Sabitlik, inkişaf tərəqqi ili

 

Dəqiq sosial-iqtisadi strategiya əsasında qarşıda duran hədəfləri düzgün müəyyənləşdirən liderlər həm də ümumilikdə cəmiyyəti davamlı inkişafa aparan strateji məqsədləri gerçəkləşdirməyə nail olurlar. Azərbaycan Prezidenti İlham Əliyev də çağdaş dövrün tələblərinə uyğun çevik və praqmatik siyasət yeridən lider olaraq ölkənin bütün potensialını hər bir fərdin mənafeyinə cavab verən çoxşaxəli islahatların gerçəkləşdirilməsi naminə səfərbər edir. Dövlət idarəçiliyi sisteminə müasirlik çalarları gətirmiş cənab İlham Əliyev hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin mühüm şərti hesab etməklə yanaşı, bunu son 15 ildə müstəqil Azərbaycanın davamlı, dönməz inkişaf yoluna çevrilmiş demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesinin keyfiyyətcə yeni mərhələsi kimi dəyərləndirir.

Nazirlər Kabinetinin 2008-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasının nəticələri bir daha göstərir ki, bütün dünya ölkələrində iqtisadi inkişafa ciddi zərbə vuran qlobal maliyyə böhranına rəğmən, Azərbaycanın bütün sahələrdə qazandığı yüksək nailiyyətlər ilk növbədə sistemli və düzgün koordinasiya olunmuş fəaliyyətin məntiqi nəticəsidir. Fəal antiböhran tədbirləri həyata keçirən hökumət ötən il milli iqtisadiyyatda müşahidə olunan yüksək inkişaf tempini qoruyub saxlamağa, hər bir mərhələ üçün qarşıda duran vəzifələri düzgün müəyyənləşdirməyə, ilk növbədə, kəmiyyət dəyişikliklərini keyfiyyət müstəvisinə keçirməyə, "maliyyə qasırğası"nın respublikamızdan ötüşməsinə çalışmışdır.

Dinamik inkişaf və tərəqqiyə yol açan islahatlar kursu 2008-ci ildə də yüksək templə davam etdirilmiş, əvvəlcədən planlaşdırılmış bütün layihələrin icrası uğurla aparılmışdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının davam etdirilməsi, Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkədə əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, işsizlik, yoxsulluq problemlərinin həlli, əhalinin sosial müdafiəsinin gücləndirilməsi kimi mühüm məqamlar 2008-ci ildə də cənab İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri olaraq diqqəti cəlb edir.

Hökumətin son iclası isə deməyə əsas verir ki, müstəqil Azərbaycanın elmi əsaslara söykənən davamlı inkişaf strategiyası insan və şəxsiyyət amilinin yüksəlişinə xidmət edən islahatları keyfiyyətcə yeni mərhələyə qaldırmışdır. Bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması və iqtisadi münasibətlərin hazırkı inkişaf tendensiyası vətəndaşların sosial müdafiə və əmək hüquqlarının təminatı sisteminin müasirləşdirilməsinə də əsaslı zəmin formalaşdırmışdır. Azərbaycan Respublikasının sosialyönümlü siyasəti son nəticədə insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Bu siyasət elmi əsaslara söykəndiyindən, bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətimizdə özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşlarımızın maraqları ilə qətiyyən ziddiyyətə girmir. Əksinə, ölkənin iqtisadi inkişafından, yeni neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşlarımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlir.

Hökumətin 2008-ci ildə də sosial-liberalizm xəttinə üstünlük verdiyini statistik rəqəmlər bir daha təsdiqləyir. Ötən il dövlət büdcəsindən sosial məqsədlər üçün ayrılmış vəsaitlər 2 milyard 312 milyon manat təşkil etmiş, bu da 2007-ci illə müqayisədə 38,4 faiz və ya 642 milyon manat çox olmuşdur. Dövlət büdcəsinin cari xərclərində sosialyönümlü tədbirlər üzrə xərclərin tərkib hissəsi olan sosial müdafiə və sosial təminat xərcləri 42,2 faiz, səhiyyə xərcləri 34,6 faiz, təhsil xərcləri 35,5 faiz, mədəniyyət, incəsənət, informasiya, idman xərcləri 47,1 faiz artmışdır.

