Azərbaycan beynəlxalq tədbirlərin mərkəzinə, sammitlər şəhərinə və qlobal layihələrin təşkilatçısına çevrilib

 

Son illər yüksək sürətli inkişafı ilə güclü dövlətə çevrilmiş Azərbaycan regional layihələrin iştirakçısı olmaqla yanaşı, təşkilatçı funksiyasını da artırmışdır. Ölkəmizdə bəşəriyyəti daim narahat edən problemlərlə əlaqədar beynəlxalq konfransların təşkil edilməsi, mədəniyyətlərarası siyasi dialoqları ehtiva edən, iqtisadi əməkdaşlığa rəvac verən forumların keçirilməsi, mötəbər toplantılara ev sahibliyi edilməsi həm də Azərbaycanın xarici aləmdəki nüfuzunun, gücünün göstəricisidir. Ötən il respublikamızda təşkil olunmuş beynəlxalq tədbirlər iqtisadiyyat, elm və təhsil, siyasət sahələrini əhatə etməklə bahəm, sivilizasiyalararası dialoqu reallaşdıran qlobal sosial problemlərin müzakirəsindən də kənarda qalmadı.

 

Azərbaycan ümumbəşəri problemlərlə mübarizənin

önündədir

 

Respublikamız ümumbəşəri sosial bəla olan korrupsiyaya qarşı məqsədyönlü mübarizə aparır, bu sahədə kompleks tədbirlər görür. Ölkəmizin Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə yaradılmış Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının təşkilatçılarından biri olması, dünyanın 140-dan çox dövlətini birləşdirən bu qurumun Çində keçirilmiş təsis konfransında Azərbaycanın ədliyyə nazirinin assosiasiyanın vitse-prezidenti seçilməsi respublikamızın bu sahədə mövcud olan problemlərin həllində əldə etdiyi uğurlardan xəbər verir. Ölkəmizin ümumbəşəri sosial problemə qarşı mübarizədə fəal iştirakı nəzərə alınaraq Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının rəhbər orqanı olan icraiyyə komitəsinin 2008-ci ilin martın 31-də Bakıda iclası keçirildi. İclasda mühüm təşkilati məsələlər müzakirə olunaraq quruma yeni üzvlər qəbul edildi və növbəti tədbirlərin keçirilməsi mexanizmləri ətrafında fikir mübadiləsi aparıldı. 15 ölkədən 30-dan çox nümayəndə, o cümlədən Şimali İrlandiya, İndoneziya, Ukrayna, Çinin prokurorluq orqanlarının rəhbərləri və digər rəsmi şəxslərin iştirak etdiyi konfransda Azərbaycanın korrupsiyaya qarşı mübarizənin önündə getməsi bəyan edildi.

İcraiyyə Komitəsi iclasının 31 mart Azərbaycanlıların Soyqırımı Gününə təsadüf etməsi erməni vəhşiliyi qurbanları haqqında assosiasiya nümayəndələrinin dolğun məlumatlandırılması baxımından da xüsusi əhəmiyyət kəsb etdi. Qonaqlara ölkəmiz barədə hazırlanmış dolğun məlumatlar, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatları, respublikamızın qazandığı yüksək nailiyyətləri, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri əks etdirən jurnal təqdim olundu. Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının prezidenti Szya Çunvan Prezident İlham Əliyevlə görüşündə Azərbaycanın son illərdə böyük nailiyyətlər əldə etdiyini bildirdi. O, qeyd etdi ki, dinamik inkişafa nail olmuş respublikamız dünya birliyində öz mövqelərini xeyli gücləndirmişdir.

