Böyük yolun sirdaşı
Yol anlayışı hər bir millətin təfəkküründə məxsusi ictimai mahiyyəti, siqlət və ehtivası nöqteyi-nəzərindən fəlsəfi dərinliyi olan bir məfhumdur. Onun əhəmiyyət və məna əlvanlığı birbaşa təyinatını, yəni ilk öncə, bir kommunikasiya vasitəsi olduğunu çoxdan arxa plana çəkib. - Qardaşın necə adamdır? - Bilmirəm, yoldaşlığım olmayıb! - Bu, bir el məsəlidir və yol yoldaşlığının necə məhrəm, müstəsna münasibət olduğunu, insan xarakter və davranışının ən dərin laylarına "artezian vuran" bir meyar olduğunu isbatlayır. Doğrudan da, hədəfdəki məqsədin böyük ya kiçikliyindən, görüləcək işlərin vəzn və sanbalından asılı olmayaraq yolçusuna çevrildiyin yolda məhz kiminlə yoldaşlıq edəcəyinin bəlkə də taleyüklü əhəmiyyəti vardır.
Qələbənin rəhni
Azərbaycan tarixin dan yerindən boy götürüb üzü bəri gələn, yaşı minilliklərlə ölçülən, qəzavü-qədərlə dolu keşməkeşli bir yolun yolçusudur. Bu çətin yolda Tanrı xalqımıza bolluca qeyrət, təpər, səbrlə yanaşı, cəsur sərkərdələr, müdrik hökmdarlar, bugünün lüğəvi söz imkanları ilə ifadə etsək, liderlər, öndərlər bəxş edib. Və bütöv bir millətin, dövlətin tarixlə paralel addımlaması, ona yoldaşlıq etməsi, hardasa, həmin liderlərin də xidməti sayıla bilər. Ən yeni tariximizin ulu öndər Heydər Əliyevdən sonra adını dövlətin və vətəndaşların yaddaşına həkk etmiş lideri Azərbaycan Prezidenti İlham Əliyevdir.
15 oktyabr prezident seçkilərində layiqli və şərafətli bir qələbəyə imza atmış cənab İlham Əliyev tək məqsədinin xalqının rifah halının yüksəldilməsi, vətəndaşı və rəhbəri olduğu dövlətin möhkəmlənməsi, ölkəsinin iqtisadi və siyasi qüdrətinin artması olduğunu ötən beş ildə cahanşümul sayıla biləcək əməlləri, titanik zəhmətinin bəhrələri ilə sübut etdi. Tarixin bu son dərəcə mürəkkəb və məsuliyyətli zaman kəsiyi ölkənin tərcümeyi-halında tükənməz əzm, iradə və qətiyyətin, eləcə də coşqun quruculuq və yaradıcılıq şövqünün real və qürurverici bəhrələri ilə yadda qaldı. İctimai həyatın elə bir sahəsini tapmaq, mənəvi-intellektual sferanın elə bir istiqamətini göstərmək, iqtisadi infrastrukturun elə bir prioritetini nişan vermək mümkün deyil ki, bütövlükdə cəmiyyətin bütün sferalarını çulğamış ümumi inkişaf ahəngindən kənarda qalmış olsun.
Daxili və xarici siyasət, sənaye və aqrar sektor, sosial-mədəni həyat, iqtisadi islahatlar, informasiya texnologiyaları, idman və olimpiya hərəkatı, gənclik və gender problemləri, uşaq siyasəti, enerji və ərzaq təhlükəsizliyi məsələləri, beynəlxalq miqyaslı nəqliyyat-kommunikasiya dəhlizləri, Dağlıq Qarabağ münaqişəsi, işsizlik, yoxsulluq, kadr və intellektual kapital qayğıları, vətəndaş cəmiyyətinin qurulması, demokratiyanın inkişafı, cəmiyyətin modernləşməsi, siyasi konsolidasiya və sair - cənab İlham Əliyevin prezident kimi məşğul olduğu işlərin əhatəsini və ünvanlarını ehtiva edən, belə demək mümkünsə, siyasi-coğrafi xəritədir. Və bir dövlət başçısı kimi onun ötən beş ildə həyata keçirdiyi işlərin miqdar, miqyas və çəkisinə nəzər salanda, bir adamın təkbaşına bunca işin öhdəsindən necə gəldiyi rəğbət qarışıq heyrət doğurur.
