"Cənab Həqiqət" Məhəmməd Hüsni Səid Mübarək

 

 Onu ərəb dünyasının boz kardinalı sayırlar

Onu qədim fironlar məmləkəti olan Misirin müasir siyasətinin fironu kimi qəbul edirlər...

O, ən çətin və təlatümlü dövrlərdə özünün hərbçi nüfuzunu, siyasətçi imicini qorumuş, ən əsası isə ölkəsinin müasir dünyadakı yerini və rolunu daim yüksəltmişdir...

O, ərəb dünyasının birliyi uğrunda böyük cəfakeşdir, həm də ərəblərin dünyada sivil təfəkkürlü və novator insanlar kimi qəbul edilməsinin əsas təbliğatçılarındandır...

O, 28 ildir hakimiyyətdədir və hələ uzun illər də dövlətinə və xalqına, ərəb dünyasına xidmət etməyə hazırdır...

Yaxın Şərq, ərəb dünyası və Afrika bu gün onun mövcudluğu olmadan təsəvvür edilmir...

O, Peyğəmbərin adını daşıyır, ölkəsində "Cənab Həqiqət" kimi tanınır, dünyada məharətli diplomat kimi qəbul edilir, ancaq həmişə öz sadə adı - Məhəmməd Hüsni Səid Mübarək ismi ilə çağırılmağını üstün tutur!..

 

İnadkar şagird

 

Özünü ərəb dünyasının lideri kimi təqdim edən Misir bu gün təkcə Afrikanın yox, həm də Şərqin ən aparıcı dövlətləri sırasında yer alır. Bunun əsas səbəblərindən biri də Misirin hazırkı Prezidenti Hüsni Mübarəkin ölkə daxilində və xaricdə həyata keçirdiyi siyasətdir. Misir xalqı tərəfindən müdrik lider kimi qəbul edilən Mübarək peşəkar hərbçi olmaqla yanaşı, xarici və daxili siyasət məsələlərində də uzaqgörənliyi ilə seçilir.

Tam adı Məhəmməd Hüsni Səid Mübarək olan Misir Prezidenti 1928-ci il mayın 4-də kiçik Kəfr əl-Musaylahə kəndində anadan olub. Bu kənd Misirdə əhalinin ən sıx yaşadığı rayonlardan olan Minufiyə qubernatorluğunun Şibin əl-Kum vilayətində yerləşir. Minufiyə bir çox dövlət xadimlərinin, o cümlədən Misirin üçüncü Prezidenti Ənvər Sədatın dünyaya gəldiyi əyalətdir.

Hüsni Mübarəkin atası Səid İbrahim Mübarəkin əsas gəliri malik olduğu kiçik torpaq sahəsindən idi və o, eyni zamanda, dairə məhkəmə mərkəzində məmur kimi çalışırdı. Səid İbrahim Mübarək daha sonra 20 ilə yaxın Şibin əl-Kumda quberniya məhkəməsində işləyib. 1952-ci ildə baş verən inqilabdan sonra isə ölkənin gələcək Prezidentinin atası Misir Ədliyyə Nazirliyində müfəttiş vəzifəsinə təyin olunub.

Uşaqlığında Hüsni Mübarəkin dostlarının əksəriyyəti fellah (ərəb ölkələrində oturaq əkinçi əhali) uşaqlardan ibarət idi. Orta məktəb təhsilini ilk olaraq o, doğma kəndində alıb. Daha sonra Mübarək təhsilini Şibin əl-Kumdakı orta məktəblərdən birində davam etdirib. Müəllimlərinin bildirdiyinə görə, Hüsni Mübarək hələ məktəb illərində əməksevərliyi və inadkarlığı ilə yaşıdlarından fərqlənirdi. Onun ərəb dili müəlliminin dediyinə görə, Mübarək ev tapşırıqlarını asanlıqla yerinə yetirməsi və idmanla məşğul olması baxımından da həmyaşıdlarından seçilirdi. Uşaqlığında ən sevimli məşğuliyyətlərindən biri də otüstü hokkey idi. Onun məktəb yoldaşları isə xatırlayırlar ki, Mübarək verilən bütün tapşırıqlara daim böyük məsuliyyətlə yanaşıb. Mübarəki fərqləndirən digər bir cəhət isə ərəb dili və tarix fənlərini şagird yoldaşlarından daha yaxşı mənimsəməsi olub.

