Azərbaycan bu il də qlobal
iqtisadi böhranın təsirlərini
neytrallaşdırmağa tam hazırdır
Strateji valyuta ehtiyatlarının bir qisminin yerli banklarda
yerləşdirilməsi iqtisadiyyatın dinamik
inkişafını daha da sürətləndirəcəkdir
Ötən ilin yekunları bir
daha göstərdi ki, Azərbaycan qlobal iqtisadi böhranın
təsirlərinə ən az məruz qalan ölkələr
sırasındadır. Böhran bəzi dünya dövlətlərinin
iqtisadiyyatını tənəzzülə uğratsa da, Azərbaycanda
bunun əksinə olaraq yenə də sürətli iqtisadi
inkişaf qeydə alınmışdır. Prezident İlham Əliyev
bununla bağlı demişdir: "Dünyanı
bürümüş maliyyə və iqtisadi böhran
böyük çətinliklər gətirmişdir. Müxtəlif
ölkələrdə iqtisadiyyat tənəzzülə
uğrayır, müəssisələr dayanır, işsizlik
artır və ölkələr böyük problemlərlə
üzləşirlər. Azərbaycanda isə 2008-ci ildə
yeni müəssisələr açılmış,
iqtisadiyyat artmış, həm dövlət investisiyaları,
həm də özəl sektorun fəaliyyəti nəticəsində
böyük, nəhəng infrastruktur layihələri icra
olunmuşdur. Bir sözlə, bizim iqtisadiyyatımız hərtərəfli
inkişaf etmişdir və bunun nəticəsidir ki, ölkə
2008-ci ildə daha da güclənmişdir".
Bank sektoru hər bir ölkənin
iqtisadiyyatının inkişafında
çox mühüm rol oynayır
Cari il ərzində də
qlobal iqtisadi böhranın ölkəmizə təsirini
minimuma endirmək üçün vacib əhəmiyyət
daşıyan bir sıra qabaqlayıcı tədbirlər
görülməkdədir. Belə tədbirlər
sırasında kredit bazarının canlandırılması,
özəl kommersiya banklarının maliyyə
ehtiyaclarını ödəmək üçün dövlət
tərəfindən onlara vəsait verilməsi və beləliklə,
sahibkarlara banklar vasitəsilə pul ayrılması xüsusi əhəmiyyət
kəsb edir. Bu məqsədlə ölkənin xaricdə
saxlanan strateji valyuta ehtiyatlarının bir qisminin yerli banklarda
yerləşdirilməsi nəzərdə tutulur. Azərbaycanın
valyuta ehtiyatlarının həcmi isə buna tam imkan verir. Belə
ki, ölkənin strateji valyuta ehtiyatları 18 milyard ABŞ
dollarından artıqdır. Bu, dövlət borcundan 3 dəfədən
çox, özəl sektorun da borcu nəzərə
alınmaqla, məcmu xarici borcdan 2 dəfədən
çoxdur. Ehtiyatlar qeyri-neft sektorunun əmtəə və
xidmət idxalını 27 ay ərzində maliyyələşdirmək
üçün kifayət edir. Toplanmış ehtiyatlar
hesabına ölkə ən gərgin şəraitdə belə,
yaxın illər ərzində öz maliyyə
ehtiyaclarını fasiləsiz ödəmək
iqtidarındadır.
Valyuta ehtiyatlarının
kifayət qədər böyük həcmdə olması onun
bir hissəsinin ölkəyə gətirilərək yerli
banklarda yerləşdirilməsinə imkan verməklə
yanaşı, iqtisadiyyatın real sektorunun maliyyə
ehtiyaclarının qarşılanmasında da mühüm rol
oynayır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin
2008-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına həsr
olunmuş iclasında bununla bağlı bildirmişdir: "Azərbaycanın
valyuta ehtiyatlarının bir hissəsini Azərbaycan
banklarında yerləşdirmək məsələsi artıq
müzakirə olunur. Əlbəttə, biz
çalışırıq ki, Neft Fondunun aktivlərini
maksimum əmniyyətlə saxlayaq və buna nail olmuşuq. Burada
həm etibarlılıq, həm də, əlbəttə ki, o
vəsaitin idarə olunmasından əldə edilmiş gəlir
də vacib rol oynayır...
