Gələcəyin təməli həm
də tədris auditoriyalarında qoyulur
Azərbaycan Prezidenti
İlham Əliyevin respublikamızın paytaxtında
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
filialının açılması haqqında sərəncamı
sanki yaxın vaxtlarda dərc edilmişdi. Yeni təhsil
ocağının açılışı ilə əlaqədar
təntənələr də elə bil, dünən
olmuşdu...
MDU-nun Bakı
filialının rektoru, filologiya elmləri doktoru professor Nərgiz
Paşayeva həmin təntənəli açılış
mərasimində bir qədər həyəcanlı halda
çıxış edərək demişdi:
- Bu universitetin
yaranması mədəniyyət, elm naminə, xalqlar
arasında dostluq naminə əməkdaşlığın rəmzi,
böyük bir işin başlanğıcıdır.
Yadımdadır, mərasimdə
çıxış edənlərin hamısı bu fikri dəstəkləmiş,
Azərbaycan Prezidentinin xüsusi rolunu minnətdarlıq hissi
ilə qeyd edərək bildirmişdilər ki, Bakıda
yaranmış və MDU-nun rəhbərliyi tərəfindən
dəstəklənmiş bu ideya dövlətimizin
başçısının bilavasitə dəstəyi sayəsində
həyata keçirilmişdir. Yüksək zövqlə və
ciddi üslubda yenidən qurulmuş və təmir edilmiş
binanın akt salonunda səslənən nikbin ruhlu
çıxışlar hələ də xatirimdədir.
...Budur, ilk tədris semestri
artıq arxada qalmışdır. İndi isə imtahan vermək,
ilk semestrə yekun vurmağın vaxtıdır - həm
öyrənənlər, həm də öyrədənlər
üçün.
Bu günlərdə
bütün ali məktəblərdə olduğu kimi, MDU-nun
Bakı filialında da xüsusi bir ab-hava duyulur. Bunu isə ilk
növbədə tələbələr yaradır. Binaya daxil
olan hər kəs onları görəndə özünü
daha gümrah, daha nikbin hiss edir. İmtahan sessiyası günlərində
isə bu duyğulara bir həyəcan hissi də əlavə
olunur.
Məlumdur ki, müəllimləri
əsasən MDU-nun öz pedaqoqları olan Bakı
filialında hələlik cəmi üç fakültə -
filologiya, tətbiqi riyaziyyat və kimya fakültələri fəaliyyət
göstərir, onların hərəsində 25 nəfər təhsil
alır. Bu, çox deyil, lakin nəzərə almaq
lazımdır ki, hələ işin
başlanğıcıdır, ilk təcrübəni hərtərəfli
təhlil etmək, dərindən dərk etmək
lazımdır.
Bəs tələbələr
özləri bu ilk təcrübəni necə qiymətləndirirlər?
Axı, tədris prosesinin təşkili barədə ilk
növbədə tələbələr - əksəriyyətinin
17-18 yaşı olan gənclər mühakimə yürüdə
bilər. Gənclərdən bir neçəsi ilə söhbət
etdik...
Filologiya fakültəsinin
roman-german bölməsinin birinci kurs tələbəsi Aliyə
Faradova: - Burada hər şey yaxşıdır (yeri gəlmişkən,
məlum oldu ki, Aliyə MDU-da təhsil alan
üçüncü nəslin nümayəndəsidir, onun nənəsi
və atası da bu ali məktəbi bitirmişdir). Müəllimlərimizin
çox yüksək səviyyəsi, onların zəngin
bilikləri, necə dərs keçmələri, biliklərini
bizimlə bölüşmələri xoşuma gəlir.
Çalışıram ki, onların heç bir sözünü
diqqətdən qaçırmayım, hərçənd, bu,
o qədər də asan deyil. Bizə mühazirələri
Moskva proqramları üzrə oxuyurlar. Mənim bildiyimə
görə, bizim öyrəndiyimiz kursların bəziləri
yerli ali məktəblərdə ümumiyyətlə
keçilmir. Bir sözlə, Moskva Dövlət Universitetinin
Bakı filialında bizə klassik filoloji təhsil verməyə
çalışırlar. Bu imkandan istifadə etməmək səhv
olardı...
