Kütləvi informasiya vasitələri ilə referendumqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat

 

1. Ümumi müddəalar

1.1. Bu Təlimat Azərbaycan Respublikasında keçirilən referendumlar zamanı kütləvi informasiya vasitələrindən istifadə etməklə referendumqabağı təşviqatın aparılması qaydalarını müəyyən edir.

Təlimat Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinin, Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi), "Kütləvi informasiya vasitələri haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun hazırlanmışdır.

1.2. Təlimatda istifadə olunan bəzi anlayışların izahı:

1.2.1. televiziya və radio (bundan sonra - teleradio) vasitələri ilə referendumqabağı təşviqat - seçiciləri referenduma çıxarılan hər hansı bir məsələnin lehinə və ya əleyhinə səs verməyə təbliğ etmək məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada və formada məlumatların teleradio vasitələri ilə yayımlanması;

1.2.2. dövri nəşrlər vasitəsilə referendumqabağı təşviqat - seçiciləri referenduma çıxarılan hər hansı bir məsələnin lehinə və ya əleyhinə səs verməyə çağırmaq məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada və formada məlumatların dövri nəşrlərdə yerləşdirilməsi;

1.2.3. kütləvi informasiya vasitələrində referendumqabağı təşviqatın növləri - çıxış, müsahibə, mətbuat konfransı, açıq müzakirə, debat, dəyirmi masa, siyasi reklam, referenduma çıxarılan məsələyə həsr edilmiş teleoçerklər və videofilmlər (bədii filmlər istisna olmaqla);

1.2.4. çıxış - referenduma çıxarılan məsələ ilə bağlı referendum üzrə təşviqat qrupunun mövqeyinin teleradio verlişləri vasitəsilə seçicilərə açıqlanması;

1.2.5. müsahibə - qeydə alınmış referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin, KİV nümayəndələri ilə görüşlər zamanı həmin nümayəndələr tərəfindən verilən sualların cavablandırılması;

1.2.6. mətbuat konfransı - qeydə alınmış referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin və qanunla müəyyən edilmiş digər şəxslərin kütləvi informasiya vasitələrində suallara cavablar da daxil olmaqla, müvafiq təşviqat qrupunun referenduma çıxarılan məsələ (məsələlər) ilə bağlı mövqeyinin şərh edilməsi;

1.2.7. açıq müzakirə - referenduma çıxarılan məsələlərin təşviqat subyektləri ilə müzakirə edilməsi;

1.2.8. debat - qeydə alınmış iki və ya daha çox referendum üzrə təşviqat qrupunun adından onların buna vəkil edilmiş nümayəndələrinin referenduma çıxarılan məsələyə dair mövqeləri ilə əlaqədar açıq fikir mübadiləsi;

1.2.9. dəyirmi masa - referendumqabağı təşviqat tədbirləri çərçivəsində qeydə alınmış referendum üzrə təşviqat qruplarının nümayəndələri ilə kütləvi informasiya vasitələrinin nümayəndələri, televiziya tamaşaçıları, radio dinləyiciləri arasında sual-cavab və fikir mübadiləsi;

1.2.10. siyasi reklam - ictimai rəyin referenduma çıxarılan məsələnin lehinə və ya əleyhinə formalaşdırılması məqsədilə reklam materiallarının qanunla müəyyən edilmiş qaydada kütləvi informasiya vasitələrində yerləşdirilməsi.

2. Referendumqabağı təşviqatın müddəti və subyektləri

2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada referendumqabağı təşviqat səsvermə gününə 28 gün qalmış başlayır və səsvermə gününə 24 saat qalmış dayandırılır. Səsvermə günü və ondan əvvəlki gün saat 8.00-dan başlayaraq hər hansı referendumqabağı təşviqat aparmaq qadağandır.

2.2. Referendumqabağı təşviqat aparmaq hüququna malik olan subyekt qeydə alınmış referendum üzrə təşviqat qruplarıdır.

Qeyd: referendumqabağı təşviqat refererendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən onlara verilmiş səlahiyyətlər daxilində aparılır.

