Davos İqtisadi Forumunun "Enerji Outlook-2009"
mövzusunda iclası
Xəbər verdiyimiz kimi,
yanvarın 29-da Davosda Dünya İqtisadi Forumunun "Enerji
Outlook-2009" mövzusunda iclası keçirilmişdir.
Böyük əhəmiyyətə
malik bu iclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak
etmişdir.
Forumun əsas tədbirlərindən
olan "Enerji Outlook-2009" iclasını açan
"CNN-İnternational" televiziya kanalının
aparıcısı Con Defterios Prezident İlham Əliyevi və
digər qonaqları salamladı, bu iclasda qlobal iqtisadiyyatla
bağlı ən aktual məsələlərin müzakirə
olunacağını bildirdi. Son vaxtlar neftin qiymətinin
aşağı düşdüyünü xatırladan Con
Defterios bildirdi ki, bir il öncə dünya bazarında neftin 1
barelinin dəyəri 100 dollardan yuxarı olanda ilin sonuna qədər
"qara qızıl"ın qiymətinin 200 dollara
çatması proqnozlaşdırılırdı. İndi isə
neftin 1 barelinin qiyməti 40 dollara bərabərdir. Bu
baxımdan da iclasın əsas müzakirə mövzuları
dünyada enerji təhlükəsizliyi, neftin qiymətinin
hansı səbəbdən aşağı düşməsi
və sabitləşməsi məsələləri olacaqdır.
Con Defterios ilk sözü Azərbaycan
Prezidentinə vermək istədiyini bildirərək dedi ki,
OPEK-in Əlcəzairdə keçirilən son iclasında Azərbaycan
quruma üzv olmayan hasilatçı ölkə kimi gündəlik
hasilatı 300 min barel aşağı salmağı, yəni
son 2 ildə hasilatı ən aşağı həddə
endirməyi təklif etmişdir. Bu iclas 2002-ci ildən bəri
OPEK üzvü olan və üzvü olmayan ölkələrin
bir araya gəldiyi ən böyük toplantıdır.
İclasın
aparıcısı Prezident İlham Əliyevdən "2009-cu
ilin proqnozuna dair deyilənlər nəzərə alınarsa,
OPEK ölkələri, habelə Azərbaycan indi neft
hasilatını kifayət qədər azaldıbmı, yoxsa
bundan da az neft çıxarılmalıdır?" -
sualına cavab verməyi xahiş etdi.
Prezident İlham Əliyev
suala cavabında dedi:
- Hesab edirəm ki, neft
hasilatında elan edilmiş və hazırda həyata
keçirilən azaldılma tədbirləri qiymətin sabit səviyyədə
saxlanılması üçün kifayət edəcəkdir. Əlbəttə
ki, hər şey tələbatdan, hasilatdan və öhdəliklərin
hansı şəkildə yerinə yetirilməsindən
asılı olacaqdır.
Azərbaycana gəldikdə
isə, hasilatın həcmi hələ ki, o qədər
yüksək deyildir. Lakin biz ümumi işə öz töhfəmizi
verməyə çalışırıq. Biz də müxtəlif
vasitələrlə qiymətin
tarazlaşdırılmasına və enerji təhlükəsizliyində
öz rolumuzu oynamağa çalışırıq. Hər
iki məsələ bir-biri ilə əlaqəlidir və vacibdir.
5-6 il bundan əvvəl enerji təhlükəsizliyi məsələləri
heç müzakirə edilmirdi. İndi isə bu, nəinki
istehlakçılar, o cümlədən hasilatçılar
üçün böyük bir problemə çevrilibdir.
Hasilatçı ölkə kimi Azərbaycan öz enerji təhlükəsizliyinin
təmin edilməsi üçün dünya bazarlarına
müxtəlif çıxış marşrutlarının
olmasında maraqlıdır.
Hesab edirəm ki, neft hasil edən
ölkələrin birgə səyləri, eləcə də
enerji siyasətinin bütün iştirakçıları -
hasilatçılar, tranzit ölkələr və
istehlakçılar arasında qarşılıqlı
anlaşma hamımız üçün daha yaxşı
şərait yaradacaqdır.
Sonra iclasın
aparıcısı Con Defterios bildirdi ki, Nabukko kəməri
layihəsi 2003-cü ildən bəri dəfələrlə
müzakirə olunubdur. Lakin Rusiya ilə Ukrayna
arasındakı mübahisə bu layihənin
reallaşmasına, belə demək olarsa, təkan
vermişdir. Azərbaycan Prezidentinə ünvanlanan növbəti
sual belə oldu: "İndi Azərbaycandan və Xəzər
regionundan həmin kəmər üçün hasilatı əldə
etməyin vaxtıdırmı?"
