Nabukko layihəsinə
dair sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
- Hörmətli
xanımlar və cənablar!
Öncə mən bizi qəbul edən Macarıstan tərəfinə və Baş nazir Dyurçana bu cür möhtəşəm
tədbiri təşkil
etdiyinə görə
minnətdarlığımı bildirmək istəyirəm.
Əminəm ki, bu gün keçirdiyimiz
müzakirələr layihənin
bütün iştirakçıları,
istər təchizatçı,
tranzit ölkələr,
istərsə də istehlakçılar arasında
daha çox anlaşmanı təmin edəcək və irəliyə doğru daha sürətlə addımlamağa imkan yaradacaqdır.
Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyində
öz rolunu oynayır. Son illər ərzində başladığımız
və uğurla həyata keçirdiyimiz layihələr regionda artıq yeni vəziyyət yaradıbdır.
Dünyada ilk dəfə
olaraq, Xəzərin enerji resursları alternativ yolla Qərb bazarlarına çıxarılır. Tərəfdaşlarımızla
birgə çəkdiyimiz
neft və qaz boru kəmərləri
Azərbaycana təchizat
marşrutlarını şaxələndirməyə,
iqtisadi və sosial tələbatlarımızı
ödəməyə, iqtisadi
və siyasi islahatları daha sürətlə aparmağa
imkan yaradır.
Bir sözlə,
Azərbaycanın enerji
siyasəti ölkəmiz,
xalqımız, qonşularımız
və bütöv
region üçün artıq
böyük fayda verir. Bu gün Xəzərdə alternativ
mənbələr üçün
yeni nəqletmə layihələri haqqında
söhbət açdığımız
zaman hamımız etiraf edirik ki,
bu nailiyyətin bünövrəsi 1990-cı illərin
ortalarında qoyulmuşdur.
Bakı-Tbilisi-Ceyhan neft
və Bakı-Tbilisi-Ərzurum
qaz boru kəmərləri tikilmişdir.
Bu addım qapıları
açır və imkanlara aparan yolun təzahürüdür.
Vaxt keçdikcə və həmin layihələri yekunlaşdırdıqca,
biz lazım olan bütün işləri yerinə yetirdik. Azərbaycanın çəkdiyi
boru kəmərləri
xəritəsinə nəzər
yetirsə, görərsiniz
ki, neft və qaz kəmərləri
hər bir istiqamətdə gedir. Bu gün malik olduğumuz yeddi neft və qaz
boru kəməri bizə hasil etdiyimiz qədər enerji daşıyıcılarını
müxtəlif istiqamətlərdə
nəql etməyə imkan yaradır. Bunlar bizə imkan verir ki,
yalnız bir marşrutdan, tranzit yolundan asılı olmayaq.
Biz xüsusən
hasilatçılar ilə
tranzit ölkələr
arasında mübahisədən
əziyyət çəkən
istehlakçıların narahatlığını
aydın şəkildə
anlayırıq. Etibarlı
tərəfdaş və
dost ölkə kimi, o
cümlədən müstəqillik
dövründən verdiyi
vədləri yerinə
yetirən tərəf
kimi Azərbaycan öz bəyan etdiyi addımları atıbdır. Gələcəkdə
isə biz şaxələndirmə
işində daha fəal rol oynamağı
planlaşdırırıq. Şaxələndirmə hamımız,
o cümlədən hasilatçılar
üçün vacibdir.
Əgər biz yalnız
bir yoldan asılı olacağıqsa,
onda problemlərlə
üzləşə bilərik
və ədalətli qiymətə nail olmayacağıq.
Lakin variantların müxtəlif olduğu təqdirdə özümüzü
daha rahat hiss edə bilərik.
Azərbaycanın nəhəng
qaz ehtiyatlarını
nəzərə alsaq,
- minimum hesablamalara görə,
onun həcmi 2 trilyon kubmetr səviyyəsindədir, - bu
sərvətimiz gələn
onilliklər, yüz il ərzində bizim üçün kifayət edəcəkdir.
Əlbəttə ki,
biz bazarlara və tranzit ölkələrlə
münasibətlərimizə uyğun olaraq hasilat sürətimizi, sərmayə proqramlarımızı
planlaşdırmalıyıq. Nə qədər çox ölkə Azərbaycandan qaz alarsa, bu, Azərbaycanın
özü üçün
bir o qədər yaxşıdır və həmin ölkələr
üçün faydalıdır.
Bu, hər tərəfdən
faydalı variantdır.
Başladığımız və uğurla həyata keçirdiyimiz layihələr hazırda göstərir ki, bütün iştirakçıların
maraqları üst-üstə
düşəndə, vahid
heyət kimi işləyəndə və
səylərini əlaqələndirəndə,
o cümlədən hər
bir tərəf ümumi işə töhfə verəndə
biz uğur əldə
edirik.
Nabukkoya gəldikdə,
Azərbaycan hər zaman bu layihəni
dəstəkləyibdir. Bu gün
bir daha bəyan etmək istəyirik ki, biz öz dəstəyimizi davam etdirəcəyik. Bu məqsədlə hazırlanmış
bəyannamə bunu aydın şəkildə
əks etdirir. Əlavə olaraq demək istəyirəm ki, bir neçə
ay bundan öncə Bakıda enerji sammiti zamanı biz Xəzər dənizi regionunda müxtəlif layihələri, o cümlədən
Nabukkonu müzakirə
etdik və onu dəstəkləməklə
öz siyasi iradəmizi qəbul olunmuş bəyannamədə
ifadə etdik.
Hesab edirəm
ki, bütün iştirakçıların - təchizatçıların,
tranzit ölkələrin
və istehlakçıların
maraqlarını bir araya gətirmək vaxtı artıq yetişibdir. Təbii ki, bu halda
biz bir neçə məqsədə nail olmalıyıq.
