Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında Serj Sarkisyan çox zəif mövqedə olacaq
Bunu etiraf edən erməni ekspertlər ölkələrində
baş verən proseslərlə bağlı böyük beynəlxalq
təzyiqlə üzləşəcəklərini də
bildirirlər
2009-cu ilin ilk
günündən etibarən Ermənistanda siyasi və iqtisadi
vəziyyət daha da pisləşərək, gərgin mərhələyə
keçmişdir. Elə bunun nəticəsidir ki, ölkədə
müxalifət və iqtidar, hakimiyyət və cəmiyyət
arasında qarşıdurma günü-gündən güclənməkdədir.
Hələlik Ermənistan hakimiyyəti güc yolu ilə xalq
və rəqib qüvvələr üzərində nəzarəti
saxlamağa çalışır. Məhz bu səbəbdən
Ermənistanda hakimiyyətin tətbiq etdiyi repressiv
metodların miqyası bir qədər də genişlənməkdə
və Avropa Şurası Parlament Assambleyasının (AŞ
PA) qış sessiyası ərəfəsində siyasi məhbusların
sayı artmaqdadır.
Ermənistan
mediasının bildirdiyinə görə, siyasi məhbus kimi
saxlanan yeni şəxs 18 yaşlı hərbi
çağrışçı Karen Ayrapetyandır. Onun
saxlanmasına əsas səbəb müxalifət liderlərindən
olan parlamentin deputatı Miasnik Malxasyana qarşı təzyiq
yolu ilə verdiyi ifadələrdən imtina etməsi olub. Bildirilir
ki, əslində, işi aparan müstəntiq əyalətdən
olan bu gənci aldadaraq onu boş kağızı imzalamağa
vadar edib. Bunun ardınca müstəntiq Miasnik Malxasyanın əleyhinə
istədiyi ifadəni boş kağıza
köçürüb. Sonradan isə Karen Ayrapetyan buna etiraz
etdiyi üçün müxtəlif işgəncələrə
məruz qalıb. Məhkəmədə də ifadəsindən
imtina etdiyi üçün o, bir il müddətinə
azadlıqdan məhrum edilib. Ermənistanın qeyri-hökumət
təşkilatlarının məlumatlarına görə, Karen
Ayrapetyanın həbsə alınması ilə ölkədə
siyasi məhbusların sayı 60-a çatıb.
Ermənistan Milli Konqresi
isə bildirir ki, hakimiyyət siyasi məhbus problemini həll
etmək istəmir və sifarişli məhkəmə
hökmləri vasitəsilə bu problemi bir qədər də
dərinləşdirir. Konqresin koordinatoru Levon Zurabyan qeyd edir
ki, əgər hakimiyyət siyasi məhbuslar məsələsinə
bu qaydada yanaşmağa davam edərsə, onda müxalifət
özü bu problemi həll etməli olacaq. Onun sözlərinə
görə, Avropa Şurasının insan hüquqları
üzrə komissarı Tomas Hammarberq də Ermənistanda siyasi
motivli xeyli sayda həbslərin olduğunu bəyan edib və
bu səbəbdən müxalif qüvvələr
sözügedən problemin həllində AŞ PA-nın
onların mövqeyini dəstəkləyəcəyinə
ümid edir.
Müstəqil ekspertlərin
rəylərinə görə isə ölkədə siyasi məhbusların
artması AŞ PA-nın Ermənistana qarşı sanksiyalar tətbiq
etməsini qaçılmaz edir. Ancaq əsas maraq doğuran məsələ
bu sanksiyaların Ermənistan hakimiyyətinə, ölkədə
mövcud ictimai-siyasi vəziyyətə göstərəcəyi
təsirdir. Belə hesab olunur ki, sanksiyaların tətbiqi, ilk
növbədə, Ermənistanın beynəlxalq imicinin daha da
pisləşməsinə gətirib çıxaracaq. Ermənistan
parlamentinin sabiq spikeri Tiqran Torosyan da bildirir ki, ölkənin
nüfuzu ciddi təhlükə altındadır: "Ermənistan
heç vaxt bu vəziyyətə düşməmişdi. Ölkənin
imici çox ciddi təhlükə altındadır. AŞ
PA-nın sanksiyaları iqtisadiyyatdan tutmuş siyasətə qədər
bütün istiqamətlərdə ölkənin
inkişafına mənfi təsir göstərəcək".
O da xüsusi
vurğulanır ki, AŞ PA sanksiyaları həm də Ermənistanda
hakimiyyət piramidasının parçalanmasında katalizator
rolunu oynayacaq. Ekspertlərin qənaətincə, məhz bu təhlükə
Ermənistan parlamentinin sədri Ovik Abramyanın Avropa
Şurasına üzv dövlətlərdən olan həmkarlarına
ölkəsi üçün aldadıcı məktub göndərməsinə
səbəb olub. Həmin məktubda Ovik Abramyan Avropa
Şurası ölkələrinin spikerlərindən xahiş
edirdi ki, onlar AŞ PA-nın Ermənistana qarşı
sanksiyalar tətbiq etməsinin əleyhinə
çıxsınlar.