Müasir idarəçilik elminin lider tipi ilə bağlı irəli sürdüyü və qətiyyətlə müdafiə etdiyi tələblər sırasında özünü daha qabarıq şəkildə anons edən və Azərbaycan Prezidentinin iş üslubunda təcəssümünü tapmış üç məqam var: dövlət həyatı üçün taleyüklü prioritetlərin müəyyənləşdirilməsi, onların ümumiləşdirilərək vəzifə şəklində qarşıya qoyulması və bu vəzifələrin icrasına nəzarət. Hər bir fəaliyyətin əlifbası olmağa iddia edə biləcək bu üçbucağın cənab İlham Əliyevin iş prinsipinə çevrilməsi ölkə həyatında con beş ildə həyata keçirilmiş bütün irili-xırdalı layihələrin universal açarına çevrilmişdir.
Heç şübhəsiz, hər bir iqtisadi, siyasi, ictimai və mədəni təşəbbüsün arxasında insan əməyi, konkret fərdlərin əzmi, kollektiv şücaət durur. Bu baxımdan ölkə prezidenti mobil, zirək, intizamlı komandaya malik olsa da, dövlət hakimiyyəti, iqtisadi və siyasi sferaları əhatə edən bütün ideya və təşəbbüslərin müəllifi kimi məhz özü çıxış edir. Lakin cəmiyyət həyatı, bəllidir ki, yalnız bu sahələrin varlığı ilə məhdudlaşmır. Humanitar sahədə də çox böyük problemlər layı mövcuddur ki, onların həlli, təbii ki, hər bir ölkədə rifah və inkişafın birbaşa göstəricisi, indikatoru sayılır. Artıq beşinci ildir ki, bu sferada yaşanan problemləri ulu öndər Heydər Əliyevin adını daşıyan Fond həll etməklə məşğuldur.
Xeyirxahlığa bələnmiş
yol
2003-cü il dekabrın 12-si. Çoxları üçün həmin gün saatın əqrəbləri dayanıb durdu. Kamanından çıxmış zaman qınındaca donub qaldı. Vaxt öz hesabını xatirələrə köçürdü, yaddaşlardakı ən həzin, ən ülvi, bol işığı ilə içimizi nura boyayan xatirələr oldu həmdəmimiz. Həmin gün bütöv bir tarixə, epoxaya yoldaşlıq etmiş, yeni Azərbaycana həqiqi müstəqilliyinin dadını, barını tamsındırmış, kəsalət və rəzillik girdabına yuvarlanmış bir məmləkəti çiçəklənən, qüdrətli, beynəlxalq aləmdə sözünün sanbalı, özünün prinsipial mövqeyi olan dövlətə çevirmiş siyasət və hakimiyyət ustadı, vətəndaşlıq və şəxsiyyət etalonu Heydər Əliyev əbədiyyətə qovuşdu. Ulu öndər Azərbaycan üçün bütöv bir ömrə bəs edəcək qədər iş görmüşdü. Fəqət, görəcəyi işlər daha çoxdu. Həmin arzuları, planları ölkə başçısı ilə birlikdə çinləyib həyata keçirəcək bir şəxsə əşhədü-ehtiyac vardı. Elə bir şəxsə ki, Heydər Əliyevə munis olmuş olsun, həyatın bütün ağrı-acılarında yanında olmuş olsun, onun fenomenal məziyyətlərinin ən yaxın şahidinə çevrilsin, bu insanın Vətənlə, Millətlə, Xalqla bağlı arzularının adi tərcümanına deyil, alovlu tərənnümçüsünə çevrilməyi bacarsın. Həmin məsuliyyətli, şərəfli, eyni zamanda ağır vəzifəni öz üzərinə Mehriban xanım Əliyeva götürdü. Ölkə Prezidentinin ömür-gün yoldaşı, ölkənin Birinci ledisi, timsalında bütün dünyanın Şərq gözəlliyi haqqında təsəvvürlərini yerbəyer edən xanım.
- XX əsrdə Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi var: 60-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixi zaman. İlk baxışda quru statistika və faktlarla dolu, möhtəşəm, ziddiyyətli, enişli-yoxuşlu bir dövrün mənzərəsi yaranacaq. Lakin ikicə kəlmə söz tarix səhifələrini canlandırıb uğurları, itkiləri, tərəqqi və inkişafı onlarca müfəssəl cədvəldən, araşdırmalardan qat-qat tutumlu əks etdirə bilər - Heydər Əliyev. Tarix səhifəsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı. 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Lider.