Azərbaycan Prezidenti
İlham Əliyev suala cavabında dedi:
- Bizim üçün
potensial bazarları dəqiq bilməyimiz çox vacibdir. Bu
vaxta qədər Azərbaycan öz qazını qonşu
ölkələrə ixrac edir. Hazırda Azərbaycanın
qaz hasilatı mövcud infrastruktur və bazarlarla əhatə
olunur. Lakin biz daha böyük miqdarda qaz hasil etmək ərəfəsindəyik.
Növbəti beş il ərzində biz bu həcmi 2 dəfə
artırmağı planlaşdırırıq. Məhz bu səbəbdən
mövcud bazarlar kifayət deyildir.
Nabukko layihəsinin bir
çox problemləri var idi: siyasi dəstək, siyasi iradə,
maliyyə öhdəliyi və tranzit məsələləri.
Bu layihəyə bir çox iştirakçılar cəlb
olunmuşdur. Hesab edirəm ki, bütün
iştirakçıların birgə səyi və
güclü maliyyə dəstəyi bu layihənin irəlilədilməsinə
yardımçı ola bilər. Biz öz təcrübəmizdən
bilirik ki, ehtiyatlar olmadan boru kəmərini tikmək necə
çətindir. Lakin biz öz tərəfdaşlarımızla
- bp və digər şirkətlərlə bunu etdik. Biz neftin
qiyməti təxminən 30 dollar olan vaxtda Bakı-Tbilisi-Ceyhan
neft kəmərini tikdik. O zaman Azərbaycanın gündəlik
neft hasilatı 200 min barelə bərabər idi. Biz gündəlik
həcmi 1 milyon barel olan boru kəmərinə sərmayə
qoymağa başladıq.
Bu səbəbdən hesab
edirəm ki, Nabukko ölkələri və bu layihəni dəstəkləyən
təşkilatlar daha cəsarətli olmalı, onlar bu layihəyə
təkcə gəlir mənbəyi kimi baxmalı deyillər.
Bu, enerji təhlükəsizliyidir. Enerji təhlükəsizliyi
ümumi təhlükəsizliyə və uzunmüddətli
müstəqilliyə aparır. Bu səbəbdən hesab edirəm
ki, daha güclü siyasi iradə, daha aydın maliyyə dəstəyi
olmalıdır. Azərbaycan kimi ölkələr həm
tranzit, həm də təchizatçı ölkə rolunu
oynayaraq bu layihəyə dəstək vermək üçün
əlindən gələni etməyə hazırdır.
İclasın
aparıcısı dəyərli fikirlərinə görə
Azərbaycan Prezidentinə təşəkkür etdi və bu
məsələyə yenidən
qayıdılacağını bildirdi.
Con Defterios OPEK-in baş
katibinə müraciət edərək, 2008-ci ilin
dördüncü rübündə dünya bazarında
hasilatın azalmasının təşkilatda hansı
narahatlıq yaratdığını və neftin qiymətini
40 dollar həddində saxlamaq üçün nə etməyin
lazım olduğunu soruşdu.
OPEK-in baş katibi Abdullah Səlim
əl-Bədri bildirdi ki, istehsalın həcmi ilə
bağlı məsələ qurumun martın 15-də
keçiriləcək iclasında yenidən müzakirə
olunacaqdır. Neft istehsal edən ölkələrin mövqeyi
ondan ibarətdir ki, "qara qızıl"ın indiki qiyməti
çox aşağıdır və hasilatçı ölkələri
təmin etmir. Neft hasil edən ölkələr enerji sahəsi
ilə yanaşı, infrastruktura da sərmayə qoyur. Bizi hətta
neftin barelinin 50 dollar olması da qane etmir. Ötən əsrin
80-ci illərində baş verən hadisələrin təkrarlanmasını
istəmirik. O zaman biz yüksək peşəkar
işçiləri ixtisar edirdik və yeni sərmayələr
qoymurduq.
"Biz artan tələbata
hazır olmalıyıq" - deyən OPEK-in baş katibi
bildirdi ki, məqsəd neftin qiymətini 60-80 dollar səviyyəsində
saxlamaqdır. Neftin qiymətinin aşağı düşməsinə
baxmayaraq, hasilatı genişləndirmək üçün əlavə
infrastruktura sərmayə qoymaq vacibdir, çünki tələbat
artdığı halda, istehsalçı ölkələr
buna hazır olmalıdır.
