Ölkə iqtisadiyyatı yüksəldikcə sosial məsələlər daha uğurla icra olunur

 

İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, siyasi hakimiyyətin müəyyən zaman intervalında əldə etdiyi uğur və nailiyyətləri şərtləndirən başlıca amil məhz sosial məsuliyyət prinsipidir. Cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirən hakimiyyət komandası xalqa layiqli xidmət məramını əsas tutmaqla, ölkənin bütün mövcud resurslarını qarşıya qoyduğu strateji məqsədlərin gerçəkləşdirilməsi naminə səfərbər edir, siyasətində hər bir fərdin maraq və mənafeyini nəzərə almağa çalışır. Fəaliyyətini hər zaman ictimai inam və etimadı doğrultmaq məramı üzərində quran, hakimiyyətin mütəmadi olaraq gördüyü işlərlə bağlı xalqa hesabat verməsini idarəçilikdə mütərəqqi ənənə kimi dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev də məhz fenomenal liderlik keyfiyyətləri sayəsində respublikamızı qısa müddətdə bütün sahələrdə sürətli inkişaf yoluna çıxarmışdır.

 

Azərbaycan Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini bir daha təsdiqləmişdir. 2008-ci ildə xalqın iradəsi ilə ikinci müddətə Azərbaycan Prezidenti seçilmiş cənab İlham Əliyev ötən il respublikanın sosial-iqtisadi, siyasi-hüquqi və mədəni sahələrdə inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirmiş, nəticədə ölkənin iqtisadiyyatında dinamik iqtisadi artım tempi qorunub saxlanılmışdır.

Ötən ilin yekunları bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda sosial məsələlərin həllinin daim diqqət mərkəzində olduğunu, hakimiyyətin fəaliyyətində sosialyönümlü layihələrin dominatlıq təşkil etdiyini bir daha təsdiqləyir. Bazar iqtisadiyyatı ilə sosial müdafiənin belə uğurlu kombinasiyası qazanılan bir çox uğurların əsasını təşkil edən əsas amillərdəndir. 2008-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclər əhəmiyyətli dərəcədə artmış, büdcədən maliyyələşən əksər dövlət strukturlarında məvaciblər yüksəlmiş, yoxsulluğun, işsizliyin aradan qaldırılması istiqamətində əhəmiyyətli nəticələr əldə olunmuşdur. Nazirlər Kabinetinin iclasında səslənən bir sıra rəqəmlər inkişafın əyani təcəssümü olmaqla respublikamızın dinamik inkişaf yolunda olduğunu təsdiqləyir: 2008-ci ildə ölkənin strateji valyuta ehtiyatlarının həcmi 18 milyard manata yüksəlmiş, ÜDM-in adambaşına düşən gəlirləri ötən illə müqayisədə 36,2 faiz artaraq 2343 manat, orta aylıq əməkhaqqı 335 dollar təşkil etmiş, orta aylıq pensiyalar 100 manat olmuşdur. Bu dövrdə əhalinin sərəncamında 18 milyard manat və ya ötən ildəkindən 42 faiz çox vəsait qalmışdır. 2003-cü il ərzində əhalinin adambaşına düşən gəlirləri inflyasiyanın səviyyəsini 11,3 faiz üstələdiyi halda, 2008-ci ildə 15,4 faiz üstələmişdir. Həyata keçirilmiş genişmiqyaslı tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2008-ci ildə 13,2 faizə enmişdir. Milli iqtisadiyyat nəinki öz tarazlığını qorumuş, hətta qeyri-neft sektoru tarixdə ən yüksək - 16 faizə qədər artım sürəti nümayiş etdirmişdir. Qlobal amillərin, o cümlədən daxili siyasətin nəticəsində inflyasiya səviyyəsi proqnozlaşdırılan səviyyədən aşağı - 20 faiz olmuş, iqtisadiyyata kredit qoyuluşu 46 faiz, əmanətlər 32 faiz artmışdır.