Heydər Əliyev dühasına belə bir tarixi-fəlsəfi yanaşma Mehriban xanım Əliyevaya məxsusdur. O, ulu öndərin məhz Tanrı və Tarix tərəfindən missiyalandırıldığını, miras qoyduğu zəngin irsin araşdırılmağa ehtiyacının olduğunu dərk edirdi. Birinci xanımın rəhbərliyi ilə 2004-cü il mayın 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu öncə humanitar və sosial sahədə layihələrin həyata keçirilməsi ilə məşğul olmağa başladı. Heydər Əliyevin yarımçıq qalmış məram və arzularının davamı kimi dəyərləndirmə də bu fəaliyyətin ictimai mündəricə və mahiyyətini tam əhatə etməkdə acizdir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fondun fəaliyyətinin bir məqsədi də məhz 2003-cü ilin prezident seçkilərində qalib gələrək Vətənə, Dövlətə, Xalqa sədaqət andı içən cənab İlham Əliyevə ulu öndərin başlamış olduğu işləri davan etdirməkdə yardımçı olmaqdı. Çünki qarşıdakı beş ildə Prezidentin hər gün, hər an etıbarlı, zərif olduğu qədər də möhkəm, vəfalı bir çiyinə ehtiyacı olacaqdı.
Zaman sınaq, mənzilbaşı imtahandır. Və 2008-ci ilin prezident seçkilərinin yüksəkliyindən üzü aşağı - beş ildə qazanılmış uğurların xronologiyasına nəzər atdıqda, iki məqama həm təəccüblənir, həm də heyrətlənirsən: bir Heydər Əliyev Fondunun dəstək, iştirak və müəllifliyi ilə görülmüş işlərin miqyas, əhəmiyyət və sanbalına, digər tərəfdən isə həyata vəsiqə qazanmış bütün bu işlərin həqiqi memarının - Mehriban xanım Əliyevanın tükənməz enerjisi və quruculuq şövqünə, nəciblik və xeyirxahlığının, mərhəmət və şəfqətinin hüdudsuzluğuna. Hər biri ayrılıqda ünvan tapmış sosial proqramlar, humanitar layihələr, beynəlxalq tədbirlər bütövlükdə Azərbaycana, onun vətəndaşına məhəbbətdən rişələnib, bu ölkənin müsbət imicinin formalaşmasına xidmət edir.
Böyük əməllərin
sadə fəlsəfəsi
Əgər sənin əməyin yüzlərlə, minlərlə həmvətəninin ailəsinə sevinc bəxş edir, kimlərinsə sönmüş çırağına qığılcım tutur, kimlərinsə bağlı qapısına açar salır, ümidlərini pöhrələndirirsə, bundan ali, bundan faydalı işmi var?! Belə bir imkanı olan və onu tam dəyərləndirən insan isə ikiqat xoşbəxtdir. - Mən konkret iş görmək, konkret adamlara kömək etmək istəyirəm - Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu istəyi ölkə Prezidenti zati-aliləri İlham Əliyevin - Əsil siyasət - real, konkret iş görməkdən ibarətdir - tezisi ilə səsləşir. Hər iki çağırışın kökündə, mayasında qərar tutan başlıca qayə isə xalqın, insanların rifahı naminə faydalı iş görməkdən ibarətdir.
Fond fəaliyyətə başladığı ilk gündən sosial proqramların həlli ilə məşğul olmağa başladı. Zira, bu sahə dövlət başçısının özünün də bəyan etdiyi kimi, qarşıdakı beş il üçün fəaliyyətinin əsas prioritetini təşkil edirdi. Həmin dövrdə cəmiyyətin sosial qayğıları şumlanmamış, fəqət qayğıkeş və şəfalı ələ möhtac bir tarlanı xatırladırdı. Qaçqın və məcburi köçkünlərin, internat və uşaq evlərinin, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların problemləri radikal müdaxilə tələb edirdi. Belə ki, cəmiyyət həyatındakı sosial patologiyalar öz bətnlərində insanlara xas bioloji mənşəli patalogiyalardan dah çox və fərqli neqativlər daşıyırlar. Və birinci ledi ixtisasca həkim olduğuna, alim kimi isə sosial mərəzlərin məhz tibbi-fəlsəfi mahiyyəti ilə maraqlandığına görə həmin problemlərin həlli ilə ciddi və məhsuldar şəkildə məşğul olmağa başladı.