Dövlət başçısının imzaladığı sərəncamlarla elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət sahələrində, habelə dövlət büdcəsindən maliyyələşən digər təşkilatlarda çalışanların aylıq əməkhaqları orta hesabla 50 faiz, Milli Elmlər Akademiyasının tabeliyində olan elmi tədqiqat müəssisələrində çalışanların əməkhaqları 50 faiz, ali təhsil müəssisələrində çalışanların əməkhaqları iş stajından və tələbələrin sayından asılı olaraq 50 faizdən 100 faizə qədər, aspirantlara, ali, orta ixtisas, peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin aylıq məbləği orta hesabla 40 faiz artırılmışdur. Eləcə də minimum aylıq əməkhaqqının, əmək pensiyalarının baza hissəsinin məbləği 50 faiz artırılaraq 75 manata çatdırılmış, məcburi köçkünlərə verilən aylıq müavinətin məbləği 50 faiz artırılmışdır. İnflyasiya 20 faiz təşkil etdiyi halda, əhalinin pul gəlirlərinin 36 faiz artması, ÜDM-in adambaşına düşən nominal həcminin 2003-cü ilə nisbətən 5 dəfə artaraq 4440 manata yüksəlməsi də ötən ilin həlledici uğurları sırasındadır.

Nazirlər Kabinetinin iclasında dərin məzmunlu nitq söyləyən dövlət başçısı İlham Əliyev ölkə vətəndaşlarının sosial müdafiə tədbirlərinin 2009-cu ildə də prioritet məsələ kimi gündəlikdə olacağını demiş, bu sahədə qarşıda duran vəzifələrdən söz açmışdır. "Biz öz sosial siyasətimizi bundan sonra da uğurla davam etdirəcəyik. Bütün sosial proqramlar icra olunur. 2008-ci ildə minimum əməkhaqqı və minimum pensiyaların baza həddi 50 faiz artırılmışdır və indi Azərbaycanda orta əməkhaqqı 335 dollar, orta pensiya 120 dollar səviyyəsindədir. Bu, yaxşı göstəricidir. Ancaq əlbəttə ki, növbəti illərdə bizim iqtisadiyyatımız artdıqca, bütün sosial məsələlər daha da uğurla icra olunacaqdır. Ünvanlı sosial yardım proqramı uğurla icra edilir və 2009-cu ildə davam etdirilməlidir. Bütövlükdə 2009-cu ilin vəzifələri haqqında biz hələ danışacağıq. Amma bütövlükdə demək istəyirəm ki, 2009-cu ildə bütün sosial proqramlar yüksək səviyyədə icra edilməlidir və əminəm ki, belə də olacaqdır" - deyən dövlət başçısı həyata keçirilən tədbirlər nəticəsində yoxsulluğun səviyyəsinin 2003-cü ildəki 44,7 faizdən 13,2 faizə enməsini də yüksək uğurlardan biri kimi səciyyələndirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzlu siyasi lider kimi özünü qabarıq göstərən və rəğbətlə qarşılanan ən mühüm keyfiyyəti verdiyi hər bir vədi praktik həyatda gerçəkləşdirmək üçün əzmlə çalışmasıdır. Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində "Ermənistanın işğalı nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər, qaçqınlar lazımi şəraitlə təmin olunmalıdır. Azərbaycanda bir dənə də olsun, çadır düşərgəsi qalmamalıdır" - deyən Prezident İlham Əliyev humanizm və insanpərvərlik prinsiplərinə əsaslanan bu siyasəti ötən il də davam etdirmişdir. Məcburi köçkünlərin yeni, hər cür sosial infrastruktura malik qəsəbələrə köçürülməsi məqsədilə 145 milyon manat vəsait sərf olunmuş, sonuncu çadır düşərgəsi də ləğv edilmişdir.