Aliyə italyan dilini öyrənən
beş tələbədən biridir. Necə deyərlər,
sıfırdan başlamışdır. Lakin özünün
dediyi kimi, qeyri-standart və intensiv tədris metodları sayəsində
cəmi iki aydan sonra o və kurs yoldaşları orta çətinlikli
mətnləri italyan dilindən tərcümə etməyi
öyrəndilər, sanki bu dilin məcrasına
düşdülər. Aliyənin fikrincə, bu, həm
pedaqoqun, həm də tələbənin uğur qazanmaqda
qarşılıqlı marağının olmasının nəticəsidir.
O, məşğələlər prosesində italyan müəlliflərindən
birinin pyesini səhnələşdirmələri barədə
də maraqla söhbət açdı. Onların indiki müəllimi
Mariya Yevgenyevna Osokina bu yaxınlarda internet vasitəsilə
öz tələbələrini məşhur müğənni,
Azərbaycanda da çox populyar olan Albano ilə
"calaşdırmış", tərəflər bir-birinə
suallar vermiş, cavab almışlar. Bu, çox maraqlı idi
və ən başlıcası, tələbələr italyan
dilini nə dərəcədə yaxşı mənimsədiklərini
yoxladılar.
Mariya Yevgenyevnanı
"indiki müəllim" adlandırmağım təsadüfi
deyil: o, MDU-nun bakılı tələbələrinə
italyan dilindən dərs deyən ilk müəllimə deyil. Əvvəllər
xəbər verdiyimiz kimi, moskvalı müəllimlər
Bakıda növbə ilə işləyirlər. Onlar təqribən
bir ay müddətinə ezamiyyətə gəlir, sonra bir-birini
əvəz edirlər. Lakin xoşbəxtlikdən, bu əvəzlənmə
prosesi çox rəvan, dinamik, demək olar ki, hiss olunmadan
baş verir.
Söhbətimizə tətbiqi
riyaziyyat fakültəsinin tələbəsi Emil Mirəliyev də
qoşuldu:
- Düzdür, əvvəlcə
biz çox həyəcanlanırdıq. Razılaşın
ki, bir qədər qeyri-adi vəziyyətə
düşmüşdük, fənni bir müəllim tədris
etməyə başlayır, sonra isə başqası davam
edir. Sonra başa düşdük ki, narahat
olmağımız əbəs imiş. Varislik prinsipinə əla
riayət edilir. Amma ümumiyyətlə, etiraf etməliyəm
ki, bizim fakültədə oxumaq heç də asan deyil. Biz
daha sürətli, buna görə də daha gərgin proqram
üzrə məşğul oluruq. Moskvalı tələbələrin
beş ildə öyrəndiyi kursu biz dörd ilə keçməliyik.
Emil şikayətləndi ki,
bəzən mühazirələrdə müəyyən məsələləri
başa düşməkdə çətinlik çəkirlər.
Tələbə bu vəziyyəti bizim məktəblərdə
riyaziyyat üzrə baza təhsilinin zəif olması ilə
izah edir. Zənnimcə, o, haqlıdır. Burada tələblər
çox yüksəkdir. Emil sözünə davam edərək
deyir:
- Əlbəttə, biz
başa düşürük ki, burada dünya şöhrətli
MDU-nun səviyyəsindən söhbət gedir. Ona görə
də bu cür ciddilik yalnız xeyrimizədir. Zənnimcə,
zəiflər axıra qədər davam gətirməyəcəklər...
Analitik həndəsə fənnindən
dərs deyən Semyon Antonoviç Boqatıy MDU-nun daha bir
neçə müəlliminin iştirak etdiyi
görüşdə dedi:
- Tələbə düz
deyir. Mən ciddi adamam və təhsildə səy göstərməyənlərə
qarşı sərt tədbirlər görürəm. Amma
açığını deyim ki, burada belə tələbələr
azdır. Elə bilirsiniz, Moskvada belələri yoxdur?!
Ümumiyyətlə, mən öz tələbələrimdən
razıyam. Görürəm ki, onların biliklərə yiyələnmək
həvəsi yüksəkdir, əsas məsələ də
budur. Materialı qavramaq, onu təhlil etmək, ümumiləşdirmək
bacarığına gəldikdə isə, bu, tələbələrin
təqsiri yox, bəlasıdır: bizim məktəblərin
heç də hamısında şagirdləri
düşünməyə öyrətmirlər, uşaqlar,
ilk növbədə, texniki fənlər üzrə çox
şeyi, sadəcə əzbərləyirlər...