Heydər Əliyev Fondunun hesabına ötən dövrdə Şamaxı şəhərində məskunlaşmış müvəqqəti köçkün ailələri üçün 16 mənzilli bina əsaslı təmir olunaraq ev əşyaları və avadanlıqla təmin edilmiş, Qaradağ rayonunun Lökbatan qəsəbəsində 20 min sakinin su təminatını yaxşılaşdırmağa imkan verən boru kəməri çəkilmişdir. Hər il kimsəsiz, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar üçün möhtəşəm Yeni il və Novruz şənlikləri təşkil edilir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı kimi namizədliyinin irəli sürüldüyü Əzizbəyov rayonunda çox böyük işlər görmüşdür. Əzizbəyov rayonu Bakı kəndlərindən ibarətdir və sirr deyil ki, paytaxtın, necə deyərlər, bir addımlığında yerləşsələr də, bu yaşayış məskənlərinin problemləri respublikanın hər hansı bir kənd rayonundakından az deyildi. Üç il ərzində həmin kəndlərdə həyata keçirilən infrastruktur layihələri, tikilən tibb müəssisələri, istifadəyə verilən mədəni obyektlər, yeni təhsil ocaqları, açılan iş yerləri istənilən şəhərin qibtə və nümunə örnəyi olmağa layiqdir.
Ulu öndərin yaşıllığa, ağaclara, paytaxtın zümrüd libasına qısqanc və məhrəmanə münasibəti hamıya yaxşı məlumdur. Bu sevgiyə bir vəfa nümunəsi olaraq inişil Novruz ərəfəsində Fondun təşəbbüsü ilə Bakı ətrafında 20 min ədəd həmişəyaşıl tingin əkilməsi ilə "Hərəmiz bir ağac əkək!" layihəsi respublikanın bütün bölgələrinə yayıldı və hamı tərəfindən Heydər Əliyevin xatirəsinə şükranlıq kimi dəyərləndirildi.
Cənab İlham Əliyev hakimiyyətin fəaliyyətinin sosial yönümlü olduğunu, vətəndaşların rifah və güzəranının dövlətin diqqət ayırdığı prioritet məsələlər cərgəsində dayandığını həmişə bəyan etmiş və bu çağırışını hökumətin konkret addımları ilə əyaniləşdirmişdir. Ötən beş ildə cəmiyyətin ən müxtəlif təbəqələrini ehtiva edən insanların pensiya və müavinətlərinin, maaşlarının, imtiyaz və güzəştlərinin artırılması sahəsində konkret işlər görülmüşdür. Uşaqların keyfiyyətli təhsil, böyüklərin peşəkar tibbi yardım alması üçün 1600 məktəb, 240 tibb müəssisəsi tikilərək istifadəyə verilmişdir.
Millətin gələcəyinin təhsildə, elmdə olduğunu bilən Mehriban xanım Əliyeva bu sahədə ulu öndərin nəsihət, tövsiyə və bütövlükdə irsinə dəyər əlaməti olaraq "Yeniləşən Azərbaycana yeni məktəb proqramı" və "Təhsilə dəstək" adlı möhtəşəm layihələri cəmiyyətə təqdim etdi. Həmin layihələrin pillə-pillə həyata keçirilməsi bir tərəfdən Prezident İlham Əliyevin bu sahə ilə bağlı qayğı yükünün əhəmiyyətli dərəcədə azaldılması, dövlət başçısının humanitar siyasətinə fəal dəstək demək idisə, digər tərəfdən də sivil qurumların konkret infrastrukturların inkişafına yardım etməklə bilavasitə xalqa xidmət göstərdikləri barədə ictimaiyyətə ünvanlanmış mesaj idi. Layihənin əsas məqsədi müasir dövrdə tədrisin keyfiyyətinin yüksəldilməsində məxsusi əhəmiyyət kəsb edən müasir məktəb binalarının tikintisi, təmirə ehtiyacı olanların yenidənqurulması idi. Respublikanın demək olar ki, bütün coğrafiyasını əhatə edən proqram çərçıvəsində 200-dən artıq məktəb tikilərək müasir avadanlıq və ləvazimatlarla təchiz edilmiş, darısqallığın hiss olunduğu tədris müəssisələrində laboratoriya və kompüter otaqları, idman zalı, yeməkxana və sairə inşa olunmuşdur. Ötən müddət ərzində 820 yerlik beş internat məktəbi, 6138 yerlik səkkiz ümumtəhsil məktəbi, 230 yerlik üç uşaq bağçası və bir yay düşərgəsi yenidən qurularaq şagirdlərin istifadəsinə verilmişdir. Artıq hər il birinci sinfə gedən 100 mindən artıq şagird məktəbə Heydər Əliyev Fondunun hədiyyəsi olan çanta ilə gedir.