 

İnsan hüquqlarının qorunması başlıca meyardır

 

Ölkəmizin sivil dövlət quruculuğu prosesində əldə etdiyi müvəffəqiyyətlər sosial-iqtisadi inkişafla paralel olaraq demokratik təsisatlara, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət ayrılması ilə əlaqədardır. Ötən il aprelin 7-də Bakıda Siyasi Məhbus Problemləri üzrə Şuranın, İnsan Hüquqları - XXI əsr Azərbaycan Fondunun, Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi İctimai Birliyinin Bolqarıstanın Məhbusların Reinteqrasiyası Assosiasiyasının dəstəyilə "Azərbaycanda siyasi hüquqların müdafiəsi" mövzusunda keçirilən beynəlxalq konfrans da elə bu məqsədə xidmət edirdii. Dünyanın 27 inkişaf etməkdə olan ölkəsindən 70-dən çox tanınmış ekspert və hüquqşünasın, Avropa Şurasına üzv olan 16 dövləti təmsil edən deputatların və Azərbaycanın rəsmi qurumlarının nümayəndələrinin qatıldığı tədbirdə hüquq və məhkəmə islahatlarının mövcud durumu, müdafiəsi məsələlərinə dair müzakirələr aparıldı. Konfransda məhkəmə islahatlarının perspektivləri, söz və mətbuat azadlığının qorunması, siyasi hüquqların müdafiəsi müzakirəyə çıxarıldı və gələcəkdə bu istiqamətdə görüləcək işlər müəyyənləşdirildi. Tədbir iştirakçıları bildirdilər ki, müasir dövrdə insan hüquqlarının qorunmasının vacib məsələ olması, azadlıqların təminatı Azərbaycanın önəm verdiyi məsələlərdir. Müstəqil respublikamızın tarixində ilk dəfə olaraq 1995-ci ildə qəbul olunmuş Konstitusiyada 50-yə yaxın maddə məhz insan hüquq və azadlıqları ilə bağlıdır. Ötən dövrdə insan hüquqlarına dair 6 Konstitusiya qanunu qəbul olunub.

Konfransda "Konstitusiya təminatı, mülki və siyasi hüquqların müdafiəsi", "Mülki və siyasi hüquqların idarə olunması və bərqərar edilməsi istiqamətində beynəlxalq sənədlərə müqayisəli baxış, onların Azərbaycan qanunvericiliyində həyata keçirilməsi", "Əsas hüquq və azadlıqların müdafiəsində Konstitusiya Məhkəməsinin rolu və təcrübəsi", "Azərbaycanda məhkəmə sisteminin inkişafı", "Azərbaycanda KİV-in fəaliyyətinin hüquqi əsasları" mövzularında məruzələr dinlənildi. Qonaqlara məlumat verildi ki, 1993-cü ildən Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması işlərinə başlanılmış və yaxşı nəticələr əldə edilmişdir.

Prezident İlham Əliyevlə görüşən beynəlxalq konfrans iştirakçıları - Almaniya Bundestaqının üzvü Eduard Lintner, İspaniya senatoru Pedro Aqramunt, Belçika senatoru Pol Vil və bu ölkənin parlamentində Belçika-Azərbaycan dostluq qrupunun sədri Alen Desteksi bildirdilər ki, Azərbaycanı daha yüksək demokratik səviyyəyə qaldırmaq üçün vacib və uğurlu addımlar atılır. Hazırda qeyri-neft sektorunda və regional əməkdaşlığın şaxələndirilməsi sahəsində işin aparılması ilə yanaşı, enerji amili gələcək illər ərzində də respublikamızın iqtisadi inkişafını, eyni zamanda, regional əməkdaşlığı şərtləndirəcək.

 

GUAM-ın gələcək fəaliyyət istiqamətləri diqqət mərkəzindədir

 