Fransız dili müəllimi
Tatyana Savelyevna Makeyeva və italyan dili müəllimi, bayaq
adını çəkdiyim Mariya Yevgenyevna Osokina isə
öz tələbələri haqqında çox yüksək
fikirdədirlər. Müəllimlərin fikrincə, tələbə
gənclər səmimi və nikbin, onların mədəni səviyyələri
kifayət qədər yüksəkdir.
Tatyana Savelyevna deyir:
- Onlar bizə baxanda gözlərindən
hiss olunur ki, verə biləcəyimiz bilikləri qəbul etməyə
hazırdırlar. Deməliyəm ki, bu, bizim
özümüzü də səfərbər edir. Belə gənclərlə
işləmək maraqlıdır. Düzdür, bəzi tələbələr
məşğələdə deyilənləri yazmağa
alışmayıblar. Amma nəzərə almaq
lazımdır ki, cəmi üç ay keçib. Şübhə
etmirik ki, onlar bunu da öyrənəcəklər.
T.Makeyeva və M.Osokinanın
söylədiyi fikri ispan dili müəllimi Dmitri Lvoviç
Qureviç, qeyri-üzvi kimya müəllimi İvan
Nikolayeviç Odin və başqaları da təsdiqlədilər.
Əlbəttə, filialda oxumağa gələnlər ölkəmizin
gənclərinin heç də ən pis nümayəndələri
deyil. Müəllimlər də belə hesab edirlər.
Ümumiyyətlə, gənclərin ilkin hazırlıq
bazası pis deyil. İvan Nikolayeviç təəssüflənir
ki, kimya fakültəsində oxuyanlardan yalnız yeddisi
oğlandır. Axı, bu fakültədə neft kimyası,
kataliz kimi predmetlər öyrənilir...
Təəssüf ki,
moskvalı müəllimlərin hamısı ilə
görüşə bilmədik. Onlardan bəzilərinin, məsələn,
MDU-da çoxdan işləyən həmyerlimiz Qaraxan Mirzəyevin
adını tələbələr özləri çəkdilər.
Pedaqoqların arasında Moskva Dövlət Universitetini
bitirmiş bakılılar da var. Onlardan biri latın dili müəllimi
Müqəddin Əbdüləliyevdir. Tələbələrin
fikrincə, onun səviyyəsi moskvalı həmkarları ilə
müqayisədə heç də aşağı deyildir.
Beləliklə, M.V.Lomonosov
adına MDU-nun Bakı filialında eşitdiklərimizi
ümumiləşdirərək deyə bilərik ki, təcrübə
uğurlu olmuşdur. Hətta mövcud çətinliklərə,
ən başlıcası, tələbələrin qısa
müddətdə materialı mənimsəməsi, bir
sıra zaçot və imtahanlar verməsi, pedaqoqların isə
nəzəri mühazirələr oxuması, seminarlar,
kollokviumlar, məsləhətlər keçirməsi
üçün vaxtın az olmasına baxmayaraq, bu təcrübə
baş tutmuşdur.
Lakin necə deyərlər,
yolçu yolda gərək. Buna görə də yeni tədris
ocağında birinci sessiyanın da ilk semestr kimi uğurla
keçəcəyinə şübhə etməyə dəyməz.
Burada dünyada ən nüfuzlu təhsil mərkəzlərindən
birinin Bakı filialına rəhbərlik edən, 20 ildən
artıq pedaqoji iş təcrübəsinə və təşkilatçılıq
istedadına malik olan professor Nərgiz Paşayevanın
çox böyük xidmətləri var. Birincisi, yəni, təcrübəsi
rektorun tədris prosesinin tənzimlənməsində fəal
iştirak etməsinə, ikincisi, məsuliyyət hissi,
işgüzarlıq və mobillik keyfiyyətləri isə nəcib
bir missiyanı yerinə yetirmək, bizim gənclərə təhsil
vermək üçün şəhərimizə gələn
insanların normal yaşayışı və işləməsi
üçün zəruri şərait yaratmağa kömək
etmişdir.
MDU-nun Bakı
filialının açılışı münasibətilə
təntənəli mərasimdə deyilmişdir ki, yeni tipli təhsil,
yüksək təhsil standartları davamlı inkişaf və
modernləşmə dövrünə qədəm qoymuş
ölkə üçün çox vacibdir. Buna görə də
biz əminik ki, gələcəyin təməli həm də
tədris auditoriyalarında qoyulur...
Elmira ƏLİYEVA,
AzərTAc-ın müxbiri
Azərbaycan.-2009.-23 yanvar.-S.3.