Böyük həyatın astanasında

 

Bakı SOS Uşaq Kəndindəki evlərin pəncərələrindən həmişə Günəş gülümsəyir, üzlərə saf dəniz havası dəyir. Küknar və zeytun ağaclarının arası ilə uzanan cığırlar zövqlə tikilmiş birmərtəbəli evləri bir-birinə calayır. Valideyn qayğısından uzaq düşmüş uşaqlar bu evlərdə onları öz balaları bilən mehriban, munis Anaların isti qucağına sığınıblar. Bu kənddə yaşayan uşaqların təlim-tərbiyəsini və böyük həyata hazırlığını öz kövrək çiyinlərinə götürmüş insanları məhz belə çağırırlar.

Dünyada ana nəvazişinin, ana qucağının istisinin, ata öyüd-nəsihətinin əvəzi yoxdur. Təbii ki, dediklərimiz, sadəcə, jurnalist qənaəti deyil, minillərin sınağından çıxmış, müdriklərimizin, ağsaqqal və ağbirçəklərimizin, söz-sənət adamlarının gəldiyi məntiqi nəticədir. Təəssüf ki, bu nemətlərin dadına baxmaq, valideyn qayğısının hərarətinə bürünmək heç də hər bir uşağın qismətinə düşmür. Taleyin yüz cür "sürprizləri" ilə üzləşən gül üzlü balaların bəziləri uşaq evlərində, internatlarda böyüməli, təhsil almalı olurlar.

Bakı SOS Uşaq Kəndində olduğumuz bir neçə saat müddətində sözlə ifadəsi asan olmayan hisslər yaşadıq. Bu Kəndin sakinləri olan 103 uşağın necə şəfqətlə, əsl valideyn məhəbbəti ilə əhatələndiyini görəndə ürəyimizdən bircə fikir keçdi - dünya yaxşılardan xali deyilmiş. Ən səliqəli evdar xanımın da həsəd apara biləcəyi sadə döşənmiş, işıqlı və rahat mənzillərin birində Lalə ana səkkiz uşağa baxır. Bəlkə də burada "baxır" ifadəsi o qədər də yerinə düşmür. Orta yaşlı bu qadın öz səadətini, var-yoxunu məhz bu Kənddə tapıb. Beş oğulun, üç qızın Anası olmağı ilə fəxr edir, özünü bəxtəvərlərin bəxtəvəri sanır. Uşaqların da hər biri özünü doğma anasının qucağındakı kimi hiss edir. Lalə xanım deyir ki, həyatının mənasını bu Kənddə onu ana kimi qəbul edən uşaqların arasında tapıb.

- Bizim kimi işçilərə burada Ana deyirlər. İldə bir dəfə məzuniyyətə çıxırıq. Onda bizi Xalalar əvəz edir. Bu, çox yaxşıdır. Mənə elə gəlir ki, bu adları müəyyənləşdirənlər haqlıdırlar. Ana adını nə əvəz edə bilər ki?! Uşaqlarımdan çox razıyam. Rəsm çəkməyə, idmana meyillidirlər. Ev işlərində də əlimdən tuturlar.

Lalə xanımın uşaqlarından ikisi Kəndin "fəxri ad" sahibləridir. Zahid ağaca dırmaşmaqda birincidir, Rəşidə isə ən gözəl və dəcəl qız titulunu qazanıb.

Kənd uşaqlarının cəmiyyətə inteqrasiyası, fərdi bacarıq və istedadlarının daha tez üzə çıxması, hər cür çətinliyə, ekstremal şəraitə hazırlığı ilə bağlı burada mümkün olan bütün tədbirlər görülür. Uşaqlar paytaxtın nüfuzlu tədris müəssisələrində təhsil alır, musiqi və rəssamlıq məktəblərində oxuyur, idmanın bir çox növləri ilə məşğul olurlar. Kəndin direktoru Əli Axundov və pedaqoq Seyfəddin Ağaməmmədov bizimlə söhbətdə uşaqların təhsili, tərbiyəsi, onlara göstərilən qulluq barədə ətraflı məlumat verdilər. Kəndin psixoloqu Əsli Zeynalabdinova dedi ki, buradakı uşaqların sağlamlıq durumu əladır, heç bir psixonevroloji gərginlikdən söhbət belə gedə bilməz.