Sosial
sferanın mühüm sahə olduğunu xanım Mehriban Əliyevanın
özü bu cür ifadə edir: "...Müasir Azərbaycan
sosial dövlətdir, onun siyasəti vətəndaşların
layiqli həyatını və sərbəst
inkişafını təmin edən şərait
yaradılmasına yönəlmişdir. Azərbaycan
dövləti qəti şəkildə bazar
iqtisadiyyatının daha da inkişaf etməsinə yönəlmiş
istiqaməti saxlamaqla yanaşı, sosial siyasətin
prioritetliyini təmin etməyə çalışır.
İndi dövlət sosial yönümlü proqramlara və
layihələrə getdikcə daha çox maliyyə vəsaitləri
sərf edir".
Şəfqət ilahəsi
Fondun "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" layihəsi çərçivəsində gördüyü işlər Mehriban xanım Əliyevanın bir azərbaycanlı qadın, millətini sevən vətəndaş, nəhayət, ana kimi necə böyük və çətin bir mənəvi-ictimai missiyanı üzərinə götürdüyündən soraq verir. Taleyin hökmü ilə valideyn himayəsindən, ana nəvazişindən, ata nəsihətindən uzaq düşmüş binəsib uşaqların böyüyərək ulu öndər Heydər Əliyevin təbirincə desək, vətənə oğul, cəmiyyətə vətəndaş kimi yetişməsi üçün görülən işlərin maddi tərəfi bir yana, mənəvi ödəncini ifadə etmək, savabını müəyyənləşdirmək hər hansı rəqəmin belə çətinlik çəkəcəyi bir işdir. Məgər insanın içindən, qəlbinin ən mübhəm hücrələrində qərar tutmuş Tanrı sevgisindən süzülüb gələn xeyirxahlığın, əliaçıqlığın bir formulu, yaxud hüdudları mövcuddurmu?
Proqram çərçivəsində indiyədək 30-dan artıq uşaq evi və internat məktəbində təmir və yenidənqurma işləri aparılmış, bu müəssisələrin kimsəsiz uşaqlara doğma ocağı, böyük və mehriban bir ailəni xatırlada bilməsi üçün hər cür şərait yaradılmışdır. Üç ildir ki, Fond qarşısına nəcib bir məqsəd qoymuşdur - ailə qayğısından məhrum uşaqların ailələrə verilməsi ilə onların müdafiəsi sahəsində pozitiv islahatların həyata keçirilməsi. Bu təşəbbüs artıq institusional təsbitini də tapmışdır. Belə ki, Prezident İlham Əliyevin 29 mart 2006-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (deinstitusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" təsdiq edilmiş və həmin sənəddə dövlətin bu sahədəki məqsəd və strategiyası açıqlanmışdır.
Yaxın günlərimizdə "Hər uşağın ailəyə ehtiyacı var" milli məlumatlandırma kampaniyasına çevrilmiş və müxtəlif dövlət, qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən həmin layihə milli-strateji maraqlar kəsb edən məsələlərdə Fondla rəsmi hakimiyyətin eyni məxrəclərdən çıxış etdiyini göstərir.
Ümummilli liderin adını daşıyan Fond, bütövlükdə, uşaq səhiyyəsi problemləri ilə də sıx məşğul olur. 2004-cü il dekabrın 4-də bu qəbildən ilk "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" dərman preparatları şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Məqsəd beynəlxalq səhiyyə təşkilatlarının diqqətini ölkəmizdəki bu problemə cəlb etmək və onların dəstəyinə nail olmaqdır.
2005-ci ilin fevralında isə Fondun ikinci - "Talassemiyasız həyat uğrunda" layihəsi ölkə və dünya səhiyyə ictimaiyyətinin diqqətinə çatdırıldı. Azərbaycanda qan azlığından əziyyət çəkən uşaqlar az deyil və zəruri müdaxilə olmazsa, onların sayı daha da arta bilər. Ölkə səhiyyəsi üçün aktual olan bu problemi həll etmək məqsədilə Mehriban xanım Əliyevanın təşəbbüs və dəstəyi ilə Bakıda ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş Talassemiya Diaqnostika Mərkəzi inşa olunmuşdur.