OPEK-in baş katibi onu da
bildirdi ki, hazırda təşkilatın neft ehtiyatları
mövcud nəql marşrutlarının ixrac edəcəyi həcmdən
qat-qat çoxdur.
Neft hasilatının indiki səviyyədə
qalıb-qalmaması ilə bağlı suala isə bp şirkətinin
prezidenti Toni Heyvord cavab verdi. O dedi ki, bunu proqnozlaşdırmaq
çox çətindir, çünki gələcəkdə
baş verə biləcək hadisələr qlobal iqtisadiyyatdan
asılıdır. Hazırda dünya ölkələrində
iqtisadi artım, demək olar ki, dayanmışdır. Bu səbəbdən
də "qara qızıla" tələbat o qədər də
böyük deyil və bu, nəticə etibarilə neftin qiymətinin
aşağı düşməsinə səbəb
olmuşdur. Hesab edirəm ki, münasib qiymət 60-80 dollar
arasında olmalıdır. Bu qiymət OPEK-ə üzv ölkələrə
büdcələrini tarazlaşdırmağa, zəruri sosial
proqramları maliyyələşdirməyə, habelə gələcək
enerji ehtiyatlarının təminatçısına
çevriləcək yeni yataqlara sərmayələr
yatırmağa şərait yaradacaqdır.
bp prezidenti iqtisadi dirçəliş
bərpa olunduqdan sonra "qara qızıla" tələbatın
yenidən artacağını da dedi.
Hindistanın "Reliance
İndustries" şirkətinin sədri Mukeş Ambani
"Neftin qiymətinin aşağı düşməsi sizi
hasilata sərmayə qoymaqdan çəkindirməyəcəkmi?"
sualına cavabında bildirdi ki, onun ölkəsi neftin təxminən
80 faizini idxal edir. Buna baxmayaraq, bu il Hindistanda iqtisadi artım
sürətinin ikirəqəmli olması
proqnozlaşdırılır. Ölkənin şərq hissəsində
yataqlar var və hazırda bu yataqların işlənilməsi
prosesi gedir. Növbəti aylarda biz neft hasilatını nəzərdə
tuturuq və əlverişli qiymətə satacağıq.
Mukeş Ambani dedi ki,
dünyanın bundan sonrakı 100 il üçün neft
ehtiyatı var. Bu baxımdan bütün ölkələr
ekoloji cəhətdən təmiz dünyaya körpü
salmalıdırlar. İnkişaf etmiş ölkələr isə
bu körpünün yaradılması ilə bağlı
dünyaya təqdim oluna biləcək platformalar hazırlaya
bilər.
Sonra Fransanın EDF enerji
şirkətinin prezidenti Pyer Qadeniya "Avropanın nüvə
enerjisi ilə bağlı növbəti 10 il ərzində hədəfi
nə olmalıdır?" sualına cavab verdi. O, "iqtisadi
dirçəliş bərpa olunduqdan sonra "qara
qızıla" olan tələbat yenidən artacaq" fikri
ilə razı olduğunu bildirdi.
Pyer Qadeniya dedi ki, indi neft və
qaza alternativ olan sahələrə, o cümlədən rəhbərlik
etdiyi şirkətinin də cəlb olunduğu nüvə
enerjisi sahəsinə sərmayə qoymağın
vaxtıdır. Enerji sektorunun uzunmüddətli perspektivinin
hazırda yaşadığımız iqtisadi böhranla
heç bir əlaqəsi yoxdur. Bildiyiniz kimi, dünya
iqtisadiyyatı yenidən öz inkişaf xəttinə
qayıdacaqdır. Bunun neçə aylar, yoxsa illər sonra
baş verəcəyini heç kim deyə bilməz. Lakin biz
bilirik ki, bu, baş verəcəkdir.
EDF şirkətinin prezidenti
lazım olan enerjinin nüvə sahəsində də
mövcud olduğunu, bu sahəyə sərmayə
yatırmağın zəruriliyini diqqətə
çatdırdı. O, təmsil etdiyi şirkətin Fransa,
Böyük Britaniya, Çin və Amerikada nüvə enerjisi
sahəsinin yeniləşdirilməsində əsas rol
oynamağa hazır olduğunu dedi.
