Azərbaycanda həyata keçirilən islahatlar dünyanın nüfuzlu beynəlxalq qurumlarının
hesabatlarında yüksək
qiymətləndirilir
Son 5 ildə ölkəmizdə
yeni dövrün tələblərinə uyğun
həyata keçirilən
effektiv iqtisadi islahatlar kursu Azərbaycanı dünyanın
sürətlə inkişaf
edən ölkələri
sırasına çıxarıb. Azərbaycanın sosial-iqtisadi yüksəlişi
ilk növbədə insanların
gündəlik həyatında
özünü qabarıq
şəkildə büruzə
verir. Prezident İlham Əliyevin
yürütdüyü iqtisadi
siyasətin ardıcıllığı,
obyektiv gerçəkliyə
adekvatlığı, bu
siyasətin ölkənin
milli mənafelərini
əks etdirməsi respublikanın hər bir vətəndaşında
gələcəyə böyük
inam və əminlik yaradır.
Dövlət başçısının
ötən beş
ildə imzaladığı
müvafiq fərman və sərəncamlar, qəbul etdiyi praqmatik qərarlar ölkəmizin dinamik yüksəlişini təmin
etmiş, dövrün
tələbi kimi qarşıda duran vəzifələri düzgün
müəyyənləşdirmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə nail olmuşdur. Beynəlxalq Valyuta Fondunun
və Dünya Bankının hesabatlarında
Azərbaycanda həyata
keçirilən sistemli
iqtisadi islahatlar və 2009-cu ildə ölkəmizin iqtisadi inkişaf perspektivləri ilə bağlı görüləcək tədbirlər
müsbət qiymətləndirilmişdir.
Ötən beş ildə ölkəmizdə makroiqtisadi inkişaf təmin edilmiş, Azərbaycan üçün bir sıra taleyüklü məsələlər həll edilmişdir. Ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmiş, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına daşınması təmin edilmişdir. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyi sisteminin əsas təminatçısı qismində çıxış edir. Neftdən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi ölkə rəhbərliyinin iqtisadi siyasətinin prioritet istiqamətini təşkil etmişdir. Ölkə başçısının ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı qəbul etdiyi dövlət proqramlarının uğurla icra edilməsi Azərbaycanın hərtərəfli inkişafına gətirib çıxarmışdır. Paytaxtla bölgələr arasında tarazlı inkişafa nail olunmuş, sahibkarlıq mühiti genişlənmiş, əhalinin faydalı məşğulluğu təmin edilmişdir. İşsizlik problemi tədricən aradan qaldırılmaqdadır.
Elmi əsaslara söykənən sosial-iqtisadi siyasət nəticəsində 2003-cü ilin sonlarından bəri respublikada 766 minə yaxın yeni iş yeri açılmış, yüzlərlə təhsil, səhiyyə, mədəniyyət obyekti tikilmiş, yoxsulluq həddi 49 faizdən 13 faiz səviyyəsinə enmiş, əhalinin sosial müdafiəsi möhkəmləndirilmişdir. Bütün bunlar ölkə başçısı tərəfindən iqtisadiyyatın inkişafı üçün prioritet sahələrin müəyyənləşdirilməsinin, tarazlı və davamlı regional tərəqqini təmin edən fundamental dövlət proqramlarının uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir.
Ötən ildə də sosialyönümlü tədbirlər üzrə xərclərin maliyyələşdirilməsi diqqət mərkəzində saxlanılmışdır. 2007-ci illə müqayisədə dövlət büdcəsinin cari xərclərində sosialyönümlü tədbirlər üzrə xərclərin tərkib hissəsi olan sosial müdafiə və sosial təminat xərcləri 42,2 faiz, səhiyyə xərcləri 35,5 faiz artmışdır.
Ölkə başçısı tərəfindən əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması məqsədilə bir sıra sərəncamlar imzalanmışdır. Elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət sahələrində, habelə dövlət büdcəsindən maliyyələşən digər təşkilatlarda çalışanların aylıq əməkhaqları orta hesabla 50 faiz, Milli Elmlər Akademiyasının tabeliyində olan elmi tədqiqat müəssisələrində çalışanların əməkhaqları 50 faiz, aspirantlara, ali, orta ixtisas, peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərə verilən təqaüdlərin aylıq məbləği orta hesabla 40 faiz artırılmış, minimum aylıq əməkhaqqının, əmək pensiyalarının baza hissəsinin məbləğləri 50 faiz yüksələrək 75 manata çatdırılmışdır.
