Azərbaycan-Estoniya əlaqələri yeni mərhələdə uğurla
inkişaf edir
Azərbaycan Cənubi
Qafqazda regional və qlobal əməkdaşlıq
üçün çox
mühüm əhəmiyyətə
malik dövlət kimi tanınır. Ölkəmizdə möhkəm
ictimai-siyasi sabitliyin, davamlı iqtisadi inkişafın təmin edilməsi, əhalinin rifahının ildən-ilə
yüksəlməsi, bölgədə
təhlükəsizlik və
sabitliyin bərqərar
olunması üçün
atılan ardıcıl
addımlar nüfuzlu beynəlxalq qurumlar və dövlətlər tərəfindən də
təqdir edilir.
Dəqiq hədəflərə
hesablanmış xarici
siyasət strategiyasının
uğurla həyata keçirilməsi nəticəsində
ölkəmizin dünya
siyasətindəki rolu
və yeri son illər daha da möhkəmlənmişdir.
Prezident İlham Əliyevin milli maraqlarımıza uyğun
davam etdirdiyi xarici siyasət xətti bugünkü uğurlarımızı şərtləndirmişdir.
Azərbaycan Cənubi
Qafqazın aparıcı
dövləti olaraq regionda gerçəkləşdirilən
bütün transmilli layihələrin fəal iştirakçısıdır. Ölkəmizin zəngin təbii ehtiyatları xalqın milli rifahının təmin olunması üçün
yeni perspektivlər açır, onu beynəlxalq əhəmiyyətli
enerji mənbəyi və enerji təchizatı şəbəkəsinin
mühüm tərkib
hissəsinə çevirir.
Azərbaycan Respublikasının
və tərəfdaş
ölkələrin iqtisadiyyatlarının
inkişafına artıq
töhfə verən beynəlxalq əhəmiyyətli
nəqliyyat və kommunikasiya dəhlizlərinin
inkişaf etdirilməsi,
neft və qaz boru kəmərlərinin
inşası region ölkələrinin
əməkdaşlığının bariz nümunəsidir. Avropanın mütərəqqi
dəyərlərini paylaşan
və Avratlantik təhlükəsizlik arxitekturasının
ayrılmaz bir hissəsinə çevrilən
Azərbaycan Respublikası
bu məkanın təhlükəsizliyinə öz
töhfəsini verməkdədir.
Rəsmi Bakı bütün beynəlxalq və regional məsələlərə
münasibətdə beynəlxalq
norma və prinsiplərə əsaslanaraq
ayrı-ayrı dövlətlərlə
sivil, bərabərhüquqlu
və qarşılıqlı
hörmətə əsaslanan
əlaqələrə üstünlük
verir.
Azərbaycanın Avropada etibarlı tərəfdaş
kimi münasibətlərinin
ildən-ilə inkişafına
çalışdığı ölkələrdən biri
də Estoniyadır. Rəsmi Bakı Avratlantik məkana inteqrasiya və Avropa Birliyi ilə sıx əməkdaşlıq sahəsində
Estoniyanın dəstəyinə
xüsusi önəm verir. Estoniya bu gün dünya
iqtisadiyyatında və
siyasətində mühüm
rol oynamaqla yanaşı, sülhün,
əmin-amanlığın qorunub saxlanması prosesinə də imkanı daxilində töhfə verir.
Azərbaycan Estoniya ilə Avropa Şurası, NATO-nun "Sülh
naminə tərəfdaşlıq"
(SNT) proqramı və
"Fərdi Tərəfdaşlıq
üzrə Əməliyyat
Planı" (FTƏP) çərçivəsində
sıx əməkdaşlıq
edir. Ölkəmizin Avratlantik strukturlara inteqrasiyası prosesində
yeni mərhələ
olan "Daha geniş Avropa: yeni qonşuluq" siyasəti təşəbbüsünə
daxil edilməsinə Estoniya dövləti dəstək vermiş və hazırda da Azərbaycan Respublikasının Fəaliyyət
Planını dəstəkləyir.
Estoniya Prezidenti
Toomas Hendrik İlvesin bu günlərdə Azərbaycana
rəsmi səfəri
də iki dövlət arasında münasibətlərin yeni
mərhələdə inkişafı
baxımdan mühüm
əhəmiyyət kəsb
edir. Səfər çərçivəsində Estoniya və Azərbaycanın dövlət
başçıları iki
ölkə arasında
əlaqələrin siyasi,
iqtisadi sahələrdə
daha da genişləndirilməsinin
perspektiv imkanları barədə fikir mübadiləsi apardılar.