Pyer Qadeniya onu da etiraf etdi ki,
nüvə enerjisi istehsalçılarının üzləşdiyi
ən böyük maneə ictimaiyyətin bu sahənin təhlükəsiz
və ekoloji cəhətdən əlverişli olmasına dair
şübhələridir.
Müzakirələrə
Birləşmiş Ştatların "Bunge Limited"
şirkətinin sədri Alberto Vayzer də qoşuldu. O,
bioyanacağın da neft və qaza alternativ olduğunu bildirdi və
onun faydası ilə bağlı fikirlərini
bölüşdü. Onun sözlərinə görə,
bioyanacağın istehsalı üçün tələb olunan
ərazi ondan alınan faydanı üstələyə bilər.
Alberto Vayzer bioyanacaq üçün zəruri olan kənd təsərrüfatı
məhsullarını daha çox müxtəlifləşdirməyə
çağırdı. Hazırda dünyada kənd təsərrüfatı
və ümumiyyətlə, ərzaq və qida məhsullarına
artan tələbata baxmayaraq, "Bunge Limited" şirkətinin
sədri bu növ yanacağın müəyyən töhfə
verəcəyinə ümidvar olduğunu dedi.
Növbəti sual yenə Azərbaycan
Prezidenti İlham Əliyevə ünvanlandı. Aparıcı
dövlətimizin başçısına müraciətlə
bildirdi ki, son iki ildə hasilatçı və tranzit ölkələr
arasında yaranan müəyyən mübahisələrdən
ən çox istehlakçılar əziyyət çəkir.
Əgər son iki ildə siyasi səbəblərdən
ehtiyatlar bağlı saxlanılırsa, o zaman beynəlxalq əməkdaşlıq
necə olmalıdır?
Prezident İlham Əliyev
suala cavabında dedi:
- Bu münasibətlər
davranış, enerji siyasəti və belə demək olarsa,
enerji fəlsəfəsi məsələsidir. Azərbaycana gəldikdə
isə, biz artıq sübut etmişik ki, ölkəmiz
etibarlı tərəfdaşdır. Biz öz
istehlakçılarımız qarşısında
bütün öhdəliklərimizi yerinə yetirmişik və
regionumuzda hasilatçı, tranzit və istehlakçı
ölkələr arasında çox səmərəli əməkdaşlıq
var.
Şübhəsiz ki, biz
öz enerji ehtiyatlarımıza ilk növbədə milli
maraqlar və davamlı inkişaf nöqteyi-nəzərindən
baxırıq. Eyni zamanda, biz bu ehtiyatlardan əməkdaşlığı
daha da gücləndirmək və bu sahədə bizdən
asılı olan dostlarımıza və ölkələrə
dəstək məqsədi ilə istifadə etməyə
çalışırıq. Bu halda o ölkələr nəzərdə
tutulur ki, hazırda onlar qazın bazar qiymətləri ilə
ayaqlaşa bilmir. Biz realist olmalıyıq. Bu səbəbdən
də ədalətli qiymət və uzunmüddətli maraqlar
arasında tarazlığı tapmaq çox vacibdir.
Düşünürəm
ki, bu yaxınlarda baş verənlərin müxtəlif səbəbləri
ola bilər. Lakin əsas fərq yanaşmadadır. Əgər
siz öz enerji ehtiyatlarınız vasitəsilə daha
çox şey əldə etməyə və ya ərazinizdən
istifadə edərək, daha ucuz qiymət əldə etməyə
çalışırsınızsa, onda bu cür böhranlar
qaçılmazdır. Əgər enerji bazarının
bütün iştirakçılarının
maraqlarını nəzərə alırsınızsa, onda
uğur əldə etmək olar. Zənnimcə, bu mənada
bizim təcrübəmiz nümunə ola bilər. Biz bu təcrübəni
bölüşə və sübut edə bilərik ki, enerji
ehtiyatları münaqişə və ya ayrı-seçkilik
aləti kimi deyil, dostluq aləti kimi istifadə oluna bilər.
Sonra "Enerji təhlükəsizliyi
və təchizatı, o cümlədən münasib qiymətlə
bağlı beynəlxalq əməkdaşlıq necə
olmalıdır" mövzusunda müzakirələr
başlandı.