Beynəlxalq təşkilatlar sırasında mövqeyini gücləndirmiş GUAM-ın fəaliyyət perspektivləri, eyni zamanda, təşkilata üzv dövlətlərdə mövcud olan münaqişələrə münasibət Azərbaycanın bu birliyə sədrlik etdiyi 2008-ci ildə də xüsusilə diqqət mərkəzində saxlanıldı. Ötən il təşkil edilən tədbirlər beynəlxalq təşkilatın növbəti mərhələ üçün nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinin geniş müzakirəsinə imkanlar yaratdı. Aprelin 15-də Bakıda "GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları" mövzusunda işə başlayan beynəlxalq konfransın məqsədi dövlət başçılarının qərarlarının yerinə yetirilməsi və üzv ölkələrin mövqeyinə geniş beynəlxalq ictimai dəstəyin səfərbər edilməsi, habelə münaqişələrin sülh yolu ilə həlli istiqamətində göstərilən səylərə impuls verməkdən ibarət idi. Toplantının işində birliyə üzv dövlətlərlə yanaşı, ABŞ, Türkiyə, Böyük Britaniya, Almaniya, İsrail, Polşa, Rumıniya, Avstriya və Baltik regionundan, ümumilikdə 15 ölkədən nümayəndənin iştirak etməsi bu təşkilata olan marağın artmasını sübut etdi.

Ukraynanın Azərbaycandakı səfiri Stepan Volkovetski, Gürcüstanın reinteqrasiya üzrə dövlət nazirinin müavini Dmitri Mandcavidze, Moldovanın reintqerasiya üzrə dövlət nazirinin müavini İon Stevila GUAM çərçivəsində münaqişələrin həlli istiqamətində aparılan müzakirələrin nəticəsi olaraq Azərbaycanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünün təmin edilməsi vacibliyini vurğuladılar. Xarici ölkələrin rəsmiləri qeyd etdilər ki, Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya və Dnestryanı münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycan, Gürcüstan və Moldovanın ərazilərində mövcud olan qeyri-qanuni hərbi qüvvələr bu dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliklərinə, habelə tammiqyaslı demokratik islahatlara, Avratlantik strukturlara inteqrasiya proseslərinə mənfi təsir göstərir. Bakı konfransı GUAM ölkələrinin münaqişələrinin həllinə dair ortaq mövqeyini bir daha sübut etdi.

GUAM ölkələri təbii-coğrafi mövqeyinə görə Avropa ilə Asiya arasında təbii dəhliz təşkil etdiyindən bu, xalqlar və dövlətlər arasında ticarətin, normal dialoqun inkişafına mane olan sədlərin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təşkilata sədrliyi çərçivəsində aprelin 29-da Bakıda işə başlayan "Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-Tranzit" mövzusunda iki günlük beynəlxalq konfrans quruma üzv ölkələrin tranzit dəhlizinin hazırkı vəziyyəti, onun potensialının təkmilləşdirilməsi, inkişaf perspektivlərinin təmin edilməsinə beynəlxalq dəstək və sərmayənin cəlb olunmasına dair müzakirələrin təşkili məsələsinə həsr edilmişdi. Avropa, Orta Asiya ölkələri, Çin Xalq Respublikası, Yaponiya, Koreya Respublikası, Baltikyanı ölkələrin, Avropa İttifaqına daxil olan dövlətlərin nəqliyyat üzrə təşkilatlarının təmsilçilərinin, hökumət nümayəndələrinin qatıldığı tədbir GUAM-ın dünya birliyinə uğurlu inteqrasiyasının göstəricisi idi. Konfransda, eyni zamanda, birliyə üzv ölkələrin ərazisindən keçən nəqliyyat dəhlizlərinin inkişafı, həmin sektorda həyata keçirilən iri layihələrlə bağlı təqdimatlar keçirildi, bu sahənin inkişafına dair müzakirələr aparıldı.

Bakı konfransında GUAM ölkələrinin nəqliyyat nazirlərinin müavinləri səviyyəsində keçirilmiş işçi qrupunun iclasında əvvəlki qərarların icrası, həmin sahə üzrə əlaqələrin genişləndirilməsi və cari məsələlərə xüsusi diqqət ayrıldı. Toplantıda münaqişələrin mənbəyi, səbəbi və nəticələri, dövlətlərin ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyinetmə hüququ, münaqişələr zamanı güc tətbiq etməklə ərazilərin işğalı, səmərəli nəzarət və beynəlxalq hüquq məsuliyyətinə dair məruzələr dinlənildi, problemlərin həlli yolları araşdırıldı, inkişaf perspekitvləri müzakirə olundu

 

Demokratiya və sabitlik naminə əməkdaşlıq

 

