Azərbaycan güclü ölkədir
2008-ci ilin prezident seçkiləri respublikamızın həyatına mühüm hadisə kimi daxil olmaqla, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə xalqımızın yüksək etimadını yenidən təsdiqlədi. Cənab İlham Əliyev hələ 2003-cü il oktyabrın 15-də ilk dəfə Azərbaycan Prezidenti seçilərkən demişdir: "Mən çalışıram və çalışacağam ki, xalqın inamını bundan sonra da doğruldum. Mənə həvalə edilən bütün vəzifələri ləyaqətlə yerinə yetirməyə çalışıram. Mənim bir məqsədim var - Azərbaycan xalqına xidmət etmək, Azərbaycanı möhkəmləndirmək, ölkəmizin dünyadakı mövqelərini gücləndirmək, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün iş görmək, əməli-praktiki işlərlə, müxtəlif proqramların həyata keçirilməsi ilə ölkəmizi möhkəmləndirmək və Azərbaycanı güclü ölkəyə çevirmək".
Məqsədi, amalı ölkəmizi, xalqımızı xoş gələcəyə aparmaq olan Prezident İlham Əliyev oktyabrın 24-də keçirilən andiçmə mərasimindəki nitqində beş il bundan əvvəl söylədiyi sözlərini bir daha xatırladaraq demişdir: "Azərbaycan xalqını yenidən əmin edirəm ki, mən bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı üçün öz səylərimizi əsirgəməyəcəyəm". Prezident İlham Əliyevin bu deyimləri ölkə başçısının fəaliyyət istiqamətlərinin əsas müddəalarıdır və onları ləyaqətlə həyata keçirir.
Cənab İlham Əliyevin ilk prezidentlik müddəti ərzində ölkəmizdə baş verən yeniliklər, həllini tapmış taleyüklü problemlər hansılar olub sualını cavablandırmaq üçün 2003-cü ilin oktyabrından indiyədək müstəqil Azərbaycanın inkişaf dinamikasına nəzər salmaq kifayətdir. Real vəziyyətdən bu qənaətə gəlmək olur ki, ötən dövrdə dövlətçilik siyasətində ardıcıllıq təmin olunmuşdur.
Prezident İlham Əliyevin 2003-cü il noyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanında regionların tərəqqisi, yeni iş yerlərinin açılması, sosial infrastrukturun yeniləşdirilməsi qarşıya ciddi vəzifə kimi qoyulmuşdur. Eyni zamanda sənəddə vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması qaydaları ilə bağlı konkret tədbirlər müəyyənləşdirilmişdir.
Hər bir Azərbaycan vətəndaşının Prezidenti olan cənab İlham Əliyev respublikamızın bütün regionlarına eyni münasibət bəsləyir, onun sosial-iqtisadi inkişafına qayğı göstərir. Bunu cənab İlham Əliyevin respublikamızın bütün regionlarına, ən ucqar rayonlarına səfərləri, onun sıravi insanlarla görüşləri də təsdiq edir.