2.3. Referendumqabağı təşviqat prosesində mülkiyyət növünə və yayım imkanlarına görə iştirakı nəzərdə tutulan teleradio verilişləri təşkilatları aşağıdakılardır:

2.3.1. Azərbaycan Respublikası ərazisinin yarısına, yarısından çoxuna yayımlanan ictimai teleradio verilişləri təşkilatları;

2.3.2. Azərbaycan Respublikası ərazisinin yarısından azına yayımlanan ictimai teleradio verilişləri təşkilatları, həmçinin bu Təlimatın 2.3.1-ci bəndində göstərilən teleradio verilişləri təşkilatının müvafiq ərazi bölmələri;

2.3.3. təsisçiləri bələdiyyə qurumları olan teleradio verilişləri təşkilatları;

2.3.4. təsisçiləri fiziki və hüquqi şəxslər olan və xüsusi mülkiyyətə əsaslanan teleradio verilişləri təşkilatları.

2.4. Referendumqabağı təşviqat prosesində mülkiyyət növünə və yayım imkanlarına görə iştirakı nəzərdə tutulan dövri nəşrlər:

2.4.1. dövri mətbuat nəşrləri - təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olan və ya dövlət büdcəsindən maliyyələşdirilən Azərbaycan Respublikası ərazisinin yarısına, yarısından çoxuna, yaxud yarısından azına yayımlanan dövri nəşrlər;

2.4.2. bələdiyyə dövri nəşrləri - təsisçiləri bələdiyyə qurumları olan dövri nəşrlər.

2.4.3. özəl dövri nəşrlər - təsisçiləri ayrı-ayrı fiziki və ya hüquqi şəxslər olan dövri nəşrlər.

2.5. Bu Təlimatın 2.3.1, 2.3.2, 2.3.3, 2.4.1 və 2.4.2-ci bəndlərində göstərilən teleradio verilişləri təşkilatları tərəfindən referendumqabağı təşviqat üçün ayrılan efir vaxtı, eləcə də dövri nəşrlər tərəfindən ayrılan yer ödənişsiz və ya ödənişli əsaslarla, bu Təlimatın 2.3.4-cü və 2.4.3-cü bəndlərində göstərilən qurumlar tərəfindən isə yalnız ödənişli əsaslarla həyata keçirilir.

3. Ödənişsiz əsaslarla teleradio verilişləri təşkilatlarında efir vaxtının, habelə dövri nəşrlərdə dərc üçün yerin ayrılması qaydaları və şərtləri

3.1. Üzvlərinin sayı 40 min və daha artıq olan qeydə alınmış referendum üzrə təşviqat qruplarının Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan ictimai teleradio verilişləri təşkilatında ödənişsiz efir vaxtı, Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan, həftədə azı bir dəfə çıxan dövlət dövri nəşrlərində ödənişsiz dərc üçün müvafiq yer almaq hüququ vardır.

3.2. Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçicilərin zəruri sayda imzaları yığılmış müvafiq seçki dairəsinin əhatə etdiyi və üzvlərinin sayı 20 min və daha artıq olan qeydə alınmış referendum üzrə təşviqat qruplarının müvafiq inzibati-ərazi vahidində referendumqabağı təşviqatın aparılması məqsədilə Azərbaycan Respublikası ərazisinin yarısından az hissəsinə yayımlanan ictimai teleradio verilişləri təşkilatında, eləcə də bu Təlimatın 3.1-ci bəndində göstərilən teleradio verilişləri təşkilatlarının müvafiq bölmələrində qanunla müəyyən edilmiş qaydada ödənişsiz efir vaxtı, Azərbaycan Respublikası ərazisinin yarısından az hissəsinə yayımlanan və həftədə azı bir dəfə çıxan dövlət dövri nəşrlərində ödənişsiz dərc üçün müvafiq yer almaq hüququ vardır.

3.3. İmzaların yığıldığı müvafiq seçki dairəsinin əhatə etdiyi və üzvlərinin sayı 2 min və daha çox olan qeydə alınmış referendum üzrə təşviqat qruplarının təsisçiləri bələdiyyə qurumları olan teleradio verilişləri təşkilatında ödənişsiz efir vaxtı, həftədə azı bir dəfə çıxan bələdiyyə dövri nəşrlərində ödənişsiz dərc üçün müvafiq yer almaq hüququ vardır.