Azərbaycan demokratik dəyərlərin inkişafının yüksək göstəricisinə malik ölkədir, burada demokratiya insanların daxilindən gələn hissdir və həmin dəyərlərə yüksək hörmətlə yanaşılır. Cənubi Qafqazın lider dövləti olan Azərbaycanda daimi sabitlik və əmin-amanlıq şəraitində demokratik təsisatlar sürətlə inkişaf edir. Bu fikirlər mayın 7-də Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr edilmiş "Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları" mövzusunda keçirilən beynəlxalq konfransda səsləndirildi. Dünyanın 33 ölkəsindən 60-dan çox nümayəndənin qatıldığı tədbirdə ABŞ-ın Demokratlar Partiyasının sədr müavini Susan Törnbul, Almaniyanın keçmiş dövlət katibi, Almaniya-Azərbaycan Forumunun sədri Otto Hauser, Macarıstan Milli Elmlər Akademiyası Siyasi Elmlər İnstitutunun professoru Cozef Bayer, Fransa Milli Assambleyasının üzvü Terri Marianin, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq şöbəsinin müdiri Çen Fensyan, İndoneziya Parlamentinin Nümayəndələr Palatasının üzvü Ati Suqandi, Belçika Senatının üzvü Alan Disteksi, ABŞ-ın Luiziana ştatından Respublikaçılar Partiyasının sədri Rocer F Viller, Moldova Elmlər Akademiyasının prezidenti George Duka, Əfqanıstan Elmlər Akademiyasının Regional Tədqiqatlar Məkəzinin direktoru Gafur Lival və başqaları iştirak edirdilər.

Almaniya Bundestaqının Xarici siyasət komissiyasının, Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Eduard Lintner respublikamızın demokratik dəyərlərin inkişafı ilə bağlı Avropa Şurası ilə uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Tədbirin təşkilinin bu əməkdaşlığın nəticəsi kimi vurğulayan E.Lintner bildirdi ki, Azərbaycan torpaqlarının işğal altında olması beynəlxalq hüquq normalarının pozulmasına gətirib çıxarıb. O, bütün dövlətləri işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasına səy göstərməyə çağırdı.

Küveyt Universitetinin ictimai elmlər fakültəsinin siyasi elmlər departamentinin rəhbəri, professor Əbdül-Reda-Asiri Azərbaycanda gedən proseslərin ölkəsində və dünyada yaxından izlənildiyini bildirdi. Respublikamızın müstəqilliyini bərpa etdikdən sonra bir çox problemlərlə üzləşdiyini xatırladan qonaq qeyd etdi ki, ilk illər müstəqil siyasət, xarici əlaqə yox idi. Heydər Əliyev hakimiyyətə gələndən sonra onun ciddi səyi, mətinliyi sayəsində Azərbaycan xarici dövlətlərlə normal və sağlam əlaqələr qurdu, iri iqtisadi layihələr reallaşdırmağa başladı. Küveytlilər separatizmin nə olduğunu başa düşürlər və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər.

Moldova Elmlər Akademiyasının prezidenti George Duka Azərbaycanda gedən quruculuq işlərini yüksək qiymətləndirərək əldə olunan nailiyyətləri ulu öndər Heydər Əliyevin xidmətləri ilə əsaslandırdı. Məhz bu uzaqgörən siyasətçinin məharəti nəticəsində Azərbaycan müstəqilliyini qoruyub saxlaya bilmişdir.

"Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları" konfransında Azərbaycan diasporunun da fəaliyyətinə toxunuldu. Latviya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun sədri Oleq Denisovs ölkəsindəki Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndirərək icma və birliklərimizin imkanları daxilində iki dövlət arasındakı səmərəli siyasi, iqtisadi və mədəni münasibətlərin yaranmasına, inkişafına töhfə verdiyini bildirdi. Hindistan Milli Konqresinin üzvü Salman Xurşid Avropanın regional münaqişələrdən əziyyət çəkdiyini söyləyərək hamılıqla birləşib dünyada mövcud problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışmağın vacib olduğunu bəyan etdi. O, bildirdi ki, Hindistan birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ münaqişəsinin respublikamızın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.

