Uğurlu islahatlar, uğurlu nəticələr

 

 2008-ci ildə ölkəmizin həyatı dinamik inkişafla əlamətdar olmuşdur. Yaradılmış sabitlik və işgüzar mühit bir sıra iqtisadi, sosial, mədəni proqramların reallaşmasını təmin etmiş, Azərbaycan dövləti daha da qüdrətlənmiş, xalqın rifah halı yüksəlmişdir. Ölkə Prezidenti möhtərəm İlham Əliyevin təşəbbüskarlığı, qəbul etdiyi qərarların icrası sayəsində əvvəlki illərdə yalnız arzu edilən, bu gün isə reallığa çevrilən böyük uğurlar əldə olunmuşdur. Bu gün Azərbaycanın hüquqi, demokratik əsaslarla davamlı olaraq və yüksək templə inkişaf edən qüdrətli bir ölkəyə çevrilməsi beynəlxalq səviyyədə etiraf olunmaqla yanaşı, hər bir Azərbaycan vətəndaşının şəxsi həyatında da müşahidə edilməkdədir. Məhz əməli fəaliyyətə və əldə olunan konkret nəticələrə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci il oktyabrın 15-də yenidən xalqın etimadını qazanaraq Azərbaycanın dövlət başçısı seçilmişdir.

2008-ci ildə respublikamızın inkişafına təminat yaradan əsaslı tədbirlərin görülməsi mədəniyyət və turizm sferasının da dinamik inkişafına səbəb olmuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyevin mədəniyyət və turizm sahələrinə dair fərman və sərəncamları, verdiyi göstəriş və tapşırıqlar, iri miqyaslı mədəniyyət layihələrinin dövlət rəhbərliyi səviyyəsində dəstəklənməsi uğurlu fəaliyyətə əsaslı şərait yaratmışdır.

Son illər mədəniyyət və turizm sahəsində aparılan islahatların və gərgin işin nəticəsində əldə olunan nailiyyətləri ölkənin yüksək sosial-iqtisadi artımı, demokratik vətəndaş cəmiyyətinin formalaşması, uğurlu energetika siyasəti və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi sahələrində əldə olunmuş nəticələrlə müqayisə etmək olar.

Azərbaycanda və dünyanın bir sıra ölkələrində qeyd edilən, xalqımızın şərəfli tarixi ilə bağlı iki yubiley - ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 və Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyləri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 2008-ci ildəki fəaliyyətinə xüsusi məzmun vermişdir.

Həyatını Azərbaycan xalqının tərəqqisinə, müstəqil dövlətçiliyimizin möhkəmlənib əbədi olmasına həsr etmiş ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin 85 illik yubileyini yüksək səviyyədə keçirmək üçün nazirlik tədbirlər planı hazırlamış, 2008-ci ilin aprel ayından başlayaraq ölkənin mədəniyyət və turizm sferasında böyük siyasi-mədəni mahiyyət daşıyan yubiley tədbirləri keçirilmişdir.

Bütün mədəniyyət müəssisələrində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən xüsusi guşələr yaradılmış, mütəmadi olaraq mədəniyyət ocaqlarında fotostendlər, kitab sərgiləri, oxucu konfransları, şeir müsabiqələri, rəsm qalereyalarında sərgilər təşkil olunmuşdur.

Nazirlik tərəfindən nəşr edilən "Heydər Əliyev və mədəniyyət", "Müstəqilliyimiz əbədidir" 20 cildliyə dair göstərici, "Günəşə qovuşmaq istəyirəm mən" kitabları və ədəbiyyat və incəsənətin bütün sahələrində dərinləşən çağdaş prosesləri əks etdirən "Mədəniyyət" kataloqunun ilk sayı ulu öndərin xatirəsinə həsr olunmuşdur. Bundan başqa, nazirlik dünyanın bir çox dövlətlərində Heydər Əliyevin yubileyinin təşkilində iştirak etmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında" 15 fevral 2008-ci il tarixli sərəncamına əsasən Xalq Cümhuriyyətinin yubileyinin layiqincə qeyd olunmasının təmin edilməsi nazirliyin ötən ilki fəaliyyətində də önəmli yer tutmuşdur.

