Azərbaycan ötən il də MDB və Şərqi Avropa məkanında ən təhlükəsiz və sabit ölkələrdən biri olmuşdur

 

Yanvarın 30-da Daxili İşlər Nazirliyində respublika daxili işlər orqanlarının ötən il cinayətkarlığa qarşı mübarizə, ictimai qayda və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, kollegiya iclasını açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov ilin yekunları ilə bağlı məruzə etmişdir. Nazir demişdir ki, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı və inkişaf etdirdiyi müstəqil dövlətimiz ölkəmizin başçısı İlham Əliyevin növbəti prezidentlik müddətinə seçilməsi ilə əlamətdar olan yeni quruculuq mərhələsinə qədəm qoymuşdur. Nazir cəmiyyət həyatının bütün sahələrində aparılan və nüfuzlu beynəlxalq qurumların hesabatlarında yüksək qiymətləndirilən kompleks islahatlarda fəal iştirak edən daxili işlər orqanlarının qarşısında duran proqram vəzifələrin dövlətimizin başçısının yüksək tələbləri səviyyəsində yerinə yetirilməsi üçün şəxsi heyətin 2008-ci ildə də böyük əzmlə çalışdığını qeyd etmiş, asayişin və daxili sabitliyin etibarlı təmininin ölkədəki əlverişli investisiya mühitinin qorunub saxlanılmasında, iqtisadiyyatın inkişafında, strateji əhəmiyyətli beynəlxalq layihələrin uğurla həyata keçirilməsində mühüm rol oynadığını vurğulamışdır.

Artıq uzun illərdir Azərbaycan həm MDB, həm də Avropa ölkələri ilə müqayisədə insanların təhlükəsizliyinin yüksək səviyyədə qorunduğu ən sabit və qabaqcıl ölkələrdən biri olduğunu diqqətə çatdıran nazir bu müsbət meyilin ötən il də davam etdiyini diqqətə çatdırmışdır.

Ramil Usubov hesabat dövründə bütün subyektlər üzrə 21.692 cinayətin qeydə alındığını, onların 96 faizinin, yəni 20.799-nun daxili işlər və prokurorluq orqanlarının qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olduğunu bildirmişdir.

Qeyd olunmuşdur ki, təsnifatına görə cinayətlərin 89 faizini (18533-nü) böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11 faizini (2266-nı) ağır və xüsusilə ağır cinayətlər təşkil etmişdir. Cinayətlərin strukturunda qəsdən adam öldürmələr və ona cəhdlər 12,6 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 8,5 faiz, zorlamalar 26,5 faiz, hədə-qorxu ilə tələb etmələr 18 faiz, avtonəqliyyat vasitələrinin oğurlanması 33,3 faiz, xuliqanlıqlar 3,8 faiz azalmışdır. Adamları girovgötürmə cinayəti isə ümumiyyətlə, qeydə alınmamışdır.

Bununla yanaşı, cinayətlərin ümumi sayında 15,1 faiz artım da qeydə alınmışdır ki, bu da əsasən 1398 böyük ictimai təhlükə törətməyən və 1014 az ağır cinayətlərin hesabına olmuşdur. Latent xarakterli ağır və xüsusilə ağır cinayətlərin aşkarlanması üzrə daxili işlər və prokurorluq orqanlarının məqsədyönlü şəkildə həyata keçirdikləri tədbirlər nəticəsində, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri və dələduzluqla əlaqədar 369 fakt çox, habelə ibtidai istintaq və xidməti yoxlamalar prosesində əlavə 174 cinayət müəyyən edilib açılmışdır (o cümlədən 20 qəsdən adam öldürmə, 9 quldurluq, 11 soyğunçuluq, 43 oğurluq və s.).

Məruzəçi bildirmişdir ki, ötən il bütün subyektlər üzrə cinayətlərin açılması 82,2 faiz təşkil etmişdir. Bununla bərabər, şəxsiyyət əleyhinə olan cinayətlərin 97,7 faizi, banditizm cinayətlərinin isə hamısı açılmışdır. Fəaliyyətin önəmli məqamlarından biri də respublikanın prokurorluq orqanları ilə birgə son 20 ildə bağlı qalmış 301, o cümlədən 56 ağır və xüsusilə ağır cinayətin açılmasının təmin edilməsi olmuşdur. Baş verən cinayətlərin isti izlərlə açılması da nəzarətdə saxlanılmışdır. Məhz bunun nəticəsidir ki, ötən il 200 cinayət, o cümlədən 15 qəsdən adam öldürmə və ona cəhd, 24 qəsdən sağlamlığa ağır zərər vurma, 13 quldurluq, 6 soyğunçuluq, 3 adam oğurluğu, 84 nəqliyyat vasitəsinin qaçırılması və sair faktlar üzrə cinayətlərin iştirakçıları dərhal yaxalanmışlar.

