Musiqinin sehrli gücü

 

Musiqi ilə tibb arasında əlaqə olması insanlara çoxdan məlumdur. Antik dövrlərin məxəzlərində musiqinin müalicəvi xüsusiyyətləri, musiqi vasitəsi ilə əhalinin ağır xəstəliklərdən xilas olması barədə məlumat yetərincədir. Qədim alimlərin fikrincə nəbzin hər bir ritmi bu və ya digər xəstəliklərə uyğun gəlir. Həmin ritmlər isə musiqi ədədləri ardıcıllığı ilə sıralanır. İtaliyanın orta əsr musiqi nəzəriyyəçilərindən Cozef Tsarlinonun dediyinə görə Senokrat adlı birisi kəranay adlı musiqi aləti ilə dərdlərə şəfa vermişdir. Başqa bir musiqiçi kifar alətində çalmaqla taun xəstəliyinin qarşısını almışdır. Müğənni Orfey məlahətli səsi ilə nəinki insanların ruhunu oxşamış, vəhşi heyvanları və quşları da ram etməyi bacarmışdır. Həkim Asklepiad musiqi təranələri ilə ixtilafları yatırmış, kəranay musiqi alətini səsləndirməklə kar olanların eşitmə qabiliyyətlərini özlərinə qaytara bilmişdir.

Orta əsrlərdə musiqi ilə müalicə praktikası o dövrdə geniş yayılmış affekt nəzəriyyəsi ilə sıx əlaqədar idi. Həmin nəzəriyyə müxtəlif ritmlərin, melodiyaların, harmoniyaların insanın emosional ovqatına təsirinin öyrənilməsi məqsədi güdürdü. Müəyyən edilmişdi ki, melanxoliklər arasıkəsilməz kədərli harmoniya əsasında səslənən musiqini xoşlayırlar. Qanıqaynar sanqviniklər isə rəqs musiqisinə üstünlük verirlər. Xoleriklər də bu cür harmonik hərəkətlərə cəhd göstərirlər. Kainatda baş verən bütün hadisələr titrəyişli hərəkətlərin, yəni vibrasiyaların müəyyən kombinasiyasıdır. Sağlam bədənin ayrı-ayrı orqanlarına və sistemlərinə harmonik hərəkətlərin, musiqiçilərin dili ilə desək, notların xüsusi uyarlığı xasdır. Səslərin vibrasiyası ilə orqanizm arasında əlaqənin olması müəyyən edilmişdir. Müasir astroloqlar Zodiak bürcünün nişanlarının not sırası səsləri ilə sıx qarşılıqlı əlaqəsini belə müəyyən etmişlər: Qoç- "do" notu və "do-major" tonallığı; Buğa-"do-diyez, eyni zamanda "re-bemol"; Ekizlər- "re" notu; Xərçəng- "re-diyez"; Şir- "mi" notu və "mi- major" tonallığı; Qız- "fa" notu və açarı, "fa-major" tonallığı; Tərəzi-"fa-diyez"; Əqrəb-"sol" notu və "sol-major" tonallığı; Oxatan-"sol-diyez"; Oğlaq- "lya" notu və "lya-macor" tonallığı; Dolça-"lya-diyez" notu; Balıqlar -"si" notu və "si-macor" tonallığı.

Bu məlumat ayrı-ayrı notların konkret adama, onun doğum vaxtından asılı olaraq, təsirini düzgün qiymətləndirməyə və müalicə prosesini düzgün qurmağa imkan verir. İnsan xəstələnəndə xaric notlar onun bədəninin "melodiyasına" gizli daxil olaraq sağlam orqanizmin vibrasiyasına xələl gətirir və xəstəliyə səbəb olur. Sağlamlığa orqanizmin harmonik ahənginin requlyasiyası dəstək verir. Ürəyin, qara ciyərin, dalağın, sümüklərin və əzələlərin tonları bir-biri ilə harmoniyada olanda insan özünü gümrah hiss edir. Alimlər bu fikirdədirlər ki, səsin, vokal səsinin, vibrasiyanın təsir mexanizminin sirri dünyamızın ən mürəkkəb sirlərindən biri olaraq qalmaqdadır.

