayisə üçün bildirək ki, hazırda Naxçıvan MR-də 76083 abonent qazla təmin olunur. İstehlakçılar arasında 834 müəssisə və təşkilat var. Onlardan 67-si sənaye müəssisəsidir.

Yenə qayıdaq 90-cı illərin əvvəlinə. Milli zəmində münaqişələr başlanandan az sonra, daha doğrusu, 1991-ci ilin noyabr ayında bədxah qonşularımızın məkrli niyyətləri ucbatından Naxçıvana qaz nəqli dayandırıldı. Regionun düçar olduğu iqtisadi blokadanın "təməl"i məhz bununla qoyuldu. Ondan 6-7 ay sonra muxtar respublikanın energetika və rabitə təsərrüfatları da iflic vəziyyətinə düşdülər. Dəmir yol nəqliyyatında qatarların hərəkətinin dayandırılmasından sonra isə muxtar respublika tam iqtisadi blokada şəraitində yaşamağa məcbur oldu. Göründüyü kimi, belə vəziyyətdə ümummilli liderin təşəbbüsü ilə Türkiyə və İranla bağlanan müqavilələr sonrakı illərdə muxtar respublikanın sosial-iqtisadi cəhətdən dirçəlməsində əsas rol oynamışdır.

 

Naxçıvanın inkişafına

böyük təkan

 

Sonralar ulu öndərin qarşıya qoyduğu, həllinə daim çalışdığı bu problem onun layiqli davamçısı və siyasi varisi Prezident İlham Əliyevin də daim diqqət mərkəzində oldu. İlham Əliyevin dövlət başçısı kimi 2004-cü ilin may ayında Naxçıvana ilk səfəri zamanı keçirdiyi görüşlərin birində "Naxçıvanı qazla, işıqla təmin etmək bizim prioritet məsələmizdir" - deməsi sadəcə bəyanat deyildi.

Elə həmin il onun dəvəti ilə İİR-in Prezidenti Hatəmi Bakıya rəsmi səfər etdi. Səfər zamanı imzalanmış müqaviləyə əsasən, yüksək təzyiqli qaz kəmərinin çəkilməsi ilə Naxçıvana İrandan təbii qazın verilməsi barədə razılığa gəlindi.

2005-ci ilin dekabr ayının 20-də İran ərazisindən muxtar respublikaya təbii qazın nəql olunması böyük bayram təntənəsi ilə qeyd olundu. Bayram tədbirlərində Azərbaycan Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad iştirak etdilər. Mərasimdə çıxış edən cənab İlham Əliyev 14 illik fasilədən sonra muxtar respublikaya təbii qazın verilməsini Naxçıvanın inkişafına verilən çox böyük təkan adlandırdı.

 

Enerji idxalçısından

ixracatçısına

çevrilən bölgə

 

Muxtar respublikada energetika sahəsində əldə olunan uğurlar ilk növbədə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə bağlıdır. Bundan əlavə, dövlət başçısının "Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 2 may 2005-ci il tarixli sərəncamı da bu sahədə əhəmiyyətli rol oynayıb. Məhz həmin sərəncamın icrası çərçivəsində bölgədə bir neçə mühüm obyekt tikilərək istifadəyə verilib. Ölkə rəhbərinin 2006-cı ilin dekabr ayında muxtar respublikaya səfəri zamanı istifadəyə verilən modul elektrik stansiyası, qaz-trubin elektrik stansiyası və Heydər Əliyev su anbarı üzərindəki stansiya regionun elektrik enerjisi ilə təchizatında idxaldan asılılığı aradan qaldırdı. Bunlardan əlavə, Naxçıvanda energetika sahəsində daxili mənbələrdən biri də 1971-ci ildə Araz çayı üzərində tikilmiş su elektrik stansiyasıdır. Stansiya hər gün rejimlə əlaqədar 20-22 meqavat enerji verir. Ümumiyyətlə, bölgədə kiçik dağ çayları üzərində su elektrik stansiyalarının tikilməsinə maraq artır. Buna əsas səbəb belə stansiyalarda istehsal olunan enerjinin maya dəyərinin aşağı olmasıdır. Hazırda Ordubad rayonunda Gilənçay üzərində gücü 20 meqavat olan "Biləv" su elektrik stansiyasının tikintisi aparılır. Araz çayı üzərində 36 meqavatlıq, illik elektrik enerjisi istehsalı 190 milyon kilovat/saat olan "Ordubad" SES-in inşası üçün isə hazırlıq işlərinə başlanılıb.

Beləliklə, təməli ümümmilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı İlham Əliyevin davam etdirdiyi məqsədyönlü tədbirlər nəticəsində Naxçıvan MR enerji idxalçısından ixracatçısına çevrilib. Amma bu sahədə görüləsi işlər başa çatmayıb. Ötən ilin birinci yarısının yekunları ilə əlaqədar Nazirlər Kabinetində keçirilən müşavirədə Prezident İlham Əliyev qarşıda duran başlıca vəzifələrdən danışarkən demişdir: "Naxçıvanda tikilən elektrik stansiyalarının və növbəti illərdə tikiləcək su elektrik stansiyalarının gücü elə olmalıdır ki, muxtar respublikada enerji təhlükəsizliyi tam şəkildə daxili resurslar hesabına təmin olunsun".

 

Muxtar respublikada

qazlaşdırma da diqqət

mərkəzindədir

 

3 ildir ki, muxtar respublikada qış mövsümündə əsas "ağırlıq" qaz təsərrüfatının üzərinə düşür. Artıq evlərin, ictimai binaların və digər obyektlərin qızdırılmasında, istiliklə təmin olunmasında demək olar, problem yoxdur. Yeni çəkilən qaz xətləri muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edir. Hətta sovet dönəmində təbii qaza həsrət qalan sərhəd və ucqar dağ kəndlərinin sakinləri də qazdan istifadə edirlər. Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud olan 60-a yaxın mərkəzləşdirilmiş qazanxanalar tam gücləri ilə işləyirlər.

"Naxçıvanqaz" MMC-nin baş direktoru Səxavət Abbasov:

- Regionun quru və kontinental iqlim şəraiti ilə əlaqədar qış mövsümündə bir çox çətinliklərlə rastlaşsaq da, vəziyyətdən çıxış yolları mövcuddur. İlk növbədə, yüksək təzyiqli boru xətlərində qazın donmaması üçün quraşdırılmış 3 qızdırıcı qurğu köməyimizə gəlir. Bundan savayı, yeraltı qaz anbarında inşaat işləri başa çatmadığından şaxtalı günlərdə xüsusi rejimə keçirik. Yəni, Naxçıvanda yeraltı qaz anbarında inşaat işləri başa çatmadığından boru xətlərində xüsusi rejimli iş qrafiki tətbiq edirik. Bu halda yüksək təzyiqli xətlərdə maye qazın sıxılması ilə müəyyən normada ehtiyat yaradılır. Yaradılan ehtiyat isə "pik" saatlarında əlimizdən tutur.

 

* * *

Təbii ki, bütün bunlar həm də regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində muxtar respublikada həyata keçirilən qlobal layihələrin real bəhrəsidir. Çünki göründüyü kimi, çox yox, 5-6 il bundan əvvələ qədər iqtisadi blokada şəraitində olan bölgədə yaşanılan əsas problemlər enerji daşıyıcılarının çatışmazlığı ilə bağlı idi. Bu gün isə, Prezident İlham Əliyevin təbirincə desək, "Vaxtilə qaranlıqda, qazsız, işıqsız yaşayan Naxçıvan artıq işıqlı və xoş günlərə çıxıb".

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.-2009.-22 yanvar.-S.6.