Dövlət proqramları
çərçivəsində işlər davam edir
Son illər ərzində əhaliyə göstərilən tibbi xidmətin yüksək səviyyəyə qaldırılması, səhiyyə müəssisələrində təmir-tikinti və abadlaşdırma işlərinin aparılması, saxta dərmanlarla mübarizə və digər sahələrdə ciddi islahatlar və tədbirlər görülür.
İldən-ilə səhiyyəyə ayrılan büdcə vəsaiti artırılır. 2003-cü ildə səhiyyə ehtiyaclarına 69,0 milyon manat ayrılmışdırsa, 2008-ci ildə bu rəqəm 558 milyon manat olmuşdur ki, bu da son beş ildə ölkə səhiyyəsinin büdcəsinin 8 dəfə yüksəlməsi deməkdir. 2007-ci illə müqayisədə ötən il səhiyyənin büdcəsi 20 faiz artmışdır.
Bu gün əhaliyə göstərilən hematoloji yardım və qan xidmətinin inkişafıına dövlət səviyyəsində yüksək diqqət yetirilir. "Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı" çərçivəsində qan xidməti müəssisələri qan torbaları ilə, qanı yoxlamaq üçün reaktivlərlə təmin olunmuş, Mərkəzi Qan Bankı əsaslı təmir edilərək müasir avadanlıqla təchiz edilmişdir. Görülən tədbirlər nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı xeyli artmışdır. 2008-ci il ərzində 124 könüllü qanvermə aksiyası keçirilmiş və burada 40 minə yaxın insan iştirak etmişdir. Beləliklə, pullu donorlara ehtiyac nisbətən aradan qaldırılmışdır. 2003-cü illə müqayisədə ötən il qanvermələrin sayı iki dəfəyə yaxın artmışdır. Beləliklə də 2003-cü ildə 5,5 tona yaxın qan tədarük olunmuşdursa, 2008-ci ildə həmin rəqəm 17 tona çatdırılmışdır. Bu da qana olan ehtiyacı tam ödəməyə imkan vermişdir.
2008-ci ildə ölkədə Səhiyyə Nazirliyi üzrə 62 müalicə obyektində təmir-tikinti, yenidənqurma işləri aparılmışdır. Kliniki Tibbi Mərkəz, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası, "Azərsutikinti" xəstəxanasında yeni yaradılmış hemodializ şöbəsi üçün nəzərdə tutulmuş korpus və digər səhiyyə müəssisələri müasir standartlar səviyyəsində inşa olunmuşdur. 2007-ci ildə 45 obyektdə iş aparılmış, 28 səhiyyə müəssisəsində təmir-tikinti işləri başa çatdırılaraq təhvil verilmişdir. 2008-ci ildə 62 obyektdə inşaat işləri icra edilmiş, 33 səhiyyə obyektində isə təmir-tikinti işləri tamamlanmışdır.
Azərbaycan.- 2009.- 28 yanvar.- S. 5.