Hər bir xalqın öz musiqisi vardır. O, insanların yaşamasına kömək edir, nəslin davamına imkan yaradır. Körpənin musiqini hiss etməsi və musiqidən təsirlənməsi çoxdan məlumdur. Bu xüsusiyyət insanın kəllə-beyin, eşitmə sinirlərinin köməyi ilə baş verir. Elmi tədqiqatlar göstərmişdir ki, bu bioloji sistem körpənin dünyaya gəlməsindən üç ay əvvəl fəaliyyətə başlayır. Əvvəllər belə hesab edirdilər ki, körpə dil açanadək beyni zəif inkişaf edir, duyğu orqanları ilə qavrama imkanları yaranır. Körpənin beyni gələn səslərin səbəblərini tapmağa səy göstərir. O, səs yazan alət kimi fəaliyyətə başlayır - səsləri yazır və analiz edir. Artıq məlumdur ki, körpələrdə musiqini, onun ritmini, səsin gücünü, yuxarı və aşağı notları qavramaq qabiliyyəti yaranır. Tədqiqatlar göstərmişdir ki, dölün beynində eşitmə sistemləri hamiləliyin iyirmi altıncı həftəsindən etibarən fəaliyyətə başlayır. Döl öncə ananın orqanizminin səslənməsini qavrayır, xaricdən gələn səslər ana bətnində eşidilmir, uşaq belə səslərdən anasının bədəni vasitəsilə qorunur. Buna baxmayaraq, ritmik muğamlarımızın, habelə musiqi korifeylərinin, məsələn, Bethovenin Beşinci simfoniyasının sədaları həmin səddən nüfuz edə bilir. Ana bətnindəki körpə musiqi ritmlərinə bədəninin hərəkəti və ürək döyüntüsünün sürətlənməsi ilə reaksiya verir. Amma həzin və melodik musiqi körpənin ürək döyüntüsünü yavaşıdır. Ucadan eşidilən ritmik səslər körpənin ürəyinin tez-tez döyünməsinə səbəb olur. Beləliklə də səslər bir tərəfdən dölün aktivliyini artırır, digər tərəfdən də körpə doğulanadək onun ətraf mühit haqqında hər hansı bir informasiya almasına imkan yaradır.

Hamiləliyin sonunda uşaq anasının orqanizminin, məsələn, ürəyinin, mədəsinin səsinə bir növ alışır, hər bir dəyişikliyə dərhal reaksiya verir. Tədqiqatlar göstərmişdir ki, uşağın doğulanadək eşitdiyi musiqi onun inkişafını sürətləndirir. Hamiləliyinin iyirmi səkkizinci və otuz altıncı həftələrində musiqi dinləyən anaların uşaqları səslərə başqalarına nisbətən daha tez reaksiya verir, onlarda melodiyaları tanımaq qabiliyyəti özünü göstərir. Belə uşaqların yaddaşları da yaxşılaşır. Musiqi insanın beyninin və motorikasının inkişafına təsir göstərir.

Musiqi analitik təfəkkürün inkişafında da önəmli rol oynayır. Musiqi dərsi alan uşaqlar digər uşaqlara nisbətən bütün fənləri, xüsusilə də həndəsə və fizika fənlərini daha yaxşı mənimsəyirlər. Alimlər belə bir nəticəyə gəlmişlər ki, musiqi ilə məşğul olan və günün çox hissəsini valideynlərinin yanında keçirən uşaqlar əqli cəhətdən daha yaxşı inkişaf edirlər.

Amerikada doktor Loqan hamilə qadınlar üçün bandaj ixtira etmişdir. Gələcək analara həmin bandajı qarın nahiyəsinə bağlamaq tövsiyə olunur. Mikrostereokolonkalar geydirilmiş və pleyer ilə əlaqələndirilmiş bandaj vasitəsilə 60 audiokasetdən xüsusi musiqi səsləndirilir. Döl halında olarkən həmin melodiyaları dinləmiş bütün uşaqlar (1200-dən artıq) testdən keçiriləndən sonra onların adi uşaqlara nisbətən dörd dəfə zəkalı olduğu müəyyənləşdirilmişdir. ABŞ-da Şulman soyadlı bir həkim pasiyentləri onlara insanın müxtəlif daxili orqanlarının - ürəyin, ağ ciyərlərin, mədənin, bağırsaqların səslərini dinləmək yolu ilə müalicə edir. Həkimin fikrincə, xəstə orqanizm sağlam orqanların harmonik səslərini "eşidəndən" sonra müstəqil surətdə sağalmağa başlayır. Çində, Yaponiyada "Həzm", "Yuxusuzluq", "Miqren", "Qara ciyər", "Ağ ciyər", "Ürək" kimi bizə qəribə gələn adlarla musiqi albomları buraxılır. Çinlilər və yaponlar həmin musiqi əsərlərini həb, yaxud dərman bitkiləri kimi məmnuniyyətlə "qəbul" edirlər. Amerikada keçəlləşən adamların başlarına musiqi dinləməklə tük gəlməsi kimi musiqi terapiyası metodu da məlumdur.