Bank sektoru hər bir ölkənin
iqtisadiyyatının inkişafında çox mühüm rol
oynayır. Düzdür, bizim dövlət investisiya layihələrimiz,
investisiya proqramımız çox böyükdür və
milyardlarla vəsaitlə ölçülür, ancaq bununla bərabər,
bank sektorundan verilən kreditlərin, xüsusilə
iqtisadiyyatın real sektoruna verilən kredit resurslarının
da çox böyük əhəmiyyəti var".
Valyuta ehtiyatlarının
bir hissəsi ən etibarlı yerli
banklara yerləşdiriləcəkdir
Bütün bunları nəzərə
alan Azərbaycanın dövlət başçısı belə
hesab edir ki, xaricdə saxlanılan valyuta ehtiyatlarının
müəyyən həcmi ən əmniyyətli, ən
etibarlı yerli banklara yerləşdirilə bilər. Lakin
dövlət həmin vəsaitin real sektora yönəldilməsinə
və onun üzərində ciddi nəzarətin həyata
keçirilməsinə də xüsusi diqqət
ayırmağa hazırlaşır. Prezident İlham Əliyev
də bildirir ki, valyuta ehtiyatlarının bir hissəsi yerli
banklara o şərtlə yerləşdirilə bilər ki, bu
vəsaitin xərclənməsində dövlət nəzarəti
həddindən artıq güclü olsun: "Burada həm
Milli Bank, həm də Maliyyə Nazirliyi, İqtisadi
İnkişaf Nazirliyi və lazım olarsa, digər dövlət
qurumları xüsusilə ölkəyə gətiriləcək
resursların idarə olunmasına nəinki nəzarət etməli,
onlar qərarların qəbul olunmasında iştirak etməlidirlər.
Ona görə ki, bir tərəfdən, bu vəsaitdən səmərəli
istifadə olunsun, digər tərəfdən, bu vəsait
iqtisadiyyatın bizə - dövlətə lazım olan sahələrinə
yönəldilsin".
Valyuta ehtiyatlarının bir
qisminin yerli banklarda yerləşdirilməsi bir sıra parametrlər,
o cümlədən dinamik iqtisadi inkişaf, məşğulluğun
təmin edilməsi baxımından da mühüm əhəmiyyətə
malikdir. Digər tərəfdən bu addım, ilk növbədə,
ölkə iqtisadiyyatının real sektorunun pula tələbatının
ödənilməsində zəruri xarakter daşıyır.
Azərbaycan Milli
Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov
isə bildirir ki, ölkə iqtisadiyyatının pula olan tələbatının
təmin edilməsində konkret rəqəmlər müəyyən
olunmasa da, söhbət bir neçə milyard manatdan gedir:
"Hazırda bir neçə yüz milyon iqtisadiyyatın
pula olan tələbatını təmin etmək iqtidarında
deyil. İki il ərzində banklar xaricə 2,5 milyard dollar məbləğində
xarici öhdəliklər qaytarıb ki, ən azı bu vəsaiti
əvəz etmək lazımdır".
Digər tərəfdən
bu addım bankların xarici borcların qaytarılması nəticəsində
üzləşdikləri likvidlik probleminin aradan
qaldırılması istiqamətində də olduqca əhəmiyyətlidir.
Təkcə ötən il ərzində yerli kommersiya
bankları xaricdən götürdüyü borcun 1 milyard
dollarını geri qaytarıb. Qalan 1,5 milyard dolların isə
cari il ərzində qaytarılacağı gözlənilir. Bu
isə xarici maliyyə qurumlarından əvvəlki kimi
böyük miqdarda vəsait ala bilməyən yerli
bankların likvidlik problemini kəskinləşdirir. Bu şəraitdə
valyuta ehtiyatlarının bir hissəsinin yerli banklarda yerləşdirilməsi
tam vaxtında atılan addım sayılır. Digər tərəfdən
bu, yerli bankların xarici kreditlərdən asılılıq
dərəcəsini də xeyli azaltmış olur.
