Nazimin rənglər dünyası

 

Nə yaxşı, onun sənətinə layiqli qiymət verildi. Nazim Əliqulu oğlu Babayevin respublikanın "Əməkdar rəssamı" fəxri adına layiq görülməsi bütün gəncəlilərin ürəyincə oldu.

Xəyal məni nə az, nə də çox - düz yarım əsr keçmişə apardı. O zaman şəhərimizin mərkəzində, Nizami küçəsinin üçüncü döngəsində məndən on-on iki yaş böyük oğlanlar tez-tez qonşu həyətə toplaşar, şahmat oynayar, tar çalardılar. Hamlet, Nazim, Rasim, Nizami, Aydın, Arif, Cahangir!.. Onların dostluğuna, mehribanlığına və istedadlarına uşaq təxəyyülümlə həsəd aparardım. Nazim Babayevin bir qədər adama yovuşmaz olması, həmyaşıdlarının arasında az-az görünməsi mənə daha maraqlı, daha sirli gələrdi... Bir gün anamla onların kiçik, darısqal həyətlərinə keçdim. Sanki nağıllar aləminə düşdüm. Buradakı bir-birindən gözəl şəkillər, heykəllər məni heyran etdi.

Fırçaya toxunmaq istədim. Anam qoymadı. Nazimin anası Firuzə xala dedi ki, qoy baxsın, hamısı Nazimin işidir, rəssam olmaq istəyir.

İllər keçdi, məktəbə getdim. Nazim Babayevin rənglər dünyası məni rahat buraxmadı. Böyüdüm, elə bu maraqla da uşaq rəssamlıq məktəbinə getdim. Oxudum. Lakin mənim üçün rəssamlıq sənəti uşaq yaşlarımdan öz qoynuna alan Nazim Babayevin balaca yaradıcılıq emalatxanasından uzağa getmədi... İndi öz gənclik duyğularımın təsəllisini Nazimin əsərlərindən alıram.

Nazim Babayev 1936-cı ilin baharında Gəncədə sənətkar ailəsində anadan olub. On üç yaşında şəhər uşaq rəssamlıq məktəbinə gedib. Gəncənin tanınmış rəssamı Böyükbəy Əlyarbəyli bu çəlimsiz oğlanın xoşagələn keyfiyyətlərini görüb onunla daha ciddi məşğul olub. Sonra da onu Bakıya, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə yollayıb. N.Babayev əməkdar rəssam Hafiz Məmmədovun sinfində fırça sənətinin sirlərinə yiyələnib. Gəncəyə qayıdanda onu vaxtilə oxuduğu uşaq rəssamlıq məktəbinə direktor təyin ediblər. Təqribən otuz il həmin vəzifədə işləyib. İndi də orada dərs deyir. 1961-ci ildən keçmiş SSRİ Rəssamlar İttifaqının üzvüdür. 1958-ci ildə Gəncədə ilk fərdi sərgisi açılıb. Sonralar Bakıda, Moskvada fərdi sərgiləri ilə tamaşaçı qarşısında hesabatlar verib. Çox keçməyib əsərləri Budapeştdə, Türkiyənin bir çox şəhərində sərgilənib. Hazırda əsərləri dünyanın müxtəlif şəhərlərində yaşayan sənətsevərlərin evlərini, muzeyləri bəzəyir. Dəyərli ömründən ən böyük bələdçisi isə sevimli fırçası və al-əlvan palitrası olub. Nazim Babayev özünə qarşı çox tələbkardır. Rəngin imkanlarından tam istifadə etməyi xoşlayır. Sözsüz ki, bir neçə güclü rəngin "qonşuluğunu", uyarlığını əldə etmək rəssamdan böyük bacarıq tələb edir.

Rəssam dostumun onlarca, yüzlərlə əsərinə baxmışam. Azərbaycanın ilk şəhidlərindən biri, qardaşım Rüzgar Qasımovun və mənim özümün yağlı boya ilə portretlərimizi çəkib. Nazim üçün mövzu kasadlığı, süjet qıtlığı yoxdur. Onun yaradıcılığı vətən sevgisindən qidalanan və bu sevgini sənətsevərlərin hisslərinə, düşüncələrinə, ürəklərinə aşılayan saf və ecazkar bir sənətdir. Vətənə, doğma yurdun təbiətinə məhəbbəti tərənnüm etmək üçün rəssamdan duyğulu ürək, zəngin xəyal, tükənməz yaradıcılıq qüvvəsi tələb olunur. Nazim həm fərdi simasında, həm də tablolarında məhz bu keyfiyyətləri birləşdirən sənətkardır.

Bədii yaradıcılıq ürəksiz, ehtirassız, xəyalsız mövcud ola bilməz. Sənət adamının fəaliyyəti, qəlb çırpıntıları, iş yönümü, dəst-xətti - bütün bunlar bədii əsərlərin yaranmasını şərtləndirən əsas amillərdir. Onun "Gəncə lövhələri", "Maral göl", "Göygöl", "Gəncə çayının sahilləri", müxtəlif peyzajlar, "Sevil Qazıyeva sükan arxasında", "Heykəltəraş Göyüş Babayev", "Saleh", "Müəllimim Böyükbəy" əsərləri və şəhərin zəhmət adamlarının, elm xadimlərinin, xalçaçı, toxucu qızlarının portretləri maraqlı və baxımlıdır. Nazimin rəng palitrası baharın çalarları qədər saf, təravətlidir. Rəssam öz əsərlərində təbiəti, insan xarakterini realist mövqelərdən əlvan boyalarla əks etdirir. Buna görə də onun əsərləri elə ilk baxımdan tanınır və sevilir.

N.Babayevin əsərlərində istifadə etdiyi boyalar doğma torpağın kaloriti, onun əlvan və şəffaf havası üçün daha səciyyəvidir. O, sənətdə milli kaloritin mahiyyətini real həyat varlığında dərk edir və yaradıcılığında bu həqiqəti əsas tutur. Nazim Babayev müxtəlif sənət cərəyanlarının üslub xüsusiyyətlərindən faydalansa da, özünə xas olan yüksək ideyalılıq, xəlqilik, ictimai vüsət kimi prinsipləri hər şeydən zəruri sayır və qədim rəssamlıq sənətimizin unudulmaz ənənələrini davam etdirir.

Nazim obrazın psixoloji traktovkasına meyil göstərir, öz qəhrəmanı ilə, sözün əsl mənasında, açıq söhbət aparır və tamaşaçıya onun səciyyəvi cəhətlərini incəliklə təqdim edir. Rəssamın əsərləri forma, kompozisiya, işıq və rəng həlli baxımından da yüksək professionalizmə, peşəkar ustalığa malikdir.

Ömrünün 72-ci dönəmini arxada qoyan rəssamın işlərini dalbadal seyr etdikdə, ayrı-ayrı dövrlərə aid əsərlərini ardıcıl şəkildə nəzərdən keçirdikdə onun acılı-şirinli inkişaf yolu göz önündə canlanır. Hiss edirsən ki, kamil sənətkar ömrü boyu gözlə görünən gerçəkliyin, real obyektlərin birbaşa təsvirindən dünyanın ümumiləşdirilmiş ifadəsinə doğru irəliləyib və beləliklə, sənətin yetkinlik zirvəsinə ucalıb.

 

 

Füzuli Ruzigar,

"Gəncənin səsi"

qəzetinin əməkdaşı

 

Azərbaycan.-2009.-27 yanvar.-S.7.