Müxtəlif cinayətlər törətdiklərinə görə respublika üzrə 14132 nəfər məhkəmə məsuliyyətinə cəlb edilmişdir. İl ərzində yerli və dövlətlərarası axtarışda olan 2963, o cümlədən MDB dövlətlərində və digər xarici ölkələrdə gizlənmiş 152 təqsirləndirilən şəxs müəyyən edilərək tutulmuşdur. Mütəşəkkil cinayətkarlığa, habelə dayanıqlı cinayətkar qrup və dəstələrə qarşı aparılan mübarizə də məqsədyönlü və səmərəli olmuşdur. Nəticədə 23 qəsdən adam öldürmə və ona cəhd, 135 quldurluq və soyğunçuluq, 17 hədə-qorxu ilə tələb etmə və s. xüsusilə ağır cinayətlər törətmiş 769 nəfərdən ibarət 227 qrup, habelə 30 mütəşəkkil dəstə zərərsizləşdirilmişdir. Bildirilmişdir ki, qanunsuz saxlanılan 1433 silah və 170 minə yaxın patron götürülmüş, nəticədə odlu silahın tətbiqi ilə törədilən cinayətlərin sayı 28 faiz azalmışdır.

Daxili işlər naziri hesabat dövründə qanunsuz dövriyyədən 651 kiloqram narkotik vasitə çıxarıldığını, 2007-ci illə müqayisədə bu göstəricinin 315 kiloqram çox olduğunu, "Xaşxaş-2008" şərti adı altında keçirilən kompleks əməliyyat-profilaktik tədbirlər nəticəsində isə ümumi çəkisi 408 tona yaxın olan narkotik tərkibli bitkinin yaşıl kütlə halında məhv edildiyini bildirmişdir. Transmilli mütəşəkkil cinayətkarlığın növlərindən olan və mahiyyət etibarı ilə hər bir ölkənin təhlükəsizliyinə ciddi təhdidlər yaradan insan alverinə qarşı mübarizədə də uğurlar qazanılmışdır. Bu növ cinayətlərlə bağlı 2007-ci illə müqayisədə 39,2 faiz çox - 394 fakt aşkarlanaraq 312 nəfər məsuliyyətə cəlb olunmuşdur. Cinayətlərin qurbanı olan 78 şəxs müəyyən edilmiş, 101 nəfərdən ibarət 43 cinayətkar qrup zərərsizləşdirilmişdir.

İctimai təhlükəsizliyin, insan hüquq və azadlıqlarının təmini səviyyəsinin cinayətə görə cəzanın labüdlüyü prinsipinin həyata keçirilməsindən əhəmiyyətli dərəcədə asılılığını önə çəkən general-polkovnik Ramil Usubov, bu işdə istintaq və təhqiqat aparatı əməkdaşlarının da üzərinə böyük məsuliyyət düşdüyünü, hesabat dövründə daxili işlər orqanları müstəntiqlərinin icraatında 16525 cinayət işi olduğunu, onlardan 9446-nın istintaqının tamamlanaraq 8288-nin məhkəmələrə göndərildiyini, istintaqı tamamlanmış cinayət işləri üzrə dəymiş maddi ziyanın 73,7 faizinin ödətdirildiyini diqqətə çatdırmışdır.

Vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işinin diqqət mərkəzində saxlanıldığını söyləyən nazir bildirmişdir ki, əvvəlcədən kütləvi informasiya vasitələrində dərc edilmiş məlumat əsasında nazirliyin rəhbərliyi tərəfindən respublikanın ayrı-ayrı bölgələrində 297 vətəndaş qəbul edilmişdir. Bu zaman qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunmuş, əlavə yoxlama tələb edən ərizələr isə nəzarətə götürülərək araşdırılmış, nəticələri barədə təşəbbüskarlara əsaslandırılmış yazılı cavablar verilmişdir. 2008-ci ildə nazirliyə daxil olmuş 45 min 583 müraciətdən 77,2 faizi müsbət həll edilmiş, 10 faizi aidiyyəti üzrə göndərilmiş, 12,8 faizi öz təsdiqini tapmamışdır. Bununla bərabər, "qaynar xətt" və elektron poçta daxil olmuş 2688 müraciət də icra edilmişdir.

