Rabatda İslam Konfransı Təşkilatı
İnformasiya Nazirlərinin
8-ci konfransı keçirilir
Yanvarın 26-da Mərakeş Krallığının
paytaxtı Rabatda İslam Konfransı Təşkilatı (İKT) İnformasiya
Nazirlərinin 8-ci konfransı
işə başlamışdır.
Azərbaycanın Mərakeş Krallığındakı səfirliyindən bildirmişlər ki, konfransda Azərbaycanı Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Əli Həsənovun konfransda nəzərdə tutulmuş çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun acı nəticələri barədə ətraflı məlumat veriləcək, nazirlərə ölkəmizin ən ümdə problemi olan Dağlıq Qarabağ həqiqətlərinin yayılması ilə bağlı informasiya dəstəyinin göstərilməsi və münaqişə nəticəsində öz tarixi yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin problemlərinin İKT-nin üzvü olan ölkələrin mətbuatında işıqlandırılması ilə əlaqədar müraciət ediləcəkdir.
Konfransın işində Azərbaycanın Mərakeşdəki səfiri Sabir Ağabəyov da iştirak edir.
İki ildən bir keçirilən konfransdan məqsəd üzv ölkələrin informasiya sahəsində fəaliyyət göstərən qurumlarının işlərini əlaqələndirmək, onları maraqlandıran məsələlər üzrə birgə fəaliyyəti müəyyənləşdirmək və həyata keçirməkdir.
Yanvarın 28-dək davam edəcək konfransda yekun qətnamə qəbul olunacaqdır.
AzərTAc
Azərbaycan.- 2009.- 27 yanvar.- S. 2.