2008-ci ilin may ayında Avropanın siyasi mərkəzləri - Avropa Şurası və Avropa İttifaqında, həmçinin dünya mədəniyyətinin mərkəzi təşkilatı YUNESKO-da Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi münasibətilə konsertlər və sərgilər təşkil olunmuşdur.

Ötən il ölkəmizin mədəni həyatı çoxsaylı yaradıcılıq tədbirləri, xalqımız tərəfindən mədəniyyətin inkişafına bəslənən ictimai fəallıqla seçilmişdir. İncəsənət sahəsi üzrə respublikamızda və onun hüdudlarından kənarda 150-dən artıq dövlət əhəmiyyətli və beynəlxalq tədbir keçirilmiş, Dövlət teatrlarında yeni və əsaslı bərpa olunmuş tamaşalar hazırlanmış, Azərbaycan incəsənət ustalarının dünyanın ən müxtəlif ölkələrinə səfərləri təşkil edilmiş, ölkə daxilində və xaricdə müxtəlif tətbiqi sənət sərgiləri açılmışdır.

Möhtərəm Prezidentimizin sərəncamlarına əsasən Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasının yaranmasının 100, Q.Qarayevin 90, M.Müşfiqin və Mir Cəlalın 100 illik yubileylərinə həsr olunmuş tədbirlər əsl sənət bayramına çevrilmiş, ədəbi irsə ehtiram nümunəsi olmuşdur. Ü.Hacıbəyovun "Leyli və Məcnun" əsərinin, Mir Cəlalın, Səttar Bəhlulzadənin 100 illik yubileylərinin YUNESKO-nun tədbirlər planına daxil edilməsi, yubileylərin bu nüfuzlu təşkilatda Azərbaycan nümayəndə heyətinin iştirakı ilə qeyd olunması Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda verilən yüksək qiymətdir və beynəlxalq mədəni əməkdaşlıq sahəsində aparılan işlərin uğurlu yekunudur.

Ukrayna, Belarus, Moldova, Səudiyyə Ərəbistanı Krallığı kimi bir çox ölkənin Azərbaycanda keçirilən mədəniyyəti günləri, "Yaddan çıxmaz Qarabağ" mədəniyyət aksiyası, Üzeyir musiqi günü, teatr mövsümlərinin axtarışlarla zəngin yaradıcı mühiti, beynəlxalq təsviri sənət sərgilərində milli əsərlərin nümayişi incəsənət tariximizə yaddaqalan yeni səhifələr yazmışdır.

Prezident İlham Əliyevin "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 19 fevral tarixli sərəncamının 1.6. bəndinə uyğun olaraq "Azərbaycan teatrı 2008-2018-ci illərdə" Dövlət Proqramı hazırlanmışdır.

Teatr sənətinin müxtəlif janrları üzrə yüksək bədii dəyərli tamaşaların hazırlanması, habelə istedadlı gənclərin üzrə çıxarılması, onların bədii yaradıcılıq axtarışlarının dəstəklənməsi, yaradıcı potensialın aşkarlanması məqsədilə yeni layihə icra olunmuşdur. Bu layihəyə əsasən gənc rejissorlara Bakıda və bölgə teatrlarında tamaşalar hazırlamaq şansı verilmişdir. Respublikada gedən teatr prosesini canlandırmaq və yaradıcı kollektivlərin bədii axtarışlarına yardım etmək məqsədilə bir sıra teatrlara Dövlət sifarişi yolu ilə 20 tamaşanın hazırlanması həvalə edilmişdir.

Ölkə başçısının teatr sənətinə böyük qayğısının təzahürü kimi iki aparıcı teatrda çalışanların əməkhaqqının 100 faiz, daha dörd teatrın əməkdaşlarının əməkhaqqının 25 faiz artırılmasını xüsusi vurğulamaq istərdim. Prezidentin müvafiq sərəncamları ilə il ərzində 101 nəfər mədəniyyət və incəsənət xadimi müxtəlif fəxri adlarla təltif olunmuşdur. Eyni zamanda musiqi məktəblərinin bir çox istedadlı şagirdi Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülmüş, onların adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılmışdır.