Nazirlər Kabinetinin iclasında dərin məzmunlu nitq söyləyən dövlət başçısı İlham Əliyev 2008-ci ildə sosialyönümlü məsələlərin iqtisadi siyasətdə prioritet əhəmiyyət kəsb etdiyini demişdir. "Biz öz sosial siyasətimizi bundan sonra da uğurla davam etdirəcəyik. Bütün sosial proqramlar icra olunur. 2008-ci ildə minimum əməkhaqqı və minimum pensiyaların baza həddi 50 faiz artırılmışdır və indi Azərbaycanda orta əməkhaqqı 335 dollar, orta pensiya 120 dollar səviyyəsindədir. Bu, yaxşı göstəricidir. Ancaq əlbəttə ki, növbəti illərdə bizim iqtisadiyyatımız artdıqca, bütün sosial məsələlər daha da uğurla icra olunacaqdır. Ünvanlı sosial yardım proqramı uğurla icra edilir və 2009-cu ildə davam etdirilməlidir. Bütövlükdə, 2009-cu ilin vəzifələri haqqında biz hələ danışacağıq. Amma bütövlükdə, demək istəyirəm ki, 2009-cu ildə bütün sosial proqramlar yüksək səviyyədə icra edilməlidir və əminəm ki, belə də olacaqdır" - deyən dövlət başçısı ötən il dünyanı sarsıdan qlobal iqtisadi böhranın Azərbaycana ciddi təsir göstərməməsini də uğurlar sırasında xüsusi qeyd etmişdir.

Bölgələrin inkişafındakı fərqi mümkün qədər azaltmaq, bu sahədə balansa nail olmaq, qeyri-neft sektoruna, sahibkarlığa dəstək vermək 2008-ci ildə də Azərbaycan Prezidentinin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri olmuşdur. Cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, məhsuldar qüvvələrin proporsional yerləşdirilməsi təmin olunmadığı halda, ölkədə hər hansı inkişafdan, tərəqqidən söhbət gedə bilməz. Ötən il icrası uğurla yekunlaşmış regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı bu inkişafdakı kəskin fərqi aradan qaldırmaq baxımından əlahiddə əhəmiyyətli sənəd olmuşdur. Proqram çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumilikdə 2003-ci ildən bugünədək 766 min yeni iş yeri açılmışdır və bunun da 548 mini daimidir. 2008-ci ildə 120 mindən çox yeni iş yerinin açılması da ümumilikdə ölkədə qeyri-neft sektoruna göstərilən yüksək diqqət və qayğının nəticəsidir. Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin iclasında regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının uğurla başa çatdırıldığını vurğulamışdır: "Kənd təsərrüfatı, sənaye istehsalı sahəsində böyük nailiyyətlər var. Azərbaycanda yeni, böyük müəssisələr açılır. 2008-ci ildə Bakıda və bütün bölgələrdə yeni müəssisələrin açılışında iştirak etmişdik. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla başa çatıbdır. 2004-cü ilin əvvəlində qəbul edilmiş proqram tam şəkildə yerinə yetirilib və proqrama o vaxt nəzərdə tutulmamış bir çox məsələ əlavə olunub və uğurla icra edilibdir. Proqramın icrası nəticəsində ölkə iqtisadiyyatı şaxələndirilib, bütün bölgələrdə yeni infrastruktur layihələri həyata keçirilib, iş yerləri açılıbdır, yeni müəssisələr fəaliyyətə başlayıbdır".

Regionların tarazlı inkişafı, əyalətlərdə yeni iş yerlərinin açılması, sosial-infrastrukturun yeniləşdirilməsi, yerlərdəki problemlərin aradan qaldırılması məqsədilə imzaladığı sənədlərin icrası vəziyyəti ilə tanış olmaq, sıravi insanlarla ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı olaraq Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən ardıcıl səfərlər də ötən il cənab İlham Əliyevin fəaliyyətinin üstün istiqamətlərindən biri olmuşdur. Bu səfərlər çərçivəsində dövlət başçısı həm də bir sıra mühüm infrastruktur layihələrinin açılış mərasimində iştirak etmişdir.