Ötən illər ərzində sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlar və bir sıra digər mühüm normativ sənədlər qəbul edilmişdir. Sahibkarların vergi yükü azaldılmış, bu sistem xeyli dərəcədə sadələşdirilmişdir. Eyni zamanda mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, resrublikanın ən müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulmasının, əyalətlərin "mavi yanacaq"la təchizatının özü də dövlətin özəl sektora dəstəyinin real təzahürüdür. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına ötən il 82,3 faizi regionlarda olmaqla, sahibkarlıq subyektlərinə 7350 investisiya layihəsi verilmişdir. Bu layihələr üzrə 73 mindən artıq iş yeri açılmışdır. 2009-cu ildə Fond tərəfindən bu məqsədlər üçün təqribən 120 milyon manat məbləğində kreditlərin verilməsi nəzərdə tutulub.
Dövlətin investisiya siyasətini vahid mərkəzdən tənzimləmək, resrublikanın investisiya cəlbediciliyinin daha da artırılmasını təmin etmək məqsədilə yaradılan Dövlət İnvestisiya Şirkətinin uğurlu fəaliyyəti də müsbət məqam kimi qeyd oluna bilər. Şirkət ölkə iqtisadiyyatına sərmayələrin təşviqini təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirməkdədir. Adı çəkilən qurum, eyni zamanda xarici sərmayədarlarla birgə layihələr həyata keçirməklə onlarda inam və etimadın güclənməsini də təmin edir.
Ölkə başçısının müəyyənləşdirdiyi iqtisadi strategiyaya uyğun olaraq iqtisadiyyatımızın davamlı inkişafı və dünya iqtisadi sisteminə səmərəli inteqrasiya 2009-cu il üçün müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf konsepsiyasında da əsas məqsədlər kimi göstərilmişdir. Dünyada yaşanan maliyyə böhranına baxmayaraq, ölkəmizdə görülən qabaqlayıcı tədbirlər sayəsində makroiqtisadi sabitlik qorunmuş, qeyri-neft sektorunun inkişafı sürətləndirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirilmişdir.
Dünyanın nüfuzlu reytinq agentliyi olan "Standart&Poors" şirkəti Azərbaycan iqtisadiyyatının böyük imkanlara malik olması və dünya maliyyə böhranına dayanıqlığı barədə müsbət fikir bildirmişdir. Agentliyin qənaətinə görə, Azərbaycan rəhbərliyi tərəfindən görülən qabaqlayıcı tədbirlər maliyyə böhranını dəf etməyə imkan verəcək. Dünyada dərinləşməkdə olan maliyyə böhranının təsiri nəticəsində bir çox aparıcı ölkənin iqtisadiyyatında durğunluq yaransa da, Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edir. Ölkənin əsas makroiqtisadi göstəricilərinə diqqət yetirdikdə bu inkişafı bir daha görmək olar.
2008-ci il ərzində ümumi daxili məhsulun (ÜDM) real artımı 10,8 faiz, o cümlədən neft sektoru üzrə 7 faiz, qeyri-neft sektoru üzrə isə 15,7 faiz olmuşdur. ÜDM-in adambaşına düşən nominal həcmi 2003-cü ilə nisbətən 5 dəfə artmışdır. Əldə olunan makroiqtisadi göstəricilər aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında bildirmişdi: "Bütün uğurlarımızı ancaq neft amili ilə bağlamaq tamamilə yanlış bir yanaşmadır. Neft və qaz hasil edən ölkələr kifayət qədər çoxdur. Bizim bölgədə - Xəzər hövzəsində yerləşən ölkələrin neft-qaz potensialı Azərbaycandakından bir neçə dəfə böyükdür və hasilat da bir neçə dəfə çoxdur. Ona görə bizim uğurlarımızı ancaq neft-qaz amili ilə bağlamaq, əlbəttə ki, tamamilə qəbuledilməzdir. Bizim iqtisadi uğurlarımızın təməlində düşünülmüş siyasət dayanır və bütün bunları görməmək mümkün deyildir. Əgər dünyanın ən birinci, ən qabaqcıl maliyyə qurumu olan Dünya Bankı Azərbaycanı 2008-ci ilin yekunlarına görə ilin bir nömrəli islahatçı ölkəsi kimi tanıyırsa və bunu bəyan edirsə, bu özü-özlüyündə göstərir ki, uğurlarımızın təməlində bizim siyasətimiz, düzgün xəttimiz və Azərbaycanda gedən müsbət proseslər dayanır".
Ötən ilin yekunları bir daha göstərdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan islahatlar kursunun zənginləşdirilərək müasir dövrün tələblərinə uyğun davam etdirilməsi uğurlarımızı şərtləndirən başlıca amil olmuşdur. Azərbaycanda bütün sahələrdə aparılan kompleks islahatlar nüfuzlu beynəlxalq qurumların hesabatlarında da yüksək qiymətləndirilir. Əldə olunan müsbət nəticələr ölkəmizin bölgədə və dünyadakı mövqelərini daha da gücləndirməkdədir.
E.HACIALIYEV
Azərbaycan.-2009.-23 yanvar.-S.4.