Azərbaycan dünyanın işgüzar dairələrinin diqqət mərkəzindədir

 

Yanvarın 28-dən fevralın 1-dək İsveçrənin Davos şəhərində keçiriləcək 39-cu illik Ümumdünya İqtisadi Forumu (Davos Forumu) qlobal maliyyə böhranı şəraitində dünya iqtisadiyyatının üzləşdiyi problemlərin müzakirəsi və antiböhran tədbirlərinin açıqlanması ilə diqqəti cəlb edəcəkdir. Qeyri-rəsmi səciyyə daşıyan Davos Forumunda iştirak edəcək dövlət başçılarının sayının çoxluğu da dünya dövlətlərinin yaranmış gərgin vəziyyətdən optimal çıxış yolları arayıb tapmaq, qloballaşan dünya iqtisadiyyatının inkişaf prioritetlərini müəyyənləşdirmək, habelə antiböhran tədbirlərinin gerçəkləşdirilməsi prosesində yaxından iştirak etmək istəyinin təzahürüdür.

Davos Forumu qlobal inkişafın əsas problemlərinin müzakirəsi və həlli üçün işgüzar, siyasi, intellektual imkanların səfərbər olunmasına, dünya dövlətlərinin iri biznes strukturları arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Forumun müzakirələri bir qayda olaraq işgüzar ab-havada keçməklə, beynəlxalq iqtisadi münasibətlər sisteminin tənzimlənməsi, ciddi siyasi məzmun kəsb edən qərarların qəbuluna təsirsiz keçməyən qlobal iqtisadi proseslərin nəzarətdə saxlanması, aparıcı dünya dövlətləri arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, nəhəng şirkətlər arasında əməkdaşlığa körpü salınması baxımından son dərəcə geniş imkanlar açır. Dünyanın bir çox ölkələrinin rəhbərləri, böyük şirkətlərin, korporasiyaların başçıları, qeyri-hökumət təşkilatlarının nümayəndələri bir neçə gün ərzində daha səmimi şəraitdə - "qalstuksuz" görüşərək iqtisadi əməkdaşlıq üçün səmərəli mexanizmlər arayır, investisiya qoyuluşunu təşviq edən konkret təklif və ideyalar irəli sürürlər. İştirakçıların ünsiyyəti "Dəyirmi masa"lardan savayı, işgüzar səhər yeməkləri, mədəni proqram, forumun kluarlarında qapalı görüşlərdə baş tutur.

Davos şəhəri 39 ildir ki, dünya iqtisadiyyatı ilə bağlı aparılan ciddi müzakirələrə ev sahibliyi edir. Hələ 1970-ci ildə Cenevrə Universitetinin professoru Klaus Şvab (hazırda qurumun icraçı prezidentidir) Avropa dövlətlərinin rəhbərlərinin İsveçrənin dağ şəhəri olan Davosda toplanması təşəbbüsünü irəli sürür. Bu təşəbbüs əsasında dünyanın bir çox ölkələrinin başçıları 1971-ci ilin yanvar ayında qlobal biznes idarəetmə təcrübələri ilə əlaqədar məsələləri müzakirə etmək üçün Davosda toplaşırlar. Bu hadisə cənab Klaus Şvabı Avropa İdarəetmə Forumunu yaratmağa sövq edir. Təşkilatın Davosdakı illik iclası iqtisadi gündəliyi müəyyən edən qlobal sammit hesab olunur. 1977-ci ildən təşkilat ayrı-ayrı ölkələrin inkişafına yardım etmək üçün fərdi forumlar təşkil etməyə başlamışdır. Forum bu yolla bir çox perspektivli dövlətlərin dünya iqtisadiyyatına sıx inteqrasiyasına yardım göstərməyə çalışır. 1987-ci ildən isə qurum Ümumdünya İqtisadi Forumu adlandırılmış, 1988-ci ildə baş mənzil-qərargahı Davosdan Cenevrəyə köçürülmüşdür.

Ümumdünya İqtisadi Forumu BMT-nin İqtisadi və Sosial Şurası yanında qeyri-hökumət təşkilatı kimi məsləhətçi statusa malikdir. Ümumdünya İqtisadi Forumu bugünün özündə də bəşəriyyətin üzləşdiyi mühüm problemləri müəyyənləşdirməyə kömək edir və onların müzakirəsi üçün iqtisadi platforma rolunu oynayır. Müstəqil fəaliyyət göstərən forumun başlıca vəzifəsi dünyanın iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün biznes və sosial sahədə əməkdaşlığı təmin etməkdən ibarətdir.

