Azərbaycan Nabukko layihəsinin əsas təminatçılarından birinə çevrilir

 

Dünyanın əsas karbohidrogen ehtiyatlarına nəzarəti əldə etmək uğrunda rəqabətin gücləndiyi hazırkı şəraitdə xaricdən enerji asılılığının minimal həddə endirilməsi məsələsi ayrı-ayrı dövlətlərin təkcə milli təhlükəsizliyini deyil, həm də müstəqil siyasət yeritməsini vacib amilə çevirmişdir. Müşahidələr göstərir ki, müstəqil enerji-kommunikasiya sisteminə, alternativ yanacaq mənbələrinə malik olmayan dövlətlər tədricən nəhəng neft-qaz ixracatçılarından asılı vəziyyətə düşərək onların diktə etdiyi sərt şərtlərlə razılaşmaq məcburiyyətində qalırlar. Xüsusən də son illərdə dünyanın enerji satışı bazarında üstün mövqeyə malik olan bir sıra dövlətlərin, ilk növbədə Rusiyanın mavi yanacağın qiymətlərində kəskin artımlar etməsi zəminində meydana çıxan narazılıqlar kommersiya mübahisəsi hüdudlarını xeyli aşaraq geosiyasi məzmun kəsb etməyə başlamışdır.

Enerji təhlükəsizliyi məsələsi son illərdə Rusiya ilə Qərb arasında yaşanan siyasi gərginliyin episentrində dayanır. Xüsusən də Gürcüstanla Rusiya arasında avqust ayında baş vermiş hərbi toqquşmadan sonra Qərb dövlətləri hər zaman Rusiyanın "enerji sınağı"na məruz qala biləcəklərindən ehtiyatlanırlar. Ukrayna ilə Rusiya arasındakı növbəti "qaz toqquşması" Avropa dövlətlərinin bu narahatlığının əbəs olmadığını bir daha təsdiqləmişdir. Bir neçə gün davam edən siyasi gərginlik nəticəsində Rusiyadan mavi yanacaq idxal edən Avropa dövlətlərinin üzləşdiyi maddi ziyan 3 milyard dollarla ölçülür. Rəsmi Moskvanın bu zəif nöqtədən tutmaqla bir sıra nüfuzlu Avropa dövlətlərinə təsir imkanı əldə etmək cəhdləri Qərbdə təlaşla qarşılanır və bütövlükdə bu coğrafi arealda enerji təhlükəsizliyi sisteminə potensial təhdid kimi dəyərləndirilir. Son günlər Rusiyadan yan keçməklə Xəzər regionunun karbohidrogen ehtiyatlarının Avropa bazarlarına çatdırılmasını nəzərdə tutan alternativ neft və qaz borularının çəkilməsi ətrafında müzakirələrin daha da intensivləşməsi də məhz bu amillə şərtlənir.

Etibarlı enerji təhlükəsizliyinin təminatı məsələsi düşünülmüş strategiya əsasında genişmiqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bunun üçün ilk növbədə qabaqcıl texnologiya əsasında geniş və alternativ enerji daşıyıcıları şəbəkəsi yaradılmalı, zəruri infrastruktur formalaşdırılmalıdır. Xaricdən enerji asılılığının azaldılması baxımından boru kəmərlərinin geosiyasi nöqteyi-nəzərdən təhlükəsiz marşrutlarla çəkilişi təmin olunmalı, habelə alternativ enerji mənbələrinin işə salınması istiqamətində ciddi addımlar atılmalıdır. Bu baxımdan Xəzər hövzəsinin qaz ehtiyatlarının nəqlində əsas ağırlığı üzərinə götürəcək Nabukko layihəsinin əhəmiyyəti xüsusi vurğulanmalıdır.

Bu günlərdə Macarıstanın paytaxtı Budapeştdə Nabukko layihəsi ilə əlaqədar təşkil edilmiş enerji sammiti də xüsusi aktuallığı və əhəmiyyəti ilə diqqəti çəkir. Macarıstanın təşəbbüsü ilə keçirilən möhtəşəm tədbir qlobal layihənin reallaşdırılması üzrə müzakirə və qiymətləndirmə mərhələsinin geridə qaldığını, bu istiqamətdə konkret qərarların qəbul olunduğunu göstərir. Layihəyə görə Nabukko qaz kəməri Türkiyə-Gürcüstan, Türkiyə-İran sərhədindəki iki nöqtədən başlayaraq Avstriyaya qədər uzanacaqdır. Nabukko qaz xətti dünyanın bir çox regionu arasında əlaqə yaradan ilk qaz kəməri olacaqdır. Uzunluğu 3,3 min kilometr nəzərdə tutulan kəmərin marşrutunda əsas tranzit ölkə Türkiyədir (2 min kilometr). Kəmərin 400 kilometri Bolqarıstan, 460 kilometri Rumıniya, 390 kilometri Macarıstan, 50 kilometrə qədəri isə Avstriyanın ərazisinə düşür. Layihə dəyəri 8 milyard avro olan və ildə təqribən 26-32 milyard kubmetr qaz ötürəcək Nabukko qaz kəmərinin inşasına 2010-cu ildə start verilməli, 2014-cü ildə yekunlaşmalıdır. Nabukko boru kəməri ilə 2012-ci ildə Azərbaycan, sonra Qazaxıstan və Türkmənistan qazının Avropaya nəqli nəzərdə tutulur. Növbəti mərhələdə, 2017-ci il üçün bu kəmərlə İran, İraq və Misir qazının nəqli də istisna olunmur. Layihənin xərcinin 30 faizini bərabər şəkildə konsorsiumun yaradıcıları ödəyəcək, yerdə qalan 70 faizi isə kreditlə banklardan alınacaqdır.

