Babək rayonunun imkanları genişlənir

 

Xalqımızın ümümmilli lideri Heydər Əliyevin 85 illiyi şərəfinə ötən il Naxçıvanda elan olunan "İnkişaf və tərəqqi ili" Babək rayonunun sakinləri üçün də bir çox əlamətdar və uğurlu hadisələrlə yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyevlə qardaş və dost Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iyun ayının əvvəllərində muxtar respublikaya səfərləri çərçivəsində rayon ərazisində yerləşən "Duzdağ" Fizioterapiya Mərkəzinin açılışında birgə iştirakları adamlara yüksək əhval-ruhiyyə bəxş etdi. Onlar ayrı-ayrı bölgələrdə, o cümlədən Babək rayonunda müasir standartlara uyğun bu cür obyektlərin inşasından məmnun qaldılar.

Ötən ilin əlamətdar və yaddaqalan hadisələrindən biri də muxtar respublika ali məclisi sədrinin sərəncamına əsasən, rayonun yaradılmasının 30 illiyinin böyük təntənə ilə qeyd edilməsi oldu. Müxtəlif tədbirlərlə bərabər, bölgənin sosial-iqtisadi və mədəni inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə muxtar respublikanın fəxri adları verildi.

Ümumiyyətlə, ötən bir il ərzində rayonda 48 sosial obyekt inşa olunub.

Quruculuq tədbirlərindən bir neçəsi rayon mərkəzindəki Heydər Əliyev prospektində aparılıb. 3 saylı Babək-Kəngərli seçki dairəsi, əhalinin sosial müdafiə mərkəzi, polis şöbəsi və hərbi komissarlıq üçün inşa olunan binalar bu sıradandır. Əvvəlki illərdə də prospektdə bir çox quruculuq tədbirləri həyata keçirilib. 756 yerlik üçmərtəbəli məktəb binası əraziyə xüsusi yaraşıq verir. YAP rayon təşkilatı, maliyyə şöbəsi üçün inşa olunan binalar da öz görkəmləri ilə seçilirlər. Müasir arxitektura üslubunda inşa olunan binalardan biri də rayon mədəniyyət evi və mərkəzləşdirilmiş kitabxana sistemidir. Bu kompleksin istifadəyə verilməsindən sonra rayonda kütləvi mədəni-bədii tədbirlərin keçirilməsinə maraq çoxalıb. Həmçinin ötən il qəsəbədə böyük ərazini əhatə edən istirahət parkı salınıb.

Son illər ərzində aparılan quruculuq tədbirləri rayonun 39 kəndinin sosial simasını da xeyli dəyişdirib. İlk növbədə, uzun illər boyu sərhəd kəndlərində yaşanılan, əhali üçün problemlərə çevrilən sosial məsələlər həll edilib. Müasir məktəblər, xəstəxanalar və mədəniyyət ocaqları inşa olunub, körpülər salınıb, su xətləri və avtomobil yolları çəkilib. Kəndlərə təbii qaz xəttinin çəkilişi də yüksək keyfiyyətlə başa çatdırılıb.

Nehrəmdə 13 min nəfərə yaxın əhali yaşayır. Hesabat dövründə kənddə üç korpusdan və iki mərtəbədən ibarət, müasir avadanlıqlarla təmin olunan səhiyyə ocağı, "Kənd mərkəzi", 7 illik uşaq musiqi məktəbi, ticarət mərkəzi, məişət evi inşa olunub. Böyük demokrat-ədib Mirzə Cəlilin Xatirə muzeyinin yenidən inşa olunması da sakinlərin ürəyincə olub. Əvvəllər bələdiyyənin yerləşdiyi bina isə əsaslı təmir və yenidənqurma işlərindən sonra meyvə-tərəvəz bazarına çevrilib.

Rayonun Şıxmahmud, Zeynəddin, Cəhri, Sirab, Məmmədrza Dizə kəndlərində də xeyli abadlıq işləri görülüb. Təkcə 4 min nəfərə yaxın əhalinin yaşadığı Şıxmahmudda üçmərtəbəli 686 yerlik orta məktəb binası, "Kənd mərkəzi", uşaq musiqi məktəbi və həkim ambulatoriyası tikilib. Kənd qəbiristanlığının abadlaşdırılması da yaddan çıxmayıb.

Rayon icra hakimiyyətinin başçısı Elçin Hüseynəliyev bildirir ki, uzun illər boyu bölgədə təsərrüfat və içməli su sarıdan ciddi çətinliklər var idi. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində tutumu 100 milyon kubmetr olan Heydər Əliyev su anbarının istifadəyə verilməsi, Araz çayı üzərində quraşdırılan iri həcmli nasos-stansiyalar suvarma suyu ilə bağlı problemi həll etdi. Keçən il isə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün tədbirlər görüldü. Zeynəddin kəndindəki 4, Yuxarı Buzqovdakı 2 artezian quyusu bərpa edildi, Məmmədrza Dizə kəndində isə artezian quyusu qazıldı. Bunlardan əlavə, Şəkərabad və Kərimbəyli kəndlərinində hər biri 40-45 hektar əkin sahəsini suvarmaq gücündə olan yeni nasos stansiyaları quraşdırıldı, bura uzaq məsafədən boru xətləri çəkildi, Nəcəfalı Dizə kəndində 2 kəhriz bərpa edilərək suyun əkin sahələrinə çatdırılması üçün 5 km-dən artıq məsafədə arx çəkildi.

Ümumiyyətlə, əkinçilikdə intensiv üsulların tətbiqi, istehsal olunan məhsulun alıcı məsələsinin həlli, suvarma sistemlərinin müntəzəm olaraq təkmilləşdirilməsi və yenidən yaradılması, ən müasir texniki avadanlıqların istehsalçıların istifadəsinə verilməsi rayonda iqtisadiyyatın əsasını təşkil edən aqrar sahədə canlanma yaradıb. İstehsalçılar arasında taxılçılığa maraq artıb. Bu sahədə ölkə başçısının 21 avqust 2008-ci il tarixdə imzaladığı "Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" sərəncamı da əhəmiyyətli rol oynayıb. Ötən payız 10 min hektara yaxın sahədə taxıl əkilməsi bunun nəticəsidir.

Keçən il isə zəmilərdən 958 ton şəkər cuğunduru, 40 min tondan artıq bostan və tərəvəz məhsulları toplanılıb, kartof istehsalı ilk dəfə olaraq 4698 tona çatdırılıb, bağlardan 10 min tondan artıq meyvə və üzüm məhsulları dərilib.

Hesabat dövründə həyata keçirilən mühüm tədbirlərdən biri də yeni yaşılllıq zolaqlarının salınmasıdır. "Yaşıllaşdırma, abadlıq və təmizlik aylığı" çərçivəsində keçirilən iməciliklər nəticəsində 13, 6 hektar sahədə yeni meyvə bağları salınmış, magistral yol kənarlarında, qəsəbə və kəndlərdə xeyli həcmdə yaşıllaşdırma işləri görülmüşdür.

 

 

Məmməd Məmmədov

 

Azərbaycan.- 2009.- 27 yanvar.- S. 5.