Azərbaycanla Ümumdünya İqtisadi Forumu arasında uzun müddətdir ki, qurulmuş əməkdaşlıq əlaqələri ildən-ilə inkişaf etdirilir. Respublikamızın yüksək vəzifəli dövlət məmurları, müxtəlif sahələr üzrə ekspertləri, elmi və özəl dairələrin nümayəndələri forum tərəfindən təşkil edilən qlobal miqyaslı tədbirlərdə müntəzəm olaraq iştirak edirlər. Forumun beynəlxalq terrorizmlə mübarizədə həmrəylik əlaməti kimi 2002-ci ildə Davosda deyil, ABŞ-ın Nyu-York şəhərində keçirilmiş illik toplantısında ümummilli lider Heydər Əliyev iştirak etmiş, dərin məzmunlu nitqində qlobal və regional məsələlərlə bağlı fikirlərini açıqlamışdır.

Davos Forumunda 3-cü dəfə iştirak edəcək Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə Ermənistan prezidenti Serj Sarkisyanla görüşü gözlənilir. ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə baş tutacaq görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin davam etdiriləcəyi bildirilir.

Azərbaycan Prezidenti İlham Əliyev hələ 2008-ci ildə keçirilən forumda çıxış edərək müasir qloballaşma dövründə dünya iqtisadiyyatının inkişaf tendensiyaları ilə bağlı qənaətlərini açıqlamış, habelə qlobal iqtisadi inteqrasiya proseslərində respublikamızın müstəsna yeri və rolundan söz açmışdır. Cənab İlham Əliyev diskussiya xarakterli çıxışında ölkəmizdə gedən iqtisadi inkişafdan, aparılan islahatlardan, enerji layihələri və energetika sahəsində görülən işlərdən söz açmışdır. Eyni zamanda qlobal iqtisadi inteqrasiya proseslərində respublikamızın müstəsna yeri və rolundan danışmışdır. Dövlət başçısı forum iştirakçılarının ölkəmizin enerji potensialı, Avropanın enerji təhlükəsizliyindəki rolu və digər mühüm məsələlərlə bağlı suallarını da ətraflı məlumatlandırmışdır. Regionun əsas neft-qaz ixracatçısına çevrilmiş respublikamızın Avropanın enerji təhlükəsizliyi sahəsində gördüyü işlər yüksək qiymətləndirilmiş, bunların perspektiv inkişafa hesablanmış mühüm addım olduğu qeyd edilmişdir. Bir neçə Avropa dövlətinin iştirakı ilə gerçəkləşdiriləcək, dəyəri 5 milyard avro təşkil edən "NABUKKO" layihəsinin Avropanın enerji təchizatındakı önəmi xüsusi diqqətə çəkilmişdir.

İclasda iştirak edən dövlət başçıları, dünyanın aparıcı şirkətlərinin rəhbərləri və digər rəsmi şəxslər Prezident İlham Əliyevlə görüşərək Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri ilə maraqlanmış, gələcək perspektivlər barədə fikir mübadiləsi etmişlər. Bu müzakirələrdə dünyanın aparıcı şirkətlərinin Azərbaycanla əlaqələrinin genişləndirilməsi, xüsusən də qeyri-neft sektorunda əməkdaşlıq perspektivləri əsas müzakirə mövzusu olmuşdur. Dövlət başçısı İlham Əliyev Forum çərçivəsində "bp Group" şirkətinin baş icraçı direktoru Entoni Heyvord, İsrailin xarici işlər naziri xanım Sipi Livni, "Sisko" şirkətinin sədri və baş icraçı direktoru Con Çambers, habelə "Microsoft" korporasiyasının tədqiqat və strategiya üzrə direktoru Kreyq Mandini qəbul etmiş, qarşılıqlı faydalı müzakirələr aparılmışdır.

Əgər ötənilki forumda cəmi 27 dövlət və hökumət başçısı iştirak etmişdisə, 39-cu forumda 40-dan çox dövlət rəhbərinin iştirakı gözlənilir. Forumda dünya iqtisadi və maliyyə böhranı ilə yanaşı, iqlim dəyişiklikləri problemləri də nəzərdən keçiriləcəkdir. Forum çərçivəsində, ətraf mühitin mühafizəsi məsələlərinə nəzarət edən, bu sahədə yeni beynəlxalq paktın əsas müddəalarını hazırlayan nazirlərin görüşünün keçirilməsi də planlaşdırılır.

Davos Forumuna bir qayda olaraq iqtisadi cəhətdən inkişaf etmiş və yaxud özünün iqtisadi yüksəliş mərhələsini yaşayan, qlobal iqtisadi-siyasi proseslərə nüfuz imkanları ilə seçilən, beynəlxalq iqtisadi münasibətlər sistemində mühüm rol oynayan dövlətlər dəvət alırlar. Bu seçimdə toplantıya qatılaraq yeni iqtisadi əməkdaşlıq imkanları, münbit və etibarlı biznes mühiti axtaran şirkətlərin maraqları da həlledici rol oynayır. Bu baxımdan Davos Forumunda Azərbaycana olan hədsiz maraq da tamamilə təbiidir. Bütün sahələrdə sürətlə inkişaf edən, ümumi daxili məhsul istehsalına görə dünyada lider dövlətə çevrilən, sosial-infrastruktur baxımından yeniləşən, liberal biznes və sərmayə mühiti ilə seçilən Azərbaycan hər il Ümumdünya İqtisadi Forumuna dəvət alır.