Bakı SOS Uşaq Kəndi paytaxtın cənub-şərqində, Əhmədli yaylasında yerləşir. 14 Ailə evindən, uşaq bağçasından və digər 6 inzibati binadan ibarət Uşaq Kəndinin Xəzər dənizinə açılan gözəl mənzərəsi bura gələnlərdə xoş duyğular oyadır. Səliqə ilə salınmış park, evlərin düzülüşü şəhər mühitində əsl kənd ab-havası, kənd mənzərəsi yaradır. Burada özünü şəhərin gur izdihamından aralı ucqar dağ kəndindəki kimi hiss edirsən. "SOS Uşaq Kəndləri" Azərbaycan Assosiasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin mütəxəssisi Fatma Yusifova ixtisasca jurnalist olsa da, hazırda çalışdığı qurumun işini əla bilir və fəaliyyətini hərtərəfli xarakterizə edir.

- Bakı SOS Uşaq Kəndi bizim assosiasiyanın ilk layihəsidir. İlk 12 evin tikintisinə hələ 1999-cu ilin oktyabrında başlanmış, 2000-ci ilin oktyabrında isə başa çatmışdır. Evin ilk balaca sakini isə Gəncə şəhər uşaq evindən göndərilmişdi. Kəndin fəaliyyətə başlamasından bir ay sonra - 2000-ci il noyabrın 2-də ümummilli lider Heydər Əliyev kəndə baş çəkmiş, Ana və uşaqlara öz xeyir-duasını vermişdi. 2001-ci ilin iyununda "SOS Kinderdorf İnternational" Təşkilatının nümayəndə heyəti Bakıda olarkən ölkə başçısı Heydər Əliyev bu təşkilatın prezidenti Helmut Kutini "Şöhrət" ordeni ilə təltif etmişdi.

Hazırda Bakı SOS Uşaq Kəndinin 103 sakini var. Bu uşaqlardan 95-i məktəb yaşlı, 8-i azyaşlıdır. Fatma Yusifova bildirir ki, buradakı ailələrin sakinlərinin xoşbəxt uşaqlıq dövrlərini yaşamaları üçün əsl kənd mühiti yaradılmışdır. Ailələr öz təcrübələrini bir-biri ilə bölüşür, qarşılıqlı köməklərini əsirgəmirlər. Onlar cəmiyyətə inteqrasiya olunaraq icmanın tam və fəal üzvü kimi yaşayırlar. Ailənin dəstəyi ilə hər bir uşaq cəmiyyətdə öz yerini tutmağa çalışır, ibadət edir, digər ictimai işlərlə məşğul olur. İctimai və sosial layihələrdə fəal iştirak edən uşaqlar öz inkişafları naminə müəyyən münasibət qurur və cəmiyyətin faydalı üzvünə çevrilmək üçün lazımi keyfiyyətlər qazanırlar.

Fatma Yusifova Gəncədə də belə bir Kəndin fəaliyyət göstərdiyini yada saldı. Dedi ki, assosiasiyanın milli ofisinin pedaqoqu Gültəkin Allahverdiyeva tez-tez bu şəhərdəki SOS Uşaq Kəndinə gedir, sakinlərin sosial şəraiti, təhsil problemləri ilə maraqlanır, çətinliklərin aradan qaldırılması üçün köməyini əsirgəmir. Xatırladaq ki, Gəncə SOS Uşaq Kəndinin yaradılması təşəbbüsü 2001-ci il iyunun 27-də ümummilli lider Heydər Əliyevin "SOS Kinderdof İnternational" təşkilatının prezidenti Helmut Kutinlə görüşü zamanı irəli sürülmüşdü. Təməlqoyma mərasimi 2002-ci ilin mayında keçirilmiş, 2004-cü ilin sentyabrında kəndin tikintisinə başlanmışdı. Hazırda burada 14 ailə evi var.