Hazırda musiqi terapiyası sahəsində geniş informasiya infrastrukturu yaradılmışdır. İngiltərədə, ABŞ-da, Almaniyada, İtaliyada, Yaponiyada xüsusi cəmiyyətlər mövcuddur, çox sayda məxsusi jurnallar dərc olunur.

Müasir musiqi terapiyasında musiqi somatik və psixi xəstəliklərdən əziyyət çəkənlərin müalicəsi və reabilitasiyasında mühüm vasitələrdən biri kimi tətbiq olunur. Əsasən instrumental musiqiyə önəm verilir. Terapiya zamanı həkim musiqinin müşayiəti fonunda xəstələrə şəfa tapmaları üçün həm də dərmanların köməyi və şifahi deyimlərlə təsir göstərməyə çalışır. Musiqinin təsir spesifikası orqanizmin və psixikanın müxtəlif sistemlərinin aktivləşdirilməsi ilə əlaqədardır və nəbzin döyünmə tezliyini, tənəffüs ritmini, ürək-damar sisteminin işini tənzimləmək məqsədi güdür.

Musiqi ağrı hisslərini azaltmaq, əzələ tonusunu bərpa etmək, ümumi psixi-emosional tonusu artırmaq imkanına malikdir. Musiqi terapiyası stomatologiyada, cərrahiyyədə, ginekologiyada, urologiyada, kardiologiyada, habelə danışıq qüsurlarının müalicəsi və diksiyanın korreksiyası zamanı da tətbiq olunur. Psixatriyada nevrozdan tutmuş şizofreniyanın bəzi formalarına qədər xəstəliklərin müalicəsində də musiqi terapiyası müsbət nəticələr verməkdədir. Moskvanın bir neçə tibb müəssisəsində səs vibrasiyalarının daxili orqanların vəziyyətinə təsirini öyrənmək üçün eksperimentlər aparılmışdır. Məlum olmuşdur ki, oktavanı təşkil edən 12 səs orqanizmimizin 12 sistemi ilə əlaqədardır. Məsələn, ürək bir nota, qara ciyər digər nota, sinirlər isə üçüncü nota cavab verir. Musiqi ilə istiqamətləndirilmiş təsir göstəriləndə, səslə oxuyanda orqan maksimal vibrasiya halına düşür. Buna rezonans effekti deyilir. Nəticədə immun sistemi möhkəmlənir, maddələr mübadiləsi yaxşılaşır, bərpa olunma, iltihab əleyhinə mübarizə fəallaşır və beləliklə də insan sağalır. Müxtəlif çalğı alətləri insanın orqanlarına müxtəlif cür təsir göstərir: skripka, fortepiano əsəbləri daha yaxşı sakitləşdirir, fleyta və violençelin səsindən insan rahatlıq tapır, ürəyin ritmi düzəlir, qoboy, klarnet qara ciyərin funksiyasını musiqidən, günün saatından asılı olaraq aktivləşdirir, ya da sakitləşdirir. Mədə-bağırsaq traktının rezonans tezliyi "fa" notuna uyğundur, onun yuxarı tezliyi orqanizmdən toksik maddələri kənarlaşdırır.