3.4. Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası (bundan sonra - Mərkəzi Seçki Komissiyası) bu Təlimatın 3.1-ci bəndində göstərilən teleradio verilişləri təşkilatlarının və dövri nəşrlər redaksiyalarının siyahısını referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsi günündən sonra 20 gündən gec olmayaraq Milli Televiziya və Radio Şurasının, habelə Azərbaycan Mətbuat Şurasının təqdimatına əsasən dərc edir.

3.5. Müvafiq dairə seçki (referendum) komissiyası (bundan sonra - dairə seçki komissiyası) bu Təlimatın 3.2 və 3.3-cü bəndlərində göstərilən teleradio verilişləri təşkilatlarının və dövri nəşrlər redaksiyalarının siyahısını referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsindən ən geci 35 gün ərzində Milli Televiziya və Radio Şurasının, habelə Azərbaycan Mətbuat Şurasının təqdimatına əsasən dərc edir.

3.6. Referendumqabağı təşviqat müddəti başlanandan sonra bir həftə müddətində qeydə alınmış referendum üzrə təşviqat qrupları arasında onların verdikləri ərizə əsasında bu Təlimatın 3.1-ci bəndinə uyğun olaraq ayrılmış pulsuz efir vaxtının bölgüsü məqsədilə Mərkəzi Seçki Komissiyası tərəfindən püşkatma keçirilir. Bu Təlimatın 3.2 və 3.3-cü bəndlərinə uyğun olaraq ayrılmış pulsuz efir vaxtının bölgüsü məqsədilə püşkatma isə müvafiq dairə seçki komissiyaları tərəfindən keçirilir. Bu Təlimatın 3.1, 3.2 və 3.3-cü bəndlərində göstərilmiş dövri nəşrlərdə dərc üçün yerin ayrılması ilə əlaqədar püşkatma müvafiq dövri nəşrlər tərəfindən bu Təlimatda göstərilən qaydada və müddətdə keçirilir.

3.7. Ümumi qeydəalma başa çatdıqdan sonra təşviqat subyektləri tərəfindən bu Təlimatın 3.6-cı bəndində göstərilən müddətdən əvvəl Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyasına müraciət edilə bilər. Müvafiq seçki komissiyaları həmin ərizələr əsasında püşkatmanı vaxtından əvvəl keçirə bilər.

3.8. Püşkatmanın keçirilməsinin yeri və vaxtı haqqında seçki komissiyasının məlumatı püşkatmanın keçirilməsinə ən azı 24 saat qalmış rəsmi dərc edilir.

3.9. Püşkatmanın keçirilməsində müvafiq seçki komissiyasının üzvləri, qeydə alınmış referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri, yaxud vəkil edilmiş şəxsləri, qanunvericiliklə müəyyən olunmuş qaydada müşahidəçi statusu almış Azərbaycan Respublikasının vətəndaşları, KİV nümayəndələri və beynəlxalq müşahidəçilər iştirak edə bilərlər.

3.10. Püşkatma müvafiq seçki komissiyası tərəfindən yaradılan püşkatma komissiyası tərəfindən təşkil edilir və həyata keçirilir. Püşkatma püşkatma komissiyası tərəfindən elan edilən gündə, saatda və efir vaxtından istifadə etmək üçün müraciət etmiş qeydə alınmış referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri arasında, teleradio verilişləri təşkilatları nümayəndələrinin və bu Təlimatın 3.9-cu bəndində göstərilən subyektlərin iştirakı ilə keçirilir.

3.11. Püşkatma üçün aralarında püşkatma keçirilməli olan subyektlərin sayına müvafiq miqdarda eyni ölçülü, bir-birindən fərqlənməyən dördkünc kağız parçaları hazırlanır. Həmin kağız parçaları efir vaxtının, habelə dövri nəşrlərdə dərc üçün ayrılmış yerin həcmi göstərilməklə nömrələnir, dörd yerə bükülür və qutuya salınaraq qarışdırılır. Sonra püşkatma komissiyası üzvlərinin hər biri növbə ilə qutudan bir büküm çıxararaq, orada yazılmış nömrəni elan edir. Bu iş qeydə alınmış referendum üzrə təşviqat qruplarının arzusu ilə onlara da həvalə edilə bilər.