Müasir dövrdə hər bir dövlətin sosial sahədə yeritdiyi siyasətin uğurunu təmin edən əsas amillərdən biri də cəmiyyətin bütün sahələrində insanların firavanlığına hesablanmış sosial-infrastrukturun formalaşdırılmasıdır. Azərbaycanda iqtisadi modernləşmənin başlıca şərti hər bir sahədə yeni dövrün tələblərinə cavab verən infrastrukturun yaradılması yolu ilə insan resurslarının inkişafıdır. Bu reallıqdan çıxış edən dövlət başçısı İlham Əliyev də hər zaman bildirir ki, dövlət yalnız sosial müdafiə və təminat sistemi vasitəsi ilə hər bir vətəndaşın firavan həyat səviyyəsini təmin edə bilməz. Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin sürətli artımı, ölkənin hərtərəfli inkişafı təbii olaraq insan amilinin inkişafı baxımından infrastruktur layihələrinə də xüsusi diqqət ayırmağı zəruri edir. Yeni ictimai-iqtisadi formasiyaya keçidlə əlaqədar Azərbaycanda özünü daha qabarıq göstərən bu problemin həlli üçün dövlət səviyyəsində bir sıra mühüm addımlar atılmış, əsaslı dövlət investisiya qoyuluşlarının həcmi ildən-ilə yüksələn xətlə artırılmışdır. Son illərin dövlət büdcəsinin sosial və investisiyayönümlü kimi xarakterizə edilməsi də məhz bu reallıqla şərtlənir. Əgər infrastruktur layihələrinə 2005-ci ildə 600 milyon, 2007-ci ildə 1,5 milyard dollar ayrılmışdısa, 2008-ci ilin büdcəsində bu rəqəm 4,3 milyard manat təşkil etmiş, 2009-cu ildə isə 5,6 milyard manata yüksəlmişdir. Bu rəqəmlər bir daha təsdiqləyir ki, qlobal maliyyə böhranına rəğmən, respublikamız ötən illərdən icrasına start verdiyi sosial-infrastruktur layihələrini bundan sonra da inamla davam etdirəcəkdir.

2008-ci ildə bu istiqamətdə həyata keçirilən tədbirlər isə özünün miqyaslılığı, sistemliliyi, ardıcıllığı ilə diqqəti çəkir. Nazirlər Kabinetinin son iclasında da açıqlanan məlumatlardan bəlli olmuşdur ki, ötən il dövlət əsaslı vəsait qoyuluşunun ümumi məbləği 4,2 milyard manat təşkil etmişdir. Bu vəsaitlərin 60 faizə qədəri infrastruktur layihələrinə, 20 faizə qədəri isə sosialyönümlü layihələrə yatırılmışdır. Ötən il yalnız nəqliyyat infrastrukturuna 1 milyard 582 milyon manat vəsait ayrılmış, ölkə ərazisində respublika əhəmiyyətli avtomobil yollarının, yol qovşaqlarının, piyada keçidlərinin, regionlarda çaylar üzərində körpülərin, yeni və mövcud metro stansiyalarının tikintisi və yenidən qurulması, habelə yeni gəmi-bərələrin və tankerlərin, dəmir yolu və metro vaqonlarının və ixtisaslaşmış avadanlıqların alışı həyata keçirilmiş, Lənkəran və Zaqatalada beynəlxalq statusa malik hava limanları istismara verilmişdir.

Hökumətin investisiya layihələrinə, o cümlədən infrastrukturun yeniləşdirilməsinə xüsusi diqqət yetirməsi, bu sahədə əməli tədbirlərin həyata keçirilməsi, yeni yolların çəkilməsi, elektrik enerjisi, qaz, su və digər kommunal problemlərin həlli sahibkarların da normal fəaliyyətinə geniş imkanlar açır. Prezident İlham Əliyevin ötən beş illik fəaliyyətində qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması məqsədilə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar öz ardıcıllığı, səmərəliliyi və sistemliliyi ilə diqqəti xüsusilə cəlb edir. Dövlət başçısı iqtisadiyyatın liberallaşdırılması, bazarın inhisardan, haqsız rəqabətdən azad olunması, özəl sektorun dəstəklənməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində ciddi addımlar atmış, verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirmişdir. Cənab İlham Əliyevin son beş ildə imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı", "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)", "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında","Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" və digər fərman, sərəncamlar, qanunlar, dövlət proqramları sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır.