Xəzər hövzəsi və Mərkəzi Asiyadan, gələcəkdə isə Yaxın Şərqdən təbii qazın Avropaya nəqlini nəzərdə tutan Nabukko layihəsi ilə bağlı yaradılmış transmilli konsorsiuma Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulqarqaz", Rumıniyanın "Transqaz", Türkiyənin BOTAŞ və Almaniyanın RWE şirkətləri daxildir. Fransanın "Qaz de Frans" şirkəti də konsorsiuma qoşulmaq niyyətini ifadə etmişdir.

Azərbaycanın Avropa Birliyinə üzv ölkələrin təbii qaz təchizatının yaxşılaşdırılması, alternativ mənbənin yaradılması məqsədi daşıyan Nabukko layihəsinin reallaşmasında əsas tərəflərdən biri kimi çıxış etdiyini isə xüsusi vurğulamağa ehtiyac yoxdur. Nabukko layihəsinin gerçəkləşdirilməsi ilə bağlı müzakirələrin bilavasitə Azərbaycanın iştirakı ilə aparılması, dövlət başçısı İlham Əliyevin Budapeşt sammitində iştirakı da respublikamızın bütövlükdə regionun enerji təhlükəsizliyində artan rolu və imkanları ilə bağlıdır. Hələ 2006-cı ilin noyabrında Brüsseldə imzalanmış "Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu" Azərbaycanın Avropa məkanının enerji təhlükəsizliyindəki müstəsna rolunu aşkara çıxarmışdır.

Uğurla gerçəkləşdirilən yeni neft strategiyası nəticəsində Azərbaycanın bölgədə hansısa ölkədən enerji asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəməyə qadir yeganə respublika kimi çıxış etməsi Avropa dövlətlərinin respublikamıza olan marağını daha da gücləndirir. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tam gücü ilə işə düşməsi nəinki respublikamızın, bütövlükdə region dövlətlərinin fasiləsiz mavi yanacaqla təminatına geniş imkanlar açır. Respublikanın yalnız "Şahdəniz" yatağındakı qaz ehtiyatları 1 trilyon 200 milyard kubmetrdən çox hesablanır. 2012-ci ilədək bu yataqdan ildə təxminən 8,4 milyard kubmetr qaz və gündə 40 min barel kondensat (neftlə qazın qarışığı) çıxarılması gözlənilir. 2006-cı ilədək Rusiyadan qaz idxal edən Azərbaycan son 2 ildə məhz "Şahdəniz" yatağından hasil olunan təbii qaz hesabına nəinki öz tələbatını ödəmək, hətta mavi yanacağını Avropa bazarlarına çıxarmaq imkanı qazanmışdır.

Bu gün Azərbaycan Türkiyə və Gürcüstanın mavi yanacağa olan tələbatının müəyyən qismini ödəyir. Xatırladaq ki, 2006-cı ilin dekabrında Gürcüstanın Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri zamanı Azərbaycan hökuməti qonşu dövlətə mavi yanacaq satışına razılıq vermiş və bununla əlaqədar ikitərəfli saziş imzalanmışdır. Gürcüstanın dövlət başçısı Mixeil Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevin bu qətiyyətli qərarını alqışlamış və qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmişdir.