Uşaqlara qayğı hər bir cəmiyyətin nəticə etibarilə öz gələcəyinə qayğısıdır. Potensial intellektual kapitala qoyulan etibarlı sərmayədir. Azərbaycanda dövlət uşaq siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu vacib sosial seqmentdəki fəaliyyətin hüquqi tənzimlənməsi məqsədilə müvafiq qanunlar qəbul edilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev də xüsusi istedada malik, qayğıya ehtiyacı olan, habelə aztəminatlı ailələrdə yaşayan uşaqlara himayəsini əsirgəməmiş, bu məsələni dövlətin strateji prioritetləri siyahısına daxil etmişdir. Əlamətdardır ki, dövlətin uşaq siyasətinin həyata keçirilməsi ilə yenə də ölkənin Birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu yaxından məşğul olur. Nəticə göz qabağındadır - Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2009-cu il "Uşaq ili" elan olunmuşdur.
Mədəni irsin himayədarı
Hər bir xalqı dünya xalqları içərisində fərqləndirən, iqtisadi göstərici və urbanist nailiyyətlərin birtipli və bıqdırıcı kakafoniyasında əriyib itməyə qoymayan bütöv bir amillər, yaxud nəsnələr məcmuyu mövcuddur. Və həmin səbəblər şəridində, heç şübhəsiz, millətin milli-mənəvi dəyərlərindən su içən, etik-əxlaqi və fəlsəfi-estetik düşüncə və görüşləri üzərində pərvəriş tapan mədəni irsi, incəsənəti, əqli-intellektual sərvəti mühüm yer tutur. Azərbaycan bu sarıdan bəxti gətirmiş ölkələr sırasındadır, desək, yanılmarıq. Mədəni sərvəti hardasa mineral sərvətlərlə də müqayisə etmək mümkündür. Biri yerin təkində, əlçatmaz qatlarında gizlənibsə, digəri millətin təfəkküründə, təxəyyülündə, gen yaddaşında süxurlaşıb. "İstehlakçısına", xiridarına qismət olmaq üçün hər ikisinin onları üzə çıxaracaq, cılalayıb təqdim edəcək bir insana ehtiyacları var. Zaman-zaman hər millətin içindən belə bir mesenatlığa çiyin verəcək şəxslər yetişib. Azərbaycan timsalında ötən əsrin əvvəllərində bu cür adamlar barmaqla sayılacaq qədər olsalar da, yüzilin sonunda bu sıra tam seyrəlmişdi.
1995-ci ildə Mehriban xanım Əliyevanın yaratdığı "Azərbaycan Mədəniyyətinin dostları" Fondu mövcud boşluğu dolduran ilk qaranquş oldu. Fondun məqsədi Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq və təbliğ etmək idi. Sirr deyil ki, siyasətçilərin, diplomatların aça bilmədikləri qapılara mədəni əməkdaşlıq, bu məxrəcdə ərsəyə gələn təmaslar çox tez açar tapa bilir. Bu mənada ölkənin Birinci xanımı Heydər Əliyev Fondunun prezidenti və Milli Məclisin deputatı kimi Mehriban xanım Əliyeva cənab İlham Əliyevin siyasi-diplomatik cəbhədə əldə etdiyi uğurların sırasına özünün beynəlxalq mədəni-humanitar əməkdaşlıq sahəsində əldə etdiyi sanballı nailiyyətləri əlavə etdi. Rəsmi və qeyri-rəsmi statuslu iki nəfərin fəaliyyətinin məhsuldar tandemi kimi ortaya çıxan belə bir əməkdaşlıq örnəyi nəticə etibarilə Azərbaycanın müsbət imicinə, pozitiv renomesinə işləyən çox tutarlı və təkzibedilməz zəmindir.
Tarixən qısa müddət ərzində Mehriban xanım Əliyeva milli musiqimizin tacı sayılan muğamın dirçəldilməsinə, onun dünya mədəni irsləri ailəsinə qəbul edilməsinə nail oldu. Fond muğama dəstək olan bir neçə diqqətəlayiq layihə- "Muğam-İrs", "Muğam-Dəstgah", "Muğam dünyası", "Muğam ensiklopediyası", "Muğam-internet", Muğam-antologiya" layihələrini həyata keçirdi. Fondun prezidentinin təşəbbüsü ilə YUNESKO tərəfindən Azərbaycan muğamının bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilməsi, muğamın təbliği, inkişafı və qorunması məqsədilə paytaxtımızın ən gözəgəlimli bir guşəsində Beynəlxalq Muğam Mərkəzinin inşa olunması Mehriban xanımın adını milli musiqi mədəniyyətimizin hamisi və xeyirxahları siyahısının önünə yazmışdır.