Alimlər vokal terapiyasının ağ ciyərlərə və digər həyati vacib orqanlara təsirini öyrənmişlər. Aydın olmuşdur ki, müğənni oxuyan zaman əmələ gələn səsin yalnız 15-20 faizi xarici mühitə çıxır. Səs dalğasının qalan hissəsi daxili orqanlar tərəfindən udularaq onları vibrasiya halına gətirir və xəstənin vəziyyəti dərmansız da yaxşılaşmağa başlayır. Xəstə orqanların səslənməsi sağlam orqanların səslənməsindən fərqlidir. İnsana düzgün oxumaq qaydasını öyrətməklə qeyri-düzgün səslənməni aradan qaldırmaq olar. İnsan qaydasında oxuyan zaman həm özü məmnun qalır, həm də xəstə orqanı şəfa tapır. Musiqi terapiyası, o cümlədən vokal terapiyası orqanizmin ehtiyatda qalan imkanlarını səfərbər edir, orqanizmin mühafizə funksiyaları yüksəlir. Məsələn, istedadlı opera müğənniləri bir qayda olaraq fiziki cəhətdən sağlam, həm də çox yaşayan insanlardır. Prmadonnalar çox nadir hallarda pensiyaya çıxırlar. Alimlərin fikri belədir ki, əgər məktəblərdə klassik oxumaq dərsləri keçilsə xəstə uşaqların sayı xeyli azalar. İş burasındadır ki, səslərin vibrasiyasının yaratdığı energetik sahə insan orqanizminin hər bir hüceyrəsinin vibrasiyasına səbəb olur və nəticədə insan musiqili enerji udur, həmin enerji də onun tənəffüsünün ritmini, nəbzinin döyünməsini, arterial təzyiqini, temperaturunu normallaşdırır, əzələ gərginliyini aradan qaldırır. Ona görə də düzgün seçilmiş melodiya xəstə adamlara şəfaverici təsir göstərir və onların sağalması sürətlənir. Harmoniklikdən məhrum musiqi, məsələn, toylarda səsləndirilən gurultulu musiqi elektromaqnit dalğalarının güclü təsiri nəticəsində qan təzyiqini qaldırır, ürəyin yığılıb-açılma tezliyini, tənəffüs ritmini və s. pisləşdirir. Tibbdən və biologiyadan məlumdur ki, insan orqanizminə musiqi əsərinin ritmi daha güclü təsir göstərir. Musiqi əsərlərinin ritmləri 0,6 herslə 1,5 hers arasında dəyişir. Bu, tənəffüsün və ürək döyünməsinin tezliyinə yaxındır. Ona görə də ürəyin və tənəffüsün fəaliyyəti musiqinin ritminə uyğunlaşmağa səy göstərir. Beləliklə, orqanların xəstəlik nəticəsində pozulmuş sabit iş tezliyini musiqi ilə təsir vasitəsilə bərpa etmək mümkündür. Musiqi ritmdən, tempdən, melodiyadan asılı olaraq insan orqanizminə müxtəlif cür təsir göstərir. Hərbi marşlar əzələlərin tonusunu qaldırır, iti tempdə çalınan major musiqi nəbzi yaxşılaşdırır, arterial təzyiqi yüksəldir. Həvəslə dinlənilən musiqi damarların genişlənməsinə, arterial təzyiqin normallaşmasına və nəbzin döyünmə sayının azalmasına imkan yaradır. Minor musiqi isə nə qədər qəribə də görünsə də fizioloji prosesləri aktivləşdirir. Elə musiqi, məsələn, simfonik musiqi var ki, mədənin turşululuğunu dəyişir. Buna görə də yemək zamanı xoşlanılan musiqini dinləmək məsləhətdir.

Harmonik musiqi yaxşı psixoterapevtdir. İnsan həzin musiqi təranələri altında yatanda yaxşı yuxular görür. Belə musiqi işgüzar danışıqlarda gərginliyi yox edir, şagirdlər musiqinin müşayiəti olanda yeni dərs materiallarını daha diqqətlə dinləyir və yaddaşlarında saxlayırlar. Sevdiyi musiqini dinləməklə körpəsini əmizdirən ananın südü artır.

Bitkilər də musiqini duyur. Bir Çin biofiziki bitkilərin fotosintezinə və boy atmasına yardımçı olan səs tezlikli generator ixtira etmişdir. Amerikada və Fransada bitkilər üçün vallardan ibarət albomlar buraxılır. "Musiqi dinləyən" bitkilərdə vitaminlər və qida maddələri daha çox olur. Ev heyvanları da musiqiyə biganə qalmırlar. Musiqinin müşayiəti ilə yemlənən inəklər iki dəfə artıq süd verir. Yaponlar müəyyənləşdirmişlər ki, çörəkxanalarda Motsartın musiqisi səsləndiriləndə xəmir on dəfə tez gəlir.

Beləliklə, musiqi tənəffüsə, ürək ritminə, nəbzə və qan təzyiqinə təsir göstərir, beyin dalğalarını yavaşıda və tənzimləyə bilir, əzələ gərginliyini azaldır, bədənin mütəhərrikliyini və koordinasiyasını yaxşılaşdırır, harmonlar ifrazını tənzimləyir, immun funksiyasını aktivləşdirir, əmək məhsuldarlığını yüksəldir.

 

 

Arif Hüseynov

 

Azərbaycan.-2009.-31 yanvar.-S.7.