Azərbaycan Prezidenti İlham Əliyevin Çexiyanın Baş naziri Mirek Topolanek
ilə görüşü
Xüsusi müxbirimiz xəbər
verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Budapeştdə Çexiya Respublikasının Baş naziri
Mirek Topolanek ilə görüşmüşdür.
Baş nazir
Çexiyanın Avropa İttifaqına sədrliyi
dövründə Azərbaycanla Avropa İttifaqı
arasında əməkdaşlığın daha da genişləndirilməsi,
Azərbaycanın Avropa strukturlarına daha da sıx
inteqrasiyasına öz töhfəsini verməyə hazır
olduğunu bildirdi. O, Azərbaycanla ikitərəfli münasibətlərin
müxtəlif sahələrdə də genişlənəcəyinə
əmin olduğunu vurğuladı və dedi ki, əməkdaşlığımız
müxtəlif sahələrdə inkişaf edəcəkdir. Çexiya
bunda maraqlıdır. Mirek Topolanek Nabukko layihəsinin əhəmiyyətinə
də toxundu, Azərbaycanı Avropanın enerji təhlükəsizliyi
məsələsində çox önəmli rol oynayan bir
ölkə kimi dəyərləndirdi.
Prezident İlham Əliyev
Çexiya ilə əməkdaşlığın, eyni
zamanda, Avropa İttifaqına sədrliyi dövründə Azərbaycanla
Avropa İttifaqı arasında əməkdaşlığın
daha da genişlənməsinə xidmət edəcəyinə
ümidvar olduğunu bildirdi. Dövlətimizin
başçısı dedi ki, Azərbaycan Avropa
İttifaqının Yeni qonşuluq siyasətində
yaxından iştirak edir. Azərbaycan Avropa
İttifaqının enerji təhlükəsizliyinə
töhfə verir, Azərbaycan qazı Avropa ölkələrinə
ixrac olunur. Prezident İlham Əliyev Nabukko layihəsinin əhəmiyyətini
vurğuladı. Dövlətimizin başçısı
Çexiya ilə ikitərəfli münasibətlərin daha
da genişlənəcəyinə əminliyini bildirdi. Eyni
zamanda, Ermənistanın Azərbaycana təcavüzünün,
ərazimizin Ermənistan tərəfindən işğal
olunmasının regional əməkdaşlığa, təhlükəsizlik
arxitekturasına böyük əngəllər
yaratdığını bildirdi. Prezident İlham Əliyev əmin
olduğunu vurğuladı ki, Avropa İttifaqı bu
münaqişənin tezliklə həllində fəal
iştirak edəcəkdir.
AzərTAc
Azərbaycan.-2009.-27 yanvar.-S.1.