Bakı SOS Uşaq Kəndində olarkən bizi buradakı uşaq bağçası və stomatoloji kabinetin işi ilə də tanış etdilər. Uşaq bağçası Təhsil Nazirliyinin tədris planı əsasında fəaliyyət göstərir və 2003-cü ildən etibarən "Addım-addım" texnologiyasını tətbiq edir. Bağçada peşəkar pedaqoji məsləhətçi heyəti fəaliyyət göstərir, buradakı didaktik materiallar, texniki baza və avadanlıq uşaqların tərbiyəsində mühüm rol oynayır. Balacalara ingilis dili və rəqs dərsləri keçilir, loqopedik xidmətlər göstərilir.

"SOS Uşaq Kəndləri" Azərbaycan Assosiasiyası Uşaq Kəndlərində valideyn himayəsindən məhrum olan balacalara qayğı göstərməklə yanaşı, digər sosial layihələr də həyata keçirir. "Şən avtobus" layihəsi "bp Şahdəniz" şirkətinin həmsponsorluğu ilə fəaliyyətə başlayıb. "Şən avtobus" dedikdə təkərlər üzərində hərəkət edən sosial mərkəz başa düşülməlidir. Mərkəz müxtəlif məlumatlarla, şən və düşündürücü oyunlarla zəngin olan, eyni zamanda bu oyunları istənilən məkanda keçirə bilən heyət tərəfindən idarə olunan mikroavtobusdur. Şəhər daxilində istənilən ünvanlara üz tutan "Şən avtobus" komanda olaraq müxtəlif ehtiyaclı uşaqlara kömək göstərməkdədir. Uşaq hüquqları, HİV/AİDS-in qarşısının alınması və digər mövzular ətrafında məlumatların uşaqlara çatdırılması layihənin başlıca məqsədlərindəndir. "Şən avtobus"un yay tətili zamanı Azərbaycanın bir çox guşələrinə səfərlərində yığılan ianə, sponsorların ayırdığı vəsait müxtəlif əyləncələrə, karnavallara və digər tədbirlərin təşkilinə yönəldilir.

Uşaq İnkişaf Mərkəzi 2006-cı ildə Bakı SOS Uşaq Kəndinin nəzdində yaradılmışdır. Layihənin əsas məqsədi Kəndin yaxınlığında yaşayan aztəminatlı ailələrdən olan uşaqların maraqlarını nəzərə almaqla onların sosial vərdişlərini artırmaq, rəsm, rəqs, ekologiya, ingilis dili dərslərinin və digər praktik məşğələlərin tədrisini həyata keçirməkdir. Pedaqoqlar il boyu uşaqlar üçün maraqlı ekskursiyalar təşkil edir, bayram tədbirləri hazırlayır, intellektual yarışlar keçirirlər.

Bakı və Gəncə stomatoloji mərkəzləri 2006-cı ildə hər iki Uşaq Kəndinin nəzdində "Üfüq" xeyriyyə cəmiyyəti ilə əməkdaşlıq nəticəsində yaradılıb. Layihələrin əsas məqsədi Uşaq Kəndlərində yaşayan və hədəf qrupuna daxil olan uşaqların müayinə və müalicəsini həyata keçirmək, onları maarifləndirməkdir. Bu mərkəzlərdə çalışan həkimlər ətrafda yaşayan məcburi köçkün və aztəminatlı ailələrdən olan uşaqların oxuduğu məktəblərdə, yaşadıqları yataqxanalarda, internat və uşaq evlərində maarifləndirmə işini həyata keçirirlər.

Sadalanan layihələrin reallaşdırılmasında imkanlı insanların, biznes strukturlarının köməyinə də ehtiyac duyulur və "SOS" Uşaq Kəndində onların yolunu səbirsizliklə gözləyirlər.