Hazırda Azərbaycan dünya mədəniyyətinə və turizm məkanına ən müxtəlif istiqamətlərdə uğurla inteqrasiya olunur. 2008-ci ildə Almaniyada Azərbaycan İlinin keçirilməsi ölkəmizin unikal mədəniyyətinin tanıdılması yolunda atılan uğurlu addımdır. Bir il ərzində Berlin, Ştutqart, Drezden, Leypsiq, Maynst, Hamburq, Münhen şəhərlərində keçirilən müxtəlif tədbirlərdə müasir dövrümüzün ən görkəmli musiqiçiləri, tanınmış bədii kollektivlər, mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.

Milli mədəniyyətimizin qorunması, zənginləşməsi və tərəqqisinə xidmət edən, teatr, musiqi, təsviri sənət və kino sahəsində xüsusi nailiyyətlər qazanan, yüksək peşəkarlıq nümayiş etdirən şəxslərin bədii axtarışlarını dəstəkləmək və yaradıcılıq fəaliyyətləri üçün zəmin yaratmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi respublikamızda ilk dəfə olaraq bir ilin uğurlu yaradıcılıq işləri üçün "Zirvə" mükafatını təsis etmişdir. Eyni zamanda "Qızıl kəlmə" ədəbi mükafatı, gənc şair və yazıçıları bir araya gətirən Gənc Ədiblər Məktəbi təsis edilmişdir.

Həmçinin 35 yaşa qədər olan dramaturqlar arasında ən yaxşı səhnə əsəri üçün, mədəniyyət mövzusunda ən yaxşı jurnalist yazıları üçün müsabiqələr elan olunmuşdur.

2007-ci ildə start götürən və 2008-ci ildə də davam etdirilən Azərbaycan Musiqisi Festivalı layihəsinin məqsədi və qayəsi xalq musiqisinin, bəstəkar yaradıcılığının, ifaçılıq sənətinin yüksək səviyyədə təbliği olub.

Xalq yaradıcılığının inkişafını, mədəniyyət müəssisələrinin işinin daha da səmərəli təşkil olunmasını, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsini, bölgələrdə əhalinin teatr sənətinə marağının artırılmasını təmin etmək məqsədilə 2008-ci ilin 24 mart - 26 aprel tarixlərində xalq teatrlarının I Ümumrespublika baxış-müsabiqəsi keçirilmişdir. Respublika Aşıqlarının V qurultayının yüksək səviyyədə təşkili də mədəni həyatda baş verən əhəmiyyətli hadisələrdən biridir.

Ötən il kitabxana-informasiya sahəsinin inkişafına da xüsusi diqqət yetirilmişdir. Ölkə Prezidentinin "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" 2007-ci il 20 aprel tarixli sərəncamının icrasına uyğun olaraq nazirlik tərəfindən hazırlanan "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" ölkə başçısının 6 oktyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş, 2008-ci il respublikanın şəhər və rayon kitabxanalarının avtomatlaşdırılması ili elan edilmişdir.

2008-ci ildə C. Cabbarlı adına Respublika Gənclər, Gözdən Əlillər üçün Respublika Gəncə Şəhər Mərkəzi, Hacıqabul rayon Mərkəzi kitabxanaları Avtomatlaşdırılmış Kitabxana - İnformasiya Sistemi ilə təchiz edilmiş, respublikanın 26 rayon (şəhər) mərkəzi kitabxanası kompüter avadanlığı və digər informasiya texnologiyaları ilə təmin edilmişdir.

Mədəniyyət və Turizm Nazirliyi şəbəkəsinə daxil olan kitabxanaların kitab fondunun zənginləşdirilməsi daha uğurla davam etdirilmişdir. Belə ki, 2008-ci ildə fondlara 1 milyon 640 min nüsxədən çox kitab daxil olmuşdur. Nazirliyin təşəbbüsü ilə 2008-ci ildə Bakıdakı M. Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasında "Kitabxana-kitab mağazası" pilot layihəsi həyata keçirilməyə başlanmışdır. Kitabxana-kitab mağazasında respublikanın müxtəlif nəşriyyatlarında, habelə Rusiya Federasiyasında nəşr olunmuş rus, ingilis və s. xarici dillərdə elmi-populyar nəşrlər, uşaq ədəbiyyatı, bestsellerlər, ensiklopediya, lüğət, məlumat-sorğu ədəbiyyatı, elektron kitabların təbliği və satışı həyata keçirilir. "Prezident Kitabxanası"nın yaradılmasının 5-ci ildönümü ilə əlaqədar həmin kitabxanada mədəni-siyasi əhəmiyyəti ilə diqqəti cəlb edən tədbir və təqdimat mərasimləri keçirilmişdir.