Məhz belə bir geniş diapozonlu və məqsədyönlü fəaliyyət, çağlayan enerji Mehriban xanım Əliyevanın YUNESKO kimi nüfuzlu beynəlxalq təşkilatın Xoşməramlı səfiri təyin edilməsini səbəbləndirmişdir. 2006-cı ildə isə o, 51 müsəlman dövlətinin təmsil olunduğu nüfuzlu İSESKO - İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının ilk qadın xoşməramlı səfiri seçilmişdir. Bununla da Heydər Əliyev Fondunun prezidentinin fəaliyyət miqyası, bu fəaliyyətin coğrafiyası genişlənmiş, təbiri caizsə, planetar xarakter almışdır. Tanrının cismani və mənəvi gözəlliyin yeganə nüsxədə xəlq etdiyi bu xeyirxahlıq və mərhəmət elçisini artıq başqa ölkələrdə də səbirsizliklə gözləyirlər. Bir sıra xarici ölkələrdə həyata keçirdiyi layihələr Fondun beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir. Belə bir sayğı nümunəsi kimi Pakistan İslam Respublikasının zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində inşa olunmuş müasir məktəb binasını, Fransanın Versal sarayında dünya mədəni irsi siyahısına salınmış iki nadir heykəlin bərpasını, Gürcüstan paytaxtında yaşayıb yaratmış görkəmli Azərbaycan şair, mütəfəkkir və siyasi xadimləri Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov və Fətəli xan Xoyskiyə aid xatirə abidələrinin yenidən qurulmasını göstərmək olar.
Son illər iqtisadiyyatın sürətli inkişafı, ictimai-siyasi sabitlik, ölkənin artan nüfuzu Azərbaycanı bir sıra regional və beynəlxalq əhəmiyyətli tədbirlərin paytaxtına çevirmişdir. Gələn qonaqlar rəsmi tədbirlərdə iştirak etməklə yanaşı, ölkədəki inkişaf proseslərini yaxından izləmək imkanı əldə edirlər. Heydər Əliyev Fondunun beynəlxalq əməkdaşlıq çərçivəsində ev sahibliyi etdiyi tədbirlər də bu sıradan istisna deyil. Fondun dəstəyi ilə Bakıda və Parisdə dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illik, kimyaçı alim, akademik Yusif Məmmədəliyev və görkəmli ədəbiyyatşünas alim, yazıçı Mir Cəlal Paşayevin 100 illik yubileyləri böyük təntənə ilə qeyd olunmuşdur. Dünya şöhrətli musiqiçilər Mstislav Rostropoviç və Dmitri Şostakoviçin yubileyinə həsr olunmuş beynəlxalq festivallar keçirilmişdir.
"YUNESKO-Azərbaycan: gələcəyə körpü", "Avrasiyada mədəniyyət müxtəlifliyi: Azərbaycan-sivilizasiyalararası dialoqun keçmişi və bu günü", "Orta əsr əlyazmalarında tibb və əczaçılıq" və digər tədbirlərdə ölkəmizin təhsil sistemində aparılan islahatlar, tarixi və mədəni ənənələri, tolerantlıq, dini etiqad azadlığı, irsə münasibət məsələləri müzakirə predmetinə çevrilmişdir.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, eyni zamanda Birinci xanım kimi ölkə Prezidentini müşayiət edərkən qatıldığı bütün tədbir və mərasimlərdə, keçirdiyi yüksək səviyyəli görüşlərdə Mehriban xanım Əliyevanın kifayət qədər ciddi ictimai xadim kimi qəbul edilməsi onun artıq beynəlxalq hüdudları fəth etməkdə olan ictimai fəaliyyətinə və şəxsi personasına verilən yüksək qiymətin təzahürüdür. Əlamətdar, eyni zamanda qürurverici faktdır ki, belə bir ali qiymət təkcə elə isimləri bir dünyaya yetə bıləcək siyasi liderlərin, ictimai xadimlərin, görkəmli elm, sənət adamları və beynəlxalq təşkilatların rəhbərlərinin dilindən səslənir. Auditoriya və formatından asılı olmayaraq iştirak etdiyi bütün tədbirlərdə Mehriban xanım Əliyeva Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin birmənalı və qətiyyətli mövqeyini dünya ictimaiyyətinə çatdırmaq üçün xitabət kürsüsündən siyasətçi fəhmi, diplomat məharəti ilə istifadə edir.