Ümummilli lider Heydər Əliyevi Ukraynanın yaxın dostu adlandıran Ukrayna Ali Radasının üzvü, "Bizim Ukrayna" Xalq Birliyi Partiyası sədrinin müavini Zinovi Şkutyak xatırlatdı ki, məlum Çernobıl hadisəsinə ən əvvəl ciddi reaksiya verən, bununla bağlı ilk çıxış edən Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev olmuşdur. Uzaqgörən xadim Heydər Əliyev GUAM-ı yaratmaqla, əslində, bu təşkilata üzv dövlətlərin demokratikləşməsinə və inkişafına təkan verdi. Sevindirici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Viktor Yuşşenko arasında dostluq münasibətləri mövcuddur.

Belarus Milli Məclisi Nümayəndələr Palatasının əmək və sosial müdafiə məsələləri komissiyasının sədri, Belarus-Azərbaycan dostluq qrupunun sədri Sergey Kamanetski iki dövlət arasındakı əlaqələrin dinamikasından bəhs edərək Azərbaycanın indiki uğurlarında Heydər Əliyevin əvəzedilməz tarixi rolunun mövcud olmasından bəhs etdi. Tacikistan Demokratik Xalq Partiyası sədrinin birinci müavini Davlatali Davlatzod bildirdi ki, Tacikistanla Azərbaycan xalqlarını ta qədimdən dostluq və əməkdaşlıq telləri birləşdirir. Taciklər ulu öndər Heydər Əliyevin siyasi xəttini ardıcıl davam etdirən Prezident İlham Əliyevin sayəsində Azərbaycanın qazandığı uğurlara ürəkdən sevinirlər.

Vyetnam Xarici İşlər Komissiyasının departament direktorunun müavini Le Hoa Than, Əfqanıstan Elmlər Akademiyasının Regional Tədqiqatlar Mərkəzinin direktoru Gafur Lival Bakı konfransının sivilizasiyalar arasındakı dialoqun inkişafında, dünyada sülhün və sabitliyin bərqərar olmasında əhəmiyyətindən, Pakistanın Strateji Elmlər İnstitutunun eksperti Meşviş Sara isə Azərbaycanın terrorizmə qarşı mübarizədə xüsusi rol oynamasından bəhs etdilər.

"Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları" konfransının əhəmiyyətini yüksək qiymətləndirən qonaqlar bu cür tədbirlərin ayrı-ayrı dövlətlərdə deyil, bütövlükdə, qloballaşan dünyada sabitliyin təmin olunmasında və demokratiyanın inkişafında mühüm rol oynadığını diqqətə çatdırdılar. Bakı konfransı təkcə demokratik dəyərlərin deyil, həm də ölkələr arasında iqtisadi, siyasi əlaqələrin genişləndirilməsinə töhfə verdi.

Prezident İlham Əliyev konfrans iştirakçıları ilə görüşündə beynəlxalq tədbirin ulu öndər Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü ərəfəsində keçirildiyini bildirərək bunun rəmzi xarakter daşıdığını dedi. Dövlət başçısı qeyd etdi ki, məhz ulu öndərin rəhbərliyi altında Azərbaycan 1993-cü ildən başlayaraq həm demokratik inkişaf, həm də sabitliyin möhkəmləndirilməsi, tam şəkildə bərqərar olması baxımından çox böyük uğurlar əldə etmişdir. Dağıstan hökumətinin sədri, "Yedinaya Rossiya" Partiyasının Ali Şurasının üzvü Şamil Zeynalov, Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini, Böyük Millət Məclisinin üzvü Haluk İpək, Fransa Milli Assambleyasının üzvü Terri Mariani Bakı konfransının demokratik dəyərlərin inkişafında mühüm rol oynayacağını qeyd etdilər.

 

 

(Ardı var)

 

Anar Rasimoğlu

 

Azərbaycan.- 2009.- 27 yanvar.- S. 3.