2008-ci ildə muzey fondlarının uçotu, mühafizəsi, komplektləşdirilməsi, ekspozisiyalarının təkmilləşdirilməsi və yenidən qurulması, maddi-texniki bazalarının möhkəmləndirilməsi, onlara əməli və metodiki kömək göstərilməsi istiqamətində bir sıra işlər görülmüşdür. İl ərzində 12 yeni muzey yaradılmışdır. Onlardan 2-si Qobustan və Xızı rayonlarının tarix-diyarşünaslıq muzeyləri, 10-nu isə Ağdam, Füzuli, Hacıqabul, İsmayıllı, Xızı, Tovuz, Qazax, Siyəzən, Qobustan rayon mərkəzlərində və Lökbatan qəsəbəsində yaradılan Heydər Əliyev muzeyləridir.

Abidələrin və mədəniyyət qoruqlarının mühafizəsi və bərpası nazirliyin fəaliyyətində xüsusi yer tutmuş, bununla əlaqədar bir sıra mühüm sənədlər, layihələr hazırlanmışdır. Əzizbəyov rayonunun Qala qəsəbəsindəki məscidin (XVII əsr), Quba rayonunun I Nügədi kəndindəki məscidin, Bərdə rayonundakı XIV əsr Bərdə türbəsinin, Salyan rayonundakı "Cümə" məscidinin, Balakən şəhərindəki Minarəli məscidin, Zaqatala şəhərindəki Qala divarlarının və Şəki şəhərindəki Nakam adına kitabxananın, adı Dünya Mədəni İrs Siyahısında olan Qobustan Milli tarix-bədii qoruğunun inzibati binasının, Qax rayonundakı Həsənxan qalasının, həmçinin Şəki şəhərindəki Şəkixanovların evinin, "Gələrsən-görərsən" qalasının bərpa və tikinti sənədləri üzərində işlər başa çatdırılmışdır.

2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarix-memarlıq qoruq-muzeyində hər həftənin çərşənbə günləri keçirilən "Muğam axşamları" ictimaiyyətin böyük marağına səbəb olmuşdur.

Kino istehsalı üzrə dövlət studiyaları və müstəqil prodüser mərkəzlərində filmlər üzərində işlər davam etmişdir. "A.S.V.A. PROFİ" prodüser mərkəzi tərəfindən istehsal edilmiş "Hökmdarın taleyi" iki seriyalı bədii filminin nümayişləri keçirilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmiş "Qala", "Günaydın mələyim", "Ritm" prodüser mərkəzinin "40-cı qapı" filmləri çəkilib təhvil verilmişdir. "Azərbaycanfilm"də daha iki film - "Ehram" telekanalı" və "İstanbul reysi" bədii filmləri üzərində iş aparılır. "Bizim kino" prodüser mərkəzində istehsala buraxılan "Cavad xan" iki seriyalı bədii filminə baxış keçirilmişdir. "Sınaq-film" prodüser mərkəzində çəkilən "Kuklalar" və "Ölüm növbəsi" bədii filmlərinin istehsalı yekunlaşmaq üzrədir. "Dua", "Həqiqətin özü", "Cabbar Qaryağdıoğlu", "Mehdi Hüseynzadə" və "Prezident" sənədli filmlərinin çəkilişi başa çatdırılmışdır.

"Yaddaş" studiyasında "Azərbaycan tarixi" tammetrajlı sənədli filminin istehsalı tamamlanmışdır. İstehsalata daha iki tammetrajlı sənədli film buraxılıb: "Həyat sən nə qəribəsən" və "Azərbaycan mədəniyyəti".