Ölkəmizdə, eləcə də onun hüdudlarından çox-çox uzaqlarda apardığı səmərəli xeyriyyəçilik fəaliyyətinə görə Mehriban xanım Əliyeva "Əsrin xeyriyyəçiləri" beynəlxalq fondunun "Yaqut xaç" ordeninə layiq görülmüş, bəşəriyyətin ali ideallarına xidmətdə qazandığı görkəmli nailiyyətlərə görə isə beynəlxalq "Qızıl ürək" mükafatı ilə təltif olunmuşdur.
İnsan qəlblərinin mühəndisi
Mərhəmət olmayan yerdə şəfqət, nəcabət olmayan yerdə nəciblik, kübarlıq olmayan yerdə alicənablıq arama. Bu dəyərlər toxum deyil ki, yerə atasan, cücərə. İrsən keçməlidir, genetik yaddaşda kodlaşdırılmalıdır, insanın amalı, məramı ilə diktə olunan gündəlik mənəvi ehtiyaca, ali olduğu qədər də adi davranış normasına çevrilməlidir. Məhz belə bir ruhani harmoniya yarandıqda fərdin ən ali və ülvi mənəvi-əxlaqi çağırışlarla müşayiət olunan xeyirxahlığı konkret konturlar kəsb edir, istəkdən bir addım önə keçib ünvanlaşır.
Xeyirxahlığı heç vəchlə səxavət və maddi zənginliklə bağlamaq olmaz. Məgər Azərbaycanda milyonlara sahib olsa da üç çəpər o yana məhrumiyyət girdabında çabalayan qonşusuna bir abbası qıymayan adamlar azdırmı?! Belələrinin zatı, mayası natamam olduğu üçün maddi ölçüsündə zənginliyi mənəvi zənginliyə çevirə, mərhəmətin, yaxşılığın, xeyirxahlığın bəxş etdiyi ruhani zövqü yaşaya bilmirlər.
Bu prizmadan yanaşanda Heydər Əliyev Fondu böyük xeyirxahlıq məbədidir. Niyyəti, məramı, amalı insanlara, Azərbaycana təmənnasız sevgidən yoğrulmuş ümid qapısıdır. Bu qapını döyənlər, bu ocağa pənah gətirənlər heç vaxt naümid qayıtmayıblar. Fondun yaradılmasında ümdə məqsəd Heydər Əliyev irsinin yaşadılması idi. Əgər ulu öndərin siyasi-dövlətçilik irsinin tək varisi cənab İlham Əliyevdirsə, zəngin mənəvi irsinin sadiq daşıyıcısı və qoruyucusu Mehriban xanım Əliyevadır. Birinci xanımın gördüyü işlər ona görə əzəmətlidir, möhtəşəmdir ki, daxilindəki mərhəmət və şəfqət ziyası ilə Azərbaycanın ümummilli liderinin arzu və istəklərinin gerçəkləşdirilməsinə, Prezident İlham Əliyevin xalqına verdiyi vədlərin həyata keçirilməsinə xidmət edir.
Birinci xanımın qənaətincə, xeyriyyəçilik fəlsəfəsinin əsası, ilk növbədə, insanların yaxşılıq etməyə çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, altruizm, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir.
Elə buradaca kübar və ziyalı bir ailənin, çevrənin tərbiyəsinin təzahürü kimi təvazökar və alicənab bir mövqe, həyat prinsipi ilə baş-başa qalırıq: "Mənəviyyatın ali qanunlarına görə, xeyriyyəçilik fəaliyyətinin əsas motivi şəxsən özün üçün hər hansı dividendlər və ya səmərə gözləmək deyil, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah işlər görmək arzusundan ibarət olmalıdır". Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bu cür düşünür və bu ali ideallara söykənərək çalışır. Həmin çalışmalarınsa bircə ünvanı var - Azərbaycan!
Xalid NİYAZOV
Azərbaycan.-2009.-24
yanvar.-S.1-2.