Şübhəsiz, hər bir dövlətin davamlı və sabit inkişafının ümdə şərtlərindən biri də onun lazımi infrastruktura malik olmasıdır. Bütün sahələrdə yeniləşən Azərbaycan da hazırkı yüksək inkişaf mərhələsində sovetlər birliyi dövründən qalmış yararsız infrastrukturla, təbii ki, böyük iqtisadi uğurlar əldə edə bilməz. İnfrastrukturun yeniləşdirilməsi insanların firavan və rahat yaşayışı, sahibkarlığın dinamik inkişafı ilə yanaşı, bu gün həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir. Əgər 2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin maliyyələşdirilməsinə 600 milyon manat ayrılmışdısa, 2007-ci ildə bu rəqəm 1,5 milyard, 2008-ci ildə 4,3 milyard, 2009-cu ildə 5,6 milyard vəsait ayrılmışdır. Ötən il bu məqsədlə ayrılmış vəsaitlər regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş məqsədlərin gerçəkləşdirilməsinə, ilk növbədə, infrastrukturun yeniləşdirilməsinə yönəldilmişdir. 2008-ci ildə bölgələrdə genişmiqyaslı tikinti-abadlıq, sosial-mədəni quruculuq işlərinin həyata keçirilməsi, yolların abadlaşdırılması, eyni zamanda, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi məqsədilə yeni körpülərin, yolayrıcılarının, yeraltı keçidlərin tikintisi, mədəniyyət və incəsənət abidələrinin bərpası, yeni məktəblərin, səhiyyə ocaqlarının inşası və digər mühüm tədbirlər məhz investisiya xərclərinin artırılması sayəsində mümkün olmuş, görülən tədbirlər, ilk növbədə, ölkə vətəndaşlarının firavan yaşayışına xidmət etmişdir.

2008-ci il Azərbaycan üçün eyni zamanda, mühüm enerji-kommunikasiya layihələrinin həyata keçirilməsi ilə yaddaqalan olmuş, respublikamızın Avropanın enerji təhlükəsizliyindəki rolu artmışdır. Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində Azərbaycan bu gün regionda hansısa ölkədən enerji asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəməyə qadir yeganə respublika kimi çıxış edir. Dövlət başçısının enerji siyasətinin məqsədi Azərbaycanın dünya bazarına çıxışını artırmaq, həmin bazarlar üçün alternativ mənbə yaratmaq, habelə dünya bazarına çıxışın şaxələndirilməsini təmin etməkdən ibarətdir. Nazirlər Kabinetinin iclasında cənab İlham Əliyev bununla bağlı demişdir: "Qazı idxal edən Azərbaycan bu gün qazı ixrac edir və bizdən qaz almaq istəyən tərəflər artır. Əgər 2007-ci il üçün bizə elan edilmiş qiymət 235 dollar idisə, - baxmayaraq ki, həmin il üçün Ermənistana təklif olunan qiymət 110 dollar idi, - indi təsəvvür edin ki, 2009-cu ilə bizə hansı qiyməti oxuyacaqdılar. Ən azı, - yəni, mən belə hesab edirəm, - 1000 kubmetr qaza 450, bəlkə də 500 dollar! Nəzərə alsaq ki, əgər biz burada əməli, praktik işlərə başlamasaydıq və vaxtlı-vaxtında bunları etməsəydik, - burada mən xüsusilə neft şirkətinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm, - bizim artan tələbatımız, ehtiyacımız 4 milyard 500 kubmetr yox, bəlkə 5 milyard, 6 milyard kubmetr olacaqdı. Onu da 500 dollara vuranda, Azərbaycan bu gün ancaq idxal qazına 2,5-3 milyard dollar pul ödəməli idi. Bax budur, bizim gördüyümüz işlər və indi Azərbaycan özünü tamamilə qazla təmin edir, qazlaşdırma prosesi gedir, qazlaşdırılmayan rayonlar yoxdur".

Nazirlər Kabinetinin iclasında açıqlanan məlumatlardan bu da məlum olmuşdur ki, Azərbaycan 2009-cu ildə də qlobal maliyyə böhranından uğurla çıxmaq, dinamik iqtisadi inkişafı qoruyub saxlamaq əzmindədir. Cari ilin dövlət büdcəsi qarşıya qoyulmuş bütün məqsədləri ardıcıl və sistemli şəkildə reallaşdırmağa imkan verir. Azərbaycan Prezidenti 2008-ci ilin yekunlarına həsr olunmuş müşavirədə ötənilki prezident seçkilərinə də toxunmuş, xalqın əməli fəaliyyətə söykənən siyasətə səs verdiyini demişdir. Ümumiyyətlə, ötən ilin yekunlarına həsr olunmuş iclasda səslənən fikirlər, açıqlanan iqtisadi göstəricilər ölkəmizin 2008-ci ildə uğurlu inkişaf yolu keçdiyini təsdiqləmişdir. Ölkə başçısının rəhbərliyi altında həyata keçirilən antiböhran tədbirləri isə bu uğurların cari ildə daha geniş miqyas alacağını əminliklə söyləməyə əsas verir.

 

 

S.Elmanoğlu

 

Azərbaycan.-2009.-25 yanvar.-S.1.