Avropa Komissiyası Ədliyyə Nazirliyi ilə əməkdaşlığın davam etdirilməsində maraqlıdır

 

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ölkəmizdə səfərdə olan Avropa Komissiyasının Avropa, Cənubi Aralıq dənizi regionu və Yaxın Şərq üzrə Qonşuluq Siyasəti ofisinin direktoru Markus Kornaronun başçılıq etdiyi nümayəndə heyəti ilə Ədliyyə Nazirliyində görüş keçirilmişdir.

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın dinamik inkişafını vurğulayan nazir müavini Toğrul Musayev ədliyyə sahəsində islahatlara dəstək Proqramının işlənilməsi ilə bağlı 2007-ci ildə Avropa Komissiyasında keçirilmiş görüşü və məsləhətləşmələrin səmərəsini xüsusi qeyd edərək aparılan hazırlıq tədbirlərindən danışmışdır.

Ölkəmizdə ədliyyə sisteminin daha da inkişafına və insan hüquqlarının etibarlı qorunmasına xidmət edəcək layihənin əhəmiyyətindən söhbət açan nazir müavini dövlətimizin başçısının ədliyyə orqanlarının müasirləşdirilməsinə qayğısını, xüsusilə də Ədliyyə Akademiyasının Nizamnaməsinin təsdiqini qeyd etmiş, regional ədliyyə şöbələrinin yaradılması, habelə penitensiar xidmətin təkmilləşdirilməsi, bu sahədə ictimai nəzarətin həyata keçirilməsi, məhkumların hüquqlarının genişləndirilməsi və saxlanma şəraitinin yaxşılaşdırılması üzrə görülən işlər barədə geniş məlumat vermişdir.

Azərbaycanda ədliyyə, o cümlədən penitensiar sahədə əldə edilmiş nailiyyətləri böyük maraqla qarşılayan M.Kornaro islahatlara dəstək layihəsinin imzalanmağa hazır olduğunu bildirmiş, gələcəkdə ədliyyə sisteminin müasirləşdirilməsi üzrə yeni layihələrin həyata keçirilməsinə dair təşəbbüs irəli sürmüşdür.

Görüşdə, həmçinin ölkəmizdə söz mətbuat azadlığı ilə bağlı fikir mübadiləsi aparılmış, korrupsiyaya qarşı mübarizəyə dair məsələlər müzakirə olunmuş, qarşılıqlı maraq doğuran suallara aydınlıq gətirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-24 yanvar.-S.3.