Sahibkarlar maliyyə
problemi yaşamayacaqlar
Ölkənin strateji valyuta
ehtiyatlarının bir hissəsinin yerli banklarda yerləşdirilməsinin
ən əsas nəticələrindən biri də
sahibkarların üzləşəcəyi maliyyə
ehtiyaclarının qarşılanmasıdır. Araşdırmalar
göstərir ki, hazırda kiçik və orta
sahibkarlığın əlavə maliyyəyə ehtiyacı
var və onların ödənilməsində yerli banklar vacib
rol oynayır.
Aydındır ki, dövlətin
daim xüsusi diqqət yetirdiyi sahibkarlıq ölkədə məşğulluğu
təmin edən ən başlıca sahələrdən
biridir. Hazırkı şəraitdə isə bu sahə yerli
banklar vasitəsilə zəif kapitallaşır və xarici
maliyyə mənbələrinin məhdudlaşdığı
bir şəraitdə daxili maliyyə mənbələri vasitəsilə
bu sektorun əlavə kapitallaşmasına ehtiyac yaranır. Belə
kapitallaşmanı təmin etmək üçün isə
bankların üzləşdiyi maliyyə çətinliklərini
valyuta ehtiyatları hesabına qarşılamağın bir
daha xüsusi əhəmiyyət kəsb etdiyi meydana
çıxır.
Əlbəttə ki, yerli
bankları gücləndirməklə kredit bazarının
canlandırılması, xüsusən də bunun əmlak
bazarına müsbət təsiri qeyd olunmalıdır. Milli
Bankla Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin birgə qiymətləndirməsinə görə,
tikinti sektorunda 300 mindən çox adam
çalışır. Həmçinin 200 min nəfər də
bu sektorla əlaqədar sahələrdə iş
görür. Son beş ildə bu sektorun işgüzar fəallığı
ölkənin ümumi iqtisadi inkişafında, o cümlədən
işsizlik probleminin həllində xüsusi rol oynayıb. Lakin
qlobal maliyyə böhranı, yerli bankların ipoteka kreditinin
verilməsini dayandırması, eləcə də tikinti
sektorunda çalışan bir sıra özəl şirkətlərin
səriştəsizliyi, bazara uyğun olmayan baha qiymətlərlə
mənzil satışını həyata keçirməyə
çalışmaları nəticəsində indi bu sektorda
elə vəziyyət yaranıb ki, əmlak bazarında əhəmiyyətli
dərəcədə təklif olsa da, o, lazımi tələblə
qarşılanmır. Ancaq yerli kommersiya banklarına dövlət
tərəfindən vəsait ayrılandan sonra bu, ipoteka kreditlərinin
verilməsini bərpa edəcək ki, son nəticədə
tikinti sektoru yenidən fəal sahələrdən birinə
çevriləcək.
Hökumət həmçinin
ipoteka bazarının qiymətli kağızlar vasitəsilə
dirçəldilməsi üçün də yeni mexanizmlər
müəyyənləşdirir. Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsinin sədri Rüfət
Aslanlı bununla bağlı qeyd edir: "İpoteka
bazarının dirçəldilməsi üçün
mühüm dəyişikliklər gözlənilir. Belə
ki, Milli Bank, Qiymətli Kağızlar üzrə Dövlət
Komitəsi Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə
ipoteka bazarının aktivləşdirilməsinə xidmət
edən "Təminatlı istiqrazlar haqqında qanun" layihəsi
üzərində işləyir".
Onun sözlərinə
görə, hazırda təminatlı istiqrazlar haqqında
qanunvericilik bazası üzərində iş tamamlanmaq üzrədir:
"Bu layihə vaxtilə Milli Bank və Beynəlxalq Maliyyə
Korporasiyasının birgə təşəbbüsü ilə
hazırlanmışdır. Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsi isə bu təşəbbüslərdə
iştirak edib. Bu qanunvericilik dəyişikliyi ipoteka
bazarının aktivləşdirilməsini nəzərdə
tutur. Ən əsası isə ölkə
başçısının sərəncamı ilə müəyyən
edilmiş özünümaliyyələşdirmə mexanizmlərinin
tətbiqi üçün yeni imkan yaranacaq".
