Qafqazda sabitlik Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılıdır

 

Ötən ilin avqustunda Rusiya və Gürcüstan arasında baş verən silahlı münaqişənin nəticələrindən biri də Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması adlanan yeni regional birlik barədə təşəbbüs irəli sürülməsi oldu. Həmin vaxt bu təşəbbüsün müəllifi kimi çıxış edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Gürcüstandakı münaqişənin mümkün nizamlama yollarından, eləcə də regionda sülh və əməkdaşlığın təmin edilməsindən danışarkən Cənubi Qafqaz respublikaları, həmçinin Türkiyə və Rusiya Federasiyasının iştirakı ilə yeni birliyin yaradılmasının vacibliyini gündəmə gətirdi: "Balkanlarda olduğu kimi, sülhün bərqərar olması üçün biz Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının yaradılması üzrə işə başlaya bilərik. Türkiyə bu rolu icra edə bilər. Bunu, müvafiq ölkələrlə birgə hərəkətlər, fikirlərin hazırlanması vasitəsilə və məsələlərin BMT səviyyəsində nəzərdən keçirilməsi ilə etmək mümkündür. Biz ABŞ və Avropa Birliyi ölkələri ilə birgə addım atarıqsa, o zaman regionda sülhün bərqərar olması üçün əlverişli zəmin yarada biləcəyik. Şübhəsiz, Rusiya Federasiyası da belə Alyansda iştirak etməlidir".

Rusiya və Gürcüstan arasında silahlı qarşıdurma dayandıqdan sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bununla bağlı müzakirələr aparıb. Ümumilikdə iştirakçı dövlətlər Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi platformanın yaradılmasını dəstəkləyib və buna müvafiq olaraq tərəflər arasında məsləhətləşmələr üçün razılıq əldə olunub.

İstanbul şəhərində Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması ilə bağlı yanvarın 26-da Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və Ermənistanın xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə keçirilən görüş də bu razılığın tərkib hissəsidir. Qeyd edək ki, görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Araz Əzimov təmsil edib. Görüşün yekunu olaraq konkret bir bəyannamə qəbul edilməsə də, Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həlli ilə bağlı ümumi məsələlərdə yekdillik nümayiş etdirilib. Həmçinin Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması ideyasının reallaşdırılması ilə bağlı gələcəkdə də bu tip görüşlərin keçirilməsi qərara alınıb.

Siyasi müşahidəçilər isə belə hesab edirlər ki, Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının reallaşması regionda mövcud olan konfliktlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov da İstanbulda keçirilən görüşü şərh edərkən bildirib ki, rəsmi Bakı münaqişələr həll olunmadan əməkdaşlığa dəvət edən platformanın reallaşmasını mümkün hesab etmir. Onun sözlərinə görə, Azərbaycan ümumən ideyanı dəstəkləyir. Ancaq aydındır ki, Ermənistanla bir platformada təmsil olunmaq üçün bu ölkə ilk növbədə Azərbaycanın işğal altında olan ərazilərini azad etməlidir.

Bundan başqa belə hesab edilir ki, Ermənistan Türkiyəyə qarşı olan iddialarından da əl çəkməlidir. Türkiyədən olan ekspertlər də vurğulayır ki, Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının yaradılması məsələsində Türkiyə-Ermənistan münasibətləri açar rolunu oynayır. Sabançı Universitetinin professoru Ersin Qalayçıoğlu bununla bağlı qeyd edir: "Rəsmi Ankara Ermənistan-Azərbaycan münasibətləri normallaşdıqdan sonra bu ölkə ilə diplomatik əlaqə quracaq və sərhədləri açacaq. Türkiyə bunu Ermənistana şərt kimi qoyub. Həmçinin Ermənistanla bağlı Türkiyənin atdığı hər bir addım Azərbaycanla əlaqəli olmalıdır".

Ankarada yerləşən Beynəlxalq Strateji Araşdırmalar Təşkilatının Qafqaz və Xəzər regionları üzrə təmsilçisi Günər Özkan da bildirib ki, Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının reallığa çevrilməsi üçün Dağlıq Qarabağ və regionda olan digər münaqişələrin həlli sürətlənməlidir: "Platformanın yaradılması üçün bu ideyaya cəlb olunan tərəflər bəzi vacib problemlərə daha ciddi yanaşmalıdır. Buraya ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həlli daxildir".

Ekspert onu da qeyd edir ki, Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması yaratmaq planının təməli iqtisadi və enerji sahəsində əməkdaşlıq yolu ilə problemləri həll etmək ideyasına əsaslanıb: "Əslində, bu yanaşma tərzi əvvəllər də sınaqdan keçirilib. Hələ Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkilərkən belə bir ideya var idi ki, bu marşrut Qarabağdan keçməklə Ermənistan üzərindən Türkiyəyə istiqamətlənsin. O vaxt bu təklif amerikalılardan gəlmişdi, hətta onun ətrafında müzakirələr də aparıldı. Lakin Ermənistan işğalçılıq planlarından əl çəkmədiyi üçün heç bir nəticə əldə olunmadı".