 

Hərbi təyyarəçi

 

Mübarəkin atası oğlunun Qahirə Universtitetində təhsil almasını və müəllim olmasını istəyirdi. Ancaq Hüsni Mübarək orta məktəbi qurtardıqdan sonra ölkənin ən nüfuzlu ali məktəblərindən biri olan Qahirədəki Misir Hərbi Akademiyasna sənədlərini verdi və ilk ali hərbi təhsilinə burada yiyələndi. 1949-cu ilin fevralında hərbi akademiyanı qurtardıqdan sonra leytenant rütbəsi alan Mübarək aparılan növbəti ciddi seçimdən sonra Hərbi Hava Akademiyasına qəbul edildi. Bütün diqqətini təhsilə yönəldən Mübarək elə birinci kursda akademiyanın qərargah rəisinin köməkçisi seçildi.

Tələbə yoldaşlarının bildirdiyinə görə, Mübarək həmin illərdə heç vaxt siyasətə qarışmır, spirtli içkilərdən, siqaretdən uzaq durur və çox yaxşı oxuyurdu. 1951-ci ildə Hərbi Hava Akademiyasını qurtardıqdan sonra Heluanda Qırıcı Eskadrilyasında xidmətə başlayır, daha sonra isə bombardmançı aviasiya alayına köçürüldü.

Misir Hərbi Hava Qüvvələrində Mübarəkin karyerası "Azad Zabitlər" hərəkatı tərəfindən 1952-ci ilin iyulunda həyata keçirilən dövlət çevrilişindən sonra da davam etdi. Monarxiyanın devrilməsilə nəticələnən bu hərəkata Misirin gələcək prezidentləri Məhəmməd Naqib, Camal Əbdül Nasir və Ənvər Sədat da daxil idilər. Çevrilişdən sonrakı 7 il ərzində Mübarək Hərbi Hava Akademiyasında dərs deyirdi. Onun tələbələri arasında Suriyanın gələcək Prezidenti Hafiz əl-Əsəd də var idi. O, 1956-cı ilin oktyabrında Misir üçün çox uğursuz olan Böyük Britaniya, Fransa və İsrailə qarşı hərbi əməliyyatlarda da iştirak edib.

 

SSRİ-də hərbi təcrübə

 

1959-cu ildə isə Mübarək İl-28 bombardmançı təyyarələrinin idarə edilməsini təkmilləşdirmək üçün SSRİ-yə təcrübə keçməyə göndərilir və bunu Qırğızıstanda yerləşən Tokmak hərbi məktəbində həyata keçirir. Misirə qayıtdıqdan sonra 31 yaşlı Mübarək aviasiya alayının komandiri təyin olunur. 1962-1963-cü illərdə Misir hərbi kontingentinin tərkibində Yəməndə vətəndaş müharibəsində iştirak edir və burada bombardmançı eskadrilyaya rəhbərlik edir.

1964-cü ilin martından 1965-ci ilin aprelinə kimi Moskvada Frunze adına Hərbi Akademiyada qərargah təlimləri kursunu keçir və Tu-16 uzaq bombardmançı təyyarələrinin uçuş sirlərinə yiyələnir. SSRİ-dən qayıtdıqdan sonra Qahirənin qərbində yerləşən aviabazanın komandiri təyin edilir. Lakin həmin vaxt İsraillə münasibətlərin kəskinləşməsi və aparılan hərbi əməliyyatların nəticələri Misir aviasiyası üçün çox acınacaqlı olur. Belə ki, 1967-ci ilin iyun ayında İsraillə başlanan altıgünlük müharibədən sonra Misirin Hərbi Hava Qüvvələri praktiki olaraq məhv edilir. 3 saat ərzində 300-ə yaxın Misir hərbi təyyarəsi İsrail aviasiyası tərəfindən sıradan çıxarılır.

