AŞ PA-nın
qış sessiyası
başlanmışdır
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidovun başçılıq etdiyi Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyəti qurumun qış sessiyasında iştirak etmək üçün Strasburqa gəlmişdir.
Qış sessiyası öz işinə ayrı-ayrı qruplarda, komitələrdə və büroda gündəliklə bağlı məsələlərin müzakirəsi ilə başlamışdır. Azərbaycanlı deputatlar müzakirə olunmuş məsələlərə dair ölkəmizin mövqeyini bildirmişlər.
AŞ PA-nın prosedur qaydalarına uyğun olaraq, yeni sədr və müavinləri vəzifələrinə başlayana qədər iclası aparan deputat qurumun sessiyalararası fəaliyyəti barədə qısa məlumat vermiş, Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin bir üzvünün çıxarıldığını, bununla da deputatın hüquqlarının pozulduğunu xatırlatmış, qurumun bu məsələni xüsusi araşdıracağını bildirmişdir.
Qurumun qaydalarına görə, sədr və müavinlərin seçkisi sessiya başlamazdan 48 saat əvvəl keçirilir. İclasda Luis Maria de Puçun və onun 19 müavininin yenidən yekdilliklə seçildikləri bəyan edilmişdir. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da təkrar seçilmiş müavinlər arasındadır.
Bu mərhələdən sonra sessiyanı aparmağa başlamış Luis Maria de Puç Gürcüstan - Rusiya münasibətlərinə toxunmuş, məsələnin tam şəkildə həllini tapmadığını söyləmişdir.
Sədr Ermənistanla bağlı AŞ PA-nın 1609 və 1620 nömrəli qətnamələrinin yerinə yetirilməsi ilə əlaqədar məsələdən bəhs etmiş, onun qurumun sabahkı iclasında ciddi müzakirə olunacağını, Qəzzə bölgəsində baş vermiş hadisələrdən AŞ PA-nın narahatçılıq keçirdiyini, Avropa Şurasının Yaxın Şərqdə uzunmüddətli sülhə nail olmaq yolunda yəhudi və islam dialoqunun keçirilməsi barədə səslənən fikirləri dəstəklədiyini bəyan etmişdir. Luis Maria de Puç dünyanı bürümüş maliyyə böhranı və onun yaratdığı işsizlik problemi barədə də danışmışdır.
Daha sonra qış sessiyasının gündəliyi müzakirə edilmişdir. Deputatlar "Əlil şəxslərin vəziyyəti və cəmiyyətdə onların fəal iştirakının təşkil edilməsi", "AŞ PA-nın Ermənistana dair 1609 və 1620 nömrəli qətnamələrinin yerinə yetirilməsinin vəziyyəti", "Beynəlxaq Məhkəmə ilə əməkdaşlıq", "Avropa İnsan Hüquqları Məhkəməsinə hakimlərin seçilməsi", "Gürcüstan və Rusiya arasında münaqişə", "Qəzzə bölgəsində vəziyyət" və digər məsələlərin müzakirə edilməsini yekdilliklə dəstəkləmişlər.
Sessiya çərçivəsində Avropa Şurasının baş katibi Terri Devis rəhbərlik etdiyi qurumun vəziyyəti barədə məlumat verəcək, Nazirlər Komitəsinin hesabatı dinləniləcəkdir.
Günün birinci yarısında keçirilmiş iclasda belçikalı deputat Pol Villenin AŞ PA bürosunun fəaliyyəti barədə məruzəsi dinlənilmişdir. Məruzəçi Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə etdiyini və seçkilərin beynəlxalq hüquq normalarına tam cavab verdiyini, heç bir hüquq pozuntusu olmadığını xüsusi vurğulamışdır. Azərbaycanlı deputatlardan Səməd Seyidov və Gültəkin Hacıbəyli Cənubi Qafqazın digər ölkələrində keçirilmiş prezident seçkilərindən fərqli olaraq, Azərbaycanda prezident seçkilərinin yüksək səviyyədə, seçicilərin fəallığı şəraitində, Avropa standartlarına uyğun keçdiyini, beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirildiyini vurğulamış, ATƏT və AŞ missiyasının hesabatında bu seçkilərə kölgə salınması kimi cəhdləri, hesabatın ayrı-ayrı müşahidəçi deputatların subyektiv fikirlərinə istinadla tərtib olunmasını kəskin tənqid etmişlər.
Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Strasburq
Azərbaycan.- 2009.-
27 yanvar.- S. 4.