Günər Özkan İstanbul görüşündə əslində bu ideyanın müzakirə olunduğunu qeyd edir: "Ancaq yenə də qeyd edirəm ki, bizim müşahidələrimizdən belə qənaətə gəlmək olar ki, Türkiyənin irəli sürdüyü bu ideyanın əslində, tam reallığa çevrilməsi üçün Dağlıq Qarabağ probleminin həlli vacibdir. Digər təfərdən, Ermənistanın uydurma soyqırım məsələsinin dünya müstəvisində təbliğatından da nə dərəcədə əl çəkəcəyi sual doğurur.

Bu günə qədər Rusiya, Ermənistan və Azərbaycan bu ideya çərçivəsində problemlərinin ən yüksək səviyyədə müzakirəsinə razılıqlarını ifadə ediblər. Bunun özü pozitiv əlamətdir. Amma bu cür müzakirələrdə təfərlər arasında kimin ilk addımı atacağı, növbəti planın nə olacağı kimi suallar da aydınlaşdırılmalıdır. Bu istiqamətdə də nəticə olsa, o zaman böyük işlərdən danışmaq olar. Ancaq indiki şərtlər altında proqnoz vermək həqiqətən çətindir".

Onu da bildirək ki, bu vaxta qədər Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının tam detalları açıqlanmayıb. Ancaq Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu məsələ barədə danışarkən bildirib ki, Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması ASEAN tipli bir qurum kimi nəzərdən keçirilir. Onun sözlərinə görə, Ankaranın irəli sürdüyü təşəbbüs ikimərhələli prosesi nəzərdə tutur. Birinci mərhələdə iştirakçı Türkiyə və Rusiyanın təminat hüququ altında bölgə dövlətlərinin - Azərbaycan, Gürcüstan, Ermənistan - əməkdaşlıq imkanlarının araşdırılacağı platforması yaradılır, ikinci mərhələdə isə bu mexanizmlər formalaşdıqdan sonra qərarların qəbulu təşəbbüsü bu üç ölkənin ixtiyarına verilir.

Bütün bunlar onu göstərir ki, Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının reallaşması üçün Azərbaycanın ərazi bütövlüyünün bərqərar olması zəruri şərtdir və Ermənistan həqiqətən də bu platforma çərçivəsində region ölkələrinin birliyinin yaranmasını istəyirsə, işğal altında olan əraziləri dərhal azad etməlidir. Yalnız bu halda Qafqazda Sülh və Əməkdaşlıq Platforması bölgədə sülh və təhlükəsizliyə töhfə verə bilər. Hələ ötən ilin avqustunda Qafqazda Sülh və Əməkdaşlıq Platforması ilə bağlı Azərbaycana səfərə gələn Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla Prezident İlham Əliyev arasında keçirilən görüş zamanı da bu məsələ xüsusi olaraq qabardılıb. Həmin vaxt Prezident İlham Əliyev qeyd edirdi: "Bütün başqa münaqişələrlə birlikdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də yalnız beynəlxalq hüquq normaları əsasında öz həllini tapa bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyildir. Bizim artan siyasi və iqtisadi potensialımız, gücümüz, əlbəttə ki, bölgədə mövqelərimizi möhkəmləndirir. Türkiyə və Azərbaycanın mövqeləri nə qədər möhkəm olsa, bölgədə sabitlik də bir o qədər möhkəm olacaqdır".

Rəcəb Tayyib Ərdoğan da bildirib ki, Cənubi Qafqazda sülhün təmin olunması baxımından Azərbaycan və Türkiyənin mövqeyi eynidir: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır. Minsk qrupunun fəaliyyəti 16 ildir nəticə vermir və bu, bizi düşündürür. Qafqazda Sülh və Əməkdaşlıq Platforması bölgədə sülh və təhlükəsizliyə töhfə verə bilər".

Belə hesab olunur ki, Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının yaradılması üçün maraqlı dövlətlərin Ermənistana öz işğalçılıq siyasətindən əl çəkməsi üçün təzyiqləri bundan sonra artmaqda davam edəcək. Bu isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi il bağlı vəziyyətin daha böyük sürətlə ölkəmizin xeyrinə dəyişəcəyini və Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının yaradılmasının Azərbaycanın maraqlarına uyğun olduğunu göstərir.

 

 

Bayramov Rasim

 

Azərbaycan.- 2009.- 28 yanvar.- S. 2.