Yerli bankların fəaliyyətinə
gəlincə isə, onların kredit sahəsində
işgüzarlığını daha da canlandırmaq
üçün Milli Bank tərəfindən pul-kredit siyasətinin
yumşaldılması bundan sonra da davam etdiriləcək. Elman
Rüstəmovun sözlərinə görə, bir sıra
dövlətdə uçot dərəcələri artıq
sıfır səviyyəsinə yaxınlaşır:
"Bizdə inkişaf etmiş ölkələrlə
müqayisədə faiz dərəcələrində fərq
var və uçot dərəcəsi bu səviyyəyə
çatmayacaq. Lakin həm yenidən maliyyəşmədə,
həm də ehtiyat normalarında yumşaltma siyasəti davam
etdiriləcək".
Bütün bunların həyata
keçirilməsində başlıca məqsəd iqtisadi və
işgüzarlıq fəallığının bərpası,
məşğulluğun aşağı düşməməsi
və digər vacib məsələlərdən ibarətdir.
Beynəlxalq maliyyə
qurumları Azərbaycanı şanslı ölkə
sayır
Bütün bunların nəticəsidir
ki, Dünya Bankının Bakı bürosunun rəhbəri
Qreqori Yedjeycak Azərbaycanın qlobal maliyyə
böhranına hazır olduğunu qeyd edir: "Azərbaycan
şanslı ölkələrdəndir ki, qlobal maliyyə
böhranı ona çox az təsir edib. Azərbaycanda nə
alıcılıq qabiliyyətinə, nə də müəssisələrin
vəziyyətinə qlobal maliyyə böhranı əhəmiyyətli
dərəcədə təsir edə bilməyib".
Dünya Bankının rəsmisi
qeyd edir ki, bunun üç səbəbi var: "Birincisi, ona
görə ki, Azərbaycanın iri maliyyə ehtiyatları
var. İkincisi, Azərbaycanda banklar və müəssisələr
o qədər də borclanma səviyyəsinə malik deyildilər.
Bundan başqa, Milli Bank bank sistemi ilə bağlı
çevik siyasət yeridir, bu da öz səmərəsini
verir".
Beynəlxalq Valyuta Fondunun
(BVF) ötən ay Azərbaycanda səfərdə olmuş
missiyasının hesabatı da ölkəmizdə istər
qlobal böhranla mübarizə, istərsə də bank
sektorunda görülən tədbirlərin effektivliyini bir daha
sübut etdi. Fondun hesabatında bildirilir ki, qlobal maliyyə ilk
əlamətləri üzə çıxan zamandan Azərbaycanın
güclü iqtisadi vəziyyətdə olması və
hazırda qlobal maliyyə sisteminə məhdud inteqrasiya
olunması səbəbindən, bu ölkənin cari iqtisadi
siyasəti ilə böhranın qısamüddətli təsirinə
davamlı olacağı gözlənilir.
Maliyyə bazarına gəldikdə,
hesabatda Azərbaycan Milli Bankının maliyyə tənzimlənməsi
və likvidlik vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
apardığı siyasət təqdir olunur. Banklarda faiz dərəcələrinin
aşağı salınmasının vaxtında
atılmış düzgün addım olduğu
vurğulanır. Eyni zamanda, Azərbaycanda fəaliyyət
göstərən bankların qlobal maliyyə
böhranının təsirilə üzləşəcəyi
real olduğundan Milli Bankın onlara güclü nəzarətinin
olmasının böyük əhəmiyyət
daşıdığı qeyd edilir.
Bütün bunlar cari il ərzində
də qlobal maliyyə böhranının Azərbaycana təsirinin
minimal olacağını və görülən tədbirlər
nəticəsində iqtisadiyyatın sürətli inkişaf
tempinin, həmçinin məşğulluq səviyyəsinin
qorunaraq artırılacağını göstərir.
Rasim BAYRAMOV
Azərbaycan.-2009.-24 yanvar.-S.1-3.