Ötən il oktyabrın 24-də andiçmə mərasimində ölkə başçısı İlham Əliyev çox böyük əhəmiyyət kəsb edən bir məsələyə də münasibətini bildirərək demişdir: "Azərbaycanda bütün xalqlar qardaşlıq şəraitində, mehriban şəraitdə yaşayırlar". Bəli, möhtərəm Prezident Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinə eyni doğma münasibət göstərir, onların problemlərinə heç zaman biganə qalmır. Bu ondan irəli gəlir ki, Prezident İlham Əliyev millətlərarası münasibətlərin genişlənməsi, möhkəmlənməsi üçün əməli işlər görür. Cənab İlham Əliyev ədalətli rəhbər obrazı yaratmışdır. Bunu biz Prezidentin hər addımında, hərəkətində hiss edir, duyuruq. Bunun üçün Azərbaycan Prezidenti İlham Əliyevin iki il əvvəl respublikamızın ən ucqar dağlıq rayonu olan Gədəbəyə səfərini xatırlamaq kifayətdir. Cənab Prezident rayonun illərdən bəri yığılıb qalmış problemləri ilə yerində tanış olmaq və sosial məsələlərin həlli üçün konkret göstərişlər verməklə, tövsiyələrini bildirməklə yanaşı, həmin səfər zamanı böyük müdriklik nümayiş etdirmişdir. Cənab Prezident səfər çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Mehriban xanım Əliyeva ilə birlikdə Gədəbəyin əsasən ruslar yaşayan Slavyanka kəndinə gedərək bir rus ailəsinin çay süfrəsinə qonaq olmuşdur. Həmin görüşə qonşu ailələrdən onlarca adam toplaşmışdı. Prezidentlə kənd sakinləri arasındakı söhbətlər, mehriban danışıqlar hamı üçün örnək idi. Bu, adi görüş deyildi, bunu yalnız Heydər Əliyev məktəbini keçən, onun ideyalarını dərindən duyan və yaşadan səriştəli siyasətçi edə bilərdi. Cənab Prezidentin bu görüşü böyük siyasi mahiyyət kəsb edirdi. Bu, millətlərarası münasibətlərin möhkəmlənməsinə xidmət edirdi. Cənab Prezident bir daha sübut etdi ki, Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələrinə eyni münasibət bəslənilir. Onlar özlərini azad, sərbəst hiss edirlər. Cənab İlham Əliyev dünyaya bir daha sübut etmişdir ki, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bərabər hüquqa malikdirlər, müstəqil Azərbaycanın vətəndaşlarıdırlar.
Ölkə başçısının son beş ildə yeritdiyi siyasətin nəticəsində sosial-iqtisadi inkişaf yüksəlmiş, əhalinin həyat tərzi xeyli yaxşılaşmışdır. Milli dövlət quruculuğu prosesi sürətlənmiş, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası dərinləşmişdir.
Azərbaycan Prezidentinin elmi əsaslara söykənən sosial-iqtisadi siyasəti nəticəsində 2004-2008-ci illərdə respublikamızin ayrı-ayrı bölgələrində, ümumiyyətlə, 750 mindən çox yeni iş yeri açılmışdır. Minlərlə insan əməyə cəlb olunmuş, maddi vəziyyətləri yaxşılaşmışdır. Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyinin birinci müddətində yeritdiyi məqsədyönlü siyasət deməyə əsas verir ki, Azərbaycan demokratiyaya doğru təkamül yolu ilə irəliləyir.
Dövlət başçısı İlham Əliyev yüksək siyasi qətiyyət göstərərək ölkəmiz üçün çox mühüm olan bir sıra məsələlərin həllinə nail olmuşdur. Azərbaycan iqtisadiyyatında önəmli Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmişdir və uğurla fəaliyyət göstərir. Bunun nəticəsində ölkəmizin xəzinəsinə kifayət qədər gəlir daxil olmuşdur.
Cənab İlham Əliyevin əməli işə söykənən siyasətinin əsas qayəsini insan və şəxsiyyət amili təşkil edir. Dövlət başçısının "hər bir məmur xalqının xidmətçisi olmalıdır" deyimi ayrı-ayrı hakimiyyət orqanlarını, səlahiyyətli şəxsləri, vəzifə sahiblərini xalqa layiqli xidmət göstərməyə, onunla bilavasitə ünsiyyətdə olub, vəziyyəti öyrənməyə, öz səlahiyyətləri çərçivəsində əməli tədbirlər görməyə çağırır. Bu çağırış məmurlara ciddi tapşırıqdır və böyük əhəmiyyət kəsb edir, nəticəsi görünür.
Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin artımı, təbii ki, insan amilinin inkişafı baxımından infrastruktur layihələrinə xüsusi diqqət yetirilməsini qarşıya qoyur.