Prezident İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərmanla təsdiq olunmuş qaydalara əsasən 2008-ci il yanvarın 1-dən etibarən vahid qeydiyyat orqanı funksiyasını Vergilər Nazirliyi həyata keçirir. Sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının "vahid pəncərə" prinsipi üzrə təşkili nəticəsində qeydiyyatdan keçmiş hüquqi şəxslərin sayı 30 faiz artmış, 2008-ci ildən idxal-ixrac əməliyyatlarında da bu sistemin tətbiqinə başlanılmışdır. İxracın stimullaşdırılması, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə görülmüş tədbirlər nəticəsində Azərbaycan ABŞ və Norveçin "CSP", Avropa İttifaqının "CSP+" proqramlarına daxil edilmişdir. Bu proqramlar Azərbaycan sahibkarlarına 27 Avropa ölkəsi, ABŞ və Norveç bazarlarına rüsumsuz və ya çox aşağı rüsumlarla ixrac imkanları yaradır. 2008-ci ildən Dünya Ticarət Təşkilatına üzv olma ilə bağlı işlər davam etdirilmiş, 11 ölkə ilə ikitərəfli danışıqlar aparılmış, 2 ölkə ilə ikitərəfli protokol imzalanmışdır.

Görülmüş tədbirlərin nəticəsi olaraq bu gün Azərbaycan xarici investisiya cəlbediciliyinə görə də dünya ölkələri arasında ön sıralardadır. 2008-ci ildə özəl sektorun ÜDM-dəki payının 84,5 faiz təşkil etməsi, neft sektoru üzrə 7 faiz, qeyri-neft sektoru üzrə isə 15,7 faiz artımın əldə olunması da ilk növbədə sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir. Xüsusi vurğulamaq lazımdır ki, 2003-cü ildə daxili investisiyaların payı 25 faiz olduğu halda, 2008-ci ildə bu göstərici 75 faiz təşkil etmişdir. Qeyri-neft sektoruna qoyulan investisiyalar son beş ildə 6,2 dəfə artaraq 2003-cü ildəki 26,8 faizdən yüksələrək 2008-ci ildə 69 faiz olmuşdur.

Sahibkarlığın inkişafı həm də bölgələrin tarazlı və davamlı inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir. Bu baxımdan icrası uğurla yekunlaşmış Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının müstəsna əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. İqtisadi inkişaf naziri Şahin Mustafayevin Nazirlər Kabinetinin son iclasındakı hesabatından bəlli olmuşdur ki, ötən 5 ildə proqramın icrasına yönəldilən investisiyaların həcmi 6 milyard manat təşkil etmiş, təkcə 2008-ci ildə bu məqsədlə 2 milyard manat vəsait xərclənmişdir. Bölgələrin inkişafına xidmət edən bu və digər dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində əhalinin, xüsusən də regionlarda yaşayan əhalinin məşğulluq səviyyəsi xeyli artmış, beş il ərzində 26 min 641 yeni müəssisə yaradılmış, 766 min 300 yeni iş yeri açılmışdır. 2009-cu ildə Sahibkarlığa Kömək Milli Fonduna 120 milyon manat vəsait ayrılmış, o cümlədən 40 milyon manat qaytarılan vəsait hesabına güzəştli kreditlərin verilməsi nəzərdə tutulmuşdur. Real sektorda səmərəli layihələrin maliyyələşdirilməsinə yönəlmiş bu addım eyni zamanda respublikamızın uğurla həyata keçirdiyi antiböhran tədbirlərinin tərkib hissəsidir.

2008-ci ildə kənd təsərrüfatında da müəyyən dirçəliş və artım meyilləri özünü qabarıq göstərmişdir. Bu artım hələlik arzuolunan səviyyədə olmasa da, aparılan islahatlar kənd təsərrüfatının ümumi daxili məhsuldakı çəkisinin sürətlə artacağına müəyyən inam yaradır. Kənd təsərrüfatı daim dövlətin xüsusi qayğı və himayəsi ilə əhatə olunmuşdur. Hesabat ilində fermer təsərrüfatlarına güzəştli şərtlərlə kreditlərin verilməsi, lizinq xidmətinin yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi üçün büdcədən "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 40 milyon manat, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 5 milyon manat vəsait ayrılmışdır. Bundan əlavə, cins damazlıq mal-qaraya və mineral gübrələr alınmasına, mineral gübrələrin və texnikanın saxlanması üçün xüsusi anbarların tikintisinə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 25 milyon manat vəsait ayrılması təmin edilmiş, ərzaq təhlükəsizliyi tədbirlərinin görülməsi məqsədlərinə 50 milyon manat yönəldilmişdir.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi tədbirlərinin davamı olaraq 652 min fiziki və hüquqi şəxsə əkin sahəsinin becərilməsində istifadə edilmiş yanacaq və motor yağlarına, mineral gübrələrin güzəştlə satılmasına, buğda və çəltik istehsalçılarına səpilən hər hektar sahəyə görə yardımın verilməsi təmin edilmiş, bu məqsədə 76,5 milyon manat vəsait sərf olunmuşdur. Bunun nəticəsində kənd təsərrüfatında becərilən əkin sahələri və məhsuldarlıq nəzərəçarpacaq dərəcədə artmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların və vergi güzəştlərinin verilməsi nəticəsində son 5 il ərzində kənd təsərrüfatında məhsul istehsalının nominal dəyəri 2,4 dəfə artmış, bu dövr ərzində aqrar sahədə yaradılan əlavə dəyər və real artım səviyyəsi 25,1 faiz təşkil etmişdir.

Sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanın beynəlxalq səviyyədə islahatçı ölkə kimi tanınmasını təmin edir, ölkə xarici investisiyaların cəlbinə imkan yaradır. Davos Dünya İqtisadi Forumunun 2008-ci il üzrə hesabatında Azərbaycan rəqabətqabiliyyətlilik sahəsində 66-cı, "Qoldman Saks" təşkilatının analoji hesabatında isə Azərbaycan 61-ci yeri tutmuşdur. Beynəlxalq Maliyyə Korporasiyasının dünya ölkələrində biznes mühitinə dair hazırladığı "Doing Business - 2009" hesabatında Azərbaycanın "islahatçı ölkə" elan edilməsi - investisiya mühitinin cəlbediciliyi baxımından respublikamızın 33-cü yeri tutması da yüksək göstəricidir.

Nazirlər Kabinetinin son iclasının yekunları deməyə əsas verir ki, Azərbaycanın enerji təhlükəsizliyinin təmini, habelə respublikamızın zəngin karbohidrogen ehtiyatlarının Avropa bazarlarına nəqlində neft kəmərlərinin şaxələndirilməsi də hökumət üçün vacib məsələlərdən biri olaraq qalır. Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində Azərbaycan bu gün regionda hansısa ölkədən enerji asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəməyə qadir yeganə respublika kimi çıxış edir. Uğurla həyata keçirilən enerji siyasətinin məqsədi Azərbaycanın dünya bazarına çıxışını artırmaq, həmin bazarlar üçün alternativ mənbə yaratmaq, habelə dünya bazarına çıxışın şaxələndirilməsini təmin etməkdən ibarətdir və bu da beynəlxalq ictimaiyyətin maraqlarına tamamilə cavab verir.

Ötən ilin mayında Ukraynada, noyabrında isə Bakıda təşkil olunmuş enerji sammitləri bir daha təsdiqləmişdir ki, etibarlı enerji təhlükəsizliyinin təminatı məsələsi düşünülmüş strategiya əsasında genişmiqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bunun üçün ilk növbədə qabaqcıl texnologiya əsasında alternativ enerji daşıyıcıları şəbəkəsi yaradılmalı, zəruri infrastruktur formalaşdırılmalıdır. Xaricdən enerji asılılığının azaldılması baxımından boru kəmərlərinin geosiyasi nöqteyi-nəzərdən təhlükəsiz marşrutlarla çəkilişi təmin olunmalı, habelə alternativ enerji mənbələrinin işə salınması istiqamətində ciddi addımlar atılmalıdır. Bu baxımdan Xəzər hövzəsinin qaz ehtiyatlarının nəqlində əsas ağırlığı üzərinə götürəcək Nabukko layihəsinin əhəmiyyəti xüsusi vurğulanmalıdır.

