Muğam və xalq mahnılarının mahir ifaçısı
Unudulmaz ifaçı ömrünün son gününə kimi həsrətini çəkdiyi Arazın o tayında, Təbrizdə dünyaya göz açmışdı. Deyərdi ki, uşaqlıq illərində üzü gülməyib, eyni açılmayıb. Ana nəvazişinə, ata qayğısına tamarzı qalıb. Valideynlərinin də qırışıqları açılmazmış. Bəzən bir tikə çörəyə möhtac olarmışlar. Ötən əsrin əvvəllərində İranda yaranan ictimai-siyasi vəziyyət, hakimiyyət rejimi çoxları təki onun da ailəsinə qənim kəsilmişdi. Çarələri yalnız doğma diyardan baş götürüb qaçmağa qalmışdı. Arazın sürətlə axan suyunu yarıb, şimal səmtə keçiblər. Tanrının qismətinə "min şükür" deyib, Qubadlı rayonunda məskunlaşmışdılar.
Gənc Ağabalanın yanıqlı, könül oxşayan səsinə görə, onu rayon mədəniyyət şöbəsində özfəaliyyət kollektivinə qəbul etmişdilər. Lakin o, muğam sənətinin ocağı Qarabağa gəlmək arzusu ilə yaşayırdı. Hər dəfə Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin səslərini eşidəndə kövrələrdi. Otuz yaşında son sözünü dedi: "Mən Qaryaginə (indiki Füzuli) gedirəm. Bəlkə bəxtim üzümə güldü". Ona rayon mərkəzində mənzil verdilər. Qısa müddət ərzində el-obanın, dinləyicilərin etimadını doğrultdu. İnsanlar onunla doğmaları kimi görüşərdilər. Toylara, el məclislərinə gedərdi.
Onu tez-tez Bakıya dəvət edərdilər. Dövlət Filarmoniyasında növbəti solo konsertində Xan Şuşinski, Zülfü Adıgözəlov da sənət dostlarının görüşünə gəlmişdilər. Xan əmi ona qulaq asandan sonra demişdi:
- Xalqımız səni çox sevir. Səsində bir-birindən ayrı düşmüş qardaşları qovuşdurmaq sevgisi var. Halal olsun sənə.
A.Abdullayev Füzuli rayonunda bədii özfəaliyyət kollektivinin üzvü olanda "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib", "Arşın mal alan", səhnə əsərlərində müxtəlif rollarda oynamışdı. Xalqının, dinləyicilərin alqışını ən ali mükafat kimi qəbul edərdi. Oğlu, mərhum Zöhrab Abdullayevin bəstələdiyi "Olmaz-olmaz" mahnısını hər dəfə eşidəndə kövrələrdi. İfa etdiyi "Segah-zabul", "Zabul" muğamları, xalq mahnıları musiqi tariximizə əbədi yazılıb.
Telman Ağaoğlu
Azərbaycan.-2009.-25 yanvar.-S.8.