Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri

 

Xüsusi müxbirimiz xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə Nabukko layihəsinə dair enerji sammiti keçirilmişdir.

Parlament binasında başlayan sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Macarıstanın Baş naziri Ferents Dyurçan, Çexiyanın Baş naziri Mirek Topolanek, Bolqarıstanın Baş naziri Sergey Stanişev, Gürcüstanın Baş nazirinin birinci müavini, maliyyə naziri Nika Giluari, Avropa Komissiyasının energetika məsələləri üzrə komissarı Andris Piebalqs, Avstriyanın iqtisadiyyat və əmək naziri Reynhold Mitterlehner, Rumıniyanın iqtisadiyyat naziri Adrian Videanu, Misirin neft naziri Amin Samih Fəhmi, Türkiyənin energetika və təbii sərvətlər naziri Hilmi Gülər, Türkmənistanın Karbohidrogen Ehtiyatlarının İdarəedilməsi və İstifadəsi üzrə Dövlət Agentliyinin direktoru Yaxşıgəldi Kakayev, habelə Almaniyanın, İraqın, ABŞ-ın nümayəndələri, Avropa İnvestisiya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentləri iştirak edirdilər.

Xəzər hövzəsi və Mərkəzi Asiyadan, gələcəkdə isə Yaxın Şərqdən təbii qazın Avropaya nəqlini nəzərdə tutan Nabukko layihəsi ilə bağlı yaradılmış transmilli konsorsiuma Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulqarqaz", Rumıniyanın "Transqaz", Türkiyənin BOTAŞ və Almaniyanın RWE şirkətləri daxildir. Fransanın "Qaz de Frans" şirkəti də konsorsiuma qoşulmaq niyyətini bildirmişdir.

Budapeşt sammitinin keçirilməsi təklifini Macarıstanın Baş naziri Ferents Dyurçan ötən ilin iyulunda Azərbaycana və Türkmənistana səfəri zamanı bəyan etmişdi.

Nabukko layihəsinin operatoru qismində Avstriyanın OMV şirkəti çıxış edir. Konsorsium üzvləri layihə üzrə hökumətlərarası sazişi imzalamağı planlaşdırırlar ki, bu da kəmərin tikintisinin qanunverici bazasının yaradılması üçün zəruri hesab olunur.

Layihə dəyəri 8 milyard avro olan və ildə təqribən 26-32 milyard kubmetr qaz ötürəcək Nabukko kəmərinin inşası 2014-cü ilədək yekunlaşmalıdır. Nabukko boru kəməri ilə 2012-ci ildə Azərbaycan, sonra Qazaxıstan və Türkmənistan qazının nəqli nəzərdə tutulur. Növbəti mərhələdə, 2017-ci il üçün bu kəmərlə İran, İraq və Misir qazının nəqli də istisna olunmur.

Nabukko ilk qaz xəttidir ki, dünyanın bir çox regionu arasında əlaqə yaradacaqdır. Uzunluğu 3,3 min kilometr nəzərdə tutulan kəmərin marşrutunda əsas tranzit ölkə Türkiyə olacaqdır (2 min kilometr). Layihəyə görə kəmərin 400 kilometri Bolqarıstan, 460 kilometri Rumıniya, 390 kilometri Macarıstan, 50 kilometrə qədəri isə Avstriyanın ərazisinə düşür.

Sammit açıq elan olunduqdan sonra çıxış edən Macarıstanın Baş naziri Ferents Dyurçan Azərbaycan Prezidenti İlham Əliyevi və digər iştirakçıları salamladı, dostluq xarakteri daşıyan Nabukkonun hamını birləşdirən layihə olduğunu vurğuladı.

Son illər Avropa ölkələrinin enerji problemləri ilə üzləşdiyini, onların iqtisadiyyatında geriləmə müşahidə olunduğunu deyən Baş nazir Avropanın enerji təhlükəsizliyinin, eləcə də ayrı-ayrı ölkələrin müstəqilliyinin möhkəmləndirilməsi baxımından yeni alternativ layihəyə ehtiyac duyulduğunu söylədi. Bu məqsədlə də Nabukko layihəsinin reallaşdırılmasına qərar verilmişdir. Bu işdə Azərbaycana və Türkmənistana ümid böyükdür. Bu layihənin maliyyələşdirmə mənbələrinin müəyyənləşdirilməsi və kreditlərin alınmasında problem yaranmayacaqdır.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi. Sammitin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirən dövlətimizin başçısı dedi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində mühüm rol oynayır. Azərbaycan etibarlı tərəfdaş ölkədir və öz təbii sərvətlərini Xəzər hövzəsindən Avropaya nəql edir. Azərbaycanın həyata keçirdiyi neft-qaz siyasəti xalqın mənafeyinə xidmət edir. Biz bir çox istiqamətlərdə yeni boru xətləri çəkmişik. Biz boru xətlərinin çoxşaxəliliyinin tərəfdarıyıq. Bizim qaz ehtiyatlarımız zəngindir. 2-3 trilyon kubmetr qaz ehtiyatı var ki, bu da onilliklər ərzində ehtiyacımızı ödəyəcəkdir.

Azərbaycanın Nabukko layihəsini həmişə dəstəklədiyini bildirən Prezident İlham Əliyev dedi ki, bu dəstək gələcəkdə də davam edəcəkdir. Bakıda keçirilən sammitdə Azərbaycan öz mövqeyini ortaya qoymuşdur. Bu layihədə iştirak edən bütün tərəflər əməkdaşlığa hazırdırlar. Bu gün Azərbaycan təkcə tranzit ölkə deyil, həm də enerji mənbələri ilə zəngin olan ölkədir.