"Ratio-TV" prodüser mərkəzi tərəfindən istehsal edilmiş "Qanadlarıma sığal çək", "Dərviş" prodüser mərkəzinin "Düyün" və Gənc film istehsalçıları assosiasiyası tərəfindən çəkilmiş "Yalançılar" qısametrajlı bədii filmlər qəbul edilmişdir.

Heydər Əliyev Fondu ilə birgə layihə çərçivəsində müxtəlif illərdə çəkilən cizgi filmlərindən ibarət "Bir nağıl söylə mənə" toplusunun təqdimatı keçirilmişdir.

Nazirliyin gənclərlə iş proqramı çərçivəsində kino yaradıcılığına cavan kadrları cəlb etmək məqsədilə növbəti "Bu meydan, bu ekran" kino layihələrinin müsabiqəsi də uğurlu olmuşdur.

Nazirlik tərəfindən "Heydər Əliyev və mədəniyyət" üçcildliyinin, "Prezident İlham Əliyev və mədəniyyət" ikicildliyinin nəşri başa çatdırılmışdır. Azərbaycan kitabının VI İskəndəriyyə Beynəlxalq Kitab Sərgi-Yarmarkasında, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən beynəlxalq kitab sərgisində və Yunanıstanın Saloniki şəhərində keçirilən V Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirakı təmin edilmişdir. Moskva şəhərində keçirilən MDB-yə üzv dövlətlərin V Beynəlxalq "Kitab sənəti" müsabiqəsində nazirlik iştirak etmiş və təqdim olunan Azərbaycan kitabları bu müsabiqədə yenə də böyük uğur qazanmışdır.

Keçən il turizmin inkişafı istiqamətində ardıcıl işlər görülmüş, ikitərəfli əməkdaşlıq sahəsində Azərbaycan Respublikası ilə Polşa, Türkiyə, Moldova, Belarus, Qazaxıstan, İsveçrə, Yunanıstan, Avstriya, Ukrayna, Qırğızıstan, Rusiya Federasiyası və s. arasında ikitərəfli əməkdaşlıq sahəsində hökumətlərarası komissiyaların qəbul etdiyi sənədlərin icrası həyata keçirilmişdir. Azərbaycan ötən illərlə müqayisədə daha çox beynəlxalq turizm sərgilərində fəal iştirak etmişdir. Belə ki, respublikamızın turizm imkanlarını təbliğ etmək məqsədi ilə 2008-ci il ərzində Vyana, Madrid, Milan, İstanbul, Riqa, Vilnüs, Berlin, Moskva (2 sərgi), Kişineu, Manama, Dubay, Pekin (2 sərgi), Tokio, Daşkənd və London şəhərlərində keçirilmiş beynəlxalq turizm sərgilərində Azərbaycanın turizm potensialının geniş nümayişinə nail olunmuşdur. Turizm sahəsində dünya təcrübəsinin öyrənilməsində müstəsna əhəmiyyəti olan infoturlardan daha səmərəli istifadə edilmişdir. 2008-ci ilin 15-22 aprel tarixlərində Almaniyanın turizm şirkətləri və media, həmçinin 16-18 aprel tarixlərində Türkiyənin turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana, 23 noyabr - 1 dekabr tarixlərində isə ölkəmizin turizm şirkətlərinin və media nümayəndələrinin Yunanıstana infoturları təşkil olunmuşdur. "EuroNews" və "Travel Channel" kanallarında respublika və onun turizm imkanları haqqında reklam çarxı yayımlanmışdır. "CNN" telekanalında reklam çarxlarının nümayişinə başlanmışdır. Hazırda respublikada 234 turizm şirkəti fəaliyyət göstərir. Mehmanxana və mehmanxana tipli obyektlərin sayı 337-dir.

İkitərəfli beynəlxalq mədəni əməkdaşlığın uğurlu inkişafının əsas şərtlərindən biri ayrı-ayrı ölkələrlə hüquq-müqavilə bazasının mövcud olmasıdır.

Çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsinin xarici mədəniyyət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2008-ci il Birləşmiş Millətlər Təşkilatı, YUNESKO, Dünya Turizm Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, İSESKO, MDB, TÜRKSOY, Demokratiya və iqtisadi inkişaf naminə - GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarla mədəniyyət və turizm sahəsində çoxtərəfli əməkdaşlıq, mədəniyyət və turizm sahələrində mövcud proqramlara qoşulma, beynəlxalq tədbirlərdə fəal iştirakın təmin edilməsi, həmçinin yeni təklif və layihələrin hazırlanması, əməkdaşlığa dair sənədlərin imzalanması istiqamətində səmərəli işlər görülmüşdür.

Azərbaycan mədəniyyətinin xaricdə təbliği, eləcə də ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş mədəni tədbirlərin həyata keçirilməsini gücləndirmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi xarici ölkələrdə mədəniyyət mərkəzləri yaratmağa başlamışdır.

2008-ci ilin sonunda ilk dəfə Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilən konfransı mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi sahəsində xüsusi mərhələ olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstəyi və iştirakı konfransın yüksək səviyyədə təşkil olunmasına, həmçinin beynəlxalq miqyasda dövlətlər və təşkilatlar arasında səmərəli münasibətlərin inkişafına və əməkdaşlığın möhkəmlənməsinə əvəzolunmaz töhfə vermişdir. 48 ölkənin, 14 Beynəlxalq təşkilatın və qeyri-hökumət təşkilatlarının 250 nəfərlik nümayəndə heyəti ilə təmsil olunduğu bu Konfrans çərçivəsində Mədəniyyətlərarası dialoqa dair Bakı prosesinin əsasını qoymuş "Bakı Bəyannaməsi", "Avropa memarlıq irsinin qorunmasına dair Qrenada Konvensiyası", "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Slovakiya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş", "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair 2009 - 2010-cu illər üzrə Proqram" və "Mədəniyyət Nazirlərinin 6-cı İslam Konfransının keçirilməsinə dair Razılaşma" imzalanmışdır.

Azərbaycan Respublikası Prezidentinin mədəniyyət və turizm obyektlərinin layihələşdirilməsi, inşası, bərpası, təmiri və yenidən qurulması işinə göstərdiyi yüksək diqqət və qayğı sayəsində bu sahədə də mühüm tədbirlər həyata keçirilmiş, bir sıra yeni mədəniyyət obyektləri tikilib istifadəyə verilmiş, yaxud əsaslı şəkildə təmir olunmuşdur. Belə obyektlər sırasında Heydər Əliyev Sarayının əsaslı təmirdən sonra, Azərbaycan Dövlət Film Fondunun və "Muğam Evi"nin yeni binalarının istifadəyə verilməsini deyilənlərə misal göstərmək olar.

2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir çox mədəniyyət və turizm müəssisələrinin maddi-texniki bazasının yüksəldilməsi məqsədilə təmir, bərpa-konservasiya və yenidənqurma işləri aparılmış, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın tikintisi davam etdirilmişdir.

Mədəniyyət və turizm sahəsində baş verən bütün yeniliklər və əldə olunmuş nəticələr heç şübhəsiz ki, dövlət tərəfindən göstərilən maliyyə dəstəyi nəticəsində mümkün olmuşdur.

Ötən il görülən işlər 2009-cu ildə nəzərdə tutulan ən vacib məsələlərin həlli üçün münbit zəmin yaratmışdır. Mədəniyyət və Turizm Nazirliyi mədəniyyətimizin inkişafı, təbliği, dünyada daha əhəmiyyətli yer tutması, eyni zamanda yeni-yeni yaradıcılıq nümunələrinin meydana çıxması, mədəni irsimizin qorunması və turizmin inkişafı istiqamətində genişmiqyaslı fəaliyyətini bundan sonra da səmərəli şəkildə davam etdirəcəkdir. Onu da xüsusi qeyd etmək xoşdur ki, 2009-cu il Bakı İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. Əminliklə deyə bilərik ki, bu beynəlxalq mədəniyyət layihəsi mədəniyyətlərarası dialoqu daha da inkişaf etdirməklə yanaşı dünyada Azərbaycanın mövqelərinin möhkəmlənməsinə də böyük töhfə verəcəkdir.

 

 

Əbülfəs Qarayev

 

Mədəniyyət və Turizm naziri

 

Azərbaycan.- 2009.- 28 yanvar.- S. 4.