Rəcəb Tayyib Ərdoğan: "Biz Dağlıq Qarabağ məsələsində heç bir zaman Azərbaycanı yalnız qoymarıq"

 

Dünya İqtisadi Forumunda iştirak edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan jurnalistlərə müsahibəsində demişdir: "Mənim Serj Sarkisyanla görüşüm ərəfəsində Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevlə görüşüm çox önəmli və təbiidir".

Azərbaycanın dövlət başçısı ilə görüşünün Ermənistanın prezidenti ilə danışıqların çərçivəsini təşkil edəcəyini vurğulayan Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, "bu məsələ bundan sonra da belə davam edəcəkdir və "biz Dağlıq Qarabağ məsələsində heç bir zaman Azərbaycanı yalnız qoymarıq". Türkiyənin məsələsi bilavasitə Azərbaycanla bağlıdır və Ermənistanın bunu nəzərə alması lazımdır.

Rəcəb Tayyib Ərdoğan onu da vurğulamışdır ki, Ermənistanla danışıqlarda bir Azərbaycan amili var və bu, Türkiyə üçün çöx mühümdür. "Qarabağ problemi önəmlidir və dəstəyimizi davam etdirəcəyik", - deyən Baş nazir əlavə etmişdir ki, Yerevanla danışıqlar "ver-itir" prinsipi ilə davam edə bilməz. Bütün addımlar qarşılıqlı olmalıdır. İqdır və Qarsdan baxdıqda Ermənistanın göründüyünü, Türkiyədə 40 min erməni əsilli və bir o qədər də sənədsiz yaşayan erməninin olduğunu xatırladan Rəcəb Tayyib Ərdoğan münasibətlərin normallaşması üçün qarşı tərəfin də adekvat addımlar atmalı oduğunu vurğulamışdır.

 

 

Oqtay Bayramov 

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.-2009.-30 yanvar.-S.5.