Vəziyyəti nəzərdən keçirən Misir rəhbərliyi tərəfindən Hərbi Hava Qüvvələrində müəyyən kadr islahatları aparılır. Bu islahat çərçivəsində professional hərbi təyyarəçi olan Mübarək Hərbi Hava Akademiyasının direktoru təyin edilir və ona hərbi təyyarəçilərin hazırlıq müddətini 4 ildən 2 ilə qədər azaltmaq tapşırılır. Hərbi Hava Akademiyasının direktoru vəzifəsində də özünü doğruldan Mübarək 1969-cu ildə Misir Hərbi Hava Qüvvələrinin qərargah rəisi təyin edilir. 1972-ci ilə qədər bu vəzifəni icra edən Mübarək həmin ildə özünün də dediyi kimi, gözlənilmədən Prezident Ənvər Sədat tərəfindən Hərbi Hava Qüvvələrinin komandiri və müdafiə nazirinin müavini vəzifəsinə gətirilir. Bu vəzifədə Mübarək ölkənin Hərbi Hava Qüvvələrinin yenidən qurulması prosesinə rəhbərlik edir.

 

"Mühakimə günü"ndən başlanan yeni şöhrət

 

Mübarək tarixdə daha çox "Mühakimə günü" müharibəsi kimi qalan 1973-cü ilin oktyabrında İsrailə qəfil hücum planının müəlliflərindən biridir. Həmin vaxt həyata keçirilən uğurlu əməliyyat nəticəsində Misir ordusu Süveyş kanalından şərqə doğru olan ərazilərin bir hissəsini geri qaytara bildi. Müharibənin sonrakı gedişində İsrail təşəbbüsü ələ alsa da, Misir aviasiyasının uğuru Mübarəkə milli qəhrəman şöhrəti gətirdi. Həmin vaxt keçmiş SSRİ-nin proseslərə müdaxiləsi də Misirin mövqeyini gücləndirdi.

"Mühakimə günü"ndə yekun nəticə o idi ki, Misir aviasiyası özünü doğrultmuş və əməliyyatın ilk mərhələsində İsrail Hərbi Hava Qüvvələrini iflic vəziyyətə sala bilmişdi. Əməliyyatın nəticəsi olaraq Mübarək aviasiyanın baş marşalı rütbəsini aldı və Misirin ən ali hərbi mükafatı olan birinci dərəcəli "Sinay ulduzu" mükafatına layiq görüldü. 1974-cü ildə isə Misir Silahlı Qüvvələrində general-leytenant rütbəsi aldı.

Növbəti ilin aprelində isə Ənvər Sədat tərəfindən Misirin vitse-prezidenti təyin olundu. Ənvər Sədat Mübarəki bu vəzifəyə təyin etməsinin səbəblərini belə izah edirdi: "Mən onu özümə ona görə müavin etməmişəm ki, o, təyyarəçi və ya Hərbi Hava Qüvvələrinin komandiridir. Mübarək ona görə müavin seçilib ki, o, əsl misirlini təcəssüm etdirir, mətanətinə, gücünə və təcrübəsinə görə o, Misir döyüşçüsüdür. Daim həyatını risk altına ataraq bizi müdafiə etməkdən ötrü ölümə gedə bilər". Ancaq tarixçilərə görə, Mübarəkin vitse-prezident vəzifəsinə təyin edilməsinin səbəbləri sırasında əsas yeri onun siyasətlə bağlı olmaması, nöqsansız reputasiyası və ordudakı nüfuzu mühüm yer tuturdu.

Ənvər Sədatın həyat yoldaşı Cihan Sədat isə ərinin seçimini belə izah edirdi: "Mübarəkin hər hansı siyasi ambisiyası yox idi və onun sədaqətinə bel bağlamaq olardı". Məhz elə həmin illərdə o, "Cənab Həqiqət" ləqəbini almışdı.

 

Ordudan siyasətə

 

1978-ci ilin avqustunda Sədat tərəfindən Milli Demokrat Partiyası yaradılanda Mübarək bu partiyanın sədr müavini təyin olundu. Daxili və xarici siyasət məsələlərində o, Sədatın baş köməkçisi idi. 1977-ci ildə İsraillə imzalanan sülh müqaviləsindən və bu səbəbdən Misirin Ərəb Dövlətləri Liqasından çıxarılmasından sonra Mübarək Böyük Britaniyaya, Fransaya, Qərbi Almaniyaya və Yuqoslaviyaya səfər edərək Sədatın İsraillə bağlanmış Kemp-Devid razılaşmasının və 1976-cı ildə SSRİ ilə dostluq haqqında müqavilənin birtərəfli qaydada ləğv edilməsinin əsas səbəblərini izah etməyə başladı.