Bu layihə çərçivəsində yaxşı tərəfdaşlıq əlaqələrinin yaranacağına əmin olduğunu bildirən Prezident İlham Əliyev dedi ki, birgə əməkdaşlıq nəticəsində bütün işlərin öhdəsindən gəlmək mümkündür. Azərbaycan bu cür layihələrin icrasına dostluq əlaqələri kimi baxır. Azərbaycan Avropa İttifaqına və Avratlantik məkana inteqrasiyaya üstünlük verir və bu siyasət bundan sonra da davam etdiriləcəkdir.

Çexiyanın Baş naziri Mirek Topolanek çıxışında Avropa İttifaqı ölkələri üçün Nabukko layihəsinin əhəmiyyətini vurğulayaraq bildirdi ki, Avropa qaz təchizatındakı asılılıqdan qurtarmalıdır və bunun üçün Nabukkonun reallaşması zəruridir.

Bir neçə həftə davam etmiş məlum qaz böhranı zamanı Avropa ölkələrinə 2-3 milyard dollar məbləğində zərər dəydiyini bildirən Baş nazir dedi ki, qarşıda duran əsas vəzifə Nabukko kəmərinin nəzərdə tutulan vaxtda tikintisinə başlamaqdır. Bu istiqamətdə bütün səylər birləşdirilməlidir və əminik ki, biz məqsədimizə çatacağıq. Bu məsələlərdə Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə səmərəli əməkdaşlığı genişləndirməliyik. Bir sözlə, bu layihənin həyata keçirilməsinə yaşıl işıq yandırılmalıdır və bu sammitin keçirilməsi bu layihəyə siyasi dəstəyin göstəricisidir.

Mirek Topolanek onu da vurğuladı ki, layihə Rusiyaya qarşı yönəldilməmişdir. Rusiyanın rəsmiləri bu layihənin əleyhinə olmadığını bildirmişlər. Biz "Cənub axını" layihəsinə də diqqət yetiririk və bu layihə üzrə də sammitin keçirilməsi nəzərdə tutulmuşdur.

Sonra çıxış edən Bolqarıstanın Baş naziri Sergey Stanişev dedi ki, Avropanın qaz təchizatı üçün yeni ideyalara və layihələrə ehtiyac var. Biz irəliyə baxmalıyıq və Nabukko layihəsinin reallaşması üçün alternativ mənbələr axtarmalı, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin təbii qazının Avropa məkanına çatdırılmasına nail olmalıyıq. Avropa İttifaqına üzv olan ölkələrin təbii qaz təchizatının yaxşılaşdırılması məqsədi daşıyan Nabukko layihəsinə tərəfdaş ölkələr siyasi dəstəklərini vermişlər. Bolqarıstan üçün Nabukko prioritet xarakter daşıyır və biz bunun gerçəkləşməsi üçün əlimizdən gələni edəcəyik. Baş nazir vurğuladı ki, bütün tərəfdaş ölkələr Azərbaycanın mövqeyini yüksək qiymətləndirir.

Sonra Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun sammit iştirakçılarına məktubu oxundu. Məktubda Azərbaycanın tutduğu mövqe təqdir edilir və Nabukko layihəsinin dəstəkləndiyi bildirilir.

Sammitdə digər nümayəndə heyətlərinin rəhbərləri, habelə potensial hasilatçı və tranzit ölkələrin təmsilçiləri də çıxış etdilər. Onlar belə bir ümumi fikir bildirdilər ki, Nabukko qaz kəmərinin tikintisi layihəsində iştirak edən dövlətlərin sammiti bu layihənin həyata keçirilməsinə müsbət təsir edəcəkdir.

Tərəfdaş ölkələrin nümayəndələri çıxışlarında layihənin reallaşdırılması ilə bağlı bütün siyasi səyləri yüksək qiymətləndirdilər. Vurğuladılar ki, Rusiya ilə Ukrayna arasında yaranmış qaz böhranı Nabukko layihəsini daha da aktuallaşdırmışdır və Xəzər hövzəsinin təbii qazının Avropanın enerji təhlükəsizliyində rolunu ön plana çıxarmışdır. Nabukko kəmərinin çəkilişi üçün bütün qüvvələr səfərbər ediləcəkdir. Maraqlı tərəflər çoxdur və layihəni reallaşdırmaq üçün imkanlar kifayət qədərdir.

Sammitdə çıxış edən ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə müşaviri Mətyu Brayzə dedi ki, Birləşmiş Ştatlar Nabukko layihəsinin həyata keçirilməsində maraqlıdır, bunu dəstəkləyir və layihənin təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayacaq və hər zaman tərəfdaşlarının yanında olacaqdır.

Avropa İnvestisiya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentləri də Avropa üçün mühüm əhəmiyyət kəsb edən Nabukko layihəsinin maliyyələşdirilməsinə hazır olduqlarını bildirdilər.

Sammitdə bu layihədə maraqlı olan tərəflərin öhdəliklərini müəyyən edən bəyannamə qəbul olundu.

Sammit iştirakçıları birgə foto çəkdirdilər.

 

* * *

Daha sonra Macarıstan Elmlər Akademiyasının binasında Nabukko sammitinin qapalı iclası oldu. İclasda layihə ilə bağlı işin sürətləndirilməsi, maliyyələşdirilməsi və qaz nəqli məsələləri müzakirə edildi. Bununla da sammit işini başa çatdırdı.

 

* * *

Sammit başa çatdıqdan sonra Macarıstanın Baş naziri Ferents Dyurçanın adından nümayəndə heyətlərinin rəhbərləri üçün nahar verildi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-28 yanvar.-S.1.