Hərbi Prokurorluğun geniş kollegiya iclasında ötən ilin yekunları və bu il qarşıda duran vəzifələr müzakirə edilmişdir

 

Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində işlərin səmərəliliyi daha da artırılmış, bütövlükdə ordu quruculuğuna mənfi təsir edə biləcək bir çox cinayətlər açılaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri təmin olunmuşdur. Qeydə alınmış cinayətlərin 99,4 faizi açılmışdır.

Bu fikirlər yanvarın 30-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunda keçirilmiş geniş kollegiya iclasında səslənmişdir. Kollegiya iclasında Hərbi Prokurorluğun mərkəzi aparatının işçiləri, Naxçıvan Muxtar Respublikası hərbi və ərazi hərbi prokurorları iştirak etmişlər.

Kollegiya iclasında 2008-ci ildə Azərbaycanın hərbi prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı aparılan mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlər və cari ildə qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə həyata keçirdiyi müdrik dövlətçilik siyasətindən danışaraq qeyd etmişdir ki, bu siyasətin layiqli davamçısı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2008-ci ildə dövlət müstəqilliyimiz daha da möhkəmlənmiş, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi yeni mərhələyə qədəm qoymuş, ölkənin inkişaf dinamikasında ciddi keyfiyyət dəyişiklikləri baş vermiş, respublikamızın beynəlxalq aləmə inteqrasiya prosesi daha da sürətlənmiş, sosial-iqtisadi inkişaf sahəsində mühüm uğurlar əldə edilmişdir.

Hərbi prokuror bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Azərbaycan qazını dünya bazarlarına çatdıran Bakı-Tbilisi-Ərzurum kəmərinin istismara verilməsi, Avropa və Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yol xəttinin tikintisi, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihələrinin həyata keçirilməsi və digər belə transmilli layihələrin reallaşması nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçısına çevrilmiş, ölkəmizin dünya üçün önəmi daha da artmışdır.

Son beş ildə ümumi daxili məhsulun 2,7 dəfə, sənaye istehsalının 2,8 dəfə, dövlət büdcəsi gəlirlərinin 10 dəfə artması, ölkə iqtisadiyyatına 44 milyard dollar məbləğində investisiya qoyulması Azərbaycanın iqtisadi artım tempi baxımından dünyada lider dövlət imici qazanmasını şərtləndirən əsas amillər olmuşdur. 2003-cı illə müqayisədə yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə düşmüş, son 5 ildə 766 min yeni iş yerinin açılması, habelə pensiyaların, sosial müavinətlərin mütəmadi artırılması təmin olunmuşdur.

2008-ci il ilk növbədə Prezident İlham Əliyevin respublikaya 5 illik rəhbərliyinin uğurla tamamlanması və sonsuz məhəbbətlə xalqın ona yenidən etimad göstərməsiylə əlamətdar olmuşdur.

Son beş ildə ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən dövlət başçısı İlham Əliyev xalqın layiqli rəhbəri və lideri olduğunu əməli işi ilə sübuta yetirmiş, hər bir azərbaycanlının Prezidenti olmuşdur. Ötən ilin oktyabrında keçirilən prezident seçkiləri xalqın mütəşəkkilliyinin, yekdilliyinin göstəricisi kimi müasir tariximizin ən parlaq hadisəsinə çevrilmiş və Prezident İlham Əliyevin şəxsiyyəti, çoxşaxəli fəaliyyəti milləti birləşdirən ən mühüm amillərdən biri kimi təsdiqini tapmışdır.

Həyatımızın bütün sahələrində geniş vüsət alan demokratik islahatlar ölkənin hüquq sistemini də əhatə etmiş, Azərbaycanın ədliyyə, məhkəmə və prokurorluq orqanlarının inkişafı, müasirləşdirilməsi, qanunun aliliyinin, insan hüquqlarının etibarlı təminatına xidmət edən mütərəqqi islahatlar aparılaraq ölkəmizin qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər görülmüşdür.