Bu vaxtlar o, həm də regionda münaqişəli məsələlərin həllində əsas vasitəçi missiyasını yerinə yetirirdi. Vasitəçi qismində Mübarək Qərbi Saharanın gələcəyi barədə Əlcəzair, Mavritaniya və Mərakeş arasında yaranmış mübahisənin həllində mühüm rol oynaya bildi. Məhz onun vasitəçiliyi nəticəsində 1979-cu ildə bu ölkələr arasında müvəqqəti sülh əldə olundu.

Bir məqamı da xatırladaq ki, sonrakı illərdə də Mübarək barışdırıcılıq missiyasını uğurla davam etdirmişdir. Belə ki, 2003-cü ildə İraqda Səddam Hüseyn rejiminin devrilməsindən sonra o, şiələr və sünnilər arasında vasitəçi olub. Ötən ilin dekabrında İsrailin Qəzzədə başladığı hərbi əməliyyatların dayandırılması üçün Mübarək Fransa Prezidenti Nikola Sarkozi ilə birlikdə sülh planı ilə də çıxış edib.

1980-ci ildə isə Mübarək vitse-prezident kimi Misirin polis və xüsusi xidmət orqanları üzərində nəzarəti ələ aldı. 1981-ci ilin yanvarında isə o, Milli Demokrat Partiyasının baş katibi vəzifəsinə seçildi.

 

Sədat öldü! Yaşasın Mübarək!

 

Elə həmin il oktyabrın 6-da keçirilən hərbi parad zamanı Ənvər Sədat radikal islamçılar tərəfindən qətlə yetirildi. Qətli törədənlər Sədatın İsraillə sülh müqaviləsi imzalamasından narazı qaldıqlarını bildirirdilər. Hadisə baş verən zamanı Sədatın cəmi 10 santimetrliyində dayanan Mübarək əlindən yara aldı. Sədatın öldürülməsindən sonra prezidentin səlahiyyətlərini müvəqqəti olaraq parlamentin spikeri Sufi Əbu Talib icra etməyə başladı. Lakin öldürülmüş prezidentin Konstitusiyaya görə əsas varisi Mübarək idi. Həmin vaxt keçirilən referendumda seçicilərin 98,46 faizi Mübarəki dəstəklədi. 1981-ci il oktyabrın 14-də Mübarək Misir Prezidenti seçildi.

Hakimiyyətə gəldikdən dərhal sonra o, Ənvər Sədatın siyasətini davam etdirəcəyini bildirərək, ölkədə indiyə qədər davam edən fövqəladə vəziyyət rejimi tətbiq edir. 1982-ci il martın 15-də isə Mübarək Sədata qəsd edən altı nəfərin ölüm cəzasına məhkum edilməsi barədə hökmə imza atdı. Bu qəsdlə bağlı bir maraqlı məqam da ondan ibarətdir ki, 2006-cı ilin oktyabrında Ənvər Sədatın qardaşı oğlu Təlaat Sədat sensasiyalı bəyanatla çıxış edərək, əmisinə qarşı sui-qəsdin terrorçular tərəfindən yox, Misir generaliteti tərəfindən törədildiyini bildirdi. Lakin dediklərini sübuta yetirə bilməyən Təlaat Sədat həbsə alındı.

 

Yaxın Şərqin aparıcı lideri

 

Prezidentlik illərində Mübarək özünü Yaxın Şərqin aparıcı liderlərindən biri kimi tanıdıb. O, hakimiyyətə gələndə Misir ərəb dünyasından, Qərbi Avropadan, sosialist düşərgəsindən izolyasiya vəziyyətinə düşmüşdü, demək olar ki, bütün qonşu ölkələrlə münaqişə mövcud idi. Lakin Mübarəkin hakimiyyəti illərində Misirin mövqeyi tam dəyişdi. O, beynəlxalq arenada Misirin mövqelərini bərpa edərək gücləndirdi, bütün Avropa ölkələri ilə diplomatik münasibətlər quruldu. 1984-cü ildə isə Mübarək Sədat hökuməti dövründə SSRİ ilə korlanmış münasibətləri yenidən normallaşdıra bildi.

