Repressiya dalğasının
qurbanı
1934-cü ildə ölkə yazıçılarının Bakıda keçirilən I qurultayında Azərbaycan Yazıçılar İttifaqı yarandı. Bu vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birləşmələrin tərkibində fəaliyyət göstərir, müxtəlif ədəbi məclislərin ətrafına yığışırdılar. Onların bir təşkilat daxilində birləşməsi həm də həyatın tələbi idi. Belə bir ittifaqın yaradılması ilə bütün ədəbi qüvvələri bir məqsədə yönəltmək mümkünləşdi.
Görkəmli ədəbiyyatşünas-alim Kamal Talıbzadə yazırdı: "Tarix boyu Azərbaycan yazıçıları, bədii söz ustaları olmazın işgəncələrə, təzyiqlərə məruz qalmışlar. Bircə sovet hakimiyyəti illərində yüzlərlə Azərbaycan yazıçısının uzaq Sibir çöllərinə göndərilib məhv edilməsini, on illərlə qaranlıq zindanlarda saxlanılıb qətlə yetirilməsini, İkinci Dünya müharibəsinin qızğın atəş nöqtələrinə sürgün edilməsini xatırlamaq kifayətdir". Təbii ki, belə ziddiyyətli bir dövrdə Azərbaycan Yazıçılar İttifaqının yurdumuzun istedadlı qələm sahiblərini öz ətrafına yığaraq fəaliyyətə başlaması çox çətin idi. Bir tərəfdən pərakəndəliyə son qoyulur, digər tərəfdən isə yazıçılar sovet ideologiyasına xidmət etməli, onun prinsipləri əsasında yazıb-yaratmalı idilər. Əlbəttə, çətin bir şəraitdə xalqa və ədəbiyyata xidmət etmək, onun inkişafına nail olmaq həyat bahasına başa gəlsə də, milli təfəkkür sahibləri bu ağır işin öhdəsindən gəlməyə çalışırdılar. Qaranlığın içində işıq yandırmağın nə demək olduğu aydındır. O dövrün yazıçı və şairləri bəzən də sovet prinsiplərini qalxan kimi əllərində tutaraq onun arxasında milli düşüncənin, şüurun məhsulu olan bədii yaradıcılıq nümunələrini hifz etməyə çalışırdılar.
Belə ağır və ziddiyyətli bir zamanda Azərbaycan Yazıçılar İttifaqının ilk sədri Məmməd Kazım Ələkbərli olmuşdur. O, Moskvada (1934) keçirilən sovet yazıçılarının I qurultayında iştirak və çıxış etmişdir. Dövrün ədəbi mənzərəsini anlamaq baxımından xalq yazıçısı Mirzə İbrahimovun "Birlik və ilham" adlı məqaləsi çox əhəmiyyətlidir. Məqalədə oxuyuruq: "O zaman ədəbiyyatımız hələ gənc idi. Hələ mübahisəli məsələlər çox idi. Lakin bu ədəbiyyatın bütün nəsillərindən olan əsas qüvvələrini işıqlı, qüdrətli ideyalar birləşdirir, monolit birliyə sövq edirdi. Onlar yeni dünyanı - əmək səltənətini yaradanların bədii abidəsini ucaltmaq eşqi ilə coşurdular". Amma bu coşqunluğun az vaxtda hansı faciə ilə üzləşə biləcəklərini, hansı şər qüvvələrin qara caynaqlarına keçə biləcəklərini ağıllarına belə gətirmirdilər.
Məmməd Kazım Ələkbərli 1905-ci ilin yanvar ayında Dərbənd şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi doğma şəhərdə bitirdikdən sonra Bakıya gələrək Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır. Hələ gənc yaşlarında partiya və sovet rəhbərləri ona inam göstərərək məsul vəzifələr etibar edirdilər. Ali məktəbi bitirdikdən sonra Gəncə Vilayət Xalq Maarif Şöbəsinin müdiri işləyən Məmməd Kazım Ələkbərli pedaqoji işlə bərabər bədii yaradıcılığa, xüsusilə də mətbuata yaxın və meyilli adam olub. Mətbuat tarixindən bəllidir ki, o, Gəncədə yaşayarkən həm də "Qızıl Gəncə" jurnalının baş redaktoru olmuşdur. Məmməd Kazım Ələkbərlinin bu sahədəki fəaliyyəti diqqət çəkirdi. O özünü bacarıqlı, istedadlı qələm sahibi və mətbuat təşkilatçısı kimi təsdiqləyə bilmişdi. Bu səbəbdən də tezliklə Məmməd Kazımı Mahaçqala şəhərinə "Dağıstan füqərası" qəzetinin redaksiyasını yaratmağa göndərirlər. Məmməd Kazım burada nəinki qəzetin çapını təşkil etmiş, eyni zamanda iki il də "Maarif yolu" jurnalının məsul redaktoru olmuşdur.
Moskvada Qırmızı Professorlar İnstitutunda 5 il təhsil aldıqdan sonra onu Azərbaycana partiya işinə göndəriblər. Hətta bir müddət Azərbaycan Dövlət Universitetinin rektoru olub. Yazıçılar İttifaqı yaranan kimi ona rəhbərlik də Məmməd Kazım Ələkbərliyə etibar edilib. Elmi-pedaqoji fəaliyyətlə bərabər Məmməd Kazım dövri mətbuatda müntəzəm çıxış edən jurnalist kimi də fəaliyyət göstərirdi. "Kommunist" nəşriyyatının direktoru, "Ədəbiyyat qəzeti", "Bakinski raboçi", "Vışka" qəzetlərində, "Zərbəçi", "Sürət", "İnqilab və mədəniyyət", "Firqə işçisi" jurnallarında baş redaktor olmuşdur.