Hərbi prokuror Xanlar Vəliyev hesabat ilinin ən çox diqqət çəkən mühüm hadisələrindən biri kimi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 2008-ci il dekabrın 26-da "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (referendumun) keçirilməsi haqqında" qərar qəbul edilməsini yüksək qiymətləndirmişdir.

Konstitusiyanın bir çox normalarının təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli müdafiə olunması, Azərbaycan vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi, ali dövlət hakimiyyəti orqanlarının, habelə ədliyyə, məhkəmə hakimiyyəti və yerli özünüidarə orqanlarının inkişaf etdirilməsi məqsədi daşıyan bu əlavə və dəyişikliklərin çox mühüm siyasi əhəmiyyəti nəzərə alınmaqla onun hərtərəfli öyrənilməsi və əhali arasında izahının aparılması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durduğu diqqətə çatdırılmışdır.

Ölkə iqtisadiyyatının dinamik inkişafının Azərbaycan Respublikası Silahlı Qüvvələrinə də müsbət təsir etdiyini söyləyən hərbi prokuror bildirmişdir ki, son 5 ildə dövlət büdcəsində hərbi xərclərin həcmi artaraq 2,3 milyard dollara çatmışdır. Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmış və ordunun döyüş qabiliyyəti yüksəlmiş, şəxsi heyətdə nizam-intizam güclənmiş və mənfi hallar xeyli azalmışdır.

Ötən il Azərbaycan Prokurorluğunun 90 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi, yubiley ərəfəsində prokurorluq orqanları əməkdaşlarının böyük bir qrupunun yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi, prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramının təsdiq olunması prokurorluğa göstərilən diqqət və qayğının təzahürüdür.

Hərbi prokuror qeyd etmişdir ki, 2007-ci ilə nisbətən ötən il 7 faiz az cinayət hadisəsi qeydə alınmış, o cümlədən hərbi xidmət əleyhinə cinayətlər 2,4 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 9,9 faiz, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə 27,8 faiz, qulluğa səhlənkar yanaşma 33,3 faiz, qeyri-hərbi cinayətlər 25,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 5,8 faiz, özünü öldürmə həddinə çatdırmaq 52,6 faiz, qəsdən adam öldürmə isə 13,6 faiz, ağır cinayətlər 58,5 faiz, xüsusilə ağır cinayətlər 29,4 faiz azalmış, eləcə də digər ağır cinayətlərin açılması təmin edilmişdir.

Keçən il cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı sağlam və işgüzar əlaqələrin yaranması və birgə müəyyənləşdirilmiş iş planları əsasında görülmüş tədbirlərin çox böyük əhəmiyyəti olmuşdur.

Bununla belə, məruzəçi qeyd etmişdir ki, hesabat dövründə maşınları idarəetmə və istismarı qaydalarını pozma cinayəti 60 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayəti 21,7 faiz artmışdır. Silahlı Qüvvələrdə bu növ cinayətlərin qarşısının alınması üçün müvafiq tədbirlər görülür.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev həmçinin diqqətə çatdırmışdır ki, "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun və dövlət başçısı İlham Əliyevin "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə" 2007-ci il 28 iyul tarixli Fərmanının həyata keçirilməsi ilə bağlı hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində öz fəaliyyətini daha da gücləndirmişdir. Bu da əvvəlki illərə nisbətən cinayətkarlıqla mübarizə sahəsində daha səmərəli nəticələrin əldə edilməsinə, Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və s. cinayət hadisələrinin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin cəzaya məhkum edilməsinə şərait yaratmışdır.

Hərbi prokurorun hesabat məruzəsində, həmçinin "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmaqla, təhqiqatın təşkili və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar ciddi tənqid olunmuş, belə halların təxirəsalınmadan aradan qaldırılması üçün konkret tapşırıqlar verilmişdir.