3.12. Püşkatma komissiyası tərəfindən püşkatma nəticəsində efir vaxtının verilməsi müvafiq protokolla rəsmiləşdirilərək buna dair cədvəl tərtib olunur (Təlimata 1 saylı əlavə), həmin cədvəl müvafiq seçki komissiyasına təqdim edilərək onun tərəfindən qanunla müəyyən edilmiş qaydada dərc edilir.

3.13. Dövri nəşrlərdə dərc üçün yerin ayrılması ilə bağlı püşkatma bu Təlimatın 3.6-cı bəndində nəzərdə tutulmuş qaydada və müddətdə keçirilir. Püşkatmanın nəticələri ilə bağlı protokol və cədvəl tərtib olunur (Təlimata 2 saylı əlavə) və dərc edilir.

3.14. Bu Təlimatın 3.1-ci bəndində nəzərdə tutulan teleradio verilişləri təşkilatlarının referendumqabağı təşviqat üçün ayırdıqları ödənişsiz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır. Bu Təlimatın 3.2-ci bəndində göstərilən teleradio verilişləri təşkilatlarının referendumqabağı təşviqat üçün ayırdıqları pulsuz efir vaxtının ümumi həcmi həftədə 1 saat 30 dəqiqədən az ola bilməz, həmin təşkilatların verilişlərinin ümumi vaxtı gün ərzində 2 saatdan az olduqda isə göstərilən efir vaxtı verilişlərin 1//4/ hissəsindən az olmamalıdır. Pulsuz efir vaxtı daha geniş auditoriyanın baxması mümkün olan vaxtda ayrılmalıdır.

3.15. Təsisçiləri dövlət orqanları, idarələri, təşkilatları olan və ya dövlət büdcəsindən maliyyələşən, Azərbaycan Respublikasının ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan dövri nəşrlərdən hər birində pulsuz ayrılan nəşr səhifələrinin həcmi referendumqabağı təşviqat dövrünədək həftəlik nəşr səhifələrinin ümumi həcminin azı 10 faizini təşkil etməlidir.

3.16. Ödənişsiz əsaslarla teleradio verilişləri təşkilatlarında efir vaxtından, habelə dövri nəşrlərdə dərc üçün ayrılmış yerdən referendum üzrə təşviqat qrupu tərəfindən efirəçıxma və ya dərcetmə vaxtınadək imtina edilərsə, istifadə edilməmiş efir vaxtından və dərc yerindən referendumqabağı təşviqat da daxil olmaqla digər məqsədlər üçün istifadə edilə bilməz. Bu zaman ayrılmış, lakin istifadə edilməmiş efir vaxtı həmin müddət ərzində, dərc yeri isə həmin həcmdə boş saxlanılmalı, orada istifadə edilməmənin səbəbləri göstərilməlidir.

3.17. Bu Təlimatın 3.2-ci bəndində nəzərdə tutulmuş teleradio verilişləri təşkilatları tərəfindən ayrılmış pulsuz efir vaxtının ümumi həcminin 1///3 hissəsi müvafiq referendum üzrə təşviqat qruplarına birgə müzakirələrin, dəyirmi masaların keçirilməsi üçün ayrılır. Əgər referendum üzrə təşviqat qruplarından biri müvafiq tədbirlərdə iştirakdan imtina edərsə, Seçki Məcəlləsinin 80.6-cı maddəsinin tələblərinə uyğun olaraq, bu, pulsuz təqdim edilən efir vaxtının artırılmasına səbəb olmur.

3.18. Bu Təlimatın 3.1 və 3.2-ci bəndlərində göstərilən hər bir teleradio verilişləri təşkilatının kanallarında qanunda nəzərdə tutulmuş qaydada birgə təşviqat tədbirlərinin keçirilməsi üçün efir vaxtı müvafiq referendum üzrə təşviqat qrupları üçün ayrılır və hesablanır. Bu cür efir vaxtından təşviqat qrupları bərabər əsaslarla istifadə etməlidirlər. Bu halda hər bir təşviqat qrupu tərəfindən istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir.