Misir Ərəb Dövlətləri Liqasının tarixində yeganə dövlət olub ki, İsraillə sülh müqaviləsi imzaladığı üçün 1979-cu ildə üzvlükdən məhrum edilmişdi. Ancaq 1987-ci ildə Mübarək Misiri Ərəb Dövlətləri Liqasına qaytara bildi və bu məsələdə ən böyük dəstəyi İraq hakimiyyətindən gördü. Hazırda Misir Ərəb Dövlətləri Liqasının ən aparcı üzvlərindən biridir.

Prezident seçildikdən sonra isə digər ərəb dövlətlərindən fərqli olaraq Mübarək ABŞ-la münasibətlərdə daha çox neytral möqe nümayiş etdirir, nadir hallarda Amerikanın siyasətini tənqid edir və Misirin ABŞ-ın maliyyə yardımından asılı olduğunu yaxşı başa düşürdü. 1983-cü ildə ABŞ-la aparılan danışıqlar nəticəsində Mübarək hər il Amerikanın Misirə 1,3 milyard dollar həcmində hərbi yardım etməsinə nail ola bildi. 1988-ci ildə isə növbəti belə danışıqların birində Misirdə ABŞ-ın M-1A1 "Abrams" tanklarının istehsalına dair razılıq əldə olundu.

 

Müxalifətə qarşı yeni siyasət

 

Mübarək hakimiyyətə gələndən sonra Sədatın müxalifətlə bağlı siyasətinə yenidən baxaraq onu əsaslı surətdə dəyişdi. Müxalif təşkilatlarının yüzlərlə üzvü həbsdən buraxıldı, onlara öz qəzetlərini nəşr etdirməyə icazə verildi. Həmin dövrdə bəzi radikal təşkilatlar dağıdıldı, onların bir sıra üzvləri edam edildi. Təkcə Prezident olduğu ilk ildə Mübarək üç mindən artıq dindarı azadlığa buraxdı, eyni zamanda, bütün radikal islam partiyalarını ləğv etdi.

Buna cavab olaraq 1982-ci ildə radikallar onun barəsində ölüm hökmü çıxardı. 1986-cı ildə özlərini güclənmiş hiss edən radikal dindarlar Misirdə dövlət çevrilişi etməyə cəhd göstərdilər. Lakin özünü qətiyyətlə aparan Mübarək dövlətçiliyin qorunması naminə, radikalların üsyanının güc yolu ilə dağıdılmasına dair göstəriş verdi.

Mübarək ölkədə digər dini azlıqların nümayəndələrinə də münasibəti dəyişdi. İlk olaraq xristian təriqəti olan koptlarla münasibətləri yaxşılaşdırdı, Sədatın ölümündən əvvəl Vadi əl-Natrun bölgəsinə sürgünə göndərdiyi kopt pravoslav kilsəsinin patriarxı III Sanifosu geri qaytardı.

Mübarək Sədat dövründə çiçəklənən korrupsiyaya qarşı da ciddi mübarizəyə başladı. Hətta onun təşəbbüsü ilə keçmiş prezidentin qardaşı və oğullarına, eləcə də bir sıra yüksək çinli məmurlara qarşı məhkəmə prosesi başlandı.

Milli Demokrat Partiyası isə Mübarəkin rəhbərliyi altında daha da gücləndi. 1984-cü ildə keçirilən parlament seçkilərində bu partiya seçicilərin 87,3 faiz səsini topladı. 1987-ci ildə keçirilən parlament seçkilərində də Milli Demokrat Partiyası birinci yerə çıxdı, özü də budəfəki seçkilərdə ilk dəfə olaraq müstəqil namizədlərə də iştirak etməyə icazə verildi. Mübarəkin prezident səlahiyyətləri isə 1987, 1993 və 1999-cu ildə keçirilən referendumlarda uzadıldı. Misir Qanunvericiliyinə əsasən, həmin illərdə Prezidentin namizədliyini parlament irəli sürürdü. Referendumun keçirilməsinə əsas səbəb isə ölkədə radikal islam təhlükəsinin mövcudluğu ilə izah olunurdu.