Törədilmiş cinayətlər nəticəsində vurulmuş maddi ziyanın 59,7 faizinin istintaq zamanı ödənməsi hərbi prokurorluq orqanları tərəfindən təmin edilmişdir ki, bu da 2007-ci illə müqayisədə 10 faiz çoxdur.

Hesabat ilində hərbi prokurorluq orqanlarında vətəndaşların 1815 müraciəti baxılaraq həllini tapmış, 520 vətəndaş müxtəlif məsələlərlə bağlı qəbul edilmişdir. Həmçinin hərbi hissə və birləşmələrdə 1219 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul edilməsi təmin olunmuşdur.

Vətəndaşların müraciətlərinə baxılması prosesinin təkmilləşdirilməsi məqsədi ilə lokal kompüter şəbəkəsinin yaradılması bu işlərin səmərəliliyinin artırılmasına böyük təkan vermişdir.

Hərbi prokuror Xanlar Vəliyev Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı Hərbi Prokurorluqda aparılan istintaq barədə məlumat verərək bildirmişdir ki, həmin cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələrinə tövsif edilmiş, iş üzrə 279 təqsirləndirilən şəxs barəsində İnterpol vasitəsilə axtarış elan edilmişdir. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hesabat dövründə hüquqi maarifləndirmə sahəsində də müəyyən işlər görülmüşdür. Hərbi Prokurorluq tərəfindən nəşr edilmiş "Hərbi qanunlar toplusu" və "Hərbi nizamnamələr" Silahlı Qüvvələrə hədiyyə edilmişdir.

Hərbi prokuror diqqətə çatdırmışdır ki, ötən il Azərbaycan Prezidentinin sərəncamı ilə Hərbi Prokurorluğun 4 əməkdaşı "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, Hərbi Prokurorun təqdimatlarına və əmrlərinə əsasən 132 əməkdaş müxtəlif medallarla təltif olunmuş, 53 işçiyə hərbi rütbələr verilmişdir. Azərbaycan Respublikası baş prokurorunun müvafiq əmrləri ilə xidməti vəzifələrini nümunəvi icra etdiklərinə görə 27 əməkdaş mükafatlandırılmışdır.

Bununla yanaşı, Hərbi Prokurorluq əməkdaşlarının əmək və icra intizamına tam, dəqiq riayət olunması tələb olunmuş, qanun pozuntularına yol vermiş işçilər barəsində ciddi tədbirlər görülmüşdür. Belə ki, ötən il hərbi prokurorun təqdimatı əsasında baş prokurorun əmrləri ilə 6 əməkdaş intizam qaydasında cəzalandırılmış, 1 nəfər prokurorluq işçisinə yaraşmayan hərəkətə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilmiş, 1 əməkdaş isə tutduğu vəzifədən azad olunmuşdur.

Hərbi prokurorluq əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması üçün mərkəzi aparatın və ərazi hərbi prokurorluqlarının inzibati binaları əsaslı surətdə yenidən qurulmuşdur. Peşə bayramı ərəfəsində respublika Hərbi Prokurorluğunun doqquzmərtəbəli yeni inzibati korpusunun tikintisinə başlanmış, Qazax Hərbi Prokurorluğu binasının inşası isə davam etdirilir.

Məruzə ətrafında çıxışlar olmuş, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar qarşıda duran konkret vəzifələrdən danışılmışdır.

Kollegiyada, həmçinin Azərbaycan Prezidentinin Prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramına uyğun olaraq, respublika Hərbi Prokurorluğunda struktur dəyişikliklərinin aparılması zərurətilə bağlı məsələ də müzakirə olunmuş və bununla əlaqədar hərbi prokurorun kadr məsələləri üzrə böyük köməkçisi, ədliyyə polkovniki Mahir Əhmədov çıxış etmişdir.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev kollegiya iclasına yekun vurmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-31 yanvar.-S.5.