Neft kəmərlərinin şaxələndirilməsi siyasətinə üstünlük verən Azərbaycan öz neftini üç boru kəməri - Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk xətti vasitəsilə Avropa bazarlarına çıxarır. Növbəti layihə kimi Odessa-Brodı-Plotsk-Qdansk marşrutunun reallaşdırılması nəzərdə tutulur. Bu məqsədlə "Sarmatiya" adlı müştərək şirkətin təsis edilməsi də prosesin yaxın perspektivdə sürətlənəcəyinə işarədir. Hazırda şirkət layihənin texniki-iqtisadi əsaslandırma işlərini həyata keçirir. Bundan sonra Xəzər dənizinin nəhəng enerji resursları üçün Avropa bazarlarına əlavə nəqledilmə marşrutunun reallaşdırılması istiqamətində əməli addımlar atılacaqdır. Eyni zamanda həmin layihə Xəzər-Qara dəniz-Baltik dənizi regionlarında yerləşən dövlətlər arasında səmərəli regional əməkdaşlığı daha da möhkəmləndirəcəkdir.

Bir müddət əvvəl Rusiya ilə Ukrayna arasında yaşanan növbəti qaz problemi bir daha göstərdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün ən mühüm dövlətlərdən birinə çevrilmişdir. Respublikamız 2008-ci ildə nəinki özünü təbii qazla təmin etmiş, eyni zamanda bir sıra region dövlətlərə mavi yanacaq ixrac etmişdir. Nəticədə bu gün hansısa dövlətin Azərbaycanı "qazın kəsiləcəyi" ilə təhdid etmək imkanı yoxdur. Nazirlər Kabinetinin son iclasında cənab İlham Əliyev bununla bağlı demişdir: "Qazı idxal edən Azərbaycan bu gün qazı ixrac edir və bizdən qaz almaq istəyən tərəflər artır. Əgər 2007-ci il üçün bizə elan edilmiş qiymət 235 dollar idisə, - baxmayaraq ki, həmin il üçün Ermənistana təklif olunan qiymət 110 dollar idi, - indi təsəvvür edin ki, 2009-cu ilə bizə hansı qiyməti oxuyacaqdılar. Ən azı, - yəni mən belə hesab edirəm, - 1000 kubmetr qaza 450, bəlkə də 500 dollar! Nəzərə alsaq ki, əgər biz burada əməli, praktik işlərə başlamasaydıq və vaxtlı-vaxtında bunları etməsəydik, - burada mən xüsusilə neft şirkətinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm, - bizim artan tələbatımız, ehtiyacımız 4 milyard 500 kubmetr yox, bəlkə 5 milyard, 6 milyard kubmetr olacaqdı. Onu da 500 dollara vuranda, Azərbaycan bu gün ancaq idxal qazına 2,5-3 milyard dollar pul ödəməli idi. Bax budur, bizim gördüyümüz işlər indi Azərbaycan özünü tamamilə qazla təmin edir, qazlaşdırma prosesi gedir, qazlaşdırılmayan rayonlar yoxdur".

Ölkəmizin enerji təhlükəsizliyi baxımından ötən il elektrik enerjisi hasilatının artırılmasına da xüsusi diqqət yetirilmişdir. Regionların elektrik enerjisinə qaza olan tələbatını təmin etmək məqsədi ilə 312 milyon manat, o cümlədən Səngəçalda gücü 300 MVt olan modul tipli elektrik stansiyasının tikintisinə 262,8 milyon manat, habelə paylayıcı elektrik şəbəkələrinin yenidən qurulmasına 120 milyon manat vəsait sərf edilmiş, ölkənin hər bir regionuna qaz çatdırılması barədə ölkə Prezidentinin tapşırığı icra olunaraq, regionların qazlaşdırılmasına 82,1 milyon manat vəsait yönəldilmişdir.

Ümumiyyətlə, 2008-ci ildə bütün sahələrdə əldə olunmuş uğurlar həm cari ildə sürətli inkişaf üçün etibarlı zəmindir. 2009-cu ilin dövlət büdcəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi strategiyanın məntiqi nəticəsi olmaqla, ölkə iqtisadiyyatının yeniləşməsini, dinamik xarakter daşıyan sosial-iqtisadi inkişaf meyillərini, geniş vüsət alan struktur dəyişikliklərini özündə əks etdirir. Bununla belə, Nazirlər Kabinetinin son iclasında haqlı olaraq vurğulanmışdır ki, Azərbaycanda 2008-ci ildən başlanmış antiböhran tədbirləri bu il davam etdirilməlidir.

