Opera fədaisi
M.F.Axundov adına kitabxanada Üzeyir bəy Hacıbəyovun ədəbi irsini gözdən keçirirdim. Dahi bəstəkarın məqalələrinin birində Əbdülqabi Zülalovun adı ilə rastlaşdım. Üzeyir bəy Qafqaz musiqiçiləri arasında böyük nüfuzu olan Əbdülqabi Zülalov haqqında yazırdı: "tarzən Sadıqcanların, xanəndə Əbdülqabilərin adları və sədaları Qafqazın hər yerində məşhur olub və ad qazanmışdır".
Bu yaxınlarda təsadüfən oxuduğum yeni bir nəşrdə isə Üzeyir Hacıbəyovun çox dəyərləndirdiyi Əbdülqabi nəsli haqqında maraqlı bilgilər əldə etdim.
Yüksək çap üsulu ilə hazırlanan bu kitab 2008-ci ildə "Nurlan" nəşriyyatında işıq üzü görüb. Tarix elmləri namizədi, dosent Şubay Nuruzadənin redaktoru olduğu əsərə xalq artisti, professor Arif Babayev və tarix elmləri namizədi dosent Səmayə Mustafayeva rəy verib.
Zemfira Zülalovanın müəllifi olduğu "Azərbaycan milli operasının fədaisi" adlı bu əsər opera səhnəsinin görkəmli şəxsiyyətlərindən olan əməkdar artist Əli Zülalovun həyat və fəaliyyətinə həsr edilib. "Şərqin konservatoriyası" adlanan Şuşada dünyaya göz açan Əli Zülalovun uşaqlıq, gənclik illəri ilə yanaşı, sənətə gəlişi də bu əsərdə geniş şərh edilib. Əsərin müəllifi Əbdülqabi nəsli ilə yanaşı Şuşanın tarixindən və görkəmli musiqişünas şəxsiyyətlərdən də söhbət açır, onlar haqqında oxuduqlarını, bildiklərini və gördüklərini diqqətə çatdırır. Müəllif yazır ki, Əli Zülalov Əbdülqabinin doğmaca qardaşı oğludur. Zemfira xanım da Əli Zülalovun övladıdır və o, atasının sənətdəki uğurları üçün Üzeyir Hacıbəyovun xeyirxahlığını dönə-dönə qeyd edir. Milli operamızın banisi olan dahi Üzeyir bəyin xeyir-duası ilə sənətə gələn Əli Zülalov himayədarının ən sevimli tələbələrindən olub.
Zemfira xanımın yazdığına görə hətta Üzeyir bəy "Leyli və Məcnun" operasında Leylinin atası, "Koroğlu" operasında isə Ehsan paşa obrazını şəxsən Ə.Zülalovu nəzərdə tutaraq yazmışdır. Aktyor da öz növbəsində bu obrazları çox məharətlə yaradaraq müəlliminin etimadını doğrutmuşdur.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti on günlüyü isə Əli Zülalovun həyatına daha bir iz saldı. O, Müslüm Maqomayevin "Nərgiz" operasındakı Molla Mütəllim roluna görə "Şöhrət nişanı" ordeni ilə təltif edilmişdir. İslam dininin adət-ənənələrini yaxşı bilən Ə.Zülalov bu obrazı xüsusi bir məharətlə yaratmışdır ki, bu da Stalinin diqqətindən yayınmamışdır. Görkəmli bəstəkar Fikrət Əmirov isə bu istedadlı sənətkar haqqında xatirələrində belə yazıb: "...Azərbaycan Dövlət Opera və Balet Teatrının aparıcı aktyoru, solist Əli Zülalov gözəl səsi, səhnə mədəniyyəti və davranışı ilə hər zaman gənclərə nümunə olmuşdur".
Əli Zülalov xoşbəxt insan idi. O yalnız
səhnədə deyil,
həyatda da, ailədə də çoxlarına nümunə
olmuşdu. Üç qız atası
olan Əli müəllimin nə qədər çox işi, məşqləri,
qastrol səfərləri
olsa da, övladlarının təhsili,
tərbiyəsi hər
an onun diqqətində
idi.
Böyük qızı Elmira Azərbaycan
Dövlət Konservatoriyasını
bitirərək uzun illərdir ki, musiqi təhsili ilə məşğuldur. Ortancıl qızı
Solmaz hüquq elmləri namizədidi, uzun illərdir ki, ədliyyə, prokurorluq orqanlarında çalışır.
Kiçik qızı Zemfira Zülalova isə (bu kitabın müəllifi) 1963-cü ildə
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1975-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alaraq ömrünü gənc nəslin təlim-təhsilinə bağlayıb.
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin "Fəlsəfə"
kafedrasında işləyir.
Zemfira xanım bir jurnalist kimi yaradıcılıqla da məşğuldur. Azərbaycan milli operasının
fədailərindən biri
olan Əli Zülalov haqqında bu kitabı yazmaqla bir tərəfdən
övlad kimi atasına, onun şəxsiyyətinə, sənətinə
olan məhəbbətini
bildirmək istəmiş,
digər tərəfdən
də bu sənətkarı oxuculara
yenidən tanıtmışdır.
Hər iki halda böyük
və səmərəli
fəaliyyət göstərmişdir.
Q.Quliyeva
Azərbaycan.- 2009.- 24 yanvar.- S. 6.