4. Teleradio verilişləri təşkilatlarında və dövri nəşrlərdə ödənişli əsaslarla efir vaxtının ayrılması və dövri nəşrlərdə dərc üçün ödənişli yerin ayrılması qaydaları və şərtləri

4.1. Bu Təlimatın 3.1-ci bəndində nəzərdə tutulan teleradio verilişləri təşkilatları və dövri nəşrlər təşviqat aparmaq məqsədilə referendum üzrə təşviqat qruplarına müqavilə əsasında pullu efir vaxtı və dövri nəşrlərin redaksiyaları öz səhifələrində ödənişli əsaslarla yer ayırmalıdırlar. Üzvlərinin sayı 20 mindən az olan referendum üzrə təşviqat qrupları həmin yerdən istifadə edə bilməzlər. Referendumqabağı təşviqat materiallarının yayımlanması və ya dərci özəl teleradio verilişləri təşkilatları və dövri nəşrlər üçün könüllülük prinsipinə əsaslanmalıdır. Həmin qurumları referendumqabağı təşviqatda iştiraka məcbur etmək yolverilməzdir. Əgər özəl teleradio verilişləri təşkilatları və dövri nəşrlər referendumqabağı təşviqatda iştirak etməyə razılıq versələr, referendumqabağı təşviqat materiallarının efirə verilməsi və ya dərc olunması şərtləri bütün təşviqat qrupları üçün eyni olmalıdır.

Qeyd: bu qaydalar siyasi partiyalar tərəfindən təsis olunan dövri nəşrlərə şamil edilmir.

4.2. Təsisçiləri fiziki və hüquqi şəxslər olan teleradio verilişləri təşkilatları və dövri nəşr orqanları referendumqabağı təşviqat üçün efir vaxtı və dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərir, efir vaxtının verilməsi və nəşr səhifələrində referendumqabağı təşviqat materiallarının yerləşdirilməsinə görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatı seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsindən sonra ən geci 35 gün keçənədək dərc edir. Təşviqat subyektləri müəyyənləşdirildikdən sonra bu məlumat qanunla müəyyən edilən qaydada onlara da göndərilməlidir. Ödənişli efir vaxtının ayrılması reklam haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

4.3. Teleradio verilişləri təşkilatlarının və dövri nəşrlərin ayırdıqları pullu efir vaxtının və dərc üçün yerin dəyərinin ödənilməsi referendumqabağı subyektlər üçün bərabər əsaslarla və şərtlərlə həyata keçirilir.

4.4. İctimai teleradio verilişləri təşkilatı ödənişli əsaslarla referendumqabağı təşviqat aparmaq üçün ehtiyatda əlavə efir vaxtı saxlamalıdır. Ayrılan efir vaxtının ümumi həcmi pulsuz efir vaxtının ümumi həcmindən az və həmin həcmdən iki dəfə artıq ola bilməz. Təsisçiləri fiziki və hüquqi şəxslər olan dövri nəşrlər istisna edilməklə, digər nəşrlərin səhifələrində ödənişli dərc üçün ayrılmış yerin ümumi həcmi ayrılan pulsuz nəşr səhifələrinin həcmindən az olmamalıdır.

4.5. Bu Təlimatın 3.1-ci bəndində göstərilən teleradio verilişləri təşkilatlarının efir vaxtından, eləcə də dövri nəşrlərin səhifələrindən ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin bu Təlimatın 3.2 və 3.3-cü bəndlərində göstərilən referendum üzrə təşviqat qruplarının ümumi sayına bölünməsi yolu ilə müəyyən edilir.

4.6. Bu Təlimatın 4.5-ci bəndində göstərilən üsulla müəyyən edilmiş dövri nəşr səhifələrindəki yerdən üzvlərinin sayı 20 min və daha çox, həmçinin üzvlərinin sayı 2 min və daha çox olan referendum üzrə təşviqat qrupları da müvafiq ödəniş müqabilində istifadə edə bilərlər.

4.7. Referendumqabağı təşviqat materiallarının efirə çıxarılması tarixi və vaxtı referendum üzrə təşviqat qruplarının və ya onların buna vəkil edilmiş nümayəndələrinin verdikləri bildiriş əsasında püşkatma subyektlərinin arasında bu Təlimatın 3.9-cu bəndində göstərilən şəxslərin iştirakı ilə keçirilən püşkatma nəticəsində teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları tərəfindən müəyyən edilir.

4.8. Efir vaxtının və dövri nəşrlərdə yerin ayrılması üçün püşkatma bu Təlimatda göstərilən müddətdə və qaydada keçirilir.