Öncə, etibarlı
təchizat təmin edilməlidir, çünki
evlərində qazın
olmamasında kimin günahkar olduğu istehlakçılar üçün
vacib deyildir. Onlar, sadəcə, qaza ehtiyac duyurlar,
qazın qiymətini ödəyiblər və ondan istifadə etmək hüququna malikdirlər. İkincisi, etibarlı təchizat marşrutudur. Ümumi şəkildə qavranılmalıdır
ki, tranzit ölkələr ərazisindən
daha çox həcmdə enerji daşıyıcıları keçəndə
bir o qədər çox fayda götürürlər. Eyni
zamanda, qiymət də ədalətli olmalıdır, çünki
neftdən fərqli olaraq, qazın qiyməti azad bazar tərəfindən tənzimlənmir. Bəzən
biz qaz hasil edən ölkələrin
bu və ya digər istehlakçıya
fərqli yanaşmasının
şahidi oluruq.
Azərbaycana gəldikdə,
biz hər zaman istehlakçılarımızın tələbatlarına cavab
verməyin tərəfdarı
olmuşuq və yaxşı tərəfdaşlıq
ruhu bizə uğur qazanmağa imkanlar yaradıbdır. Hesab edirəm ki, bütün bu amilləri və Avropada təchizat mənbələrinin
şaxələndirmə ilə
bağlı narahatlıqları
nəzərə alaraq,
regionumuzda nəhəng
enerji ehtiyatlarından
istifadədə uğurlar
əldə edə bilərik.
Bir məsələni
də əlavə etmək istəyirəm. Nabukko barədə müzakirələr başlayanda
Azərbaycan təchizatçılardan
biri kimi nəzərdə tutulmurdu.
O vaxt təchizat mənbəyi kimi başqa yer baxılırdı. Səmimi
desək, bu, həmin vaxt düzgün qərar idi, çünki Azərbaycan həmin dövrdə hətta öz tələbatlarımızı
ödəmək üçün
kifayət qədər
həcmdə qaz hasil etmirdi. Lakin bu gün
vəziyyət fərqlidir.
Azərbaycan artıq həm tranzit ölkə, həm potensial ilkin təchizat mənbəyi hesab edilir. Bu cür nəhəng ehtiyatların və artıq müasir infrastrukturun, nəql qurğularının olması,
eləcə də ilbəil artan qaz hasilatının həcmi ilə təbii ki, biz qarşılıqlı maraq
doğuran məsələlər
üzərində ciddi
şəkildə işləyə
bilərik. Əminəm
ki, bütün maraqları bir araya gətirərək uğur əldə edəcəyik.
Mən, eyni zamanda, dostum, Baş nazir Dyurçanın söylədiyi
fikirlə bağlı
demək istəyirəm
ki, o, haqlı olaraq bildirdi: "Azərbaycan kimi ölkələr sırf xammal mənbəyi hesab edilməsini istəmirlər". Bu, keçmişdə
də belə olub. Həmin vaxt biz Sovet İttifaqında yaşayırdıq
və enerji mənbələri ilə
zəngin respublikalar təchizat bazası sayılırdı. Azərbaycanda böyük
miqdarda neft və qaz hasil olunurdu. Lakin ölkəmiz müstəqilliyini
əldə etdikdən sonra biz onun faydasını görmədik.
Bizə qalan yalnız dağıdılmış infrastruktur,
tükənmiş neft və qaz yataqları və böhran
içərisində olan iqtisadiyyat oldu. Bu,
xalqımızın 1991-ci ildə üzləşdiyi miras idi.
Biz çox səylər göstərdik və xarici tərəfdaşlarımızla
əməkdaşlıq qurduq. Beləliklə, bugünkü
hasilat həcmimiz ölkəmizə heç nədən
asılı olmamaq imkanı yaradır. Nabukkodakı
iştirakımıza gəldikdə, əlbəttə ki, əməkdaşlığımızın
əlavə aspektlərini görmək istərdik. Biz maliyyə
dəstəyinə ehtiyac duymuruq və özümüzü təmin
edən ölkəyik. Bizə sıx inteqrasiya, Avropa
İttifaqı ilə daha çox proqramlar, birgə səylər
nəticəsində həll olunan məsələlər və
səmərəli tərəfdaşlıq lazımdır. Bütün
bunlar üçün yaxşı əsaslar var. Əminəm
ki, enerji layihələri bu tərəfdaşlığı
gücləndirəcəkdir.
Bizim enerji siyasətimiz və fəlsəfəmiz ondan ibarətdir ki, enerji məsələləri xalqları ayırmalı deyil, birləşdirməlidir. Enerji məsələləri siyasi təzyiq və böhtan aləti kimi istifadə edilməli deyildir. Bizim siyasətimiz, təcrübəmiz və Azərbaycan tərəfindən atılmış praktik addımlar, - əminəm ki, istehlakçılarımız və tranzit ölkələr bunu etiraf edə bilər, - göstərir ki, tərəfdaşlığa və dərhal maliyyə nəticələrinə yönəlmiş siyasət bir çox uğurlar gətirəcəkdir.
Mən bu cür vacib tədbiri təşkil etdiyinə görə qəbul edən tərəfə bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. Bir daha demək istəyirəm, Azərbaycan şaxələndirmə siyasətinə, Avropa İttifaqı və Avratlantik strukturları ilə güclü tərəfdaşlığına sadiqdir. Biz bu layihəni irəli doğru aparmaqda əlimizdən gələni edəcəyik.
Çox sağ olun.
Azərbaycan.-2009.-29 yanvar.-S.1.