Milli Paralimpiya Komitəsinin üçüncü hesabat-seçki konfransı keçirilmişdir

 

Sumqayıt paralimpiya kompleksinin konfrans salonunda Milli Paralimpiya Komitəsinin (MPK) üçüncü hesabat-seçki konfransı keçirilmişdir. Xatırladaq ki, bu nadir idman-sağlamlıq kompleksi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış keçən il avqustun axırlarında Paralimpiya Oyunlarının açılışı ərəfəsində istifadəyə verilmişdir. Kompleksin açılış mərasimində iştirak edən dövlətimizin başçısı İlham Əliyev paralimpiyaçı idmançılarla görüşmüş, onlara Pekində uğurlu çıxışlar arzulamışdı.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov konfransı açaraq demişdir:

- Əlamətdar haldır ki, paralimpiyaçılar bu mötəbər tədbiri gözəl təchiz olunmuş, Qafqazda yeganə müasir paralimpiya kompleksində keçirirlər. Bu mühüm idman obyektinin tikilməsi, burada yaradılmış şərait dövlətimizin paralimpiya hərəkatına qayğı diqqətinin təzahürüdür.

MPK başçısı qeyd etmişdir ki, ölkədəki müsbət meyillər idman ustalığının artmasında da özünü göstərir. O, paralimpiyaçıların bütün təşəbbüslərini dəstəkləyən dövlət strukturlarına ayrı-ayrı vətəndaşlara idmançılar adından təşəkkürünü bildirmişdir.

MPK-nın vitse-prezidenti, respublikanın əməkdar bədən tərbiyəsi idman xadimi Ziyadxan Kərimovun hesabat məruzəsində qeyd edildi ki, Komitə yarandığı vaxtdan idmançılarımız dörd Paralimpiya Oyunlarında iştirak etmişlər. Məruzəçi daha sonra Komitənin hesabat dövründəki fəaliyyəti barədə ətraflı məlumat verdi. Azərbaycan idmançılarının 13-cü Paralimpiya Oyunlarında yaxşı nəticələr qazanmasını vurğuladı. Bildirildi ki, komandamız həmin yarışlarda müxtəlif dəyərli 10 medal qazanaraq iştirakçı ölkələr arasında 32-ci yeri tutmuşdur.

Konfransın nümayəndələri MPK-nın nəzarət-təftiş komissiyasının sədri, Qarabağ müharibəsi əlili Nizami Ağayevin hesabatını dinlədilər.

Paralimpiya Oyunlarının ikiqat çempionu, cüdoçu İlham Zəkiyev, atletika üzrə yığma komandamızın baş məşqçisi Sergey Təhməzov, gürz tullamaq üzrə dünya rekordçusu Pekin Paralimpiya Oyunlarının çempionu Oluxan Musayev, pauerliftinq üzrə milli seçmə komandanın baş məşqçisi Vaqif Müsəddiq və başqaları dövlətimizin rəhbəri İlham Əliyevin respublikada paralimpiya hərəkatının güclənməsinə daim qayğı göstərdiyini vurğuladılar. Qeyd etdilər ki, qarşıya çıxan problemlərin operativ həlli, məşqlər üçün əlverişli şəraitin yaradılması yüksək idman göstəriciləri nümayiş etdirməyə imkan verir.

Sonra respublika Milli Paralimpiya Komitəsinin rəhbər orqanlarına seçkilər keçirildi. İlqar Rəhimov yenidən MPK-nın prezidenti seçildi.

 

 

Azərbaycan.- 2009.- 28 yanvar.- S. 2.