4.9. Püşkatma keçirildikdən sonra efir vaxtı və dövri nəşrdə dərc üçün yer bağlanmış müqavilə əsasında təqdim edilir. Müqavilədə aşağıdakılar nəzərdə tutulur:

4.9.1. referendumqabağı təşviqatın forması;

4.9.2. efirəçıxma vaxtı, tarixi və ya dərcetmə tarixi;

4.9.3. verilən efir vaxtının müddəti, dərc üçün ayrılan yerin həcmi, ödəniş qaydası və həcmi;

4.9.4. aparıcı jurnalistin teleradio verilişləri prosesində iştirakı forması və şərtləri.

4.10. Göstərilənlərdən əlavə referendumqabağı təşviqatın qanunauyğun həyata keçməsini təmin etmək məqsədilə müqavilə ilə digər şərtlər də müəyyən edilə bilər.

4.11. Müqavilə şərtləri yerinə yetirilərək ayrılmış efir vaxtından (dərc üçün yerdən) istifadə edildikdən sonra verilişin (dərc materialının) adı və efirəçıxma (dərcedilmə) vaxtı göstərilməklə, efir vaxtından (dərc üçün yerdən) istifadə edilməsi barədə akt tərtib olunur.

4.12. Referendum üzrə təşviqat qrupu efir vaxtının və dövri nəşr səhifələrində ayrılmış yerin dəyərinin ödənilməsi üçün vəsaitin tam həcmdə köçürülməsi barədə ödəniş tapşırığını efir vaxtının verilməsi və ya təşviqat materiallarının dərc edilməsi gününə ən geci 48 saat qalmış müvafiq banka təqdim etməlidir. Bank pul vəsaitini gecikdirmədən köçürməlidir. Nağdsız ödənişin müddəti 2 bank günündən çox olmamalıdır.

4.13. Efir vaxtının haqqı və dövri nəşr səhifələrində ayrılmış yerin dəyəri yalnız referendum üzrə təşviqat qrupunun referendum üzrə maliyyə fondunun vəsaitləri hesabına ödənilməlidir.

4.14. Püşkatma keçirildikdən sonra ayrılmış efir vaxtından və dövri nəşrlərin səhifələrindəki yerdən imtina edilərsə, bu zaman efirə çıxmağa 2 gün qalmış müvafiq teleradio təşkilatına, dərcetmə gününə isə azı 5 gün qalmış bu barədə müvafiq dövri nəşrin redaksiyasına məlumat verilməlidir. Teleradio verilişləri təşkilatları və dövri nəşrin redaksiyaları sərbəstləşmiş efir vaxtından və yerdən referendumqabağı təşviqat məqsədləri üçün istifadə edə bilməzlər. Bu qurumlar, referendumqabağı təşviqat istisna olmaqla, həmin sərbəstləşmiş imkanlardan öz mülahizələri üzrə istifadə edirlər.

4.15. Müqavilə ləğv edildikdə, teleradio verilişləri təşkilatları sərbəstləşmiş efir vaxtından, habelə dövri nəşrlərin səhifələrindən referendumqabağı təşviqat məqsədləri üçün istifadə edə bilməzlər.

4.16. Referendumqabağı təşviqat üçün teleradio təşkilatlarının ayırdığı pulsuz və ya pullu efir vaxtı və ya dövri nəşr səhifələrində ayrılmış ödənişsiz və ödənişli yer Seçki Məcəlləsinin 79-cu maddəsinin tələblərinə əsasən müvafiq teleradio təşkilatında və dövri nəşrin redaksiyasında qeydə alınmalıdır. Qeydiyyat ayrıca kitab formasında aparılmalı və orada hər bir referendum üzrə təşviqat qrupu üçün yerin ayrılması tarixi, dərc olunmuş təşviqat materialının xarakteri göstərilməlidir. Qeydiyyat barəsində səsvermə gününə ən geci 5 gün qalmış və səsvermə günündən ən tezi 5 gün sonra Mərkəzi Seçki Komissiyasına məlumat verilməlidir. Məlumat, kitabdan çıxarışı əks etdirməklə, məktub formasında verilir.

