Xəzər İnteqrasiya
İşgüzar Klubu
ən böyük neft-qaz şirkətlərini
birləşdirir
Yanvarın 23-də
"Avropa" mehmanxanasında Xəzər İnteqrasiya
İşgüzar Klubuna (XİİK) daxil olan müxtəlif
şirkət və cəmiyyətlərin təmsilçiləri
Milli Məclis sədrinin müavini Valeh Ələsgərovla
görüşmüşlər.
Tədbirdə
XİİK-in prezidenti və baş icraçı direktoru
Telman Əliyev qurum haqqında məlumat vermişdir. Bildirmişdir
ki, XİİK 2002-ci ilin iyununda, "Caspian Energy" Beynəlxalq
Nəşriyyat Evinin iştirakı və ən böyük
neft-qaz şirkətlərinin dəstəyi ilə təsis
edilmişdir.
Təşkilatın əsas
məqsədi iqtisadiyyat, siyasət, energetika, gömrük,
vergi və s. sahələrə dair ümumi proqramın
hazırlanması üçün şəraitin
yaradılması, regional əhəmiyyətli müxtəlif
informasiya layihələrinin həyata keçirilməsi və
dövlət strukturları ilə özəl bölmə
arasında dialoqun dəstəklənməsidir. XİİK
üzvlərinin sayı 2002-ci ildəki 16 şirkətdən
bu gün 30-dan çox ölkəni təmsil edən 500-dən
artıq şirkətə çatmışdır. Prezident
İlham Əliyev təşkilatın fəxri sədridir.
Valeh Ələsgərov
ötən il Milli Məclisdə qanunvericilik sahəsində
görülmüş işlərdən
danışmış, yaz sessiyasında baxılacaq qanun layihələri
və qəbul ediləcək qanunlar barədə qısa məlumat
vermişdir.
Milli Məclis sədrinin
müavini iştirakçıların neft-qaz sektoru,
maşınqayırma, tikinti, elm, investisiya və sair məsələlərlə
bağlı çoxsaylı suallarını
cavablandırmışdır.
AzərTAc
Azərbaycan.-2009.-24 yanvar.-S.3.