 

İqtisadiyyatda dönüş

 

Mübarək hakimiyyətinin ilk illərində Misir Sədat dövründə xaricdən aldığı borclar üzündən iqtisadi böhranla üz-üzə idi. Borclar əsas etibarı ilə ABŞ-dan və Beynəlxalq Valyuta Fondundan alınmışdı. Lakin həmin borcların ödənilməsində və ya ləğv edilməsində Mübarəkin həyata keçirdiyi siyasət mühüm rol oynadı.

Həmin vaxtlar İraq Prezidenti Səddam Hüseyni öz ordusunu Küveytdən çıxarmağa razı sala bilməyən Mübarək Fars körfəzində başlanan müharibədə ABŞ-ı dəstəklədi və 1991-ci ildə İraqa 40 minlik Misir hərbi kontingenti göndərdi. ABŞ-ı dəstəklədiyinə görə, mükafat əvəzi olaraq Amerikadan alınan xarici borcunun böyük bir hissəsi - 10 milyard dollardan artıq vəsait Vaşinqton tərəfindən Misirə bağışlanıldı. Bu isə Mübarəkə ölkəsini iqtisadi böhrandan uğurla çıxarmağa imkan verdi.

1980-ci illərdə Mübarəkin daxili iqtisadiyyatda fəaliyyətinin əsas istiqamətini korrupsiya və işsizliklə mübarizə, dava-dərman, istehlak məhsulları istehsalının artırılması və ucuz yaşayış mənzillərinin tikilməsi təşkil edirdi. Ölkədə infrastrukturun inkişafı ilə bağlı bir çox layihələr həyata keçirildi. Afrikada ilk dəfə olaraq Qahirədə fransalı mütəxəssislərin köməyilə metro inşa olundu. İqtisadiyyatın liberallaşdırılmasına isə Mübarək 1992-ci ildə başladı. 1997-ci ildə o, "Yeni vadi" adlı layihəni reallaşdırmağa başladı. Bu layihə Qərbi Sahara ərazisinin suvarılması üçün kanallar sisteminin tikintisini nəzərdə tuturdu. Layihəyə görə, 2020-ci ilə qədər Qərbi Sahara səhrası kənd təsərrüfatı üçün yararlı olan əraziyə çevrilməlidir.

Lakin onu da qeyd edək ki, aparılan iqtisadi islahatlara rəğmən, Misir əhalisi hələ də işsizlikdən və aşağı əməkhaqqından əziyyət çəkir. Elə bu səbəbdən ötən ilin aprelində ərzaq məhsulları və elektrik enerjisinin qiymətləri qalxarkən Misirdə xalq bunu ciddi etirazla qarşıladı. Vətəndaşların vəziyyətini yaxşılaşdırmaq üçün Mübarəkin gördüyü tədbirlərdən biri də əhalinin yüksək artım tempinin qarşısını almaq üçün milli proqramın başlanmasını elan etməsidir.

 

Yeni siyasi islahatlar

 

2005-ci il fevralın 26-da Mübarək parlamentə təklif yollayaraq prezidentin alternativ əsasda seçilməsi üçün Konstitusiyaya dəyişiklik edilməsini təklif etdi. 2005-ci ilin sentyabrında keçirilən prezident seçkilərində isə Mübarək 88,6 faiz səs toplayaraq birinci yerə çıxdı. İkinci yerdə isə müxalif Zaman Partiyasının lideri Ayman Nur gəlirdi. Həmin ilin dekabrında isə o, partiyasının qeydiyyatı zamanı saxta imzalardan istifadə etdiyi üçün 5 il həbs cəzasına məhkum edildi.