Lakin AŞ PA Monitorinq
Komitəsinin Ermənistan üzrə həmməruzəçiləri
Con Preskottun və Jorj Kolombyenin yanvarın 14-15-də Yerevana səfərləri
və keçirilən görüşlərdə
nümayiş etdirdikləri mövqe Serj Sarkisyan
iqtidarının sanksiyaların tətbiq edilməyəcəyi
ilə bağlı ümidlərini alt-üst edib. Həmməruzəçilər
səfər zamanı Serj Sarkisyan da daxil olmaqla bir çox rəsmi
şəxslərlə görüş keçiriblər. Con
Preskott və Jorj Kolombye ilə görüşən ölkənin
baş prokuroru Aqvan Ovsepyan isə iki saat ərzində ölkədə
siyasi məhbusların günahının nədən ibarət
olduğunu həmməruzəçilərə başa salmaq
istəsə də, heç bir nəticə hasil olunmayıb.
Həmməruzəçilər baş prokurorun gətirdiyi
sübutların əsassız olduğunu və Ermənistanda
siyasi motivlərlə həbslərin olduğunu bir daha yerində
araşdırıblar. Siyasi məhbusların həmməruzəçilərə
göndərdikləri məktubda isə açıq qeyd
olunur ki, əgər AŞ PA Ermənstana qarşı
sanksiyalar tətbiq etməsə, bu, Avropa Şurasının
ikili standartlara yol verdiyini meydana çıxarmış olacaq.
Moskvada yerləşən
Miabanutyun Erməni Milli Klubunun rəhbəri Smbat Karaxanyan isə
qeyd edir ki, Ermənistanda hakimiyyət piramidasının
dağılmasını şərtləndirən amillər
sırasında təkcə AŞ PA-nın mümkün
sanksiyaları yer almır. Onun sözlərinə görə,
bu gün Ermənistan iqtidarının problemlərindən
biri də hakimiyyət dəhlizlərində professional və
intellektual şəxslərə nadir hallarda rast gəlinməsi
ilə bağlıdır: "Bunun nəticəsidir ki, Ermənistan
hakimiyyəti istər daxili, istərsə də xarici siyasi
sferalarda daim biabırçı məğlubiyyətlərlə
üzləşir. Hakimiyət bu və ya digər məsələni
rüşvət, şantaj yolu ilə həll etməyə
çalışır. Ancaq belə metodlar Ermənistan
üçün əlavə problemlər yaradır. Hadisələrin
bu cür inkişafının əsas səbəblərindən
biri də hakimiyyətin savadlı kadr baxımından
çox ciddi korluq çəkməsidir".
Smbat Karaxanyan belə
hesab edir ki, ölkədə siyasi məhbusların olması
Ermənistan üçün utancverici bir haldır:
"Ölkədə siyasi məhbusların mövcudluğu
Avropa Şurasının Ermənistana qarşı daha sərt
tədbirlərə əl atmasına gətirib
çıxarır. Bu həm də Avropanın Ermənistanda
öz təsirini genişləndirməsinə şərait
yaradır. Eyni zamanda, bu vəziyyətdə Avropa
Dağlıq Qarabağ münaqişəsinin həllində də
əsas söz sahiblərindən birinə çevrilmək
istəyir. Ermənistanda öz təsirini genişləndirən
Avropa bu münaqişənin həllində Yerevanın qəti
addımlar atmasını istəyir. Bu səbəbdən mən
belə hesab edirəm ki, Davosda Serj Sarkisyanla İlham Əliyevin
görüşündə Ermənistan çox zəif
mövqedən çıxış edəcək".
Smbat Karaxanyan onu da
bildirir ki, Azərbaycan sözügedən münaqişənin
həllində öz mövqeyindən geri çəkilmək
fikrində deyil: "Hadisələrin gedişi vəziyyətin
daha çox Azərbaycanın xeyrinə olduğunu göstərir.
Beynəlxalq aləmdə isə bunun əksinə olaraq Ermənistanın
mövqeləri sürətlə zəifləməkdədir. Deməli,
beynəlxalq ictimaiyyət münaqişənin tez həll
olunması üçün daha çox Ermənistana təzyiq
edəcək".
Onun sözlərinə
görə, Qarabağ münaqişəsinin həllində
hadisələrin bu səpkidə inkişafı Ermənistan
hakimiyyətinin sonunu daha da yaxınlaşdıracaq: "Vəziyyətdən
çıxışın və yarı məhv olmuş
dövlət müstəqilliyini xilas etməyin yeganə yolu
Qarabağla bağlı indiki danışıqların mahiyyətini
xalqa açmaq və sonrakı fəaliyyət
üçün xalqdan mandat almaqdır. Aydın
görünür ki, yaxın aylarda, xüsusən də, mart
ayından iyuna qədər olan dövrdə baş verən
hadisələr Ermənistan üçün taleyüklü
olacaq. Həmin müddət ərzində beynəlxalq arenada
bir sıra prinsipial qərarlar qəbul oluna bilər ki, bu,
regionda hadisələrin inkişaf istiqamətini, o cümlədən
Qarabağ münaqişəsi ilə bağlı
yaranmış vəziyyəti ciddi şəkildə dəyişdirəcək.
Bu dəyişikliklər isə Ermənistanın
maraqlarına cavab vermir". Smbat Karaxanyan qeyd edir ki, belə vəziyyət
Ermənistan daxilində silahlı toqquşmalara da yol aça
bilər.
Bütün bunlar isə
qarşıdan gələn ayların Ermənistan
üçün nə dərəcədə ağır
olacağını bir daha aydın təsəvvür etməyə
imkan verir. Digər tərəfdən, Ermənistanın belə
çətin duruma düşməsi onun artıq Azərbaycan
torpaqlarını işğalını davam etdirmək
gücündə olmadığını da göstərir. Bu
da öz növbəsində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli
perspektivini daha da sürətləndirir.
Rasim Bayramov
Azərbaycan..-2009.-27 yanvar.-S.2.