Məruzədə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, bu sahədə problemlərin aradan qaldırılması, dövlət yol polisi qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi işinin diqqət mərkəzində saxlanıldığı vurğulanmış, respublikada avtomobil parkının böyük sürətlə artması fonunda ötən il qeydə alınmış yol-nəqliyyat hadisələrinin sayının 4,4 faiz, qəzalarda ölənlərin sayının 5,5 faiz, yaralananların sayının isə 5,8 faiz azaldığı diqqətə çatdırılmışdır. Görülmüş prinsipial tədbirlər nəticəsində sürücünün görmə dairəsi məhdudlaşdırılmış 13.660 avtomobil, avtoxuliqanlıq etdiyinə görə 955 sürücü aşkarlanaraq qanunla müəyyən edilmiş ölçülər götürülmüşdür.

Ölkənin həyatında mühüm siyasi və tarixi hadisə olan prezident seçkilərinə hazırlıq dövründə, səsvermə hüququna malik bütün vətəndaşlar, ümumilikdə isə 776 min nəfər şəxsiyyət vəsiqəsi və 300 minə yaxın şəxs ümumvətəndaş pasportu ilə təmin olunmuşdur.

Daxili İşlər Nazirliyinin təşkilati strukturunda əhəmiyyətli yeri olan Daxili Qoşunlar da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən böyük qayğı ilə əhatə olunmuş, qoşunların döyüş hazırlığının yüksəldilməsi, hərbi hissələrdə mənəvi-psixoloji mühitin, xidmət şəraitinin yaxşılaşdırılması, intizamın, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əldə olunan irəliləyişlər daha da inkişaf etdirilmişdir.

Ümumən, daxili işlər orqanları şəxsi heyətinin gərgin fəaliyyəti hesabat ilində də əməliyyat şəraitini nəzarətdə saxlamağa, onun inkişaf meyillərini izləməyə, qabaqlayıcı tədbirlərlə bu proseslərə vaxtında təsir göstərməyə imkan vermişdir. Əvvəlki illərdə olduğu kimi, 2008-ci ildə də respublikamız cinayətkarlığın səviyyəsinə görə MDB və Şərqi Avropa məkanında ən təhlükəsiz və sabit ölkələrdən biri olaraq qalmışdır.

Azərbaycan Prezidentinin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi, vətəndaşların müraciətlərinə baxılması, polis-vətəndaş münasibətlərinin qurulması və Azərbaycan Prezidentinin fərman və sərəncamlarından irəli gələn məsələlər üzərində dayanmış, bütövlükdə bu sahədə görülən işləri müsbət qiymətləndirmişdir.

Müzakirələrdə Naxçıvan MR-in daxili işlər naziri, polis general-leytenantı Əhməd Əhmədov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov, Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Mehman Mehmanov, Gəncə Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Rasim Musayev, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Mehdi Hümbətov və başqaları hesabat dövründə görülmüş işlərdən və buraxılmış nöqsanlardan danışaraq çatışmazlıqların cari ilin birinci rübündə aradan qaldırılması üçün təsirli tədbirlərin görüləcəyini bildirmişlər.

Kollegiya iclasına yekun vuran general-polkovnik Ramil Usubov daxili işlər orqanlarının ötən hesabat ilindəki fəaliyyətinin müsbət nəticələrinin və buna verilən yüksək qiymətin şəxsi heyətdə qürur hissi ilə bərabər, xidməti vəzifələrin yerinə yetirilməsi işini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq kimi böyük məsuliyyət doğurduğunu, eyni zamanda xidməti fəaliyyətdə hələ də bir sıra nöqsanların mövcudluğunu qeyd etmiş, onların aradan qaldırılması yollarını göstərmiş, tapşırıq və tövsiyələrini vermiş, tədbir iştirakçılarının diqqətini asayişin qorunması və cinayətkarlıqla mübarizə sahəsində xüsusilə əhəmiyyətli saydığı mühüm məsələlərə yönəltmişdir.

Respublikanın daxili işlər orqanlarının cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində fəaliyyətinin son illər yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdıran nazir R.Usubov əldə edilən uğurların arxayınçılıq yaratmayacağına, əksinə, qorunub saxlanılacağına və daha da artırılacağına əminliyini bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-31 yanvar.-S.5.