2005-ci ilin dekabrında keçirilən parlament seçkilərində isə qələbə qazanan Milli Demokrat Partiyası və hökumət blokuna daxil olan müstəqil deputatlar 444 yerlik parlmentdə 326 yer aldılar. Həmin vaxt müəyyən iğtişaşlar yaransa da, Mübarək bunun qarşısını aldı və 1981-ci ildən Misirdə qüvvədə olan fövqəladə rejimin ləğv ediləcəyinə, bunun əvəzində antiterror qanunvericilyinin tətbiqinə söz verdi. Lakin 2006-cı, daha sonra isə 2008-ci ildə parlament daha iki il müddətinə fövqəladə vəziyyət rejiminin uzadılmasına dair qərar qəbul etdi. 2007-ci il martın 26-da Misirdə keçirilən referendumla Konstitusiyaya yeni dəyişikliklər edildi. Bu dəyişikliklər nəticəsində prezidentin səlahiyyətləri bir qədər də genişləndi və parlamenti buraxmaq proseduru sadələşdirildi.

2006-cı ildə Mübarək Misir ərazisində bir neçə atom elektrik stansiyası tikmək fikrini açıqladı. Ötən ilin martında Rusiyanın sabiq Prezidenti Vladimir Putinlə görüş zamanı bu məsələ ilə bağlı iki ölkə arasında əməkdaşlıq müzakirə olundu. Hələ SSRİ-də hərbi təhsil alarkən Mübarək rus dilini mükəmməl öyrəndiyindən Rusiya rəsmi şəxsləri ilə elə bu dildə danışıb. Rus və ərəb dillərindən başqa o, ingilis dilini də bilir.

 

Altı sui-qəsd cəhdi

 

Mübarək altı dəfə sui-qəsd cəhdinə məruz qalıb. Onlardan ən çox yadda qalanı 1995-ci ildə Efiopiyada edilən sui-qəsddir. Həmin vaxt radikal ekstremist qüvvələr Mübarəkin kortejini atəşə tutmuşdular, nəticədə iki efiopiyalı polis həlak olmuşdu, Mübarəkin özü isə xəsarət almamışdı. Digər yadda qalan sui-qəsd halı isə 1999-cu ildə keçirilən referendum ərəfəsində baş verib. Həmin vaxt ictimai çıxışların birində Mübarəkə bıçaqla hücum edilib, nəticədə Prezident əlindən yaralanıb.

Mübarək iki dəfə 1989-1990 və 1993-1994-cü illərdə Afrika Birliyi Təşkilatının rəhbəri seçilib.

Mübarəkin həyat yoldaşı Suzan Mübarək misirli həkimin və Uellsdən olan tibb bacısının nikahından dünyaya gəlib. Misirin birinci xanımının adı ərəb dünyasında Mübarəkin adından az çəkilmir. Hətta belə bir məşhur deyim də var ki, Hüsni və Suzan Mübarəklər ər-arvad yox, siyasi rəqiblərdir. Düzdür, Suzanın siyasətə qarışması barədə məlumatları Misirin müxalifət mətbuatı yayır, ancaq Mübarək özü dəfələrlə bunu təkzib edib. Ərəb dünyasında Suzan Mübarəki çox vaxt ABŞ-ın keçmiş birinci xanımı, indiki dövlət katibi Hillari Klintonla müqayisə edirlər. Hillari Klinton kimi o da ölkəsində anaların və uşaqların müdafiəsilə bağlı bir çox layihələrə rəhbərlik edir, təhsil və səhiyyə problemlərilə məşğul olur. Bu mövzularla bağlı o, daim Misir televiziyalarında çıxış edir. Elə buna görə də Misirdə çox vaxt onu "Ana Suzan" deyə çağırırlar. Suzan Mübarək bir çox ictimai təşkilatların işində də fəal iştirak edir.

Mübarəkin iki oğlu var. Böyük oğlu Alaa bizneslə məşğuldur və siyasətə qarışmır. Camal Əbdül Nasirin şərəfinə adını qoyduğu kiçik oğlu Camal isə əvvəllər bankir olub. 2000-ci ildən etibarən isə o, Milli Demokrat Partiyasında yüksək postlarda çalışır. Hazırda Camal bu partiyanın siyasi komitəsinə rəhbərlik edir və yeni neoliberal nəslin tərəfdarı sayılır. Artan populyarlığına görə, Misirdə çoxları onu Mübarəkin varisi və növbəti Prezident hesab edir. Lakin bu, həm Prezident, həm də Camalın özü tərəfindən ictimai şəkildə bir neçə dəfə təkzib olunub.