Ayrı-ayrı bölgələrə, paytaxtımıza su kəmərlərinin çəkilişi, yeni magistral yolların salınması, rayon və qəsəbələrin abadlaşdırılması, möhtəşəm körpülərin inşası, mədəni incilərimizin bərpası və yenidən qurulması, şübhəsiz, Azərbaycan vətəndaşının mənafeyinə xidmət edir. Azərbaycanın ən ucqar dağ rayonları olan Gədəbəy və Lerikin qazla təminatı əhalidə böyük razılıq doğurub. Sosial problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər "Mən istəyirəm ki, hər bir vətəndaşın evində işıq, qaz, su olsun, insanlar daha firavan, rahat yaşasınlar" - deyən Prezident İlham Əliyevin məhz bu istiqamətdə gördüyü əməli işlərin təsdiqidir.
Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı (2004-2008-ci illər) nəzərdə tutulduğu müddətdə uğurla həyata keçirildi. Bu Proqram təkcə regionların iqtisadi inkişafi ilə bağlı deyil. Eyni zamanda proqram çərçivəsində insan amilinin inkişafı üçün də mühüm tədbirlər həyata keçirilmiş, yüzlərlə sosial yönümlü obyektlər istifadəyə verilmişdir. Son beş ildə respublikamızın təhsil, səhiyyə sistemlərində baş verən yenilikləri, əldə edilən uğurları göz önünə gətirəndə həmin sahələrdəki mənzərə hamıya aydın olur. Respublikamızın ayrı-ayrı rayon və şəhərlərində, paytaxtımızda neçə-neçə yeni məktəb binaları, ixtisaslaşdırılmış səhiyyə obyektləri istifadəyə verilmiş, köhnə tədris müəssisələri və müalicə ocaqları isə əsaslı təmir edilmişdir. Ölkə başçısı səhiyyənin inkişafı naminə 10-dan çox dövlət proqramı təsdiq etmişdir. Bölgələrdə istifadəyə verilmiş nəhəng sağlamlıq mərkəzləri, idman kompleksləri, göz oxşayan parklar, istirahət guşələri insanlara yüksək qayğıdan xəbər verir.
Bütün bu yenilikləri, qayğını Azərbaycan Tibb Universitetinin timsalında da aydın görmək olar. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində universitetin maddi-texniki bazası xeyli möhkəmlənmiş, yeni tibbi mərkəzlər, laboratoriyalar yaradılmışdır. Şəhərin ayrı-ayrı xəstəxanalarında yerləşən kafedralar üçün təzə müasir binaların tikilməsi cənab İlham Əliyevin təşəbbüsü və qayğısı ilə həyata keçirilir. Hazırda universitetin terapiya və cərrahiyyə kafedraları üçün möhtəşəm bina ucaldılır. Bütün bunlar Prezident İlham Əliyevin sərəncamı, xeyir-duası ilə həyata keçirilir.
Prezident İlham Əliyev milli maraqlarımıza uyğun olaraq açıq, şəffaf, müstəqil siyasət yeridir. Ölkə başçısının andiçmə mərasimində söylədiyi fikirləri bir daha xatırlatmaq istəyirəm. Cənab İlham Əliyev demişdir: "Azərbaycançılıq fəlsəfəsi bizim mənəvi dayağımızdır. Müstəqil siyasət, milli maraqlarımızın qorunması, milli ləyaqət, milli qürur, milli və dini tolerantlıq - budur bizim uğurlarımızın əsas şərtləri. Bizim siyasətimiz açıqdır, aydındır. Bizim bütün siyasətimiz, bütün siyasi addımlarımız bir məqsəd güdür. Bu da Azərbaycanın möhkəmləndirilməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və Azərbaycan xalqının təhlükəsizlik şəraitində, rifah içində yaşamasıdır".
Rafiq MƏMMƏDHƏSƏNOV,
Milli Məclisin deputatı,
Azərbaycan Tibb
Universitetinin prorektoru, əməkdar elm xadimi
Azərbaycan.-2009.-23 yanvar.-S.3.