OPEK-in baş katibi Abdullah Səlim
əl-Bədri bildirdi ki, 2008-ci ildə neftin 1 barelinin qiyməti
147-150 dollar olanda məlum idi ki, bu, tələbatdan yox,
möhtəkirlik yolu ilə yaranmışdır. O, tələbata
zərbə vuran bu cür bazar möhtəkirliyinin gələcəkdə
qarşısını almaq üçün beynəlxalq
qaydaların hazırlanmasına çağırdı. Əl-Bədri
dedi ki, biz sui-istifadə hallarının
qarşısını tam ala bilmərik, bu, daim olacaqdır.
Lakin hesab edirəm ki, bu prosesə qarşı müəyyən
qaydalar tətbiq olunmalıdır. Bu mənada
istehlakçı və təchizatçı tərəflərin
əməkdaşlığı və dialoqu vacibdir.
Daha sonra iclas
iştirakçılarının diqqətinə 2000-ci ildən
bəri neftin qiymətində müşahidə edilən dəyişikliklər
təqdim olundu. Bildirildi ki, son 9 ildə neftin 1 barelinin qiyməti
orta hesabla 50 dollar 12 sent təşkil etmişdir.
İclasın
aparıcısı dedi ki, Səudiyyə Ərəbistanında
keçirilən toplantıda neft nazirləri bildirmişlər
ki, növbəti 10-20 ildə "qara qızılın"
hasilatını planlaşdırmaq üçün neftin bir
barelinin qiyməti 75 dollar olmalıdır.
"Qlobal iqtisadiyyata ziyan
vurmadan və sərmayə yatırımlarını həvəsləndirmək
üçün neftin münasib qiyməti nə qədər
olmalıdır?" sualına cavabında bp şirkətinin
prezidenti Toni Heyvord bildirdi ki, növbəti 20 ildə qlobal
enerji sənayesinə ildə 25-26 trilyon dollar həcmində sərmayə
qoymalıdır ki, dünyada tələbat təmin olunsun.
Neftin qiyməti isə sərmayə qoyulmasına sövq edəcəkdir.
Bir sözlə, hasilatçı ölkələrin sosial
yönümlü sahələri maliyyələşdirməsi
və enerji sahəsinə yeni investisiyalar yatırması
üçün neftin bir barelinin qiyməti 60-80 dollar
arasında olmalıdır.
Fransanın EDF şirkətinin
sədri Pyer Qadeniya isə bildirdi ki, neftin bir barelinin qiymətinin
60-80 dollar civarında saxlanılması üçün
hökumətlər səylər göstərməlidir. Amma
nüvə enerjisi bu qiymətdən daha əlverişlidir və
bu növ enerjini istehsal etməyə imkan var, ondan da istifadə
olunmalıdır. Buna nail olmaq və bu növ enerjinin təhlükəsiz
olduğuna inandırmaq üçün ictimai rəy də
formalaşmalıdır.
Yenidən müzakirələrə
qoşulan "Reliance İndustries" şirkətinin sədri
Mukeş Ambani isə neftin 60-80 dollar arasındakı qiymətinin
həm hasilatçılar, həm də istehlakçılar
üçün münasib olduğunu bildirdi. Bununla belə, tərəflər
arasında şəffaflıq amilinin və neftin qiymətinin
tarazlaşdırılması üçün müəyyən
mexanizmin olmasının vacibliyini vurğuladı.
Daha sonra "Enerji
Outlook-2009" iclasının iştirakçılarına
suallar verildi.
Londonda yerləşən
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun baş
icraçı direktoru Con Çip Azərbaycan Prezidenti
İlham Əliyevə sualla müraciət etdi:
- Sualım Prezident İlham Əliyevə
və bp-nin prezidenti Toni Heyvordadır.
Dünən Rusiya hökumətinin
sədri Vladimir Putin Şərqdən Qərbə gedən
boru kəmərlərinin şaxələndirilməsindən
danışdı. Zənnimcə, o, Rusiyadan və ona dost
münasibətdə olan ölkələrin ərazisindən
keçən boru kəmərlərini nəzərdə
tuturdu. Lakin Nabukkonu xüsusi olaraq təriflədiyini eşitmədim.
Dünən Almaniya kansleri
Angela Merkel də Avropa İttifaqı ilə Rusiya arasında
uzunmüddətli və etibarlı münasibətlərin əsas
meyarı kimi enerjidaşıyıcıları kəmərlərinin
müxtəlif marşrutlarının olmasının zərurətini
vurğuladı. Sualım hər iki natiqədir. Rusiya ilə
Avropa İttifaqı arasında bu cür enerji durumu
baxımından siz hansı məsləhətləri verərdiniz?