Respublikamızın dünya iqtisadi çevrələrində kifayət qədər böyük nüfuza malik olması, ciddi diqqət cəlb etməsi, eyni zamanda, Xəzər hövzəsində gerçəkləşdirilən mühüm enerji-kommunikasiya layihələri ilə şərtlənir. Bir neçə gün əvvəl Rusiya ilə Ukrayna arasında yaşanan növbəti "qaz gərginliyi" Davos Forumu çərçivəsində zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanın mövqeyini daha da gücləndirir. Bundan başqa, Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların daha çox qeyri-neft sektoruna, respublikanın regionlarının inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və münbit biznes mühitinin təmin edilməsi ölkədə həyata keçirilən iqtisadi siyasətin aparıcı xətti kimi diqqəti çəkir. İri biznes dairələrinin respublikamıza olan marağı eyni zamanda sərmayələrə dövlət səviyyəsində etibarlı təminat mexanizminin mövcudluğu ilə şərtlənir.

Ümumdünya İqtisadi Forumunun Qlobal Rəqabət İndeksinə əsasən 2008-2009-cu illərdə Azərbaycanın 61-ci yerdə qərar tutması da respublikamızın bütün sahələrdə uğurla inkişaf etdiyini, ölkənin nəhəng sıçrayışla dünya ölkələri arasında layiqli yer tutduğunu göstərir. Reytinqin ilk onluğuna ABŞ, İsveçrə, Danimarka, İsveç, Sinqapur, Finlandiya, Almaniya, Niderland, Yaponiya və Kanada daxil olmuşdur. MDB dövlətlərindən Rusiya 51-ci, Ukrayna 72-ci, Qazaxıstan 66-cı, Gürcüstan 90-cı, Ermənistan 97-ci yerdə qərarlaşmışdır. Qlobal rəqabətqabiliyyətlilik reytinqi geniş açıqlanan statistik məlumatlar və şirkət rəhbərlərinin sorğusu əsasında tərtib olunur. Həmin məlumatlar Ümumdünya İqtisadi Forumunun ölkələrdə fəaliyyət göstərən tərəfdaş təşkilatları tərəfindən il ərzində toplanılır, təhlil edilir və sonra hesabata salınır. Təkcə ötən il 134 ölkədə 12 min şirkət rəhbəri bu sorğuda iştirak etmiş, anketdə bu və ya digər ölkədə biznes mühitinə təsir edən geniş sahələr əhatə olunmuşdur.

Hesabatda hər hansı ölkədə rəqabətqabiliyyətliliyin zəif və güclü tərəfləri də öz əksini tapmışdır. Rəqabətqabiliyyətliliyin əsas ümumiləşdirilmiş qiyməti qlobal rəqabətqabiliyyətlilik indeksidir (GCİ). Bu indeks 2004-cü ildə Kolumbiya Universitetinin professoru Haver Sala-i-Martin tərəfindən Ümumdünya İqtisadi Forumu üçün yaradılmışdır. GCİ 12 göstəricidən ("İnstitutların keyfiyyəti", "İnfrastruktur", "Makroiqtisadi sabitlik", "Sağlamlıq və ibtidai təhsil", "Ali təhsil və peşə hazırlığı", "Əmtəə bazarının və xidmətin səmərəliliyi", "Əmək bazarının səmərəliliyi", "Maliyyə bazarının inkişafı", "Texnoloji səviyyə", "Daxili bazarın həcmi", "Şirkətlərin rəqabətqabiliyyətliliyi" və "İnnovasiya potensialı") ibarətdir və onlar müxtəlif iqtisadi inkişafa malik olan ölkələrdə rəqabətqabiliyyətliliyi müəyyən etməyə imkan verir.

Bütün bunlar bir daha göstərir ki, respublikamız iqtisadi potensialına görə hazırda aparıcı dünya dövlətlərinin, nəhəng şirkətlərin ciddi diqqət mərkəzindədir. Ölkə iqtidarının siyasi iradəsi ilə formalaşdırılmış münbit biznes mühiti xarici şirkətləri Azərbaycana daha böyük həcmdə sərmayə yatırmağa meyilləndirir. Azərbaycan Prezidenti İlham Əliyevin 39-cu Davos Forumu çərçivəsində keçirəcəyi görüşlər isə respublikamızın gələcək inkişafı ilə bağlı strateji sahələrə investisiyaların təşviqi prosesində yeni imkanlar açacaqdır.

 

 

Elmanoğlu Samir

 

Azərbaycan.- 2009.- 28 yanvar.- S. 2.