"SOS Uşaq Kəndləri" Azərbaycan Assosiasiyası "SOS Kinderdof İnternational" humanitar təşkilatının üzvüdür. Məlumat üçün deyək ki, bu təşkilat valideyn himayəsindən və qayğısından məhrum olan uşaqları irqindən, milliyyətindən və dinindən asılı olmayaraq, daimi yaşayış yeri ilə təmin edir, onları müstəqil həyata hazırlayır. Təşkilatın yaradıcısı Herman Qmayner 1919-cu il iyunun 23-də Avstriyanın kiçik Alberşvende qəsəbəsində anadan olub. Herman 9 uşaqlı sadə Qmaynerlər ailəsinin beşinci övladı idi. Onun beş yaşı olanda anası Anjelika vəfat edir və evin qayğıları 16 yaşlı böyük bacının - Elzanın üzərinə düşür. Uşaqlara olan sevgi Hermanı İkinci Düna müharibəsi nəticəsində valideynlərini itirmiş yüzlərlə uşaq haqqında düşünməyə vadar edir. O yaxşı başa düşürdü ki, bu dövrdə bütün Avropada olduğu kimi, Avstriya da cavan dul qadınlar və kimsəsiz uşaqlarla doludur. O fikirləşirdi ki, bu iki təbəqəni birləşdirmək, özü də bunu bir ev daxilində həyata keçirmək çox gözəl bir iş olardı. Maddi vəziyyəti o qədər də yaxşı olmayan Herman müəyyən qədər məbləğ toplamaq üçün insanlara müraciət edir. Avstriyada uşaqların ailəyə və bioloji olmayan anaya tələbatının vacibliyini əks etdirən yüzlərlə vərəqələr yaymağa başlayan Herman, əslində böyük məbləğ istəmirdi - yalnız bir Avstriya şillinqi kifayət edirdi.

"Dəyirmanın pərlərini hərəkətə gətirən nədir: qüvvə yaratmaq üçün birləşmiş balaca damcılar "...Bu, Herman Qmaynerin kömək umduğu insanlara ünvanladığı bir fikir idi. Gözlənilən reaksiya alınır. 1949-cu ildə Avstriyanın kiçik İmst şəhərində ilk SOS Uşaq Kəndi yaradılır. Daha sonra Vyetnamda, Hindistanda, Latın Amerikasında, Orta Şərq ölkələrində, Afrikada və digər yerlərdə də bu cür kəndlərin əsası qoyulur. Hazırda "SOS Kinderdof İnternational" təşkilatının dünyanın 132 ölkəsində 1680-dən çox SOS layihəsi (Uşaq Kəndləri və digər əlaqəli layihələr: Bağçalar, Gənclik Evləri, Məktəblər, Tibb Mərkəzləri, Sosial Mərkəzlər və s.) fəaliyyət göstərir. Herman Qmayner 1986-cı ildə vəfat edir. "Əzab çəkən uşaqların atası" ömrünün 65-ci baharında müxtəlif orden və medallarla təltif olunmuşdu. Herman Qmayneri əvəz edən onun yardımçısı avstriyalı Helmut Kutin oldu. Maraqlıdır ki, Hurmut İmst Uşaq Kəndində böyüyüb boya-başa çatmışdı. "SOS Kinderdof İnternational" təşkilatı YUNESKO ilə sıx əlaqədə çalışır və BMT-nin sosial-iqtisadi şurasının reyestrinə daxildir.

SOS Uşaq Kəndi müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olmuş uşaqlara müstəqil həyata atılana qədər, eləcə də lazım gəldiyi təqdirdə, bioloji ailələri ilə yenidən qovuşanadək qısa və orta müddətli ailə əsaslı qayğını təmin edən bir konsepsiyadır.

SOS Uşaq Kəndinin sakinləri ilə paytaxtın, region şəhərlərinin məhəllələrində, yaxud respublikanın hansısa kəndində yaşayan uşaqları müqayisə etməyə cəhd göstərsəniz, üstünlüyün kimin tərəfində olduğunu əvvəlcədən demək çətindir. Burada uşaqlar öz Analarının yanında qartal balası təki məğrur, spartalı kimi igid, amazonkalar kimi cəld və hər bir azərbaycanlı balası kimi, cəsur, namuslu və həssas övlad olaraq böyüyür, boy atırlar. Qarşıda isə onları bütün Azərbaycan uşaqları kimi perspektivli həyat gözləyir. Böyük həyatın astanasında büdrəməmək, əyilməmək və bütöv insan kimi formalaşmaq üçünsə SOS Uşaq Kəndlərində hər cür imkan və şəraitin olmasına şübhə yoxdur.

 

 

Akif CABBARLI

 

Azərbaycan.-2009.-24 yanvar.-S.5.