Estoniya Prezidentinin
ölkəmizə ilk rəsmi
səfəri ikitərəfli
əlaqələrin möhkəmlənməsinə
yeni töhfə verəcəkdir.
Estoniya Prezidentinin
ölkəmizə səfəri
zamanı Bakıda Azərbaycan-Estoniya biznes forumu da keçirildi.
Biznes forumda Estoniya tərəfdən
30 nəfər iş adamı iştirak edirdi. Estoniya biznesmenləri informasiya-kommunikasiya
texnologiyaları, maliyyə,
daşınmaz əmlak,
nəqliyyat, loqistika sektorlarını təmsil
edirdilər. Xatırladaq
ki, Estoniya informasiya-kommunikasiya texnologiyaları
sahəsində son illər
böyük uğurlar
qazanmışdır.
Estoniya dövləti
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında Azərbaycanın
mühüm rolunu yüksək dəyərləndirərək
bu potensialdan səmərəli istifadə
etmək niyyətindədir.
Xatırladaq ki, Azərbaycan tərəfi Xəzər dənizinin karbohidrogen ehtiyatlarını
Avropa bazarlarına yeni marşrutlar vasitəsilə çatdırılması
istiqamətində iş
aparır. Ötən
ilin noyabrında Bakıda 21 ölkənin nümayəndələrinin iştirakı
ilə IV Enerji sammiti keçirilmişdi.
Beynəlxalq enerji təhlükəsizliyi problemlərinə
həsr olunmuş tədbirdə Xəzər
hövzəsində hasil
edilən enerji daşıyıcılarının Qara dəniz, Baltik dənizi regionlarına və Mərkəzi Avropaya çatdırılması üçün
Odessa-Brodı neft kəmərinin yaradılması
məsələsi müzakirə
olunmuşdur. Enerji sammitinin yekunu olaraq Bakı Bəyannaməsi imzalanmışdır.
Tədbirdə Estoniyanın
Baş naziri də iştirak etmiş və bəyannaməni təsdiqləmişdir.
Enerji təhlükəsizliyi
məsələsində Azərbaycan
və Estoniya dövlətləri arasında
əməkdaşlıq yeni
mərhələdə uğurla
inkişaf edir. Prezident İlham Əliyev Estoniyanın dövlət başçısı
ilə görüşündə
bütün sahələrdə
əməkdaşlığın daha da genişləndiriləcəyini
bildirmişdi: "Siz
öz regionunuzda, biz isə öz regionumuzda güclü mövqelərə malikik.
Müxtəlif enerji təşəbbüsləri sayəsində
bu gün biz artıq Xəzər-Qara dəniz və Baltik dənizi regionları arasında güclü əlaqələr
haqqında danışa
bilərik. Biz enerji nəqli marşrutları üzərində sıx işləyirik. Enerji təchizatının şaxələndirilməsi
sahəsində planlaşdırdığımız
işlərə artıq
nail olmuşuq. Lakin eyni zamanda, Xəzər
dənizindən çıxarılan
neft və qazın Baltik regionunun bazarlarına yeni marşrutlar vasitəsilə çatdırılması
üzərində düşünə
bilərik. Bu məsələ
ilə bağlı
biz Estoniya ilə, o cümlədən digər
tərəfdaşlarımız və dostlarımızla ciddi şəkildə işləməyə hazırıq.
Fikrimcə, bu gün imkanları araşdırmaq üçün
münasib fürsət
yaranıb və biz əməkdaşlığımızın
real perspektivlərini nəzərdən
keçirə bilərik".
Azərbaycanın son illər
iqtisadi, siyasi sahədə, beynəlxalq
enerji təhlükəsizliyi
məsələlərində qabaqcıl dövlətlər
sırasına çıxması
ölkəmizə olan
marağı daha da artırıb. İndi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm
rola malik olması birmənalı qəbul olunur. Avropa ittifaqına üzv olan dövlətlərin
ölkəmizlə bütün
sahələrdə əməkdaşlığa
böyük önəm
vermələri və
konkret layihələrin
həyata keçirilməsi
üçün göstərilən
təşəbbüslər bunları deməyə əsas verir. Avropa İttifaqının
üzvü olan Estoniya ilə də qarşılıqlı
faydalı əməkdaşlıq
tərəfdaş dövlətlərə
böyük dividentlər
gətirəcəkdir.
E.HACIALIYEV
Azərbaycan.-2009.-24 yanvar.-S.1-3.