"Dəyirmi
masa"da "Avropa Şurası və Azərbaycan: insan hüquqlarının
müdafiəsində yeni
mərhələ" mövzusu
müzakirə olunmuşdur
İnsan hüquqları
üzrə müvəkkil Elmira Süleymanova Avropa
Şurasının (AŞ) Bakıdakı nümayəndəliyi
ilə birgə "Avropa Şurası və Azərbaycan:
insan hüquqlarının müdafiəsində yeni mərhələ"
mövzusunda "dəyirmi masa" keçirmişdir.
Ombudsman Aparatından
bildirmişlər ki, Milli Məclis deputatlarının,
dövlət orqanları, qeyri-hökumət təşkilatları
və beynəlxalq qurumların - YUNİSEF-in və
AŞ-ın Azərbaycandakı nümayəndəlikləri rəhbərlərinin,
ATƏT-in Bakı ofisi və KİV təmsilçilərinin
iştirak etdikləri tədbir Avropa Şurasının
yaranmasının 60 illiyi və Avropa İnsan Hüquqları
Məhkəməsinin fəaliyyətə
başlamasının 50-ci ildönümünə həsr
olunmuşdur.
Ombudsman E.Süleymanova
çıxışında ölkəmizlə AŞ
arasında əlaqələrin daha da möhkəmləndirilməsi
məqsədi ilə gələcək perspektiv istiqamətlərin
müəyyənləşdirilməsinin zəruriliyini
vurğulamışdır. Müvəkkil 2001-ci il yanvarın
25-dən etibarən Avropa Şurasının üzvü olan və
həmin il dekabrın 25-də Avropa İnsan Hüquqları
Konvensiyasını ratifikasiya edən Azərbaycanın insan
hüquqlarının təmini sahəsində üzərinə
götürdüyü öhdəlikləri uğurla yerinə
yetirdiyini söyləmişdir.
Milli Məclisin Hüquq
siyasəti və dövlət quruculuğu məsələləri
daimi komissiyasının sədri Əli Hüseynov "Avropa
İnsan Hüquqları Konvensiyasının
implementasiyası" mövzusunda çıxış
etmişdir. Komissiya sədri respublikamızın Avropa
strukturlarına inteqrasiya prosesinə fəal surətdə
qoşulduğunu, insan hüquq və azadlıqlarının
prioritetliyinə əsaslanan sistemin
formalaşdırılması sahəsində önəmli
addımlar atdığını bildirmişdir.
Ədliyyə Nazirliyi
insan hüquqları və ictimaiyyətlə əlaqələr
idarəsinin rəisi Faiq Qurbanov AŞ ilə əməkdaşlıq
kontekstində ölkəmizdə aparılan məhkəmə-hüquq
islahatları barədə danışmış, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə
müdiri Vüqar Həsənov Azərbaycanda əhalinin sosial
müdafiəsi sisteminin təkmilləşdirilməsi məqsədi
ilə Avropa standartlarına uyğun mexanizmlərin
yaradılması sahəsində islahatların həyata
keçirildiyini diqqətə çatdırmışdır.
"Dəyirmi
masa"da Xarici İşlər Nazirliyi insan hüquqları,
demokratikləşdirmə və humanitar problemlər idarəsinin
məsul əməkdaşı Zaur Əhmədov, Milli QHT
Forumu idarə heyətinin sədri Aydın Kərimov, Azadlıqdan
Məhrumetmə Yerlərinin Müşahidəsi İctimai
Birliyinin sədri Kamil Səlimov müzakirə edilən məsələ
ilə bağlı mülahizələrini söyləmişlər.
AzərTAc
Azərbaycan.-2009.-24 yanvar.-S.3.