 

Azərbaycan-Misir əlaqələri uğurla inkişaf edir

 

Misir Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb. 1992-ci il aprelin 4-də iki ölkə arasında diplomatik münasibətlərin yaradılması haqqında protokol imzalanıb. 1993-cu ilin aprel ayından Misirin Bakıda və 1994-cu ilin yanvar ayından Azərbaycanın Qahirədə səfirlikləri fəaliyyət göstərir. Bütün beynəlxalq təşkilatlarda Misir daim Azərbaycanın mövqeyini dəstəkləmişdir.

1994-cü ilin sentyabr ayında BMT-nin əhali və inkişaf uzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirədə işgüzar səfərdə olan ulu öndər Heydər Əliyevin Hüsni Mübarəklə görüşü iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsində və əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb etmişdir.

2007-ci ilin 6-8 may tarixlərində Prezident İlham Əliyev Misirdə rəsmi səfərdə olub. Həmkarı Hüsni Mübarəklə görüşü zamanı ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Misir Prezidenti Hüsni Mübarək bir daha ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı prinsipi əsasında sülh yolu ilə ədalətli həllinə tərəfdar olduğunu vurğulayıb. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, bu səfər qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinə yeni imkanlar yaradıb. İki ölkə arasında qarşılıqlı münasibətlərin, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın daha fəal mərhələsi başlanıb.

Prezident İlham Əliyevin səfəri çərçivəsində ölkələrimiz arasında qarşılıqlı dostluq və əməkdaşlığa dair imzalanmış sənədlər paketinə Misirin Qəlyubiyyə vilayəti ilə Azərbaycanın Abşeron rayonu arasında dostluq və əməkdaşlığa dair Anlaşma Memorandumu daxil edilib. Bunun nəticəsi olaraq Misirin Qəlyubiyyə şəhərindəki küçələrin birinə Abşeron adı verilib və burada Azərbaycan-Misir dostluğu parkı salınıb. 2008-ci il fevralın 7-də isə Qəlyubiyyədə ulu öndər Heydər Əliyevin heykəlinin təntənəli açılış mərasimi keçirilib.

26 sentyabr 2008-ci il tarixdə Misirin birinci xanımı Suzan Mübarəkin başçılığı ilə misirli qonaqların Abşeron rayonuna səfəri baş tutmuşdur. Burada Suzan Mübarək və digər qonaqlar Xırdalan şəhəri Qəlyubiyyə küçəsində yerləşən Azərbaycan-Misir dostluq parkına gəlmiş və burada ucaldılan MƏR-in Prezidenti Hüsni Mübarəkin abidəsi ilə tanış olmuşlar. Suzan Mübarək, həmçinin Xırdalan şəhərində onun adını daşıyan 9 nömrəli ərəb təmayüllü orta məktəbdə olmuşdur.

Qeyd edək ki, özülü 2006-cı il sentyabrın 12-də Prezident İlham Əliyev tərəfindən qoyulan məktəbdə şagirdlərə yüksək səviyyədə ərəb dili öyrədilir.

Suzan Mübarək onun adını daşıyan bu təhsil ocağında olmasından böyük fərəh duyduğunu deyərək, ölkəsində də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyacaq məktəbin inşa olunacağını bildirmişdir. Misirin birinci xanımı onu da qeyd etmişdir ki, bu təhsil ocaqları ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verəcəkdir: "Azərbaycanı Misirlə sıx dostluq və qardaşlıq telləri bağlayır. Bu münasibətlərin təməli iki dahi şəxsiyyət - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Misir Prezidenti Hüsni Mübarək tərəfindən qoyulmuşdur".

Hələlik isə Misir xalqını düşündürən əsas məsələlərdən biri səlahiyyət müddəti 2011-ci ildə başa çatan Hüsni Mübarəkin yenidən Prezident olmayacağı təqdirdə onun varisinin indiki siyasəti nə dərəcədə uğurla davam etdirə biləcəyidir. Misirdə belə hesab olunur ki, ölkənin regional mövqelərinin qorunub saxlanması, onun daha da möhkəmlənməsi, siyasi və iqtisadi inkişafı xeyli dərəcədə bu siyasətin davam etdirilməsindən asılıdır.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.-2009.-25 yanvar.-S.2-4.