Ölkə iqtidarının müstəqil iqtisadi siyasət yeritməsi, beynəlxalq maliyyə qurumlarının təsiri ilə hərəkət etməməsi, maliyyə təhlükəsizliyinin təmini baxımından beynəlxalq fond birjalarında, qiymətli kağızlar bazarında fəal iştirakdan çəkinməsi qlobal iqtisadi böhranın respublikamıza təsirlərini zəiflədən əsas amillər sırasındadır. Azərbaycanın dünya maliyyə institutlarına kapitalı, fond aktivləri qiymətli kağızları ilə fəal inteqrasiya etməməsi ölkəmizi qlobal böhrandan qoruyur. Bundan başqa, respublika iqtisadiyyatında müşahidə olunan dinamik artımın fiktiv gəlirlərə, maliyyə iqtisadiyyatına deyil, real əmtəəyə, istehsala əsaslanması qlobal böhrana qarşı etibarlı sipər rolunu oynayır.

Ötən il respublikanın bəzi kommersiya bankları likvidlik problemi üzündən istehlak biznes kreditlərinin verilməsini dayandırsa da, Milli Bankın həyata keçirdiyi preventiv tədbirlər nəticəsində bu problem müsbət həllini tapmışdır. Milli Bankın İdarə Heyətinin qərarı ilə 2008-ci ilin dekabr ayının 1-dən etibarən bankın uçot dərəcəsi 10 faizdən 8 faizə, həmçinin, faiz dəhlizinin yuxarı həddi 15 faizdən 13 faizədək azaldılmışdır. Eyni zamanda bankların həm manat, həm xarici valyutada öhdəlikləri üzrə məcburi ehtiyat normaları 9 faizdən 6 faizə endirilmişdir. Uçot dərəcəsinin aşağı salınması pul-kredit siyasətinin yumşaldılmasına istiqamətlənmiş addım olmaqla, maliyyə böhranının respublikanın bank sektoruna ciddi təsir göstərməsinin qarşısını alır. Yəni Milli Bank kommersiya bankları üçün maliyyə vəsaitlərinin ucuzlaşdırılması, habelə ehtiyatların azaldılması siyasətini irəli sürərək likvidlik probleminin aradan qaldırılmasına nail olmuşdur. Bank sistemində likvidlik səviyyəsinin məqbul həddə saxlanması bankların kredit fəaliyyətinin davamlılığını təmin etməklə yanaşı, qeyri-neft sektorunda iqtisadi artım dinamikasının qorunmasında mühüm rol oynayır. Görülən tədbirlər nəticəsində mərkəzləşdirilmiş kredit bazarında da yenidən fəallaşma müşahidə olunur.

Nazirlər Kabinetinin son iclasında antiböhran tədbirləri sırasında 2009-cu ildə büdcədən maliyyələşən təşkilatlarda maliyyə nizam-intizamına diqqətin artırılmasının, lüzumsuz xərclərin azaldılmasının vacibliyi xüsusi qeyd edilmişdir. Kommunal, istehlak, enerji, yanacaq, qaz, su sərfiyyatının qənaətlə aparılması, kommunal sektorda fəaliyyət göstərən təşkilatlar tərəfindən alınan materialların yanacağın dəyərinin vaxtında tam ödənilməsi, fiskal orqanlar tərəfindən vergi rüsumların dövlət büdcəsinə toplanmasının şəksiz təmin olunması da vacib məsələlər kimi önə çəkilmişdir.

Nazirlər Kabinetinin 2008-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası ilə bağlı yekun qənaət bundan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev indiyə qədər sosial-iqtisadi sahədə həyata keçirilmiş tədbirlərlə kifayətlənmir ölkə vətəndaşlarının sosial rifah halının yüksəldilməsi məqsədinə xidmət edən islahatların sistemli olaraq həyata keçirilməsini vacib sayır. Ölkə başçısı hesab edir ki, dövlətin sosial sahədə həyata keçirdiyi islahatların son hədd göstəricisi olmamalı, insanların firavan yaşayışı, problemlərinin həlli üçün atılan addımlar sistemli ardıcıl xarakter daşımalıdır. Məhz bu mütərəqqi yanaşma da Azərbaycan vətəndaşlarında ölkənin inkişafı ilə bağlı nikbin qənaətləri gücləndirir mövcud siyasi kursa rəğbəti artırır.

 

 

Müşfiq Atakişiyev 

iqtisad elmləri doktoru,

professor

 

Azərbaycan.-2009.-30 yanvar.-S.4.