Eyni zamanda, Avropa İttifaqı-Rusiya enerji təhlükəsizliyi
paketinə salına biləcək hansı məsələləri
siz istənilməz hesab edərsiniz? Buyurun, Prezident Əliyev və
Toni Heyvord.
Prezident İlham Əliyev
suala cavabında dedi:
- Azərbaycana gəldikdə,
onu deyim ki, planlaşdırdığımız bütün
layihələri vaxtında və yüksək səmərə
ilə başa çatdırmışıq. Bu gün bizim
şaxələndirmə ilə bağlı heç bir
problemimiz yoxdur. Əksinə, bizim karbohidrogen
ehtiyatlarımızı müxtəlif istiqamətlərə
nəql edə biləcək 7 neft və qaz kəmərimiz var.
Biz təkcə bir marşrutdan və yeganə bir bazardan
asılı deyilik.
Ətrafımızda yerləşən
ölkələr bizim ehtiyatlarımıza ehtiyac duyur. Bu, bir
az qəribə görünə bilər, lakin hətta bizdən
daha çox neft, qaz hasil edən ölkələr də bizim
neft və qazı almaq üçün təkliflər irəli
sürmüşlər. Bu səbəbdən də növbəti
illər ərzində biz şaxələndirmə ilə
bağlı yaranan çətinliklərdən əziyyət
çəkməyəcəyik.
Biz hazırda yeni
bazarların necə tapılması və istədiyimiz qədər
neft çıxara bilmək üçün mövcud boru kəmərlərini
necə genişləndirmək haqqında
düşünürük. Bunu etmək üçün bizə
yeni bazarlar lazımdır. Yeni bazarlar hazırdır. Onlar Qərbdə,
Mərkəzi Avropada yerləşir və yeni bazarlar Nabukko kəməri,
Türkiyə, Yunanıstan, İtaliya, Transadriatik kəməri
və digərləri ola bilər.
Beləliklə, hazırda
bizim ehtiyatlara tələbat mövcud infrastruktur vasitəsilə
təchiz oluna biləcək miqdardan qat-qat artıqdır. Beləliklə,
biz növbəti illər ərzində qonşuluğumuzda bəzən
o qədər də xoşa gəlməyən hadisələrin
inkişafını izləyəcəyik. Şübhəsiz
ki, biz regionda daha sıx əməkdaşlıq görmək
istəyirik, çünki bu və ya digər halda bu gərginliklər
öz mənfi təsirini göstərir. Bu da, öz növbəsində,
qlobal enerji sektorunda əlavə gərginlik yaradır. Biz bunu
görmək istəmirik. Biz gözlənilən və
davamlı təchizat marşrutlarını və bütün
iştirakçılar arasında qarşılıqlı
anlaşmanı görmək istəyirik.
Sonra bp şirkətinin
prezidenti Toni Heyvord iki məsələni vurğuladı.
Bunlardan birincisi açıq, azad, şəffaf və
yaxşı idarə olunan enerji bazarı, ikincisi isə sabit
fiskal və tənzimləyici rejimlər.
"Azərbaycan bu mənada
nümunə ölkə kimi göstərilə bilər"
deyən Toni Heyvord bildirdi ki, bütün bunlar bp və onun tərəfdaşlarını
son on ildə 25 milyard dollar sərmayə qoymağa sövq
etmişdir. Bu isə Azərbaycan Prezidentinin də dediyi kimi,
enerji infrastrukturunun yaradılmasına imkan vermişdir.
"Biz Azərbaycanla
çox uğurlu tərəfdaşlıqdan məmnunuq.
Çünki Azərbaycan açıq, azad, şəffaf və
yaxşı idarə olunan enerji bazarı qaydalarına riayət
etmişdir, sabit fiskal və tənzimləyici rejimlər isə
bizə Azərbaycanda müxtəlif istiqamətlərə
infrastruktur qurmağa imkan yaratmışdır" - deyən
bp şirkətinin rəsmisi onu da əlavə etdi ki, bu da
öz növbəsində çoxsaylı istehlakçı
deməkdir.
Toni Heyvord bunun Azərbaycana
böyük fayda gətirdiyini, xüsusilə də siyasi
müstəqillik, enerji və maliyyə sahəsində
müstəqillik verdiyini diqqətə çatdırdı.
Daha sonra iclas
iştirakçıları digər suallara cavab verdilər.
AzərTAc
Azərbaycan.-2009.-31 yanvar.-S.1.