Məmməd Kazım Ələkbərli həm görkəmli mətbuat işçisi, həm də ədəbiyyatşünaslıqla məşğul olan tədqiqatçı idi. Zəngin ədəbi irsə mənsub olan Məmməd Kazım mətbuat səhifələrində həm istedadlı publisist, həm də obyektiv tənqidçi kimi çıxış edirdi. Onun haqqında araşdırmalar aparanlar Məmməd Kazımı filosof-ədəbiyyatçı, alovlu publisist kimi dəyərləndirirdilər.
Ədəbiyyatşünas-alim Nazif Qəhrəmanlı Məmməd Kazım Ələkbərli haqqında qələmə aldığı məqalələrinin birində belə yazıb: "Azərbaycan ədəbiyyatına dair axtarışları xüsusi dərinliyi və əhatəliyi ilə fərqlənməsə də, özünəməxsus ideyalar və fikirlərlə zəngindir... M.K.Ələkbərli Azərbaycan ədəbiyyatı tarixinin təbliğinin, onun faktlarının üzə çıxarılmasının, əhatəli və mükəmməl şəkildə toplanıb nəşr edilməsinin tərəfdarı idi. O, həmişə istər nəzəri, istərsə də praktik fəaliyyətində klassik irsə qayğı və diqqətin təmsilçisi kimi çıxış edirdi".
Məmməd Kazım Ələkbərlinin 1935-ci ildə çap edilmiş "Azərbaycan ədəbiyyatı" adlı əsərində ədəbiyyatımızın tarixinə, ayrı-ayrı dövrlərinə, konkret insanların yaradıcılığı ilə bağlı müxtəlif fikirlərə rast gəlinir. Doğrudur, dövrün təsirindən müəyyən qədər yaxa qurtara bilməyən Məmməd Kazım Ələkbərli ədəbi irsə qayğıkeş münasibət göstərsə də, onun ayrı-ayrı ədəbi simalara yanaşmasında təftişçilik diqqəti çəkir. Əgər o, bir tərəfdən Əhməd Cavadı, Əliabbas Müznibi, Cəfər Cabbarlını, bütövlükdə o dövrdə yaradıcılığa başlamış gənc yazıçı və şairlərin əksəriyyəti haqqında yanlış fikirlər söyləmişdirsə, digər tərəfdən də "Kitabi-Dədə Qorqud"un azəri türklərinə aid dastan olduğunu yazırdı. Təbii ki, Məmməd Kazım Ələkbərli dövrünün övladı idi. Onun elmi axtarışları bir tərəfdən tarixə, faktlara, tədqiqatlara, axtarışlara, elmi təfəkkürə söykənirdisə, digər tərəfdən üzləşdiyi maneələrin istiqamət verdiyi yollarda da məcburi addımlar atırdı. Ədəbiyyatşünas-alim Nazif Qəhrəmanlının təbirincə desək, M.K.Ələkbərlinin elmi-nəzəri irsi Azərbaycan ədəbiyyatı tarixi üzrə araşdırmalara əhəmiyyətli rəng və müdrik nəfəs gətirmiş, ədəbi mübarizələrin siyasi ehtirasını azaltmağa müəyyən mənada xidmət göstərmişdir.
Məmməd Kazım Ələkbərli müasiri olduğu şair və yazıçılar, tənqidçilər, eləcə də klassik ədəbiyyatımız haqqında söz deyərkən müəyyən mənada ehtiyatlı olmağa çalışırmış. Belə fikir söyləməyə əsas var: əgər Mikayıl Rəfili, Sabit Rəhman, Səməd Vurğun və onlarca başqaları haqqında rəğbət hissi ilə dolu məqalələr qələmə alırdısa və görkəmli şairimiz Almas İldırım onun barəsində müsbət ruhlu şeir yazırdısa, bu, sadə məsələ deyildi. Bəllidir ki, 1927-1928-ci illərdə Almas İldırım Dağıstanda sürgündə olub. Həmin dövrdə də Məmməd Kazım Ələkbərli Dərbənddə mühüm vəzifədə çalışırdı. Görünür ki, Məmməd Kazım Ələkbərli həmin vaxt Almas İldırıma qayğı göstərmiş və himayədarlıq etmişdir.
Əslində Məmməd Kazım Ələkbərli Moskvada Qırmızı Professorlar İnstitutunu bitirmişdi. V.İ.Leninin seçilmiş əsərlərinin Azərbaycan dilində nəşrinin redaktəsində fəal çalışmışdır. Dövri mətbuatda "Oktyabr inqilabı və Azərbaycan ədəbiyyatı", "Şura ədəbiyyatı yüksəliş yollarında", "Aprel ədəbiyyatı" kimi məqalələrin müəllifi idi. Amma bir tərəfdən də sovet ölçülərini gözləyən yazıçı milli ədəbiyyatşünaslığa xidmət edirdi. Azərbaycan dilində "Fəlsəfə" dərsliyinin yaradılmasına çalışırdı. Bütün bunlar isə onu 1937-ci ilin qara caynaqlı tufanından xilas edə bilmədi. Repressiyanın dalğaları Məmməd Kazım Ələkbərlini də apardı. Bir neçə il sürən çək-çevirdən, şər-şamatadan sonra 1938-ci ildə güllələnmişdi.
Cəmi 33 il yaşamış Məmməd Kazım Ələkbərli Azərbaycan ədəbiyyatının inkişafı üçün cani-dildən çalışan, dəyanət və təmkini ilə seçilən qələm sahiblərindən biri olmuşdur.
Flora Xəlilzadə
Azərbaycan.-2009.-30 yanvar.-S.7.