Nazirlər Kabinetinin 2008-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında çıxış edən dövlət başçısı İlham Əliyev respublikamızın son illərdə qaz idxalçısından qaz ixracatçısına çevrildiyini razılıqla vurğulamışdır: "Beləliklə, qazı idxal edən Azərbaycan bu gün qazı ixrac edir və bizdən qaz almaq istəyən tərəflər artır. Əgər 2007-ci il üçün bizə elan edilmiş qiymət 235 dollar idisə, - baxmayaraq ki, həmin il üçün Ermənistana təklif olunan qiymət 110 dollar idi, - indi təsəvvür edin ki, 2009-cu ilə bizə hansı qiyməti oxuyacaqdılar. Ən azı, - yəni mən belə hesab edirəm, - 1000 kubmetr qaza 450, bəlkə də 500 dollar! Nəzərə alsaq ki, əgər biz burada əməli, praktik işlərə başlamasaydıq və vaxtlı-vaxtında bunları etməsəydik, - burada mən xüsusilə neft şirkətinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm, - bizim artan tələbatımız, ehtiyacımız 4 milyard 500 kubmetr yox, bəlkə 5 milyard, 6 milyard kubmetr olacaqdı. Onu da 500 dollara vuranda, Azərbaycan bu gün ancaq idxal qazına 2,5-3 milyard dollar pul ödəməli idi. Bax budur, bizim gördüyümüz işlər və indi Azərbaycan özünü tamamilə qazla təmin edir, qazlaşdırma prosesi gedir, qazlaşdırılmayan rayonlar yoxdur".

2008-ci ilin may ayında Kiyevdə keçirilmiş Enerji sammitindən sonra növbəti möhtəşəm tədbirin noyabrda Bakıda təşkili də Azərbaycanın Nabukko layihəsinin reallaşmasında əsas söz sahibi olduğunu bir daha göstərir. Respublikamızın mavi yanacaq ehtiyatı bu kəmərin tam gücü ilə işləməsində mühüm rol oynayacaqdır. Doğrudur, bəzi Avropa dövlətləri zəngin qaz ehtiyatlarına malik Türkmənistanın da bu layihədə iştirakına böyük ümid bəsləyirlər. Lakin Rusiyanın Orta Asiya regionu respublikalarına təsir imkanlarının mövcudluğu bu məsələyə nisbətən skeptik yanaşmalara əsas verir. Bir müddət öncə Özbəkistan hasil etdiyi qazı bütünlüklə Rusiyaya satmaq barədə qərar qəbul etmiş, bununla bağlı ikitərəfli saziş imzalanmışdır. Nabukko layihəsinə alternativ olaraq "South Stream" layihəsini gerçəkləşdirməyə çalışan rəsmi Moskvanın Türkmənistanı da bu layihəyə cəlb etmək imkanları böyükdür. 20 milyard dollara başa gələcək bu kəmərin uzunluğu 3,7 kilometr, illik ötürücülük qabiliyyəti 31-47 milyard kubmetrdir. Bu, bir daha təsdiqləyir ki, Nabukko layihəsinin səmərəli olması ilk növbədə Azərbaycanın qazından asılıdır.

Budapeştdə Nabukko layihəsi ilə bağlı keçirilən sammitdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın bu sahədə geniş imkanlara malik olduğunu bir daha təsdiqləmişdir. "Nabukko barədə müzakirələr başlayanda Azərbaycan təchizatçılardan biri kimi nəzərdə tutulmurdu. O vaxt təchizat mənbəyi kimi başqa yer baxılırdı. Səmimi desək, bu, həmin vaxt düzgün qərar idi, çünki Azərbaycan həmin dövrdə hətta öz tələbatlarımızı ödəmək üçün kifayət qədər həcmdə qaz hasil etmirdi. Lakin bu gün vəziyyət fərqlidir. Azərbaycan artıq həm tranzit ölkə, həm potensial ilkin təchizat mənbəyi hesab edilir. Bu cür nəhəng ehtiyatların və artıq müasir infrastrukturun, nəql qurğularının olması, eləcə də ilbəil artan qaz hasilatının həcmi ilə təbii ki, biz qarşılıqlı maraq doğuran məsələlər üzərində ciddi şəkildə işləyə bilərik. Əminəm ki, bütün maraqları bir araya gətirərək uğur əldə edəcəyik" - deyən dövlət başçısı əlavə etmişdir ki, enerji məsələləri xalqları ayırmalı deyil, əksinə, birləşdirməlidir.

Ümumilikdə, Budapeşt sammitinin yekunları göstərir ki, Azərbaycanın bilavasitə iştirakı ilə yaradılan yeni enerji konsorsiumu bütövlükdə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir. Nabukko layihəsinin reallaşmasında Azərbaycanın müstəsna mövqeyə malik olduğunu isə indi artıq Avropa dövlətləri də yaxşı başa düşür, rəsmi Bakının maraqlarını nəzərə almadan hər hansı layihənin gerçəkləşdirilməsinin qeyri-mümkünlüyünü dərk edirlər. Respublikamız həyata keçirdiyi qlobal enerji layihələri ilə təkcə iqtisadi səmərə güdmür, eyni zamanda Avropa kimi mürəkkəb geosiyasi arealda diplomatik mövqelərini və nüfuzunu gücləndirir.

 

 

Samir Elmanoğlu

 

Azərbaycan.-2009.-30 yanvar.-S.3.