5. Kütləvi informasiya vasitələrində referendumqabağı təşviqatın aparılması ilə bağlı məhdudiyyətlər

5.1. Aşağıdakı subyeklərə referendumqabağı təşviqat aparmaq qadağandır:

5.1.1. xarici dövlətlərə və xarici hüquqi şəxslərə;

5.1.2. Seçki Məcəlləsinin 77.1-ci maddəsində göstərilənlər istisna olmaqla dövlətə məxsus teleradio verilişləri təşkilatlarına;

5.1.3. xarici vətəndaşlara;

5.1.4. vətəndaşlığı olmayan şəxslərə;

5.1.5. 18 yaşına çatmamış vətəndaşlara;

5.1.6. referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi şəxslərinin nizamnamə kapitalında xarici dövlətlərin, xarici hüquqi şəxslərin, xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olarsa, Azərbaycan Respublikasının hüquqi şəxslərinə;

5.1.7. beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara;

5.1.8. dövlət hakimiyyət orqanlarına və bələdiyyə qurumlarına;

5.1.9. dövlət, bələdiyyə təşkilatlarına və idarələrinə;

5.1.10. seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə;

5.1.11. xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə, təşkilatlara;

5.1.12. öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə;

5.1.13. dövlət və bələdiyyə qulluqçularına;

5.1.14. hərbi qulluqçulara;

5.1.15. seçki komissiyalarına, seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinə və digər vəzifəli şəxslərinə.

5.2. Kütləvi informasiya vasitələrində referendumqabağı təşviqat aparılarkən aşağıdakı hərəkətlərin edilməsi qadağandır:

5.2.1. təşviqat materialının verilməsini malların, işlərin və xidmətlərin reklamları ilə və ya digər proqramların verilməsi ilə dayandırmaq;

5.2.2. referendumqabağı təşviqat materialının teleradio verilişləri təşkilatının kanallarında verilməsini digər teleradio proqramlarının verilməsi ilə dayandırmaq;

5.2.3. referendumqabağı tədbirlərin keçirilməsi barədə məlumatlar üçün ödəniş tələb etmək;

5.2.4. referendumqabağı təşviqat materiallarında hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışların, vətəndaşların şərəf və ləyaqətlərini təhqir edən mülahizələrin yerləşdirilməsi (bu qadağa Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun tətbiq edilməlidir);

5.2.5. sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan təşviqat formasından istifadə;

5.2.6. əqli mülkiyyət haqqında qanunvericiliyi pozan təşviqatın aparılması;

5.2.7. "Reklam haqqında" Qanunun 19-cu maddəsinin 1-ci hissəsinin tələblərinə zidd olaraq müvafiq olaraq teleradio verilişləri təşkilatlarında referendumqabağı təşviqat materiallarının yayımlanması zamanı ayrı-ayrı fiziki şəxslərin, kommersiya və qeyri-kommersiya təşkilatlarının sahibkarlıq fəaliyyəti nəticəsində istehsal olunmuş əmtəələrin markalarının (modellərinin, artikullarının), kommersiya təşkilatlarının və sahibkarlıqla məşğul olan fiziki şəxslərin adlarının göstərilməsi.

5.3. Referendumqabağı təşviqat aparmaq üçün şərait yaratmış teleradio verilişləri təşkilatları və dövri nəşrlər, eləcə də referendumqabağı təşviqatın digər subyektləri müqavilə ilə öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə borcludurlar.

6. Yekun müddəalar

6.1. Efir vaxtından və dövri nəşrlərdən istifadə zamanı təşviqat prosesinin subyektləri müqavilədə müəyyənləşdirilmiş şərtləri pozduqda teleradio verilişləri təşkilatları efir vaxtının verilməsi və dövri nəşrlərdə dərc üçün yerin ayrılması haqqında müqavilənin ləğvi barədə məhkəməyə müraciət edə bilərlər.

6.2. Seçki Məcəlləsində, habelə bu Təlimatda dövri nəşrlər vasitəsilə referendumqabağı təşviqat haqqında müəyyən edilmiş qaydalara riayət edilməsi üzərində nəzarəti Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilən və əsasən jurnalistlərdən ibarət olan mətbuat qrupu həyata keçirir.

6.3. Bu Təlimatda göstərilən şərtlərə əməl olunmaması qanunla müəyyən olunmuş qaydada məsuliyyət yaradır.

 

 

Azərbaycan.-2009.-24 yanvar.-S.4.